Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir keçirilmişdir

A+
A
A-

 

 

Oktyabrın 19-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin inzibati binasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir keçirilmişdir.

            “Ərzaq təhlükəsizliyinin təmin olunmsında əsas problemlərdən biri iqlim dəyişikliyi ilə bağlıdır. İqlim dəyişikliyi ilə əlaqədar yaranan fəlakətlərdən ən çox əziyyət çəkən isə fermerlərdir. Məhz buna görə də, builki Ümumdünya Ərzaq Gününün mövzusu “İqlim dəyişir: ərzaq və kənd təsərrüfatı da dəyişməlidir”, seçilmişdir.

Bu fikirlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun, Respublika Baytarlıq Laboratoriyasının və digər qurumların nümayəndələrinin iştirakı ilə  keçirilən Ümumdünya Ərzaq Gününə həsr olunmuş növbəti tədbirdə səsləndirilmişdir.

Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov təhlükəsiz və rəqabətə davamlı kənd təsərrüfatı məhsullarının istehsalı, ərzaq təhlükəsizliyinin tam təmin olunması, yeni texnologiyaların tətbiqi və bu sahədə tədqiqatların genişləndirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən sistemli tədbirlər barədə geniş məlumat vermişdir. 

“Dünyada baş verən iqlim dəyişikliyi torpaqların şoranlaşmasına, əkinəyararlı torpaqların, həmçinin ərzaq məhsullarının istehsalının azalmasına gətirib çıxarıb. Bütün dünyada olduğu kimi, Azərbaycanda da ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülüb. Azərbaycanda aqrar sahənin inkişafı, bu sahədə aparılan islahatların əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən isə uğurla davam etdirilir. Ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması sahəsində dövlət tərəfindən son illər mühüm tədbirlər həyata keçirilir ”,- deyə Azər Süleymanov bildirmişdir.      

FAO-nun baş direktoru Jose Qratsiano da Silvanın əlamətdar günlə əlaqədar mesajını tədbir iştirakçılarına çatdıran FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak Ümumdünya Ərzaq Gününün mahiyyəti, təşkilatın qarşıya qoyduğu məqsədlər və ölkəmizdəki fəaliyyəti ilə bağlı ətraflı çıxış etmişdir. Xanım Çakmak bildirmişdir ki, artıq 177 dövlət İqlim Dəyişikliyi üzrə Paris razılaşmasını imzalamış və iqlim məsələləri həll olunmadan sıfır aclığa nail olmağın qeyri-mümkünlüyünü vurğulamışdır.

FAO-nun Avropa və Mərkəzi Asiya regionu üzrə iqlim dəyişikliyi, fəlakət riskinin azaldılması və enerji sahəsində koordinatoru Reuben Sessa, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının direktor müavini Şəlalə Zeynalova müvafiq olaraq “İqlim dəyişikliyi və kənd təsərrüfatı”, “Azərbaycanda kənd təsərrüfatının iqlim dəyişikliyinə uyğunlaşdırılması çağırışları” və “Heyvan sağlamlığına iqlim dəyişikliyinin təsiri” mövzularında təqdimatlar etmişlər.

Tədbirin yekununda mövzu ətrafında geniş müzakirələr aparılmışdır. Eyni zamanda, tədbirdə iştirak edən 283 saylı orta məktəbin şagirdləri üçün Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinə səfər təşkil olunmuşdur.

19.10.2016
596

Nəşrlər

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

Bannerlər