Baytarlıq Elmi-Tədqiqat İnstitutu 115 illik yubileyini qeyd edir

A+
A
A-

 

 

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutu (BETİ) yaranmasının 115 illik yubileyini qeyd edib.

Bununla bağlı dekabrın 14-də Dövlət Baytarlıq Nəzarəti Xidmətində "Baytarlıq elminin prioritetləri və innovativ təcrübələr" mövzusunda ikigünlük Beynəlxalq elmi-praktik konfrans keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədov qeyd edib ki, 1901-ci ildə yaradılan BETİ Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu və Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun bazasında yaradılıb. İnstitut baytarlıq bioloji preparatlarının hazırlanması və onların keyfiyyətinin nəzarət işində istifadə olunan mikroorqanizm ştammlarının depolaşdırılması üzrə baza müəssisəsidir. BETİ Azərbaycanda baytarlığın aktual problemlərinin həllinə yönəldilmiş elmi-tədqiqat işləri aparır, onların nəticələrinin praktikada tətbiqini təmin edir, kənd təsərrüfatı, ev və vəhşi heyvanların, quşların, arıların və balıqların infeksion, invasion və yoluxmayan xəstəliklərin etiologiyasını öyrənir, xəstəliklərə qarşı elmi cəhətdən əsaslandırılmış yeni baytarlıq-sanitariya, müalicə-profilaktika və s. tədbirləri işləyib hazırlayır. Eyni zamanda, ölkədə epizootik durumun təhlilini aparır, xəstəliklərin yayılma risklərini müəyyənləşdirərək elmi cəhətdən əsaslandırılmış proqnozları hazırlayır və qabaqlayıcı tədbirlərin görülməsi üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinə təkliflər verir. Hesab edirik ki, bu konfrans institutun daha məhsuldar işləməsi, nəzəri və praktik cəhətdən aktual olan mövzuların icra edilməsinə təşviqləndirəcək. Bununla yanaşı, institut heyvandarlıq sahəsi üzrə ixtisaslaşmış elmi-tədqiqat institutları və subyektləri ilə qarşılıqlı əlaqə yaratmalı, onlarla birlikdə sinerji təşkil edərək səmərəli fəaliyyət göstərməlidir.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanov qeyd edib ki, Prezident İlham Əliyev kənd təsərrüfatı sahəsinə daim diqqət və qayğı göstərir. Belə ki, ötən il böyük potensiala malik olan baytarlıq şəhərciyi kompleksi istifadəyə verilib.

BETİ alimlərinin də kənd təsərrüfatının, heyvandarlığın inkişafında mühüm xidmətləri olub. Dövlət Baytarlıq Nəzarəti Xidməti Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin regional bölmələri və BETİ-nin əməkdaşları bu il Masallı, Quba, Şamaxı, İsmayıllı və Göygöldə fermerlər üçün təşkil olunmuş kənd təsərrüfatı heyvanlarının və quşlarının xəstəlikləri, onlara qarşı mübarizə tədbirləri mövzusunda elmi-praktik seminarlar keçiriblər.

Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev "Səmərəli dövlət dəstəyi sisteminin aqrar sahənin dinamik inkişafında rolu" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, aqrar sahəyə göstərilən qayğı qısa müddətdə özünü doğruldur. Biz, bunu Azərbaycan təcrübəsində görürük. Artıq 1999-cu ildən faktiki olaraq, 2001-ci ildən isə rəsmi olaraq Azərbaycanda kənd təsərrüfatına olan vergilər dayandırılıb. Azərbaycan kənd təsərrüfatı məhsulları üzrə ixracatçı ölkələrdən birinə çevrilməkdədir.

"Son məlumata görə, Azərbaycanda 85 min ton pambıq yığılıb. Bu, keçən illə müqayisədə dəfələrlə artım deməkdir. Barama istehsalında 10 dəfələrlə artım əldə olunub", - deyə R.Balayev qeyd edib.

"Baytarlıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti və perspektivləri" mövzusunda çıxış edən BETİ-nin direktoru Tamilla Əliyeva diqqətə çatdırıb ki, müasir dövrdə kənd təsərrüfatının innovasiya və intensiv inkişafı aqrar elmin və təhsilin inteqrasiya edilməsi zərurəti bu sahədə çalışan mütəxəssislər qarşısında həm nəzəri, həm də praktiki baxımdan ciddi tələblər qoyur. Kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, elm sahəsində də islahatların uğurla keçirilməsində elmi müəssisələrin xüsusi çəkisi və yeri var. BETİ ən qədim elm ocağı olmaqla, baytarlığın elmi inkişafında əsas rol oynayır.

İnstitutun maddi-texniki bazasının gücləndirilməsi, laboratoriyaların müasir səviyyədə qurulması, baytarlıq elminin inkişafı, yeni baytarlıq preparatlarının və diaqnostik vasitələrin hazırlanması istiqamətində işlərin görülməsi, fermerlərin institut ilə əməkdaşlığının genişləndirilməsi, baytarlıq sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi və s. BETİ-nin prioritet istiqamətlərindəndir.

Sonra Ukrayna və Dağıstandan olan baytar alimlər yubileylə bağlı təbriklərini çatdırıb, BETİ-yə xatirə hədiyyələri təqdim ediblər.

BETİ-nin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbir iştirakçıları Respublika Baytarlıq Laboratoriyası, BETİ və Kənd Təsərrüfatı Muzeyi ilə tanış olublar.

Konfrans işini dekabrın 15-də davam etdirəcək.

14.12.2016
289

Nəşrlər

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

  • 10(260) 27 oktyabr 2016-cı il

Bannerlər