Yevlax və Bərdə rayonlarında aşkarlanan mənşəyi məlum olmayan ətlər zərərsizləşdirilmişdir

A+
A
A-

Yevlax və Bərdə rayonlarında aşkarlanan mənşəyi məlum olmayan qida üçün yararsız ətlərin zərərsizləşdirilməsi aparılmışdır

 

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin qorunması, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan reydləri davam etdirir.

Xəbər verdiyimiz kimi, 2016-cı ilin 27-29 noyabr tarixlərində qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumatlar əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə Yevlax, Bərdə, Ağcabədi rayonlarında və Bakı şəhərində fəaliyyət göstərən heyvan kəsimi, ət qəbulu, saxlanması və satışı məntəqələrində reydlər keçirilmişdir.

Noyabrın 27-də Yevlax rayonunda keçirilmiş reyd zamanı Aşağı Bucaq kənd sakini Kərimov Nizami Paşa oğluna məxsus evin həyətinə baxış keçirilərkən qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası (sallaqxana) və 12 kvadrat metr sahəsi olan soyuducu kamera aşkar edilmişdir.

Evin həyətində olan Nizami Kərimova məxsus 06 “Jiquli” markalı 10-KF-181 dövlət qeydiyyat nişanlı minik avtomobilinin yük yerinə baxış keçirilərkən mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmayan, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğuran, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, antisanitar şəraitdə avtomobilin yük yerinə yığılmış, üfunətli iy verən, çəkisi 170 kq olan hissələrə bölünmüş (3 ədəd bud və 3 ədəd qol qabırğalarla birlikdə) heyvan cəmdəyi, eləcə də həyətdə olan soyuducu kamerada 8 ədəd heyvan dərisi aşkar olunmuşdur.

Aşkar olunan hissələrə bölünmüş heyvan cəmdəklərinin qida üçün yararlığı şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən ət nümunələrində salmonella typhi murium; (BÇQB), bağırsaq çöpləri qrupu bakteriyalar aşkar edilmişdir. Biokimyəvi müayinələrin nəticəsinə əsasən götürülən ət nümunələrinin keyfiyyətsiz olması, heyvanın aqoniya və ya öldükdən sonra kəsilməsi, nümunələrin 2-nin at, 4-nün isə iribuynuzlu heyvan əti və baytarlıq-sanitariya cəhətdən tamam yararsız olması müəyyən edilmişdir.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq Yevlax rayonun Aşağı Bucaq kənd sakini Kərimov Nizami Paşa oğluna məxsus evin həyətində aşkarlanan bakterioloji çirklənməyə məruz qalmış, insan sağlamlığı üçün təhlükəli olan, aqoniya və ya öldükdən sonra kəsilmiş at və iribuynuzlu heyvan cəmdəklərinin və dərilərinin zərərsizləşdirilməsinə qərar verilmişdir.

Həmçinin noyabrın 27-də Yevlax rayonunun Aşağı Bucaq kənd sakini Rəsulov Telman Ağəli oğluna məxsus evin həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası (sallaqxana) və 4 kvadrat metr sahəsi olan soyuducu kamera aşkar olunmuşdur.

Soyuducu kamerada ümumi çəkisi 181 kq olan hissələrə bölünmüş heyvan cəmdəkləri (5 ədəd heyvanın bud əti və 5 ədəd heyvanın qol əti qabırğa ilə birlikdə), 1 ədəd heyvanın daxili orqanı (içalat), 2 ədəd iribuynuzlu heyvan başı və 8 ədəd heyvanın ayağı müəyyən edilmişdir. Eləcə də həyətdə olan 05 ”Jiquli” markalı 10-RH-638 dövlət qeydiyyat nişanlı furqonlu avtomobildə 5 ədəd iribuynuzlu heyvan dərisi aşkar edilmişdir.

Aşkar olunmuş heyvan cəmdəklərinin mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığına, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğurduğuna görə ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən ət nümunələrində və daxili orqanda bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus) aşkar edilmişdir. Biokimyəvi müayinələrin nəticəsinə əsasən isə götürülən ət nümunələrinin və daxili orqanın iribuynuzlu heyvanın aqoniya və ya öldükdən sonra kəsilməsi, baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilmişdir.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq Yevlax rayonun Aşağı Bucaq kənd sakini Rəsulov Telman Ağəli oğluna məxsus evin həyətində aşkarlanan heyvan cəmdəkləri, baş, ayaq, daxili orqanlar və heyvan dərilərinin zərərsizləşdirilməsinə qərar verilmişdir.

Noyabrın 27-də davam etdirilən reyd zamanı Bərdə şəhəri, Səməd Vurğun küçəsi 15 nömrəli evin sahibi Məmmədov Əli Xanış oğlunun həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası aşkar olunmuşdur. Həyətdəki sallaqxananın yanında olan təkərli arabada təzə kəsilmiş 6 ədəd at dərisi, 4 ədəd atın arxa və qabaq ayaqları, 4 ədəd sümükdən ayrılmış at skeletləri, mötəviyyatla dolu 6 ədəd atın qarın və bağırsaqları, eləcə də ağacdan asılmış 1 baş kəsilən atın tam formalaşmamış balası (dölü) və kəsilmiş atların qalıq tullantıları aşkar edilmişdir.

Təzə kəsilmiş atların arabada aşkar olunan məhsullarından (dəri, ayaq, skelet, qarın, bağırsaqlar və tam formalaşmamış döldən) nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmiş, yerdə qalan atların qalıq tullantıları maddi sübut kimi müvəqqəti saxlamaq üçün Bərdə zona Baytarlıq Laboratoriyasına təhvil verilmişdir.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələr zamanı hər bir nümunədə bakterioloji çirklənmə (çürümə bakteriyaları, stafilakokkos aureus, göbələklər) aşkar edilmişdir. Biokimyəvi müayinələrinin nəticəsində götürülən hər bir nümunənin keyfiyyətsiz olması, atların aqoniya və ya öldükdən sonra kəsilməsi məlum olmuşdur.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq Bərdə şəhəri, Səməd Vurğun küçəsi 15 nömrəli evin sahibi Məmmədov Əli Xanış oğlunun həyətində aşkarlanan təzə kəsilmiş at dəriləri, atın arxa və qabaq ayaqları, sümükdən ayrılmış skeletlər, mötəviyyatla dolu qarın və bağırsaqlar, eləcə də atın tam formalaşmamış balası (dölü) və qalıq tullantılarının zərərsizləşdirilməsinə qərar verilmişdir.

Aqoniya və ya öldükdən sonra kəsilmiş at ətlərinin kimə, haraya satılmasını müəyyən etmək mümkün olmamışdır. Yevlax və Bərdə rayonlarında insan sağlamlığı üçün təhlükə törədən, ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş heyvan ətlərinin tədarükü və satışı ilə məşğul olanlar barəsində inzibati tədbirlərin görülməsi və əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə toplanmış materialların hüquq-mühafizə orqanlarına göndərilməsi nəzərdə tutulmuşdur.  

Qərarlara uyğun olaraq dekabrın 21-də Yevlax rayonunun Aşaı Bucaq kənd sakinlərinin həyətlərində aşkar edilən, insan qidası üçün yararsız olan at və iribuynuzlu heyvan cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında Yevlax rayonunda ayrımış xüsusi ərazidə kütləvi informasiya vasitələrinin (KİV) və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılmışdır.

 Həmçinin qəbul edilmiş qərara uyğun olaraq dekabrın 21-də Bərdə şəhəri, Səməd Vurğun küçəsi 15 nömrəli evin sahibi Məmmədov Əli Xanış oğlunun həyətində aşkarlanan təzə kəsilmiş at dəriləri, atın arxa və qabaq ayaqları, sümükdən ayrılmış skeletlər, mötəviyyatla dolu qarın və bağırsaqlar, eləcə də atın tam formalaşmamış balası (dölü) və qalıq tullantıları Bərdə rayonundakı məişət tullantıları poliqonunda kütləvi informasiya vasitələrinin (KİV) və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılmışdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.

21.12.2016
647

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər