QARAMALIN PARAQRİPİ

A+
A
A-


Epizootologiyası. Bu virusa əsasən sağlam heyvanlar 10 günlükdən başlayaraq yoluxurlar. Bir ildən yuxarı cavanlar nadir hallarda yoluxurlar, yaşlı heyvanlar isə xəstəliyi gizli keçirirlər.
İnfeksiyanın mənbəyi xəstə heyvanlardır. Onlar virusu tənəffüs havasının və burun axıntılarının tərkibində ətrafa yayırlar. Xəstə heyvanların südünün içilməsi də xəstəliyə yoluxmaya səbəb ola bilər. Klinik sağlam ev heyvanları virusun daşıyıcısı ola bilərlər.
Yoluxma əsasən aerogen yolla baş verir, lakin alimentar və genital yoluxma da mümkündür.
Xəstəlik faktorlardan çox asılı olur. Burada mikro və makroorqanizmlərin qarşılıqlı əlaqəsi və vəziyyətləri əsas rol oynayır. Düzgün yemləmə və bəsləmə şəraitində xəstəlik adətən baş vermir. Körpə heyvanlar ana südü ilə bəsləndikdə, südün tərkibindən aldıqları əkscisimlərin hesabına 6 aylığadək xəstəliyə yoluxmurlar.
İmmunitet. Xəstəlikdən sağalan heyvanlar bir daha bu xəstəliyə tutulmurlar. Lakin immunitetin yaranma mexanizmi tam aydınlaşdırılmamışdır.
Klinik əlamətləri. Bu xəstəlik çox zaman bakteriya etiologiyalı xəstəliklərlə qarışıq gedir. Virus patogen bakteriyalardan koklar, pastrellalar, mikoplazmalar və digər viruslarla assosiasiya halında simptomokompleks əmələ gətirirlər. İnkubasiya müddəti 1-5 gündür. Xəstəlik adətən iti gedişli olur. Əsas klinik əlamətləri bunlardır: zəiflik, yem .və sudan imtina, təngnəfəslik, taxikardiya, yüksək (42 °C-dək) temperatura. Bir neçə gün keçdikdən sonra isə xəstələrin burun dəliklərindən selikli və hətta irinli axıntı gəlir, öskürək və xırıltı eşidilir.
Heyvan orqanizmi zəif olduqda, bir tərəfdən də əgər bəsləmə və. yemləmə düzgün təşkil edilmədikdə, şərti patogen mikrobların da ikinci tərəfdən təsiri ilə patoloji proses xeyli mürəkkəbləşir və ağır gedişli pnevmoniya ilə nəticələnir.
Epizootik vəziyyəti ağırlaşdıran amillərin təsirindən zəif və çox istismar olunan heyvanlarda ildırımvari gedişli xəstəlik inkişaf edir ki, belə hallarda 1-2 sutkaya heyvan ölür.
Patoloji-anatomik dəyişikliklər. Əsas patoloji dəyişikliklər yuxarı tənəffüs yollarında gedir: çoxlu miqdarda selikli eksudata, nöqtəvari qan sağıntılarına, ağciyərlərdə pnevmoniya xarakterli əlamətlərə rast gəlinir. Yarma zamanı bəzi hallarda plevrit müşahidə olunur.
Diaqnozu. Diaqnoz epizootoloji, klinik, patoloji anatomik və laborator müayinələrinin nəticələri əsasında qoyulur. Klinik əlamətlər tam xarakterik olmadığı üçün laboratoriya müayinələri ön plana çıxır (virusoloji və seroloji reaksiyalar).
Heyvan öldükdən 2 saatdan gec olmamaq şərti ilə laboratoriyaya burun seliyi, limfa düyünləri, ağciyərlər göndərilir.
Müalicəsi. Müalicə tədbirləri orqanizmin müqavimətinin gücləndirilməsinə və bakterial mikroflora ilə çirklənmənin qarşısının alınmasına yönəldilməlidir. Bu məqsədlə müxtəlif seroterapiya üsullarından, tənəffüs yollarının mikroflorasına güclü təsir edə bilən antibiotiklərdən və sulfanilamid preparatlarından istifadə edilir.
Profilaktika və mübarizə tədbirləri. Heyvanların ilk növbədə tam dəyərli yemləndirilməsinə və düzgün bəslənməsinə fikir verilməlidir. Paraqrip-3-ün fəal immunizasiyası üçün monovaksinlə yanaşı paraqrip-3 və yoluxucu rinotraxeit əleyhinə vaksindən, passiv profilaktika üçün isə xəstəlikdən sağalmış heyvanların qan serumundan istifadə olunur. Əkscisimlərin titri 1:160 və daha yuxarı olmalıdır.
Kütləvi halda müalicə üçün serumu generatorun köməyi ilə heyvanvanlar yerləşdirilmiş binanın havasına hər kubmetr havaya 1,2 ml hesabı ilə püskürtmək olar. Serum burundaxili və əzələiçi də tətbiq edilə bilər.

13.01.2015
598

Nəşrlər

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

Bannerlər