Nəsimi rayonunda “Agromall Yaşıl Market” yarmarkası açılıb

A+
A
A-

 

 

 

Martın 19-da Nəsimi rayonunda, 3-cü mikrorayon ərazisində dövlətin güzəştli maliyyə dəstəyi ilə yaradılmış ixtisaslaşdırılmış “Agromall Yaşıl Market” yarmarkasının açılışı olub.

 

Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, kənd təsərrüfatı naziri Heydər Əsədov, iqtisadiyyat naziri Şahin Mustafayev və Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov İxtisaslaşdırılmış Yaşıl Market Kompleksində olub, satılan məhsulların qiymətləri ilə maraqlanıb, satıcı və istehlakçıların fikirlərini dinləyiblər.

 

Kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, kompleksdə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən fermerlərə istehsal etdikləri meyvə və tərəvəzlərin, ət və balıq məhsullarının satışının təşkili üçün əlverişli şərait yaradılıb. Kompleksdə eyni zamanda 300-dək fermer öz məhsullarının satışını həyata keçirə bilər. Bunun üçün kompleksdə meyvə-tərəvəz məhsulları üçün qapalı və açıq bazarlar, 20 fermer mağazası, ət və balıq məhsulları üçün qapalı bazar, soyuducu anbar, 2 mərtəbəli market və avtodayanacaq yerləşir. Yaşıl marketdə 300-dən çox yeni iş yerinin açılması imkanı yaranıb.

 

H.Əsədov əlavə edib ki, 3 kameradan ibarət olan min tonluq soyuducu anbar Avropanın inkişaf etmiş şirkətlərinin avadanlıqları ilə təchiz edilib. Kameralarda temperaturun -40 dərəcədən +5 dərəcəyədək tənzimlənməsi mümkündür. Soyuducu kameraların kənd təsərrüfatı və qida məhsullarının saxlanılması məqsədilə sahibkarlara icarəyə verilməsi nəzərdə tutulur. Müasir avadanlıqlarla təchiz edilmiş soyuducu anbarda qida məhsullarının keyfiyyətli və uzunmüddətli saxlanılması mümkündür.

 

Onun sözlərinə görə, kompleksin hər mərtəbəsində ərazisi 600 kvadrat metr olan 2 mərtəbəli ərzaq və qeyri-ərzaq məhsullarının satışı üçün müasir market fəaliyyət göstərir.

 

İstehlakçıların rahatlığının təmin edilməsi və nəqliyyatın intensivliyinə maneə yaradılmaması üçün kompleksin qarşısında eyni zamanda 50-dək avtomobilin dayanması üçün avtodayanacaq yaradılıb.

 

Kompleksdə eyni zamanda müasir avadanlıqlarla təchiz olunmuş baytarlıq və fitosanitar laboratoriyalar yaradılmış, səyyar avtolaboratoriyalar cəlb olunub.

 

Nazir qeyd edib ki, burada əsas məqsəd istehsal müəssisələrinin bazara birbaşa çıxışının asanlaşdırılması və təmin edilməsindən ibarətdir: "Dövlət başçısının müvafiq fərmanı ilə həm Kənd Təsərrüfatı Nazirliyinə, həm də İqtisadiyyat Nazirliyinə Yaşıl Marketlər şəbəkəsinin yaradılması tapşırılıb. Fərmanın icrasının nəticəsi olaraq bu gün kompleksin açılışıdır. Yaşıl Marketdə yerlər fermerlərə, hüquqi və fiziki şəxslərə əvəzsiz olaraq verilib. Bu yerlərin saxlanılması əsasən ictimai iaşə müəssisələrinin, parklanma və digər mənbələrdən əldə edilən vəsait hesabına həyata keçirilir. Ona görə də, burada yerlər demək olar ki, pulsuzdur. Bunun hesabına da buranın xidmətindən istifadə edən fermerlər, hüquqi, fiziki şəxslər öz məhsullarını birbaşa müəssisənin istehsal qiymətləri ilə satırlar. Təbii ki, bu da sahibkara məhsullarını rahatlıqla əhaliyə çatdırmağa imkan yaradır. Əhaliyə isə keyfiyyətli məhsulları daha ucuz qiymətə birbaşa istehsalçılardan əldə etməyə şərait yaradır."

 

Nazir H.Əsədov qeyd edib ki, beynəlxalq praktikada da tətbiq olunan bu satış mexanizmi həm qiymət, həm rəqabət, həm də bazara çıxışın asanlaşdırılması baxımından əhəmiyyətlidir: "Yaşıl Market əsasən Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaiti, bir qismi isə sahibkarların öz vəsaiti hesabına və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə müvafiq infrastrukturun, laboratoriya şəbəkələrinin yaradılması ilə qurulub. Bu tədbirlərin həyata keçirilməsi silsilə xarakter daşıyacaq. Yalnız burada deyil, bir sıra yerlərdə də Yaşıl Market yaradılacaq. Biz burada qiymətlərə də baxdıq. Qiymətlərin sabit saxlanılması üçün müəyyən müzakirələr apardıq. Bu təcrübənin effektini görsək, əhalinin marağını hiss etsək, SKMF-nın vəsaitindən kömək etmək yolu ilə bu şəbəkə genişləndiriləcək. Buradakı məhsullarda qiymətlər birbaşa istehsal qiymətləridir. Bu məhsullar nə mağaza, nə də başqa yerlər vasitəsilə satılmadığı üçün qiymətlərə hər hansı bir əlavə edilməyib".

 

Ölkədə baramaçılığın inkişafı istiqamətində aparılan işlərdən danışan nazir vurğulayıb ki, bunun üçün nazirlik tərəfindən Çindən 1,6 mln. ədəd tut tingi gətirilib. Onun sözlərinə görə, bu tinglər əvəzsiz olaraq sahibkarlara paylanılıb: "Çinli mütəxəssislərin iştirakı ilə tinglər artıq əkilib. Bu yaxın zamanlarda tender keçirilməklə barama qurdlarının da idxalı təmin olunacaq. Hesab edirik ki, bu il barama istehsalını yenidən 2-3 dəfə artırmağa nail olacağıq. Nazirlər Kabineti "Barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə, subsidiyanın verilmə Qaydası”nı təsdiq edib. Qaydaya əsasən, barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə verilən subsidiyanın məbləği 5 manat müəyyən edilib. Nəticədə artıq emal müəssisələrinin də baramanı almaq problemi olmayacaq. Bu onlarda emalın rentabelliyinin yaradılması üçün zəmin yaradır".

 

"Bazarlarda ətin qiyməti devolvasiyadan əvvəl 7-8 manat idi, beynəlxalq valyuta dollarla götürsək 9-10 ABŞ dollarına bərabər idi. Bu gün isə ətin qiyməti 10-12 manat arasında tərəddüd edir. Müqayisəli təhlilə gəldikdə 10-12 manata satılan ətin qiyməti hardasa 6-7 dollar təşkil edir. Bəzi yerlərdə bunu çox şişirdirlər. Bütün istehsal edilən məhsullar istehlakla yanaşı, digər əmtəələrə mübadilə olunmaq üçün istehsal olunur. Yəni onun qarşılığında digər məhsulları almaq üçün istehsal olunur". - deyə nazir bildirib.

 

İqtisadiyyat Nazirliyinin təqdim etdiyi rəqəmlərə əsasən, İxtisaslaşdırılmış Yaşıl Market Kompleksi 1,1 hektar ərazidə yerləşir. Ümumi dəyəri 12,5 milyon manat olan yaşıl marketin yaradılmasına 9,1 milyon manat dövlətin güzəştli krediti verilib.

 

Prezident İlham Əliyevin "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 2014-cü il 16 yanvar tarixli sərəncamına uyğun olaraq həyata keçirilən tədbirlər çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 221 milyon manat, tutumu 206 min ton olan 12 logistik mərkəzin, illik emal gücü 10,5 min ton ət emalı (kəsim fabriki) müəssisəsinin, Bakı və Gəncə şəhərlərində, Şəmkir və İsmayıllı rayonlarında 4 ixtisaslaşdırılmış yaşıl marketin yaradılmasına 88 milyon manat güzəştli kredit verilib. Bu layihələrin icrası 1100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

 

Ümumi dəyəri 52 milyon manat olan və 15,7 milyon manat güzəştli kredit verilmiş bu yaşıl marketlərin yaradılmasında əsas məqsəd regionlarda kənd təsərrüfatının inkişafını təşviq etmək, fermerlərə birbaşa olaraq yerli məhsullarını satmağa şərait yaratmaq, eləcə də şəhər əhalisinə təzə kənd təsərrüfatı məhsullarının çatdırılmasını təmin etməkdir.

 

Yaşıl marketlərin ənənəvi bazarlardan bir çox fərqli və üstün cəhətləri var. Belə ki, yaşıl marketlərin tərkibində-fermer mağazaları, pərakəndə və topdan satış üçün nəzərdə tutulan qapalı və açıq tipli ticarət zonaları, meyvə-tərəvəz və digər ərzaq məhsullarının saxlanması üçün soyuducu anbarlar, çeşidləmə və qablaşdırma sahəsi, müştərilərin istirahət zonası, laboratoriya, avtodayanacaq və s. infrastruktur obyektləri fəaliyyət göstərir.

 

 Fermerlər tərəfindən istehsal olunan məhsulların vasitəçilərsiz bazarlara çıxarılması, kənd təsərrüfatı məhsullarının istehlakçılara daha ucuz qiymətlərlə təklif olunması, ilin bütün fəsillərində istehlakçıların yüksək keyfiyyətli ərzaq məhsulları ilə təminatı, eləcə də əhalinin məşğulluğunun təmin edilməsi də yaşıl marketlərin üstün cəhətlərindəndir. Bütün bunlar isə istehlakçıların fasiləsiz olaraq əlverişli qiymətlərlə keyfiyyətli məhsullarla təmin olunmasına imkan verəcəkdir.

19.03.2017
712

Nəşrlər

  • 10-11(305) 30 iyul 2019-cu il

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

Bannerlər