DABAQ XƏSTƏLİYİ VƏ ONUNLA MÜBARİZƏ

A+
A
A-

 

 

 

Dabaq kənd təsərrüfatı heyvanlarının, xüsusən cütdırnaqlı heyvanların itigedişli infeksion və şiddətli kantagioz xəstəliyi olmaqla süzülən viruslar tərəfindən törədilir. Xəstəlik mədə-bağırsaq traktının, əsasən də ağız boşluğunun selikli qişasında vezikulyar zədələrin (aftaların), başın tüksüz sahələrində eroziyaların əmələ gəlməsi ilə xarakterizə olunur. Bəzi hallarda insanlar da xəstəliyə tutulurlar.

Heyvanlarda dabaq xəstəliyi ilk dəfə XV əsrdə təsvir olunmuşdur. Dabağın virus təbiətli olması alman alimləri tərəfindən 1897-ci ildə müəyyən edilmiş, 1922-ci ildə isə fransız alimləri virusun ilk dəfə iki müxtəlif  tipini aşkar edərək, onların O və A tipi olduğunu söyləmişlər. Hazırda bu xəstəliyi törədən bir çox tiplərin olması alimlər tərəfindən müəyyən edilmişdir (A, O, C, Asiya-1, Asiya-2, SAT-1, SAT-2, SAT-3, ...). Bu tiplərin isə müxtəlif variantları mövcuddur. Qeyd olunan tiplərin mahiyyəti ondan ibarətdir ki, hər tip yalnız özünə görə immunitet yaratmaq qabiliyyətinə malikdir.

Göstərilən tiplərin öz immunobioloji xüsusiyyətləri kəskin surətdə bir-birindən fərqlənməsinə baxmayaraq onların əmələ gətirdikləri xəstəlik klinik əlamətlərinə, gedişinə, patoloji-anatomik dəyişikliklərinə və xəstəliyin başqa xüsusiyyətlərinə görə bir-birindən fərqlənmir.

Xəstəliyin yüksək kantagioz olması, bir çox heyvan növlərinin həssaslığı, çoxsaylı immunobioloji tiplərin və yarımtiplərin mövcudluğu uzun müddət virusun xarici mühitdə və orqanizmdə qalması kimi mühüm amillər sanitariya işlərinin aparılması üçün ciddi problemlər yaratmaqla, dövlətlər arasında iqtisadi əlaqələrin genişlənməsinə maneə olur, ölkələrə böyük iqtisadi ziyan verir. Ciddi karantin tədbirlərinin aparılmasına və həssas heyvanların peyvəndlənməsinə külli miqdarda vəsait tələb olunur.

Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, hər hansı bir ərazidə dabaq xəstəliyi baş verdikdə yaşlı heyvanlar arasında tələfat az olsa da onların ət və süd məhsuldarlığı əsaslı surətdə azalır. Dabağa tutulmuş heyvanlar çəkilərini itirməklə laktasiya dövründə bir daha əvvəlki məhsuldarlığına qayıtmır. Cavan heyvanlardan quzular, buzovlar və çoşqaların kütləvi halda tələfatına səbəb olur. 

Dabağın A, O və C tipləri dünyanın əksər ölkələrində qeydə alınmasına baxmayaraq SAT-1, SAT-2, SAT-3 Afrika qitəsində, Azərbaycanda isə 1974, 1983 və 2002-ci illərdə Asiya-1 tipi epizootiya şəklində müşahidə edilmişdir.

Aparılan tədqiqat işləri ilə müəyyən edilmişdir ki, O tipinin 13,  A tipinin 32, C tipinin 5, SAT-1-in 7, SAT-2-nin 3, SAT-3-ün 4, Asiya-1-in isə 2 serovariantı vardır. Son zamanlar yarımtiplərdən xeyli fərqlənən ştammlar aşkar edilməsinə baxmayaraq onların fərqləri ayrı-ayrı yarımtiplərin göstəricilərinə tam cavab vermədiyindən yarımtip kimi göstərilməmişdir. Statistik hesabatlara görə, dünyada O tipi 38%-dən çox, A tipi 33%, C tipi isə 26 % xəstəlik törədə bilir.

Dabağın virusu başqa viruslara nisbətən fiziki, kimyəvi təsirlərə və xarici mühitin başqa amillərinə davamlıdır. Belə ki, virus öz virulentliyini yun parçada, duzlanmış ətdə 28 gün, qaramalın tükündə 49 gün, yunda 56-dan 105 günə kimi, otda 140 gün, kəpəkdə 40 günə kimi, 30 sm qalınlığında peyin təbəqəsi altında virus davamlılığını 6 gün, peyin şirəsində 39 gün, bulaq sularında 103 gün saxlayır.

Dabaq virusu otlaqda iyul və avqust aylarında 1-7 gün sentyabr-oktyabr aylarında 3-20 gün, noyabr-dekabr aylarında və bütün qış ayları konservləşib qalır.

Mənfi temperatur virusu konservləşdirir. 50 dərəcə müsbət temperaturda 30 dəqiqə, 60 dərəcə temperaturda 5-15 dəqiqə, 100 dərəcədə isə dərhal onun tərkibi parçalanır. Dabaq xəstəliyinə təkdırnaqlılardan başqa 14 dəstəyə, 33 ailəyə, 105 növə mənsub ev və vəhşi cütdırnaqlı heyvanlar yoluxurlar.

Təbii şəraitdə xəstəliyə daha çox qaramal, camışlar, qoyunlar, donuzlar, nisbətən az dəvələr, sonra marallar yoluxurlar.

Zoopark şəraitində dabaq xəstəliyinə zürafələr, antiloplar, vəhşi buğalar, zebu,  yaklar, dağ keçisi, cüyür, fil və başqaları tutulur.

Ümumiyyətlə, infeksion xəstəliklərin əmələ gəlməsi və yayılmasında əsas rezervuar xəstə heyvanlar hesab olunur. Xəstə orqanizmdən virus xarici mühitə ağız suyu, süd, sidik və kal vasitəsi ilə ifraz olunur. Təcrübələrlə sübut olunub ki, xəstəliyə tutulmuş heyvan hələ xəstəlik əlamətini göstərmədən virusu xaricə yaya bilir.        

Azərbaycanda xəstəliyin baş verməsi üçün həmişə təhlükə vardır, ona görə ki, ölkəmiz dabağa görə uzun illər qeyri-salamat olan dövlətlərin əhatəsində olduğuna görə burda xəstəliyin baş verməsi üçün həmişə  təhlükə vardır. Azərbaycanda heyvandarlığın inkişafı ilə əlaqədar onu bildiririk ki, heyvandarlıq bizim şəraitdə köçəri xarakterlidir. Belə ki, heyvanlar (xüsusən qoyunçuluq təsərrüfatları) yay dövründə yaylaqlara, qış dövründə isə qışlaqlara köçürülür. Ona görə də dabağın baş verməsi və yayılması şərait olduğu üçün yüksək riskli zonaya aid edilir.

Hər bir ölkə Müstəqil Dövlətlər Birliyi tərəfindən qəbul edilmiş baytarlıq üzrə 12 aprel 2001-ci il tarixdə keçirilən Hökumətlərarası Şuranın qərarı ilə bəyənilmiş qaydalar əsasında heyvanların dabaq xəstəliyinin profilaktikası və ona qarşı mübarizə tədbirləri haqqında nümunəvi qaydalar tərtib edərək rəhbərlik üçün qəbul edilmişdir. Həmin qaydalar dabaq xəstəliyinə qarşı mübarizə aparmaq üçün təsdiq olunmuş təlimat əsasında tərtib olunmuşdur. Hər bir dövlət ərazisinin qorunmasını dövlətin baytarlıq qanununa və onun icrası məqsədilə hazırlanan qaydalara və digər sənədlərə uyğun tənzimləyir.

Azərbaycan  Respublikasının Rusiya Federasiyası ilə 390 km, Ermənistanla 1007 km, Gürcüstanla 480 km, İranla 765 km, Türkiyə ilə 15 km-lik sərhədi vardır. Respublikanın Şərq sərhədi 713 km-lik uzunluğunda Xəzər dənizi ilə əhatə olunmuşdur.

Statistik məlumatlara görə, Azərbaycanda bir əsr bundan əvvəl də dabaq xəstəliyi olmuşdur. 1957-ci ilədək dabağın tipi müəyyən edilməmiş qalırdı. Həmin ildən etibarən respublikamızda xəstəliyin tipi müəyyən edilmişdir. Uzun illər bizim təsərrüfatlarda dabağın O tipinin O-1 variantı, A tipinin A-7  və A-22 yarımtipləri, SAT-1 və Asiya-1 tipləri olmuşdur. Adları qeyd olunan tiplərdən SAT-1 tipi 50 ildən artıqdır ki, ərazilərimizdə qeydə alınmır.

Xəstəliyin patogenezi hələ yaxşı öyrənilməmişdir. Virusun orqanizmdə inkişaf etməsi mexanizmi haqda çoxlu bir-birinə zidd fikirlər vardır. Bir sıra müəlliflər qeyd etmişlər ki, virus bu və ya digər yolla orqanizmə daxil olandan sonra qana keçib, əvvəlcə qanda inkişaf edir. Bundan sonra başqa toxumalara yayılmaqla selikli qişalarda və dəridə dabaq aftaları inkişaf edir.

Dabaq xəstəliyinə həssas olan bütün heyvanlarda, xəstəlik gözə çarpan xarakterli klinik əlamətlərlə gedir ki, bu əlamətləri adi kliniki müayinələrlə müəyyən etmək mümkün olur. Cavan heyvanlarda xəstəlik çox hallarda mürəkkəb gedişə malikdir.

Xəstəliyin diaqnostikası epizotoloji məlumatlara, klinik əlamətlərə, pataloqoanatomiki dəyişikliklərə və laboratoriya müayinələrinə əsasən qoyulur.

Dabaq baş verdikdə virusun tipini və serovariantını təyin etməyin infeksiyanın tez bir zamanda yerində ləğv edilməsi, yayılmasının qarşısının alınması üçün vacib şərtlərdəndir.

Dabaq virusunun tiplərinin bir-birindən fərqləndirilməsi üçün son zamanlar çox əlverişli, sadə və tez başa gələn seroloji (komplementin birləşmə reaksiyası- KBR)üsulla tipləşdirmə qay-dası öyrənilmişdir.

Dabaq xəstəliyində aparılan KBR-si digər xəstəliklərdə qoyulan reaksiyadan onunla fərqlənir ki, burada müayinə olunan materialda əks cisim yox, antigen axtarılır.      

Əgər bruselyozun müayinəsində heyvanın qan serumunda istifadə edilirsə, dabaq xəstəliyində əldə hər tipin özü üçün təklikdə pozitiv (hiperimmun) serum olmaqla  müayinə üçün dabaq aftasından alınmış toxumanın 10%-li emulsiyasından istifadə edilir. Bu zaman müayinə olunan virusun hansı tip serumla reaksiya verməsi müəyyən edilir.

Ümumiyyətlə, belə demək mümkündürsə, bu xəstəliyə diaqnoz qoymaq o qədər də çətin deyildir. Xəstəliyin ildırım surəti ilə yayılması, klinik əlamətlərinə əsasən heyvandarlıq işçiləri xəstəliyə diaqnoz qoya bilirlər. Mütəxəssislər isə xəstəliyin tipini müəy-yən etməklə ona qarşı mübarizəni təşkil etməlidirlər. Çünki xəstəliyin tipi laboratoriya müayinələrinə əsasən qoyulur.

Respublikamızın ərazisində Asiya-1 tipi ilə xəstəlik hadisəsi keçən əsrdə 2 dəfə epizootiya halında müşahidə edilmişdir. Əvvəlcə bu xəstəlik 1974-cü ildə Cəlilabad rayonunda bir məntəqədə, 1983-cü ildə isə əksər rayonlarda müşahidə edilmişdir. Xəstəliyin A, O, Asiya-1 tipinin respublika ərazisinə İran və Türkiyədən keçməsini və heyvandarlığın köçəri olmasını nəzərə alaraq 1983-cü ildən etibarən ölkə ərazisində mövcud iribuynuzlu heyvanlar polivalent A, O, Asi-ya-1 vaksini ilə, xırdabuynuzlu heyvanlar isə A, O polivalent vaksini ilə təlimata uyğun il ərzində 2 dəfə peyvənd edilir. Nəzərə almaq lazımdır ki, xırdabuynuzlu heyvanlar Asiya-1 tipi ilə xəstələnmir, lakin Asiya-1 tipini yaya bilirlər.

Müstəqil Dövlətlər Birliyinin baytarlıq üzrə 12 aprel 2001-ci il tarixində keçirilən Hökumətlərarası Şuranın qərarı əsasında heyvanların dabaq xəstəliyinin profilaktikası və ona qarşı mübarizənin nümunəvi qaydalarında aşağıda göstərilənlər nəzərdə tutulmuşdur:

-Dövlət ərazisinə dabaq virusunun keçməsinin qarşısını almaq üçün tədbirlər:

-Heyvanlarda xəstəlik olduqda və xəstəliyə şübhə yarandıqda görülən tədbirlər;

Dabaq məntəqələrinin ləğv edilməsi üsulları:

-Qeyri-sağlam məntəqələrdə və dabaq məntəqəsində aparılan tədbirlər;

-Təhlükəli zonada aparılan tədbirlər;

-Bufer zonada aparılan tədbirlər;

Karantinin götürülməsi və sonrakı məhdudlaşdırıcı tədbirlər:

Bu tədbirlərlə bərabər dabağa qarşı mübarizə tədbirlərinə dair təsdiq olunmuş təlimatı rəhbər tutaraq ölkə ərazisində xəstəliyin baş verməsinin qarşısı alına bilər.

Beynəlxalq Epizootik Büronun "Baytarlıq Məcəlləsi"nə uyğun olaraq 3 kompleks epizootiya əleyhi tədbirlərdən istifadə edilməsi vacibdir. Bunlardan  birincisi, baytarlıq-sanitariya tədbirlərinin aparılması, ikincisi, yoluxmuş naxırın, sürü-nün məhv edilməsi (kəsimi), digəri isə vaksinoprofilaktikasıdır. Bu üsulların tətbiqi konkret epizootiki vəziyyətə uyğun aparılır.

Bu üsulların hər birinin müsbət və mənfi tərəfləri vardır. Məsələn baytarlıq-sanitariya üsulu çox böyük həcmli olmaqla iqtisadi cəhətdən xeyli miqdarda xərc tələb edir, ona görə də təsərrüfata tətbiqi baha başa gəlir. Baytarlıq-sanitariya  tədbirlərinə əməl etmədikdə isə xəstəlik geniş miqyasda yayılır. Yoluxmuş naxırın məhv edilməsi ilə bərabər baytarlıq-sanitariya tədbirlərinə əməl olunması çox effektli və radikal üsuldur, üstün cəhəti onun birbaşa xəstəlik mənbəyinin məhv edilməsinə yönəlmişdir. ABŞ-da, Kanadada, Böyük Britaniyada və başqa dövlətlərdə yüksək effektli olmuşdur.

Dabaq tiplərinin çoxluğu onun yoluxma yolunun müx-təlifliyi, həssas heyvan növlərinin kifayət qədər olması xəstəliklə mübarizənin əsas problemlərindədir. Dabaq əleyhinə tədbirlərin təşkilinin respublika ərazisində riskli zonaya daxil olduğunu nəzərə alaraq xeyli miqdarda çətinliklər törədir. Mövcud mal-qaranın peyvəndi üçün vaksin əldə etmək üçün külli miqdarda vəsait tələb olunur.

Respublikamızda daba-ğa qarşı mübarizənin əsasını başqa tədbirlərlə yanaşı, vaksinoprofilaktika təşkil edir.

Dabaq xəstəliyinin ilk klinik əlamətləri heyvanlarda iştahanın pozulması, südün azalması, bədən hərarətinin yüksəlməsi, ağızda (dodaq, dil, dişlərin dibi, damaq) qabarcıqların əmələ gəlməsi, ağızdan selikli mayenin axması ilə başla-yır. Qabarcıqlar partladıqdan sonra onların yerində yaralar əmələ gəlir. Belə yaralar və qabarcıqlar heyvanların dırnaq tacında, dırnaqların arasında, bəzi hallarda isə yelində və əmcəklərdə baş verir.

Xəstəliyin yayılması:    -Xəstəliyin əsas mənbəyi dabağa tutulmuş heyvanlardır. Xəstəliyin törədicisi əsasən xəstə heyvanların ağız suyu, sidiyi, nəcisi, südü, əti, yunu, dərisi və başqa məhsulları ilə ətrafa yayılır.

Xəstəliyi törədən viruslar heyvan orqanizminə ən çox ağız boşluğundan, bəzi hallarda isə dəri, gözün selikli qişası, dırnaq arası sahə, xarici tənasül orqanları və s. yollarla da daxil ola bilir.

Xəstəliyin müalicəsi və ona qarşı aparılan mübarizə tədbirləri:-Yaşayış məntəqələrində olan ayrı-ayrı təsərrüfatlarda dabaq xəstəliyini vaxtında aradan qaldırmaq üçün xəstə heyvanları müalicə etməkdən başqa onların yemləndirilməsi və bəslənməsi şəraiti, habelə yemlərin keyfiyyətini yaxşılaşdırmaqla karantin tədbirlərinə ciddi yanaşmaq lazımdır.

Xəstə heyvanları gün ərzində 3-4 dəfə bir vedrə soyuq suya 1q göy daş əlavə edib verməli. Ağız boşluğunda olan yaraların tez bir zamanda sağalması üçün yara olan yerləri kalium-permanqanatın zəif məhlulu ilə, zəy və 1%-li göy daş məhlulu ilə gün ərzində 2-3 dəfə yumaq lazımdır. Bu məqsədlə sirkə turşusunun zəif məhlulundan (1l suya 0,5 xörək qaşığı təmiz sirkə turşusu) və ya digər dezinfeksiyaedici dərman maddələrindən istifadə etmək yaxşı nəticə verir. Zədələnmiş dırnaqları mexaniki təmizlədikdən sonra, onları 1%-li formalin məhlulu ilə yumalı və bərabər miqdarda qətranla balıq yağı qarışığı, sintometsin emulsiyası, streptosid mazı, naftalan nefti və digər bakteriosit təsirə malik olan emulsiyalarla müalicə etmək lazımdır.

Bizim uzun illər xəstəliyin müalicəsində tətbiq etdiyimiz paraformin 1l ilıq suda hazırlanmış 0,5-0,8%-li məhlulundan istifadə olunması çox yüksək nəticə vermişdir. Xəstə heyvanın ağız boşluğunda əmələ gələn yaraları həmin məhlul ilə gün ərzində 3-4 dəfə yumaq və həmin məhlul ilə heyvan saxlanılan tövlələri dezinfeksiya etməklə xəstələrin tezliklə müalicə olunmasına nail olmaq olar.

Heyvanlarda dabaq və oxşar xəstəliklər baş verdikdə, bu heyvanları təcili surətdə  naxırdan, sürüdən ayırmalı, baytar həkiminə tez xəbər verməli və təsərrüfatda dabağa həssas olan bütün heyvanlar virusun hansı tip olduğunu, yəni virusun tipini təyin etməklə həmin tipə qarşı olan dabaq vaksini ilə peyvənd edilməlidir. Xəstəliyin yayıl-  masının qarşısını almaq üçün xəstəlik baş vermiş yaşayış məntəqəsində karantin elan edilməlidir.

Ümumiyyətlə, xəstəlik baş verdikdə rəhbər orqanlar (Nazirlər Kabineti, rayon icra hakimiyyəti, bələdiyyə, kənd təsərrüfatı orqanları, kənd, qəsəbə icra nümayəndələri) lazımi qaydada karantin qoyulana kimi, yoluxucu xəstəliyin yayılmasının qarşısını almaq və onu aradan qaldırmaq üçün dərhal lazımi tədbirlər görməlidirlər.

Xəstəlik baş vermiş rayon (şəhər) rəhbərliyi nəzərdə tutulan qaydada, qeyri-sağlam məntəqəni onun sərhədini, təhlükəli zamanı göstərməklə karantin qoyulması və epizootiya əleyhinə fövqəladə komissiya yaradılması barədə sərəncam verir və xəstəliyin ləğvinə dair tədbirlər planını təsdiq edir. Dabaq xəstəliyi baş verən zaman baytarlıq qanunçuluğu əsasında karantin şərtlərinə ciddi surətdə əməl edilməlidir, əks halda xəstəlik epizootiya halında yayıla bilər.

Ümumiyyətlə, respublikamızın ərazisində dabağa qarşı mübarizə tədbirlərinin aparılmasında vaksinoprofilaktikadan geniş surətdə istifadə olunur. Belə ki, bizdə heyvandarlıq əsasən köçəri şəraitdə olduğundan xüsusən davarlar  və heyvandarlıq işçilərinə məxsus iribuynuzlu  heyvanlarında davarlarla birlikdə yay otlaqlarını və sonra qışlaqlara köçürül-düyündən daimi olaraq heyvanlar təlimat əsasında  vaksinlərlə peyvənd edilməlidir.

Uzun illərin təcrübəsi göstərir ki, iribuynuzlu heyvanlar dabağa qarşı polivalent  vaksinlə heyvanlar qışlama dövrünü başa vurub otlaq sahələrinə çıxarılan vaxt, yəni mart ayının sonu, aprel ayının əvvəllərində peyvənd olunarsa bütün yay dövrü  heyvanlarda immunitet yarandığından xəstəlik hadisəsi baş vermir. Bu  zaman  nəzərə almaq lazımdır ki, cavan heyvanlar peyvənd edildikdən sonra onlarda üç ay müddətinə immunitet yaranır, yəni cavan heyvanlar (18 aylıqdan yaşınadək) hər üç aydan bir təkrar peyvənd (revaksinasiya) olunarsa immunitet zənciri pozulmaz.

Xırdabuynuzlu heyvanlar yaylaqlara qaldırılmazdan əvvəl bivalent (A, O tipinə)  vaksinlə peyvənd olunduqdan sonra yay otlaqlarına qaldırılması təmin olunarsa ölkə ərazisində dabağın baş vermə riski olmaz.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin idarəetmə orqanı tərəfindən epizootiki vəziyyəti əsas tutaraq dabaq əleyhinə tədbirlər planı hazırlanmalıdır, bundan başqa  profilaktiki baytarlıq-sanitariya və digər tədbirlərin əsas istiqamətlərini, eyni zamanda tədbirə məsul şəxsləri təyin edir.

Dövlət ərazisinə dabaq virusunun keçməsinin qarşısını almaq üçün ölkəyə gətirilən heyvanlar və baytarlıq xidməti orqanlarının nəzarəti altında olan yüklərin və nəqliyyat vasitələrinin baytarlıq cəhətdən işlənməsi bu qaydalarda göstərilən kimi və BEB-in  Beynəlxalq  Baytarlıq  Məcəlləsində nəzərdə tutulan formada həyata keçirilir. Bir qayda olaraq ölkəyə gətirilən heyvanlar müəyyən olunmuş qaydada karantində saxlanılır. Bir heyvanda xəstəlik və ya xəstəliyə şübhə olduğu halda bütün gətirilən heyvanlar infeksiyanın yayılmaması məqsədilə yerində məhv edilir. Əgər qonşu dövlətlərdə dabaq xəstəliyi baş verərsə və xəstəliyin bilavasitə keçməsi təhlükəsi yaranarsa onda qəbul olunmuş qaydada epizootiya əleyhinə fövqəladə komissiya yaradılır. Bu komissiya ölkə ərazisinə dabağın keçməsinin qarşısını almaq məqsədilə tədbirlər planı hazırlayıb həyata keçirilməsini təşkil edir.

Dabağa qarşı profilaktiki peyvəndləmədə qonşu dövlətlərlə qarşılıqlı anlaşmanın olması, bu tədbirin eyni vaxtda, birgə tətbiq edilməsi regionda dabağın baş verməsi riskini təmin edə bilər.

19.04.2017
1179

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər