HEYVANLARIN PATOLOJİ FİZİOLOGİYASI

A+
A
A-

 

 

Uzun illərdir ki, Azərbaycan Dövlət Aqrar Universitetində baytarlıq mütəxəssisləri yetişdirilir. Burada hazırlanan baytar həkimi təbabət sahəsində çalışan mütəxəssislərdən fərqli olaraq bütün sahələrin, yəni (yoluxucu xəstəliklərə, invazion xəstəliklərə, terapevtiki xəstəliklərə, cərrahi xəstəliklər, heyvanların saxlanılması zamanı zoogigiyenik tələblərin icrasına və digər) bütün növ xəstəliklərin müalicə və profilaktikasını öyrənir və təsərrüfatlarda müvəffəqiyyətlə tətbiq edirlər. Bundan ötrü baytar mütəxəssisi elmin bütün sahələrindən hali olurlar. Baytar həkimi ilk növbədə anatomiya, normal fiziologiya, farmakologiya elmləri ilə yanaşı, heyvanların patoloci fiziologiyasını da öyrənirlər.

Fiziologiya fənni uzun illər tədris olunsa da bu günədək Azərbaycan dilində heç bir dərslik yazılmamışdır. 2010-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetində patoloji fiziologiya fənnini tədris edən professor Rübail Nəcəf oğlu Allahverdiyev tərəfindən 432 səhifədən ibarət geniş izahlı kitab nəşr edilmişdir.

Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik şurasının 20 iyul 2009-cu il tarixli 32 saylı iclas protokolu ilə təsdiq edilmişdir. Kitabın elmi redaktor biologiya elmləri doktoru F.N.Nəsibov, ona rəyi baytarlıq elmləri doktoru, professor, əməkdar elm xadimi Ə.A.Əsgərov və biologiya elmləri doktoru, professor M.M.Əliyev vermişlər.

Dərslik patologiyaya aid müasir təlimləri ümumiləşdirməklə klassik ənənələrə əsaslanaraq yazılmışdır. “Xəstəlik haqqında təlim”, “Tipik patoloji proseslər” və “Xüsusi patoloji fiziologiya” fəsilləri baytar həkiminin ixtisas təxəyülünün formalaşmasına yönəldilmişdir.

Kitab üç hissədən: ümumi nozologiya, tipik patoloji proseslərdən və orqan və sistemlərin patoloji fiziologiyasından ibarətdir.

Birinci hissədə, ümumi nozologiyada xəstəlik haqqında təlim, ümumi etiologiya, ümumi patogenez, xəstəliyin əmələ gəlməsində xarici mühit amillərinin təsiri, hüceyrələrin patologiyası, irsiyyətin və konstitutsiyanın patologiyasında rolu və orqanizmin reaktivliyi və patologiyada onun rolu haqqında geniş və hərtərəfli izahatı verilmişdir.

İkinci hissədə, yəni tipik patoloji proseslər hissəsində periferik qan dövranının patoloji fiziologiyası, iltihab, istilik tənziminin patoloji fiziologiyası, toxuma böyüməsinin patofiziologiyası, maddələr mübadiləsinin patoloji fiziologiyası, aclığın patoloji fiziologiyası və ümumi adaptasiya sindromundan bəhs edilir.

Üçüncü hissədə, yəni orqan və sistemlərin patoloji fiziologiyası hissəsində orqan və sistemlərin patofiziologiyası, qan dövranı sisteminin patofiziologiyası, tənəffüs sisteminin, həzm sisteminin, qaraciyərin, böyrəklərin, endokrin sisteminin, sinir sisteminin patoloji fiziologiyasından bəhs edilir.

Maraqlı odur ki, bütün bölmələrin sonunda yadda qalmaq üçün yoxlama sualları ilə oxucuya müraciət olunur.

Müəllifin göstərdiyi kimi patofiziologiyanın əsasını biologiya, normal fiziologiya və bioloji-kimya fənləri təşkil edir. Bunlar baytar həkimində həkimlik təfəkkürünün inkişaf etməsi və formalaşması üçün əsas şərtdir. Heyvandarlığın intensivləşdirilməsi və ixtisaslaşdırılması patoloji fiziologiyanın qarşısında yeni vəzifələr qoyur. Hazırda heyvanlar komplekslərdə sənaye təməli üzərində bəslənilir. Belə bir vəziyyətdə xüsusi bəsləmə və saxlama şəraitində yüksək məhsullar almaq mümkündür. Beləliklə, “Heyvanların patoloji fiziologiyası” dərsliyi günün tələbləri səviyyəsində yazılmış və baytar mütəxəssislərinin yetişməsində əsas vəsaitlərdən biridir. Bu dərslik baytarlıq fakültəsində tədris olunmaqla tələbələrdə patologiya haqqında nəzəri biliklər aşılayır.

Dərslikdən Azərbaycan Dövlət Tibb Universitetinin tələbələri, praktik baytar həkimləri, eləjə də aspirant və dissertantlar yararlana bilərlər.

Güman edirəm ki, “Heyvanların patoloji fiziologiyası” kitabı savadlı baytar mütəxəssislərinin yetişməsində, eləcə də gənc mütəxəssislərin formalaşmasında xüsusi əhəmiyyət kəsb edəcəkdir.

R.Muradov, Epizootiya əleyhinə Respublika Ekspedisiyasının rəisi, baytarlıq elmləri namizədi

 

12.03.2017
1730

Nəşrlər

  • 16-17(278-279) 08 noyabr 2017-ci il

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

Bannerlər