ATLARIN YOLUXUCU XƏSTƏLİKLƏRİ

A+
A
A-

Bu günlərdə “UniPrint” nəşriyyatında Elxan Əliyev, İlham Əzimov, Umud Vəliyev, Nigar Səfiyeva tərəfindən qələmə alınaraq dərc edilmiş “Atların yoluxucu xəstəlikləri” kitabı işıq üzü görmüşdür. Kitab Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi-Nəzarət İnstitutunun 01 sentyabr 2010-cu il tarixli 05 nömrəli qərarı ilə dərc olunmuşdur.

Kitaba Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun direktoru, akademik, biologiya elmləri doktoru, professor M.Ə.Salmanov və Azərbaycan Dövlət Aqrar Universitetinin epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasının müdiri, baytarlıq elmləri namizədi, dosent Z.Ə.Ələsgərov rəy vermişlər.

Qeyd edək ki, parlaq ömrünü Azərbaycanın dirçəlişinə, inkişafına, müstəqilliyinin və suverenliyinin qorunmasına sərf etmiş, Azərbaycanda müasir dövlətçiliyin banisi, ulu öndərimiz Heydər Əliyevin müdrik siyasəti və yorulmaz fəaliyyətinin nəticəsi olaraq ölkəmizin aqrar-sənaye kompleksi davamlı surətdə inkişaf edir və sevindirici haldır ki, bu inkişaf missiyası ümummilli liderin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

Beynəlxalq iqtisadi münasibətlər, hüquqi normalara cavab verən, xalqın milli maraqlarına əsaslanan irimiqyaslı, məqsədyönlü islahatların ardıcıl və peşəkarlıqla həyata keçirilməsi ölkəmizin qüdrətini və beynəlxalq aləmdə imicini daha da artırmış, perspektiv inkişaf, xalqın rifahının durmadan yaxşılaşdırılmasına münbit şərait yaratmışdır.

Azərbaycan Respublikası Qafqaz regionunun ən inkişaf etmiş, böyük potensial imkanlara malik, Böyük İpək Yolunun üzərində yerləşən, o cümlədən Avropa və Asiya dövlətləri arasında əsas ticarət və nəqliyyat koridoru olan, mühüm geosiyasi mövqeyə malik ölkədir. Digər tərəfdən ölkəmiz beynəlxalq əmək bölgüsündə iştiraka, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyə, Avropa Qonşuluq Siyasətinə qoşulmağa, müxtəlif xarici ölkələrlə bərabərhüquqlu iqtisadi-ticari, elmi-texniki və mədəni əməkdaşlıda maraqlıdır. Bu istiqamətdə əməkdaşlıq əlaqələrinin coğrafiyasının ilbəil dinamik olaraq genişlənməsi aqrar sahədə çalışan sahibkarlar və mütəxəssislər qarşısında da çoxşaxəli yeni vəzifələr qoyur.

Heyvandarlığın digər sahələri ilə yanaşı, atçılığın inkişaf etdirilməsi də qarşıda duran həlli vacib problemlərdən biridir. Ölkə Prezidenti cənab İlham Əliyevin 22 fevral 2007-ci il tarixli sərəncamı ilə “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda atçılığın inkişafı üzrə proqramların hazırlanması və orada milli at cinslərinin damazlıq özəklərinin qorunub saxlanması və təkmilləşdirilməsi, dövlət atçılıq təsərrüfatlarının inkişaf etdirilməsi, Azərbaycanda beynəlxalq cıdır idman at yarışlarının, at hərraclarının və sərgilərinin keçirilməsi, dekorativ atçılığın (poni) və turizminin inkişafı, səyahətlərin həyata keçirilməsi nəzərdə tutulur. Adı çəkilən qanunda həmçinin atçılıqla məşğul olan subyektlər tərəfindən baytarlıq-sanitariya qaydalarına riayət edilməsinin təmini, hunmasit məqsədilə atçılığa dövlət nəzarətinin həyata keçirilməsi də nəzərdə tutulur.

Bu baxımdan Elxan Əliyev, İlham Əzimov, Umud Vəliyev, Nigar Səfiyeva müəllifi olduğu “Atların yoluxucu xəstəlikləri ” kitabı zamanın tələblərindən irəli gələn dəyərli, sanballı, elmi-praktiki əhəmiyyətə malik vəsaitdir. Vəsait iki: infeksion və invazion xəstəliklər fəslindən ibarətdir. Hər bir fəsil öz aktuallığı ilə diqqəti cəlb edir, oxucuda maraq yaradır.

Qeyd etməliyik ki, ölkəmizin baytar mütəxəssisləri gündəlik xidməti fəaliyyətlərində bir qayda olaraq qaramalın, davarların və ev quşlarının infeksion, invazion və yoluxmayan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə daha çox məşğul olurlar. Bu qəbildən olan atların xəstəlikləri haqqında onların məlumatları və təcrübələri lazımi səviyyədə deyildir. Bunun bir səbəbi də baytarlıq mütəxəssislərinə Azərbaycan dilində atların xəstəlikləri haqqında ətraflı məlumat verə biləcək xüsusi ədəbiyyatın olmaması, ali və orta ixtisas təhsili müəssisələrinin tədris proqramında bu növ heyvanların yoluxan xəstəliklərinin örənilməsinə olduqca az yer verilmişdir. Halbuki atların bir sıra xəstəlikləri zamanı karantinin qoyulması, beynəlxalq və regional cıdır yarışlarının təxirə salınması, atların idxal-ixracının dayandırılması, genişmiqyaslı baytarlıq-sanitariya və müalicə-profilaktika tədbirləri kom-pleksinin yerinə yetirilməsi, qiymətli at cinslərinin kütləvi tələfatı bir çox ölkələrə xeyli iqtisadi ziyan vurur. Atların bir çox xəstəlikləri, həmçinin digər növ heyvanların və ev quşlarının kütləvi ölümünə səbəb olur, xüsusən də insanların yoluxması üçün real təhlükə yaradır. Odur ki, atların xəstəliklərinin baytarlıq təbabəti mütəxəssisləri tərəfindən daha dərindən öyrənilməsi həm də mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edir.

Kitabda atların Azərbaycan Respublikasında rast gəlinən və ya yoluxma riski olan ekzotik infeksion və invazion xəstəliklərinin epizootoloci xüsusiyyətləri, kliniki nişanələri, bu qəbildən olan bir sıra xəstəliklərin diaqnostikasında və müalicə-profilaktikasında tətbiq olunan yeni testlər və preparatlar haqqında ətraflı məlumat verilmişdir.

Ümidvarıq ki, atların ölkəmizdə rast gəlinən və baş vermək riski yüksək olan yoluxucu xəstəlikləri haqqında olunan bu kitab baytarlıq təbabəti sahəsində çalışan mütəxəssislərin, damazlıq atçılıq təsərrüfatlarında atçılıq klublarında, cıdır meydanlarında , habelə fermer və ailə-kəndli təsərrüfatlarında atçılıqla məşğul olan sahibkarların, baytarlıq laboratoriyasında işləyən mütəxəssislərin, Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti fakültəsində təhsil alan tələbələrinin atların yoluxucu xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri kompleksinin həyata keçirilməsi sahəsində biliklərinin artırılmasında öz töhfəsini verəcəkdir.

Fərəh hissi ilə onu da qeyd etməliyik ki, bu kitab müstəqillik dövründə latın qrafikası ilə Azərbaycan dilində bu istiqamətdə yazılan ilk əsərdir. Bu dəyərli vəsait müvafiq ixtisas sahələrində çalışan mütəxəssislər üçün faydalı olmaqla yanaşı, geniş oxucu kütləsi üçün də maraqlıdır.

Y.A. HƏSƏNOV

 

30.01.2015
427

Nəşrlər

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

  • 10(260) 27 oktyabr 2016-cı il

  • 09(259) 30 sentyabr 2016-cı il

Bannerlər