BİR ÖMRÜN İŞIĞI

A+
A
A-

Azərbaycan elm fikrinin formalaşmasında baytarlıq elminin, baytarlıq təbabəti mühəndisliyinin inkişafında böyük xidmətləri olan alimlərdən biri də baytarlıq elmləri doktoru, professor İkram Eyubovdur. Alimin yaradıcılığı baytarlıq elminin zəngin səhifələrindəndir. İkram Eyubovun elmi yaradıcılığı çox şaxəli, geniş diapozonlu, elmi cəhətdən olduqca əhəmiyyətlidir. Onun elmə gətirdiyi yeni fikirlər, müddəalar çox dərindir və bunlar elmi ictimaiyyət tərəfindən təqdir olunur, dəyərləndirilir və yüksək qiymətləndirilir. Onun elmə gətirdiyi bütün müddəalar təcrübədə öz təsdiqini tapmış və bununla da ölkəmizdə heyvandarlığın inkişafına böyük töhfə vermişdir.

Professor İkram Eyubov 1925-ci ildə Qazax rayonunun Ürkməzli kəndində ziyalı ailəsində anadan olmuşdur. Onun babası Eyubov Əfəndi, atası Ziyəddin Əfəndi dövrlərinin qabaqcıl ziyalılarından olmuş, ömürlərini xalqımızın maariflənməsinə, onun tərəqqisinə sərf etmişlər. Ümumən, İkram müəllimin mənsub olduğu Eyubovlar nəsli millətimizin inkişafında, onun istiqlalı uğrundakı mübarizədə müstəsna xidmətlər göstərmiş, neçə-neçə adlı-sanlı övladlar yetirmişdir.

İkram Eyubov 1938-1940-cı illərdə Qazax Müəllimlər seminariyasında təhsil almışdır. Bir müddət Tovuz rayonunun Şamlıq orta məktəbində müəllimlik etmişdir.

O, 1945-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsinə daxil olur. 1951-ci ildə institutu fərqlənmə diplomu ilə bitirir. Onun elmə, elmi-tədqiqat işlərinə böyük marağını görən müəllimləri, institutun rəhbərliyi İkram Eyubovu institutda saxlayırlar. İnstitutda elmi-tədqiqat işləri istiqamətində gənc alim kimi onun qarşısında yeni perspektivlər, geniş imkanlar açılır. Bu imkanlar baytarlıq rentgenologiyası mövzusunda daha geniş olur. Bu mövzu İkram Eyubovda böyük maraq doğurur. O, institutda baytarlıq rentgenologiyası kabinəsi yaradır və baytarlıq rentgenologiyası fənnindən dərs deyən ilk müəllim olur.

İkram Eyubovun bu istiqamətdə apardığı elmi tədqiqatların nəticəsi kimi, həmin mövzuda yazdığı elmi işi(dissertasiyanı) uğurla müdafiə edərək 1958-ci ildə baytarlıq elmləri namizədi elmi dərəcəsini alır.

Elə həmin ildən də alimin taleyi bizim institutla “Şərəf nişanı” ordenli Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu ilə bağlanır. O, bu elm məbədinə baş elmi işçi vəzifəsinə dəvət alır. 1970-ci ildə professor İkram Eyubov “Ətraf mühit amillərinin təsiri ilə qoyunlarda əmələ gələn endemik xəstəliklər(anemiya, ur, ataksiya) və bunların profilaktikası” mövzusunda doktorluq işini müdafiə edir. Bu əsər öz əhəmiyyəti, aktuallığı, elmi dəyərinə görə tək Azərbaycan elminin deyil, həm də dünya elminin ən dəyərli nümunələrindəndir.

İkram Eyubov 1970-ci ildən 1994-cü ilə kimi institutumuzun yoluxmayan xəstəliklər laboratoriyasına rəhbərlik edib. 1994-cu ildə o, Azərbaycan Dövlət Aqrar Universitetinin Qazax filialında kafedra müdiri vəzifəsində çalışıb. Bir müddət həmin universitetinin Qazax tədris məntəqəsinin müdiri kimi fəaliyyət göstərib. 0, 2005-ci ildən yenidən institutumuza qayıdıb.

110 illik zəngin tarixə malik institutumuzda İkram müəllim akademiklər Məmmədtağı Qəniyev, Yaqub Hacıyev, Nəriman Şirinov, professorlar Məhəmmədhəsən Qafarov, Maqsud Həlimbəyov, Məmməd Fərzəliyev, İslam Fərzəliyev, Kəbutər Səfərov, Abbasəli Məmmədov, Ələddin Ənnağıyev, Fəxrəddin Şirinov, Fərhad Məlikov, Nəcibə Əliyeva, elmlər namizədi Yaqub Babayev, Ağa Qayıbov, Dərya Mirzəbəyov kimi elm fədailəri ilə çiyin-çiyinə çalışıb. 

İkram Eyubov 150-yə yaxın elmi əsərin, 5 kitabın, 5 səmərələşdirici təklifin müəllifidir. Onun müəllifi olduğu baytarlığa aid qurğular ötən əsrin 70-80-ci illərində SSRİ “Xalq təsərrüfatı nailiyyətləri sərgisi”nin qızıl medalına layiq görülmüşdür.

İkram Eyubov Azərbaycan baytarlıq elmində yenilikçi alim kimi tanınır. O, Cənubi Qafqaz baytarlıq elmi tarixində ilk dəfə olaraq embrion köçürməsini həyata keçirmişdir. Bu zaman lazım gələn qurğunu da özü ixtira etmişdir.  Baytarlıq təbabəti mühəndisliyinin bir elim sahəsi kimi inkişaf tapması, məhz onun adı ilə bağlıdır desək yanılmarıq. Mexaniki şpris, qaramalın və qoyunların inseksisid məhlullarla çimizdirmə qurğuları, səyyar mexaniki-ASISI qurğu bu sahəyə aid ən uğurlu nümunələrdir.

Alimin yaradıcılığında “ Azərbaycanın biosfer və onun biogenokimyəvi əyalətləri ” əsərinin xüsusi çəkisi və əhəmiyyəti vardır. Bu əsər ölkəmizin biosferasının öyrənilməsi baxımından çox qiymətlidir.

Alimin elmi əsərləri ABŞ-ın Florida ştatından, Polşadan, Macarıstandan istifadə üçün tələb olunmuşdur. O, respublikamızda baytarlıq təbabəti üzrə yoluxmayan xəstəliklər sahəsində yeganə baytarlıq elmləri doktoru və tanınmış klinisistir. Keçmiş SSRİ-nin müxtəlif şəhərlərində ən çox isə Azərbaycanda çağrılan elmi qurultaylarda, konfranslarda, müşavirələrdə, simpoziumlarda və s. yerlərdə yüzə qədər elmi məruzələr, çıxışlar etmiş və respublikamızın heyvandarlıq təsərrüfatlarına uzun müddət əməli baytarlıq köməyi göstərmişdir.

Göründüyü kimi İkram müəllimin elmi yaradıcılığı olduqca zəngindir. Onun yaradıcılıq fəaliyyətini bu irsi kiçik bir məlumatla əhatə etmək mümkün deyildir.

Çox fərəhli haldır ki, bu günlərdə professorun həyat və elmi fəaliyyətinə həsr edilmiş “Bir ömrü işığı” adlı kitab oxuculara təqdim olundu. Curnalist-publisist Əfqan Məmmədovun müəllifi olduğu bu kitabda alimin elmi yaradıcılığı geniş və çox ətraflı işıqlandırılmışdır.

Bütün bunlardan başqa onu da qeyd etmək lazımdır ki, İkram müəllim yüksək insani xüsusiyyətlərə malik olmaqla özünəməxsus tərzdə əməksevər, təvazökar, öz üzərində mütəmadi çalışan, humanist, mənəviyyatca dolğun, vətənini sevən, həm də yüksək mədəniyyətli insan və yaxşı ailə başçısıdır.

Biz İkram müəllimi 85 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, uzun ömür, həmişə yaxşı əhvali-ruhiyyə, gələcək fəaliyyətində daha yeni və böyük uğurlar, nailiyyətlər arzulayırıq. Arzumuz budur ki, İkram müəllim bundan sonra da öz əqidəsindən dönməsin, gümrah olsun və əhvali-ruhiyyəsi yüksək olmaqla 100 yaşını başa vursun.

 

Mirfazil Abdullayev, AzETBİ-nin elmi işlər üzrə direktor müavini, baytarlıq elmləri namizədi,

Əşrəf Məmmədli, AzETBİ-nin ekologiya, sanitariya və yoluxmayan xəstəliklər laboratoriyasının müdiri, baytarlıq elmləri namizədi

 

30.01.2015
492

Nəşrlər

  • 03-04(265-266) 28 mart 2017-ci il

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

Bannerlər