Bakıda antisanitar şəraitdə saxlanılan, yararlıq müddəti bitmiş, bakterioloji çirklənməyə ...

A+
A
A-

 

 

 

Bakıda antisanitar şəraitdə saxlanılan, yararlıq müddəti bitmiş, bakterioloji çirklənməyə məruz qalmış, insan qidası üçün yararsız olan kolbasa məmulatları zərərsizləşdirilmişdir

 

 

Xəbər verdiyimiz kimi, mayın 5-də qida təhlükəsizliyi ilə əlaqədar alınan məlumat əsasında  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin  Bakı Şəhər Baytarlıq İdarəsinin mütəxəssislərinin və Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə birgə insan qidası üçün yararlığı şübhə doğuran  kolbasa məmulatlarının satışının qarşısının alınması məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 1 ünvanında yerləşən Həsənov Fuad Alik oğluna məxsus kolbasa məhsullarının satışı anbarına baxış keçirilmişdir.

 

Baxış zamanı 20 kvadrat metr sahəsi olan, havalandırma və soyuducu sistemi olmayan qarajda temperatur rejiminə əməl edilmədən, qeyri-qanuni, antisanitar şəraitdə, ümumi çəkisi 100 kq olan yararlıq müddəti bitmiş kolbasa məmulatlarının saxlanıldığı və satıldığı aşkar olunmuşdur. İlkin araşdırma zamanı anbar kimi istifadə edilən qarajda “Payim” firmasının istehsal etdiyi yararlıq müddəti bitmiş, kiflənmiş və insan qidası üçün təhlükəli olan “Doktorskaya”, bişmiş, yarım hisə verilmiş “Krakovskaya” və ”Xlbmaya” kolbasa məmulatlarının  olması müəyyən edilmişdir.

 

Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşları qarajda aşkar edilmiş kolbasa və sosis məmulatlarından baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına (RBL)  göndərmişlər.

 

Respublika Baytarlıq Laboratoriyasının mwvafiq ekspertizasına əsasən yoxlanılan nümunələrdə (“Krakovskaya” kolbasa, "Sab" və "Ovçu" sosisləri) bakterioloji çirklənmə (BÇQB, salmonella aboreus, salmonella typhimurium) aşkar edilmişdir. Bakterioloji və biokimyəvi müayinələrin nəticəsinə əsasən yoxlanılan nümunələrin insan qidası üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilmişdir.

 

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsinə əsasən insan səhhətinə ağır zərər yetirə bilən, bakterioloji çirklənməyə məruz qalan, baytarlıq-sanitariya cəhətdən yararsız olan qarajda saxlanılan və satılan  “Krakovskaya” kolbasası, "Sab" və "Ovçu" sosis məmulatlarının zərərsizləşdirilməsinə qərar verilmişdir .

 

Bakı Şəhər Baytarlıq İdarəsi tərəfindən verilmiş qərara uyğun olaraq, bakterioloji çirklənməyə məruz qalan ümumi çəkisi 100 kq olan kolbasa və sosis məmulatları baytarlıq mütəxəssislərinin nəzarəti altında Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26 ünvanında yerləşən 4 saylı baytarlıq-sanitariya ekspertiza laboratoriyasının krematoriyasında aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq  zərərsizləşdirilmişdir .

 

Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə Bakı Şəhər Baytarlıq İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 1 ünvanında yerləşən kolbasa məhsulları satışı qarajının sahibi vətəndaş Həsənov Fuad Alik oğlu Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 289.0.2. maddəsinə uyğun olaraq 200 manat məbləğində cərimə olunmuşdur .

 

 

Ekspertizaların nəticələri müvafiq araşdırmalar aparan Binəqədi Rayon Polis İdarəsinə göndərilib.

 

 

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.

 

 

 

15.05.2017
382

Nəşrlər

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

Bannerlər