BAKIDA “WORLDFOOD AZERBAIJAN 2017” VƏ “CASPIANAGRO 2017” SƏRGİLƏRİ AÇILIB

A+
A
A-

 

 

Mayın 17-də Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgiləri açılıb.

Sərgidə çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov deyib ki, bu ilin 4 ayında kənd təsərrüfatı məhsullarının ixracı 44 faiz artıb. Son illər aqrar sektorun yeni siması formalaşıb. Aqrar sektor artıq özünün ixrac qabiliyyətini sübut etməyə başlayıb. Belə bir sərginin təşkili ölkələrin mövcud potensialının nümayiş etdirilməsi, yeni texnologiyaların ötürülməsində, ərzaq təhlükəsizliyinin təmin edilməsində, işgüzar münasibətlərin qurulmasında müstəsna rol oynayır. Bugünkü sərgidə dünyanın 28 ölkəsini təmsil edən 331 şirkətin iştirak etdiyini deyən nazir şirkətlərin 70 faizinin xarici eksponentlər, 30 faizini isə yerli şirkətlər təşkil etdiyini bildirib. Diqqətə çatdırıb ki, sərgidə kənd təsərrüfatının bütün sektorunu əhatə edən yeni texnologiyalar, istehsal sahələri nümayiş olunacaq.

Çex Respublikasının kənd təsərrüfatı nazirinin müavini Jiri Şir qeyd edib ki, ölkələrimiz arasında gözəl ənənəyə çevrilmiş tarixi əlaqələr mövcuddur. Hər iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq münasibətlərinın inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Bu sərginin regionun ən böyük tədbirlərindən biri olduğunu deyən “ITE Group” şirkətinin regional direktoru Edvard Stroon məlumat verib ki, bu il iştirak edən 70 faiz xarici şirkətlərin yarısı ilk dəfədir sərgiyə qatılır. İştirakçılar arasında Belarus, Çin, Gürcüstan, Macarıstan, Niderland Krallığı və Şri-Lankanı təmsil edən 6 milli qrup yer alır. Bu il sərgiyə ilk dəfə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) da qoşulub.

“WorldFood Azerbaijan 2017” sərgisi dünyanın 21 ölkəsini, o cümlədən Azərbaycan, Belarus, Belçika, Yunanıstan, İspaniya, İtaliya, Latviya, Qazaxıstan, Rusiya və digər ölkələri təmsil edən 164 şirkəti qəbul edir. Bu il ilk dəfə olaraq iştirakçı ölkələrin siyahısına Meksika da daxil olub. Rusiyanın Stavropol diyarı tədbirdə regional stendlə iştirak edəcək. Polşanın Azərbaycandakı səfirliyi isə sərgidə Polşa Respublikasının ixrac potensialını təqdim edəcək. Sərgidə Şri-Lankanı təmsil edən seylon çayı istehsalçılarının qrupuna rəhbərlik edən “Şri-Lanka Ti Bord” Dövlət Çay Komitəsi ardıcıl olaraq ikinci ildir ki, tədbirdə iştirak edir. Bu il Bakıdakı “Belarus” mağazalar şəbəkəsi sərgidə debüt edir.

“Made in Azerbaijan” brendi ilə çıxış edən yerli şirkətlər sərgidə fəal təmsil olunur. Belə ki, yerli eksponentlər qrupuna sərginin daimi iştirakçıları – “Azersun Holding”, “Gilan Holding”, “Metak” şirkətləri rəhbərlik edir, yerli meyvə və tərəvəz ixracatçıları isə “Amoris” və “Buta Group” şirkətlərinin timsalında təmsil olunurlar. Builki debütantlar arasında bazarda yeni məhsulu - xüsusi emal üsulu ilə qurudulmuş xurmanı təklif edən “Bal Xurma” şirkəti, “Sem-Az” (laboratoriya avadanlıqları) və “Enes” (qablaşdırma) şirkətləri yer alır.

“WorldFood Azerbaijan 2017” sərgisinin iştirakçıları bir sıra sektorlar üzrə öz məhsullarını təklif edirlər: qida sənayesi üçün avadanlıqlar, qida məhsulları, meyvə-tərəvəz, mal və quş əti, qəhvə və çay, konservləşdirilmiş məhsullar, süd məmulatları, baqqaliyyə məmulatları, inqrediyentlər, qənnadı və un məmulatları, içkilər, soyutma sistemləri, laboratoriya avadanlıqları və s.

Bu il ilk dəfə olaraq “WorldFood Azerbaijan” sərgisi çərçivəsində təşkilatçılar eksponentlər və ziyarətçilər üçün daha bir işgüzar platforma – vorkşop təşkil edilir. Vorkşop iştirakçıları bir tərəfdən qida məhsullarının xarici istehsalçı və tədarükçüləri, digər tərəfdən isə yerli distribüterlərdir. Bazarın hər iki iştirakçısı öz həmkarları ilə bir masa ətrafında görüşlər keçirmək və bir gün ərzində bir neçə əsas müştəri ilə danışıqlar aparmaq üçün unikal imkan əldə edəcəklər.

“WorldFood Azerbaijan” sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack Caspian 2017” sərgisi keçirilir. Ötən il keçirilmiş eyniadlı tədbir ilə müqayisədə, bu il “Ipack Caspian 2017” iştirakçılarının tərkibi və təklif olunan məhsul çeşidi əhəmiyyətli dərəcə genişlənib. Sərgi çərçivəsində Azərbaycan, BƏƏ, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən eksponentlər ziyarətçilərə tara və qablaşdırma ilə yanaşı, bu məhsulların istehsalı üzrə müxtəlif həll variantlarını da təklif edirlər.

Qida sənayesinin sərgisi mütəxəssislər arasında ənənəvi görüş yeri, habelə qida sənayesi üzrə avadanlıq, məhsul və xidmətlərin nümayiş olunduğu, eləcə də müştərilər tapmaq, biznes tərəfdaşları ilə mövcud əlaqələri möhkəmləndirmək və yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi doğrultmağa müvəffəq olacaq. “WorldFood Azerbaijan” və “Ipack Caspian” sərgilərinin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər. Layihə üzərində iş üçün beynəlxalq şirkətləri Azərbaycandakı sərgilərə fəal şəkildə dəvət edən “ITE Group” şirkətinin tərəfdaşlar şəbəkəsi – “ITE London”, “EUF” (Türkiyə), “Сaspian Event Management” (BƏƏ), “ITE China” (Çin), “ITE Poland” (Polşa) şirkətləri cəlb olunub.

XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgisi hər il müxtəlif ölkələri təmsil edən yüzlərlə kənd təsərrüfatı və qida məhsulları istehsalçısını və minlərlə ziyarətçini bir araya toplayır. Son illər sərgidə həm iştirakçıların, həm də ziyarətçilərin sayı baxımından böyük inkişaf müşahidə olunur. Kənd təsərrüfatı sektoru daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Artıq ardıcıl olaraq bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgini ziyarət edərək istehsalçı və distribüterlərin Azərbaycan bazarı üçün təklif etdikləri yeniliklərlə yaxından tanış olur. Uzun illərdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “CaspianAgro” sərgisinə yaxından dəstək göstərir və sərginin işində fəal iştirak edir.

“CaspianAgro 2017” sərgisi dünyanın 19 ölkəsini təmsil edən 167 kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçılarını, distribyutorlarını bir araya toplayıb. İştirakçı ölkələr arasında Azərbaycan, Belarus, İtaliya, Çin, Rusiya, Türkiyə, Şri-Lanka və başqa ölkələr yer alır. Gürcüstan, Niderland Krallığı və builki debütant Çinin Ciangşi vilayəti sərgidə milli qruplarla çıxış edir. Niderland Krallığı ilk dəfə olaraq sərginin tərəfdaş ölkəsi qismində çıxış edir. Tədbirin qeydiyyat sponsoru “Maschio Gaspardo” şirkətidir.

Bu il sərgidə iştirakçılarının tərkibi daha əvvəl tədbirdə iştirak etməmiş şirkətlərin hesabına 30 faiz artıb. Ümumilikdə, sərgi kənd təsərrüfatı sənayesinin ən aktual sahələrini əhatə edir və bir sıra yeniliklərlə tanış olmaq üçün ideal imkan yaradır. Bu yeniliklərə quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, suvarma sistemləri, heyvandarlıq sektoru üçün avadanlıqlar, substratlar, heyvan və balıq yemləri, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikası və s. daxildir. Təqdirəlayiq haldır ki, bu sektorlarda xarici istehsalçılarla yanaşı, Azərbaycan şirkətləri də iştirak edirlər. Kənd təsərrüfatı texnikaları ekspozisiyası həm Bakı Ekspo Mərkəzinin daxilində, həm də açıq meydançasında yerləşir. Burada “Gəncə Avtomobil Zavodu”, “Azertexnika”, “Klever”, “Rostselmaş”, “Qomselmaş”, “Cansa”, “John Deer”, “ASENA KO”, “Amcodor” və digər istehsalçı və distribüterlərin müxtəlif kənd təsərrüfatı məhsulları toplayan maşınlar, qazıntı, əkin maşınları, kombaynları ilə tanış olmaq mümkündür.

Bu sektorlarda xarici istehsalçılarla yanaşı, “Made in Azerbaijan” brendi də təqdim olunur. Bu brend altında istehsal edilmiş məhsulları sərginin daimi iştirakçılarından olan yerli şirkətlər (“Agrosell”, Gəncə Avtomobil Zavodu, “Kaspi Yıldız” və s.), eləcə də ölkənin kənd təsərrüfatı bazarına daxil olmaq üçün ilk addımlarını atan və öz məhsullarını ixrac etmək məqsəd ilə xarici tərəfdaşlar axtaran şirkətlər təqdim edirlər. Sərginin builki debütantları arasında “Asena Ko”, “D.Fruits”, “Binе Agro”, “Buzovna Shitili” və “Azdynamics” kimi yerli şirkətlər yer alır.

Ənənəvi olaraq, sərgidə yeni sənaye məhsulları təqdim edilir. Builki yeniliklər arasında: çox səmərəli, suda tam həll olan, xlorsuz, tərkibində mikroelementlər olan, xelat formalı kompleks mineral gübrə (Rusiya), maksimim 233 və nominal 35 at gücü olan traktor (Azərbaycan), təzə meyvə-tərəvəz üçün qablaşdırma maşını (İtaliya),”Qala” sortunun klonu (Fransa), heyvanlar üçün müalicə preparatları (Ukrayna) və s. Sərginin elektron kataloqu www.caspianagro.az veb-saytında yerləşdirilib.

Regionun yeganə ixtisaslaşmış sərgisində iştirak etməklə yanaşı, tədbiri ziyarət etmək də kənd təsərrüfatı ilə məşğul olan bütün şirkətlər üçün mühüm əhəmiyyət kəsb edir. Ənənəvi olaraq, hər il “CaspianAgro” sərgisində Azərbaycan sahibkarlarını yüksək keyfiyyətli məhsul istehsalının dəyişməz şərti olan yeni texnologiya ilə tanış etmək və təcrübə mübadiləsi aparmaq məqsədilə respublikanın bölgələrindən işgüzar turlar təşkil olunur. Bu il “Aqrolizinq” ASC-nin köməyi ilə Azərbaycanın 45 bölgəsini – Ağcabədi, Ağdaş, Ağstafa, Ağsu, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Qəbələ, Qax, Qazax, Hacıqabul, Gədəbəy, Göyçay, Goranboy, Qusar, Qobustan, Quba, Gəncə, Cəlilabad, Yevlax, Zərdab, Zaqatala, İmişli, İsmayıllı, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Tərtər, Tovuz, Şamaxı, Şəmkir, Şabran, Şəki, Fizuli, Xaçmaz, Xızı və Ucarı təmsil edən sahibkar və fermerlər sərgini ziyarət edəcəklər.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərinə yaxından dəstək göstərir. Bu il ilk dəfə olaraq “CaspianAgro” sərgisi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı qismində “Iteca Caspian” və “CEO” (“Caspian Event Organisers”) şirkətləri çıxış edirlər.

 

 

17.05.2017
200

Nəşrlər

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

Bannerlər