“Elba” MMC-nin rəhbərliyi tərəfindən yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir

A+
A
A-

 

 

Bir sıra kütləvi informasiya vasitələrində (KİV) “Elba” MMC-nin direktoru Mətanət Məmmədova tərəfindən guya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX)  Göygöl və Daşkəsən rayon Baytarlıq İdarələri tərəfindən onların Daşkəsəndəki kəsim kompleksində yoxlama aparılmasına, Xidmətin və onun qurumları tərəfindən “Elba” MMC-yə qarşı qərəzli münasibətdə olmasına dair əsassız məlumat yayılmışdır.

Dövlət Baytarlıq Nəzarəti Xidməti insanları çaşdıran, yanlış məlumatla əlaqədar bildirir ki, Daşkəsən rayonu, Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən "Elba" MMC-yə məxsus kəsim və emalı fabrikində 26 aprel 2017-ci il tarixində aparılan tədbir Daxili İşlər Nazirliyinin Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən həyata keçirilmişdir. İlkin olaraq Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə Əliyev Nafiq Rüstəm oğlunun idarə etdiyi "Hundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobili saxlanılmış və avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildə sağlamlığına və mənşəyinə dair heç bir sənədi olmayan, ümumi çəkisi 1000 kq olan sümüksüz ətlər aşkar edilmişdir. Daha sonra Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları həmin mənşəyi məlum olmayan sümüksüz ətlərin yükləndiyi “Elba” MMC-yə məxsus kəsim və emalı fabrikinə də baxış keçirmişlər. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı “Elba” MMC-yə məxsus kəsim və emalı fabrikinin soyuducu kameralarında sağlamlığına və mənşəyinə dair heç bir sənədi olmayan ümumi çəkisi 5680 kiloqram olan sümükdən ayrılmış ətlər, ümumi çəkisi 360 kiloqram olan heyvanın iç piyi, 4 baş iribuynuzlu heyvan baş-ayağı və dərisi aşkar edilmişdir.

Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən aşkar edilmiş ətlərin mənşəyini və qida üçün yararlığını müəyyən etmək məqsədi ilə mənşəyi məlum olmayan həmin ətlərdən nümunələrin götürülməsi üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinə müraciət edilmişdir. Daşkəsən Rayon Polis Şöbəsinin müraciətinə əsasən Daşkəsən və Göygöl rayon baytarlıq idarələrinin əməkdaşları sağlamlığına və mənşəyinə dair heç bir sənədi olmayan ətlərin insan qidası üçün yararlığını və mənşəyini müəyyən etmək məqsədi ilə Əliyev Nafiq Rüstəm oğlunun idarə etdiyi  "Hundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilindən və Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, “Elba” MMC-yə məxsus kəsim və emalı fabrikində aşkarlanan sümüksüz ətlərdən nümunələr götürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərmişlər.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin strukturuna daxil olan qurumlar Əliyev Nafiq Rüstəm oğlunun idarə etdiyi "Hundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilində və “Elba” MMC-yə məxsus kəsim və emalı fabrikinin soyuducu kameralarında sağlamlığına və mənşəyinə dair heç bir sənədi olmayan ətlərin aşkarlanması tədbirlərinin heç birində iştirak etməmişlər. Daşkəsən və Göygöl rayon baytarlıq idarələrinin əməkdaşları yalnız 26 aprel 2017-ci il tarixində Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən "Hundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilində və “Elba” MMC-yə məxsus kəsim və emalı fabrikinin soyuducu kameralarında sağlamlığına və mənşəyinə dair heç bir sənədi olmayan ətlər aşkar edildikdən sonra laboratoriya müayinəsi üçün nümunə götürmək məqsədilə əraziyə dəvət olunmuşlar. Həmçinin tədbiri keçirən Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən "Elba” MMC-nin nümayəndələri də əraziyə çağırılmışlar.

26 aprel 2017-ci il tarixində Daşkəsən Rayon Polis Şöbəsinin, Daşkəsən Rayon Baytarlıq İdarəsinin və “Elba” MMC-nin nümayəndələrinin iştirakı ilə akt tərtib olunmuşdur. Həmin akta özlərini “Elba” MMC-nin nümayəndəsi olaraq təqdim edən İlham Qarayev “Elba”-nın kəsim və ət emal fabrikinin iş icraçısı, Səbuhi Cahangirov “Elba” MMC-nin nümayəndəsi və Rafiq Xəlilov isə “Elba” MMC-ninkəsim və ət emal fabrikasının anbardarı kimi qeyd etdirmişlər (aktın sürəti əlavə edilir).

Özlərini “Elba” MMC-nin nümayəndəsi kimi təqdim edən hər 3 nəfər tədbirdə iştirak edib və aktı özləri imzalayıblar.

Aktda adları qeyd edilən “Elba” MMC-nin nümayəndələri tədbir keçirilən zaman ərazinin icarəyə verilməsi və digər hallarla bağlı heç bir məlumat verməmiş, aşkar olunan həmin ətlərin sağlamlığına və mənşəyinə dair heç bir sənəd təqdim etməmişlər.  

“Elba” MMC-yə məxsus ərazinin “Meat Trading” MMC-yə və fiziki şəxs İlham Qarayevə icarəyə verilməsi və orada onlar tərəfindən heyvan kəsiminin aparılması ilə əlaqədar Daşkəsən Rayon Baytarlıq İdarəsində heç bir məlumat və qeydiyyat mövcud deyildir.

28 aprel 2017-ci il tarixdə ATV televiziya kanalının saat 20:30-da başlayan "ATV Xəbər"lər proqramında efir vasitəsilə ictimaiyyətə təqdim edilmiş süjetdə fabrikin iş icraçısı kimi adı aktda qeyd edilən İlham Qarayevlə "Elba" MMC-nin nümayəndəsi Səbuhi Cahangirovun fikirləri ziddiyyətli  olmuş və biri digərini təkzib etmişdir. Həmin süjetdə İlham Qarayev orada onun yalnız 300 kq ətinin olmasını bildirmiş və qeyd etmişdir ki, digər aşkarlanan ətlərin hamısı  "Elba" MMC-yə məxsusdur.

Aşkarlanan ətlərdən müayinə üçün nümunələr götürülən zaman özlərini “Elba” MMC-nin nümayəndələri kimi təqdim edənlər müayinə üçün onlara da götürülən nümunənin verilməsi barədə Daşkəsən Rayon Polis Şöbəsinə müraciətləri olmamış və bu barədə aktda heç bir əlavə qeyd edilməmişdir.

"Elba" MMC-nin rəhbərliyi və digərləri öz qanunsuz əməllərini, bakterioloji çirklənməyə məruz qalmış, ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at və iribuynuzlu heyvan ətlərini ört-basdır etmək məqsədi ilə bu cür iyrənc, şər və böhtan xarakterli fikirləri mətbuat səhifələrinə çıxarmaqdan çəkinmir və insanları çaşdırmağa çalışırlar. 

Dövlət Baytarlıq Nəzarəti Xidməti 27, 29, 30 aprel və 11 may 2017-ci il tarixli məlumatlarında (www.vet.gov.az saytı) tədbirin Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən aparıldığı, eləcə də Daşkəsən və Göygöl rayon baytarlıq idarələrinin əməkdaşlarının Daşkəsən  Rayon Polis Şöbəsinin müraciəti əsasında sağlamlığına və mənşəyinə dair heç bir sənədi olmayan ətlərdən laboratoriya müayinəsi üçün baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürmələri vurğulanmışdır.

Tərtib olunmuş akta və aşkar olunan faktlara istinad edərək bir daha bildiririk ki, Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən "Hundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilində və “Elba” MMC-yə məxsus kəsim və emalı fabrikinin soyuducu kameralarında aşkar olunan ətlərə Daşkəsən Rayon Baytarlıq İdarəsi tərəfindən mənşəyinə və sağlamlığına dair heç bir baytarlıq arayışı verilməmiş və ətlərin üzərində heç bir baytarlıq idarəsinin möhürü olmamışdır. Aşkar olunan ətlərin mənşəyinə və sağlamlığına dair heç bir müvafiq sənəd olmadığı üçün həmin ətlər mənşəyi məlum olmayan ətlər kimi sənədləşdirilmiş, mənşəyini və sağlamlığını müəyyənləşdirmək məqsədi ilə baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

 Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən "Elba" MMC-nin Daşkəsəndəki kəsim kompleksində yoxlama aparmasına, ekspertizanın nəticələri olmadan KİV-də ətlərin ölmüş və aqoniya vəziyyətində kəsilmiş at və iribuynuzlu heyvan ətləri olması barədə məlumatların yayımlanması fikri də əsasızdır. Çünki belə bir yoxlama Xidmət tərəfindən aparılmamış və ekspertizaların nəticələri olmadan ətlərin keyfiyyəti və mənşəyi barədə hər hansı məlumat yayınlamamışdır. 

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspetizasına əsasən Əliyev Nafiq Rüstəm oğlunun idarə etdiyi  "Hundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilində aşkar edilən mənşəyi məlum olmayan sümüksüz ətlərdən götürülən nümunələrin hamısının ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at ətlərinin olması müəyyən edilmişdir. Həmçinin həmin ətlərin insan sağlamlığına, səhhətinə zərər yetirən bakteriyalarla çirkləndiyi müəyyən olunmuşdur (Ekspertiza N 0501, L-4/434 saylı, 29 aprel 2017-ci il tarixli ).

“Elba” MMC-yə məxsus kəsim və emalı fabrikinin soyuducu kameralarında aşkar olunan mənşəyi məlum olmayan sümüksüz ətlərdən götürülən nümunələrin beşinin ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at ətləri olması, digər nümunələrin isə aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvan ətlərinin olması müəyyən edilmişdir. Həmçinin həm at ətinin, həm də iribuynuzlu heyvan ətlərinin insan sağlamlığına, səhhətinə zərər yetirən bakteriyalarla çirkləndiyi müəyyən olunmuşdur (Ekspertiza N 0501, L-4/434 saylı, 29 aprel 2017-ci il tarixli ).

Laboratoriya ekspertizalarının nəticələri müvafiq araşdırmalar aparan Daşkəsən Rayon Polis Şöbəsinə göndərilmişdir.

Aparılan araşdırmalardan və yuxarıda qeyd edilənlərdən də aydın olur ki, Daşkəsən və Göygöl rayon baytarlıq idarələrinin 26 aprel 2017-ci il tarixində Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən Əliyev Nafiq Rüstəm oğlunun idarə etdiyi  "Hundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilində və Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, “Elba” MMC-yə məxsus kəsim və emalı fabrikində mənşəyi məlum olmayan ətlərin aşkar olunması ilə əlaqədar aparılan tədbirlərə heç bir aidiyyəti yoxdur. Daşkəsən və Göygöl rayon baytarlıq idarələrinin əməkdaşları yalnız bu tədbirdə Daşkəsən Rayon Polis Şöbəsinin müraciətinə əsasən nümunələrin götürülməsində və Respublika Baytarlıq Laboratoriyasına çatdırılmasında iştirak etmişlər. Onlar haqqında digər yazılanlar isə həqiqəti əks etdirmir, qərəzli və əsassızdır.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bir daha bildirir ki, onun struktur qurumları tərəfindən 26 aprel 2017-ci il tarixində Daşkəsən rayonu, Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən "Elba" MMC-yə məxsus kəsim və emalı fabrikində heç bir baxış, yoxlama və reyd keçirilməmişdir. Sənədlərdən də göründüyü kimi sağlamlığına və mənşəyinə dair ətlərin aşkarlanma tədbiri Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən həyata keçirilmişdir.  DBNX heç vaxt qərəzli mövqe tutmamış, bu günə qədər “Elba”MMC-lə heç bir qərəzli münasibətdə olmamışdır. 

Dövlət Baytarlıq Nəzarəti Xidməti yazılan məlumatların heç birinin həqiqəti əks etdirmədiyini, qərəzli və əsassız olduğunu və ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədi güddüyünü bildirir.

Hal-hazırda Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən araşdırmalar aparılır.

 

23.05.2017
392

Nəşrlər

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

Bannerlər