Heyvanlar arasında müalicə-profilaktik və epizootik tədbirlərin aparılması davam etdirilir

A+
A
A-

 

 

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) və onun struktur qurumları tərəfindən Azərbaycan Respublikasında heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Epizootik tədbirlər planı”na uyğun olaraq 2017-ci ilin müalicə-profilaktik və epizootik tədbirlərin aparılması davam etdirilir.

 

Həmçinin epizootik tədbirlərin aparılmasında “soyuq zəncir” rejiminə riayət olunması üçün rayon(şəhər) baytarlıq idarələri lazımi ləvazimat və avadanlıqlarla təmin edilmişlər.

 

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, may ayının 15-dək ölkə üzrə iribuynuzlu heyvanlar arasında qarayara, dabaq, leptospiroz və nodulyar dermatit, təkdırnaqlı heyvanlar arasında qarayara, quşlar arasında klassik taun (la-sota vaksini ilə peyvəndləmə), ev itləri arasında quduzluq xəstəliklərinə qarşı aparılan peyvəndləmə tədbirləri, iribuynuzlu heyvanlar arasında vərəm xəstəliyinə görə allergik, bruselyoz xəstəliyinə görə seroloji, atlar arasında manqo xəstəliyinə görə maleinizasiya müayinələri başa çatdırılmışdır. Hazırda ölkə ərazisində xırdabuynuzlu heyvanlar arasında qarayara, dabaq, bruselyoz, çiçək, quşlar arasında nyukasl (“H” vaksini ilə peyvəndləmə) xəstəliklərinə qarşı peyvəndləmələrin, qoçlar arasında epidemit və bruselyoz xəstəliyinə görə seroloji müayinələrin aparılması davam etdirilir. Hazırda davam etdirilən bu tədbirlər ilin ilk 6 ayının sonuna qədər yekunlaşacaqdır.

 

Hər il olduğu kimi, cari ildə də dövlət vəsaiti hesabına alınmış biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon (şəhər) baytarlıq idarələrinin əməkdaşları tərəfindən "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun olaraq əhalinin mal-qarasına pulsuz tətbiq edilir.

 

Alınmış baytarlıq preparatlarının istifadəsində şəffaflığı təmin etmək məqsədilə ölkəmizdə ilk dəfə 2017-ci il üçün heyvanlar və quşlar arasında "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq, istifadə edilən biopreparatların, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatlarının üzərinə qırmızı hərflərlə “SATILA BİLMƏZ” sözləri yazılmışdır.

 

Alınmış baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi, şəffaflığın təmin edilməsi və nəzarətin gücləndirilməsi məqsədilə rayon (şəhər) baytarlıq idarələrinə müvafiq tapşırıqlar verilib. Həmin baytarlıq preparatlarının sahə baytarlıq məntəqələrinin bölgüsünə, onların yerlərdə tətbiqinə rayon (şəhər) baytarlıq idarələri tərəfindən ciddi nəzarət edilməsi, özəl baytarlıq aptekləri, baytar həkimləri, digər fiziki və hüquqi şəxslər tərəfindən satışına qəti şəkildə yol verilməməsi tapşırılmışdır. Bundan başqa baytarlıq preparatlarının işlədilməsi zamanı epizootik və ambulatoriya kitablarda qeydiyyatının aparılaraq istifadə edilməsi tapşırılmışdır.

 

Baytarlıq idarələrinə göndərilən müvafiq tapşırıqda, eləcə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları yerlərdə ezamiyyətdə olan zaman və ya vətəndaşlar tərəfindən  hər hansı rayon (şəhər) ərazisindəki özəl baytarlıq aptekində, fiziki və hüquqi şəxslərdə üzərində “SATILA BİLMƏZ” sözləri yazılmış baytarlıq preparatları aşkarlanarsa bu işdə məsuliyyəti olan şəxslər haqqında ciddi inzibati tədbirlərin görüləcəyi bildirilmişdir.

 

Vətəndaşlar, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatları nümayəndələrinin və s. konkret belə hallarla bağlı məlumatlı olarlarsa və ya belə hallarla qarşılaşarlarsa DBNX-nin “Qaynar xətti”nə (tel:012-562-76-13) məlumat vermələri xahiş olunur.

 

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir.

 

26.05.2017
239

Nəşrlər

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

Bannerlər