Şəkidə keçirilən seminarında quduzluq xəstəliyinə görə aparılan maarifləndirmə yolları müzakirə edilib

A+
A
A-

 

 

Quduzluq xəstəliyinin aradan qaldırılması sahəsində Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri digər aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət göstərir. Respublikamızda quduzluğun kökünün kəsilməsi üzrə Avropa İttifaqının ekspertləri və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən “2018-2022-ci illərdə Azərbaycan Respublikasında quduzluq xəstəliyinə qarşı mübarizə üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında quduzluq xəstəliyinin kökünün kəsilməsi üzrə Çoxillik Fəaliyyət Planı”nın ilkin variantları hazırlanaraq 2017-ci ildə müvafiq qurumlara təqdim edilib. Hazırda layihə üzərində son tamamlama işləri həyata keçirilir və 2018-ci ilin birinci yarısına kimi aidiyyəti qurumlara təqdim edilməsi nəzərdə tutulur.
Bu barədə “Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində yanvarın 19-da Şəkidə təşkil edilən “Quduzluq xəstəliyinin profilaktikası və müşahidəsi” mövzusunda növbəti zona seminarında məlumat verilib.
Tədbirdə layihəni həyata keçirən Fransa-Macar konsorsiumunun,  Kənd Təsərrüfatı, Səhiyyə, Daxili İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Maliyyə nazirliklərinin, qeyri-hökumət təşkilatlarının, heyvan sığınacaqları mərkəzlərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Seminar iştirakçılarının diqqətinə çatdırılıb ki, tvinninq layihəsinin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda heyvan və insan sağlamlığını mühafizə etmək, kənd təsərrüfatı sahəsində iqtisadi artıma, qida təhlükəsizliyinin yaxşılaşdırılmasına və ictimai sağlamlığa töhfə vermək üçün Beynəlxalq Epizootik Büronun tələblərinə uyğun olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin heyvan və zoonoz xəstəliklərin epidemiologiyası, profilaktikası və nəzarəti sahəsində potensialını artırmaqdan ibarətdir.
Keçirilən seminarda Avropa İttifaqının quduzluq üzrə Referens Laboratoriyasının müdiri, 2001-ci ildən BEB-in quduzluq üzrə eksperti, Florans Klike “Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyinin müşahidəsi və nəzarət strategiyası”, Macarıstan Milli Qida Təhlükəsizliyi Zənciri İdarəsinin quduzluq xəstəliyinin idarə edilməsi üzrə eksperti, Melinda Koksis  “Quduzluq xəstəliyinə qarşı necə mübarizə aparmaq”, DBNX-nın sektor müdiri Ceyhun Əliyev “Azərbaycanda heyvanlar arasında quduzluq xəstəliyi haqqında məlumat” və Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının müdir müavini Rita İsmayılova “Azərbaycanda insanlar arasında quduzluq xəstəliyi haqqında məlumat ” mövzularında elmi təqdimatlarla çıxış ediblər.  
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara cavablar verilib.

19.01.2018
220

Nəşrlər

  • 09(289) 21 iyun 2018-ci il

  • 07-08(287-288) 24 may 2018-ci il

  • 05-06(285-286) 26 aprel 2018-ci il

  • 04(284) 29 mart 2018-ci il

Bannerlər