Heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirləri davam etdirilir

A+
A
A-

 

 

Azərbaycan Respublikasında heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq 2018-ci ilin müalicə-profilaktik və epizootik tədbirlərin aparılması davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bildirir ki, yanvar ayının ilk günlərindən ölkə ərazisində iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə, ev itləri arasında quduzluq xəstəliyinə, quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında bruselyoza görə seroloji müayinələrin aparılmasına başlanılmışdır.

Bununla əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının baytarlıq mütəxəssisləri əməli köməklik və tövsiyə məqsədi ilə rayonlara ezam olunmuşlar. 

Ölkədə epizootik tədbirlərin aparılması və “Soyuq zəncir” rejiminə riayət olunması üçün rayon (şəhər) baytarlıq idarələri lazımi ləvazimat və avadanlıqlarla təmin edilmişlər.

Hər il olduğu kimi, cari ildə də dövlət vəsaiti hesabına alınmış biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon (şəhər) baytarlıq idarələrinin əməkdaşları tərəfindən "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.

Cari ilin yanvar ayı ərzində ölkə ərazisində qarayara xəstəliyinə qarşı 140633 baş iribuynuzlu, 49477 baş təkdırnaqlı, 827 baş donuzlarda, quduzluq xəstəliyinə qarşı 112232 baş ev itlərində,  nyukasıl xəstəliyinə qarşı 1695761 baş quşda “H” vaksini, 2072878 baş quşda isə “La-sota” vaksini ilə profilaktik peyvəndləmə aparılmış, bruselyoza görə 162753 baş iribuynuzlu heyvan seroloji müayinəyə cəlb edilmişdir. Həmçinin yanvar ayı ərzində  105 baş dəvədə, 111798 baş xırdabuynuzlu heyvanlarda qarayara, 250 baş atda rinopnevmoniya və qrip xəstəliklərinə qarşı peyvəndləmə, 5159 baş atda manqo xəstəliyinə görə diaqnostik müayinələr aparılmışdır.

Heyvanlara tətbiq edilmiş baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi, şəffaflığın təmin edilməsi və nəzarətin gücləndirilməsi məqsədi ilə rayon (şəhər) baytarlıq idarələrinə müvafiq tapşırıqlar verilmişdir. Həmin baytarlıq preparatlarının sahə baytarlıq məntəqələrinin bölgüsünə, onların yerlərdə tətbiqinə rayon (şəhər) baytarlıq idarələri tərəfindən ciddi nəzarət edilməsi, baytarlıq preparatlarının işlədilməsi zamanı epizootik və ambulatoriya kitablarında qeydiyyatının aparılaraq istifadə edilməsi tapşırılmışdır.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanların müalicə-profilaktik və epizootik tədbirlərdən kənar qalmaması üçün sahə baytarlıq məntəqələri və baytarlıq idarələrinə müraciət etsinlər, bütün tədbirlər baytar həkiminin iştirakı və nəzarəti altında həyata keçirilsin.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir.

 

06.02.2018
311

Nəşrlər

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

  • 10-11(290-291) 24 iyul 2018-ci il

  • 09(289) 21 iyun 2018-ci il

Bannerlər