Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu

A+
A
A-

 

 

 

"Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanunu

Bu qanun Azərbaycan Respublikasında baytarlıq fəaliyyətinin hüquqi və təşkilati əsaslarını müəyyən edir, ölkənin baytarlıq (baytarlıq-sanitariya) sağlamlığını, dövlət baytarlıq nəzarətində olan yüklərin təhlükəsizliyini, əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsini təmin edən subyektlər arasındakı münasibətləri tənzimləyir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. baytarlıq—heyvan (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) xəstəliklərinin qarşısının alınması, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, habelə əhalinin heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsi sahəsində elmi, praktiki və təşkilati tədbirlər sistemi;

1.0.2. baytarlıq fəaliyyəti—qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlığın idarə edilməsi, baytarlıq nəzarəti, təbabəti və əczaçılığı sahəsində həyata keçirilən fəaliyyət növü;

1.0.3. baytarlıq təbabəti—heyvan xəstəliklərinin öyrənilməsini, profilaktikasını, diaqnostikasını, müalicəsini və heyvanların sağlamlığının qorunmasını əhatə edən fəaliyyət sahəsi;

1.0.4. baytarlıq (baytarlıq-sanitariya) qaydaları—müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanan, baytarlıq normativləri əsasında baytarlıq tədbirlərinin aparılması qaydasını müəyyən edən və baytarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən yerinə yetirilməsi məcburi olan tədbirləri təsbit edən normativ sənədlər;

1.0.5. baytarlıq preparatları—yalnız heyvan xəstəliklərinin profilaktikası, müalicəsi, diaqnostikası və heyvanların məhsuldarlığının artırılması üçün istifadə olunan baytarlıq təyinatlı immunobioloji, bioloji, bitki, kimyəvi və kimya-əczaçılıq mənşəli maddələr;

1.0.6. baytarlıq preparatlarının dövlət qeydiyyatına alınması—müvafiq icra hakimiyyəti orqanı tərəfindən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi;

1.0.7. baytarlıq preparatlarının dövlət reyestri—qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış və Azərbaycan Respublikasında istehsalına, ixracına, idxalına və tətbiqinə icazə verilmiş baytarlıq preparatlarının siyahısı;

1.0.8. baytarlıq preparatlarının dövriyyəsi—baytarlıq preparatlarının istehsalı, aprobasiyası, daşınması, saxlanması, idxalı, ixracı, satışı və istifadəsi;

1.0.9. baytarlıq sənədləri—dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən vəzifəli şəxslər tərəfindən dövlət baytarlıq nəzarətində olan yüklərə və obyektlərə verilən baytarlıq (baytarlıq-sanitariya) rəyləri, baytarlıq arayışları, şəhadətnamə və sertifikatları;

1.0.10. identikləşdirmə—heyvanların və heyvandarlıq müəssisələrinin, heyvan mənşəli məhsulların emalı, saxlanması və satışı obyektlərinin, həmçinin heyvanlar üçün yem və baytarlıq təyinatlı bioloji preparatlar istehsalçılarının uçota alınması (kodlaşdırılması);

1.0.11. dövlət baytarlıq nəzarətində olan yüklər—heyvanlar, heyvan mənşəli məhsullar və xammal, baytarlıq preparatları, yem və yem əlavələri;

1.0.12. fərdi baytarlıq təbabəti praktikası—bu Qanunun 5.3-cü və 30-cu maddələrinin tələbləri nəzərə alınmaqla hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən baytarlıq fəaliyyəti;

1.0.13. özəl baytarlıq təbabəti—qanunvericiliyə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında hüquqi şəxslər (baytarlıq klinikaları və s.) tərəfindən həyata keçirilən baytarlıq fəaliyyəti.

Maddə 2. Baytarlıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Baytarlıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, ona uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Baytarlığın əsas vəzifələri

3.0. Baytarlığın əsas vəzifələri aşağıdakılardır:

3.0.1. Azərbaycan Respublikasının ərazisini xarici ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorumaq;

3.0.2. heyvanların yoluxan və yoluxmayan xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi ilə məşğul olmaq, heyvanların çoxaldılması və məhsuldarlığın artırılmasına yönəldilmiş tədbirlər görmək;

3.0.3. əhalini heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən qorumaq;

3.0.4. dövlət baytarlıq nəzarətində olan yüklərin ölkə daxilində daşınmasına və tranzitinə, habelə onların idxalına və ixracına qanunla müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) təhlükəsizliyini təmin etmək və baytarlıq nəzarətini həyata keçirmək;

3.0.5. insanların qidalanması, heyvanların yemləndirilməsi və emal üçün nəzərdə tutulan heyvan mənşəli məhsulların və xammalın heyvankəsim məntəqələri və sexlərində, emal müəssisələrində tədarük, saxlanma, satış və digər yerlərdə baytarlıq (baytarlıq-sanitariya) ekspertizasını qanunvericiliklə müəyyən edilmiş qaydada keçirmək;

3.0.6. heyvan xəstəlikləri ilə mübarizə üsulları və vasitələri işləyib hazırlamaq, baytarlıq preparatları və vasitələrinin, yem və yem əlavələrinin, biostimulyatorların və hormonların təhlükəsizliyinə və keyfiyyətinə qanunla müəyyən edilmiş qaydada nəzarət etmək;

3.0.7. baytarlıq və heyvandarlıq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühitin çirklənməsinin qarşısını almaq və çirklənməni aradan qaldırmaq;

3.0.8. baytarlıq elminin inkişafı üçün tədbirlər görmək, genişləndirilməsini, elmi nəticələrin təsərrüfatlarda tətbiqini, baytarlıq mütəxəssislərinin hazırlanmasında və ixtisaslarının artırılmasında iştirak etmək;

3.0.9. baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tələb və tövsiyələri nəzərə alınmaqla heyvanlara və heyvandarlıq məhsullarına Azərbaycan Respublikasının baytarlıq (baytarlıq-sanitariya) tələblərini hazırlamaq;

3.0.10. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.

Maddə 4. Azərbaycan Respublikasında baytarlıq xidmətinin quruluşu

Azərbaycan Respublikasında baytarlıq xidməti dövlət və qeyri-dövlət baytarlıq xidmətlərindən ibarətdir.

Maddə 5. Baytarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ

5.1. Baytarlıq fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

5.2. Azərbaycan Respublikasında baytarlıq fəaliyyəti ilə baytarlıq ixtisası üzrə ali və orta ixtisas təhsili olan fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər məşğul ola bilərlər.

5.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışdırsa, xarici ölkələrdə hazırlıq keçmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər (baytarlıq mütəxəssisləri) və xarici hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında baytarlıq fəaliyyəti ilə məşğul ola bilərlər.

5.4. Fərdi baytarlıq təbabəti praktikası ilə məşğul olmaq istəyən fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçota alınır.

5.5. Özəl baytarlıq təbabəti fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi şəxslər və baytarlıq preparatlarının istehsalı və satışı ilə məşğul olmaq istəyən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qanunvericiliyə uyğun olaraq xüsusi razılıq (lisenziya) almalıdırlar.

II fəsil. Baytarlıq sahəsində dövlət tənzimlənməsi

Maddə 6. Baytarlıq sahəsində dövlətin vəzifələri

6.0. Baytarlıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

6.0.1. baytarlıq sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmək;

6.0.2. baytarlıq sahəsində normativ hüquqi aktlar qəbul etmək;

6.0.3. dövlət baytarlıq xidmətinin orqanlarını təşkil etmək və onların vəzifə və səlahiyyətlərini müəyyənləşdirmək;

6.0.4. heyvanların xüsusi təhlükəli xəstəliklərinin profilaktikasına dair dövlət proqramları hazırlamaq və həyata keçirilməsini təmin etmək;

6.0.5. profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısını təsdiq etmək;

6.0.6. karantin və digər məhdudiyyət tədbirləri tətbiq olunan yoluxucu xəstəliklərin siyahısını təsdiq etmək;

6.0.7. Azərbaycan Respublikasının, bir neçə bölgənin və ya bir rayonun (şəhərin) ərazisində karantin rejimini müəyyən etmək;

6.0.8. epizootiya əleyhinə fövqəladə komissiyalar yaratmaq;

6.0.9. dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili qaydalarını müəyyən etmək;

6.0.10. dövlət baytarlıq xidmətinin maliyyələşdirilməsini, inzibati və texniki cəhətdən təchizatını lazımi səviyyədə təmin etmək;

6.0.11. baytarlıq fəaliyyəti ilə əlaqədar ətraf mühitin qorunmasını və ekoloji təhlükəsizliyini təmin etmək;

6.0.12. baytarlıq xidmətləri sahəsində sağlam rəqabət yaradılmasını təmin etmək, onların fəaliyyətini əlaqələndirmək və nəzarət etmək;

6.0.13. baytarlıq sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək, baytarlıq fəaliyyətində istifadə olunan sənədlərin beynəlxalq normalara uyğunlaşdırılmasını təmin etmək;

6.0.14. baytarlıq fəaliyyətinin beynəlxalq təşkilatların tələb və tövsiyələri nəzərə alınmaqla, həyata keçirilməsi üçün lazım olan digər tədbirləri həyata keçirmək;

6.0.15. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Maddə 7. Dövlət baytarlıq xidməti

7.1. Dövlət baytarlıq xidmətini Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının baytarlıq sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanları və onların tabeliyində olan baytarlıq (baytarlıq-sanitariya) fəaliyyətini həyata keçirən təşkilatlar təşkil edir.

7.2. Dövlət baytarlıq xidmətinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş səlahiyyətli vəzifəli şəxsləri dövlət baytarlıq müfəttişləri, baş dövlət baytarlıq müfəttişlərinin müavinləri, dövlət baytarlıq müfəttişləri hesab edilirlər.

7.3. Müvafiq icra hakimiyyəti orqanının işçiləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada fərqləndirici nişanı olan xüsusi geyim forması ilə təmin edilirlər.

7.4. Dövlət baytarlıq müfəttişlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada təyinatı üzrə istifadə edilən möhürləri ola bilər.

Maddə 8. Dövlət baytarlıq xidmətinin hüquq və vəzifələri

8.1. Dövlət baytarlıq xidmətinin aşağıdakı hüquqları vardır:

8.1.1. baytarlıq sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsini təmin etmək;

8.1.2. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yeni baytarlıq preparatlarının, avadanlıqların və yem əlavələrinin istehsalı və tətbiqinə dair normativ-texniki sənədləri təsdiq etmək, onların keyfiyyətinə qanunla müəyyən edilmiş qaydada nəzarət etmək, aprobasiyasına dair rəy vermək;

8.1.3. Azərbaycan Respublikasında dövriyyəyə buraxılan baytarlıq preparatlarının, o cümlədən heyvan və insanlar üçün ümumi olan baytarlıq təyinatlı (müşayiətedici və ya istifadə təlimatlarında baytarlıqda tətbiq ediləcəyinə dair məlumatlar olan) preparatların istehsalına, keyfiyyətinə, sınaqdan keçirilməsinə, saxlanmasına, daşınmasına, satışına, idxal və ixracına nəzarət etmək, onların dövlət qeydiyyatına alınmasını və dövlət reyestrinin aparılmasını həyata keçirmək, idxal və ixracına icazə qanunvericiliklə müəyyən edilmiş qaydada vermək;

8.1.4. heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) qanunla müəyyən edilmiş qaydada dövlət baytarlıq nəzarətini həyata keçirmək;

8.1.5. dövlət sərhədi boyu zolaqda (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla), bazarlarda, yarmarkalarda və sərgilərdə, istehsal və satış yerlərində dövlət baytarlıq nəzarətində olan yüklərə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarəti təşkil etmək;

8.1.6. heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə epizootiya əleyhinə və baytarlıq (baytarlıq-sanitariya) tədbirlərinin aparılması üçün icrası məcburi olan göstərişlər vermək, baytarlıq qaydalarının və normalarının pozulduğu hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada onların fəaliyyətini müvəqqəti dayandırmaq və ya qadağan etmək;

8.1.7. heyvanların xüsusi təhlükəli xəstəlikləri, o cümlədən heyvan və insanlar üçün ümumi olan xəstəliklərin baş verdiyi ölkələrdən və regionlardan heyvanların, heyvan mənşəli məhsulların, xammalın, yem, yem əlavələrinin və digər kənd təsərrüfatı məhsullarının idxal və ixracına qanunla müəyyən edilmiş qaydada məhdudiyyət və ya qadağa qoymaq, bu xəstəliklər baş verdiyi ərazilərdə qanunvericiliyə uyğun qaydada karantin qoyulması üçün təklif vermək və digər tədbirlər görməsi barədə baytarlıq sahəsində səlahiyyətli beynəlxalq təşkilata məlumat vermək;

8.1.8. qanunvericiliyə müvafiq olaraq karantin qoyulan ərazidə qoruyucu—karantin, xüsusi baytarlıq və digər tədbirlərin aparılması qaydalarını müəyyənləşdirmək, baş vermiş xəstəliyin yayılma təhlükəsi olan zonalarda qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhdudiyyət və xəbərdarlıq təyinatlı tədbirlər görmək, bütün müəssisələrə, vətəndaşlara heyvanların kəsilməsi və ya məhv edilməsi, heyvan mənşəli məhsulların və xammalın zərərsizləşdirilməsi və ya utilizasiya edilməsi haqqında icrası məcburi olan göstərişlər vermək;

8.1.9. baytarlıq fəaliyyəti üzrə ayrılan məqsədli dövlət vəsaitinə sərəncam vermək və onların səmərəli istifadəsinə nəzarət etmək;

8.1.10. heyvandarlıq binalarının, heyvan mənşəli məhsulların və xammalın istehsalı və emalı müəssisələrinin texnoloji normativlərinə, baytarlıqda işlədilən kimyəvi, bioloji və farmokoloji preparatların dövlət standartları və texniki şərtləri layihələrinə rəy vermək;

8.1.11. müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən fərdi baytarlıq təbabəti praktikası ilə məşğul olan fiziki şəxslərin uçotunu aparmaq və onlardan lazımi məlumatlar almaq;

8.1.12. baytarlıq sahəsində beynəlxalq normaları və epizootiya vəziyyətini nəzərə almaqla elmi əsaslara uyğun olaraq baytarlıq (baytarlıq-sanitariya) qaydaları və normativ sənədləri işləyib hazırlamaq və təsdiq etmək;

8.1.13. başqa dövlət orqanlarının baytarlıq xidmətlərini və baytarlıq sahəsində sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirmək və qanunla müəyyən edilmiş qaydada nəzarət etmək;

8.1.14. qonşu ölkələrin dövlət baytarlıq xidməti orqanları ilə sərhəd bölgəsində heyvan xəstəliklərinin profilaktikası məqsədi ilə əməkdaşlıq barədə qanunvericiliklə müəyyən edilmiş qaydada sazişlər bağlamaq;

8.1.15. qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq üzrə beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil etmək və onlarla əməkdaşlığı həyata keçirmək;

8.1.16. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hüquqları həyata keçirmək.

8.2. Dövlət baytarlıq xidmətinin vəzifələri aşağıdakılardır:

8.2.1. baytarlıq sahəsində fəaliyyətin prioritet istiqamətlərini müəyyən etmək, heyvanların xüsusi təhlükəli xəstəliklərinin profilaktikasına dair dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

8.2.2. profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən xüsusi təhlükəli heyvan xəstəliklərinin, karantin və digər məhdudiyyət tədbirləri tətbiq olunan yoluxucu xəstəliklərin siyahısını hazırlamaq;

8.2.3. Azərbaycan Respublikasının ərazisində heyvanların yoluxan və yoluxmayan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğv edilməsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq baytarlıq tədbirləri həyata keçirməklə mal-qaranı və başqa heyvanları xəstəliklərdən qorumaq;

8.2.4. səhiyyə orqanları ilə birlikdə heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən əhalinin qorunmasını təşkil etmək və informasiya mübadiləsi aparmaq, metodik seminarlar keçirmək;

8.2.5. heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılması məqsədilə baytarlıq xidmətinin həyata keçirilməsini təmin etmək;

8.2.6. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən yoluxucu və ekzotik xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq məqsədilə müvafiq tədbirlər həyata keçirmək və idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin baytarlıq (baytarlıq-sanitariya) vəziyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində yoxlamaq və müvafiq baytarlıq sənədi vermək;

8.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada epizootiya monitorinqi aparmaq, heyvanların yoluxan və yoluxmayan xəstəliklərlə xəstələnmə və ölümünün səbəbini müəyyən etmək, xəstəliklərin aradan qaldırılması və profilaktikasına dair epizootiya əleyhinə tədbirlər planı hazırlayıb təsdiq olunmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;

8.2.8. heyvan, heyvan mənşəli məhsullar və xammal sahibləri tərəfindən baytarlıq qanunvericiliyinə əməl edilməsinə qanunla müəyyən edilmiş qaydada nəzarət etmək;

8.2.9. baytarlıq preparatlarının, yem və yem əlavələrinin təhlükəsizliyini, saxlanması, daşınması və istifadə edilməsini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təşkil etmək;

8.2.10. dövlət baytarlıq nəzarətində olan yüklərin (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) idxalına və ixracına, onların ölkə daxilində daşınmasına və tranzitinə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada baytarlıq nəzarətini həyata keçirmək;

8.2.11. heyvanların xəstəliklərdən qorunması üçün lazım olan baytarlıq preparatlarına, ləvazimatlara, alətlərə və digər vasitələrə olan tələbatı müəyyənləşdirmək və təklifləri müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;

8.2.12. heyvanların xüsusi təhlükəli xəstəliklərinə qarşı baytarlıq preparatlarının ehtiyatını yaratmaq;

8.2.13. tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, qanunvericiliyə uyğun olaraq bütün hüquqi və fiziki şəxslərə baytarlıq xidməti göstərilməsini təşkil etmək və xəstəliklərə qarşı baytarlıq tədbirlərinin aparılmasına qanunla müəyyən edilmiş qaydada nəzarət etmək;

8.2.14. heyvanların yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın, baytarlıq preparatlarının, yem və yem əlavələrinin istehsalı zamanı baytarlıq (baytarlıq-sanitariya) baxımından standartlara, texniki şərtlərə və baytarlıq tələblərinə riayət edilməsinə nəzarəti qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil etmək və həyata keçirmək;

8.2.15. heyvandarlıq obyektlərinin, sallaqxanaların, ət, süd və digər heyvan mənşəli məhsullar emal edən müəssisələrin, bazarların, xammal anbarlarının, heyvanların suvarılması mənbələrinin, köç yollarının və dayanacaqlarının baytarlıq (baytarlıq-sanitariya) nəzarətini həyata keçirmək, həmin obyektlərin tikintisinin və yenidən qurulmasının, habelə yerqazma işlərinin baytarlıq ekspertizasının aparılmasını təmin etmək;

8.2.16. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada baytarlıq sahəsində identikləşdirmə işlərinin, uçot və hesabatların aparılmasını təmin etmək, heyvanların karantin xəstəliklərinin statistik uçotunu aparmaq;

8.2.17. baytarlıq təbabətinə dair təlimat, göstəriş, tövsiyə, qayda və normaların, baytarlıq sahəsində uçot və hesabat formalarının və digər normativ sənədlərin qüvvədə olan qanunvericilik aktlarına və beynəlxalq normativlərə uyğun hazırlanmasını, habelə nəşr edilməsini təşkil etmək;

8.2.18. baytarlıq elminin inkişafı, baytarlıq mütəxəssislərinin hazırlanması, onların ixtisaslarının artırılması üçün zəruri tədbirlərin həyata keçirilməsində və baytarlıq sahəsində elmi-tədqiqatların aparılmasına sifarişlər verilməsində iştirak etmək;

8.2.19. baytarlıq fəaliyyətini həyata keçirmək üçün büdcədən ayrılmış vəsaitin məqsədli istifadəsini təmin etmək, dövlət büdcəsi və digər mənbələr hesabına alınmış baytarlıq preparatları və avadanlıqlarının saxlanmasına, daşınmasına və istifadəsinə nəzarəti qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil etmək;

8.2.20. heyvan xəstəlikləri ilə mübarizədə beynəlxalq baytarlıq təcrübəsindən qəbul olunmuş müxtəlif vasitələrdən istifadə edilməsini və fəaliyyət dairəsində Azərbaycan Respublikası tərəfindən qəbul edilmiş beynəlxalq öhdəliklərə əməl edilməsini səlahiyyətləri daxilində təmin etmək;

8.2.21. respublikada keçiriləcək baytarlıq tədbirləri, Azərbaycan Respublikasının baytarlıq qaydaları, normaları və digər normativ hüquqi aktları barədə məlumatların maraqlı şəxslərə təqdim edilməsini təşkil və təmin etmək;

8.2.22. əhali arasında baytarlıq maarifləndirmə işlərini təşkil etmək və həyata keçirmək;

8.2.23. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.

Maddə 9. Başqa dövlət orqanlarında baytarlıq xidməti

9.1. Başqa dövlət orqanlarının baytarlıq xidmətləri bu Qanuna və digər qanunvericilik aktlarına uyğun olaraq:

9.1.1. müvafiq dövlət orqanlarına məxsus obyektlərdə heyvan xəstəliklərinin profilaktikasını, diaqnostikasını və müalicəsini həyata keçirirlər;

9.1.2. bu orqanların baytarlıq nəzarətində olan obyektlərində baytarlıq (baytarlıq-sanitariya) tədbirlərini həyata keçirirlər;

9.1.3. müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilən baytarlıq tədbirlərində iştirak edirlər və qanunvericiliklə müəyyən olunan digər baytarlıq fəaliyyəti ilə məşğul olurlar.

9.2. Başqa dövlət orqanlarının baytarlıq xidmətləri baytarlıq tədbirlərinin, baytarlıq (baytarlıq-sanitariya) nəzarəti də daxil olmaqla təşkili və yerinə yetirilməsində Azərbaycan Respublikasının baytarlıq qanunvericiliyini rəhbər tutur, baytarlıq uçotu və hesabatlarını aparır, onları müəyyən edilmiş qaydada və formada müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.

9.3. Başqa dövlət orqanlarının baytarlıq xidmətləri dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirmirlər.

Maddə 10. Bələdiyyələrin baytarlıq sahəsində hüquqları

10.1. Bələdiyyələr tərəfindən yaradılmış hüquqi şəxslər bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baytarlıq təbabəti ilə məşğul ola bilərlər.

10.2. Dövlət baytarlıq xidməti bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş baytarlıq tədbirlərinin həyata keçirilməsində köməklik göstərilməsi üçün bələdiyyələri cəlb edə bilər. Bu zaman bələdiyyələr müvafiq tədbirlərin keçirilməsi məqsədilə öz vəsaitləri hesabına məqsədli fondlar yarada və yerli büdcədən vəsait ayıra bilərlər.

III fəsil. Dövlət baytarlıq nəzarəti

Maddə 11. Dövlət baytarlıq nəzarətinin əhatə dairəsi

11.1. Dövlət baytarlıq nəzarəti hüquqi və fiziki şəxslər tərəfindən baytarlıq qanunvericiliyinin icra edilməsinə dair müvafiq icra hakimiyyəti orqanının həyata keçirdiyi hüquqi, iqtisadi və təşkilati tədbirlərin məcmusudur.

11.2. Dövlət baytarlıq nəzarəti aşağıdakıları əhatə edir:

11.2.1. hüquqi və fiziki şəxslər tərəfindən baytarlıq qanunvericiliyinin tələblərinə əməl olunmasını;

11.2.2. baytarlıq tədbirlərinin təşkili və onların yerinə yetirilməsini;

11.2.3. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən yoluxucu və ekzotik xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq üçün baytarlıq tədbirlərinin öz səlahiyyətləri daxilində təşkilini və həyata keçirilməsini;

11.2.4. heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı müəssisələrində, həmçinin daşınması zamanı baytarlıq (baytarlıq-sanitariya) qaydalarına və normativlərinə əməl edilməsini;

11.2.5. dövlət baytarlıq nəzarəti obyektlərinin və baytarlıq (baytarlıq- sanitariya) vəziyyətinin təhlükəsizliyinə nəzarət edilməsini, heyvan xəstəliklərinin baş vermə və yayılma səbəblərinin və şəraitinin aydınlaşdırılmasını, xəstəliklərin qarşısının alınmasını və ləğvi üçün icrası məcburi olan baytarlıq tədbirlərinin müəyyən edilməsini və həyata keçirilməsini;

11.2.6. büdcə vəsaiti hesabına alınmış baytarlıq preparatlarının, o cümlədən onların ehtiyatı da nəzərə alınmaqla bölgüsünü, saxlanmasını, daşınmasını və istifadəsini;

11.2.7. müəyyən edilmiş qaydada baytarlıq uçotu və hesabatının aparılmasını və onların təqdim edilməsini;

11.2.8. baytarlıq qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada inzibati xətalara dair işlərə baxılmasını, təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialların aidiyyəti orqanlara göndərilməsini.

Maddə 12. Dövlət baytarlıq nəzarəti obyektləri

12.0. Dövlət baytarlıq nəzarətinin obyektləri aşağıdakılardır:

12.0.1. heyvanlar və onların genetik materialları;

12.0.2. heyvan xəstəliklərinin törədiciləri;

12.0.3. heyvan mənşəli məhsullar və xammal, baytarlıq preparatları, yem və yem əlavələri, patoloji material və ya diaqnostika, baytarlıq (baytarlıq- sanitariya) ekspertizası üçün onlardan götürülən nümunələr, habelə su, hava, torpaq və bitki nümunələri;

12.0.4. heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi, baytarlıq (baytarlıq-sanitariya) ekspertizası üçün istifadə edilən baytarlıq və zoogigiyena təyinatlı materiallar və atributlar;

12.0.5. yoluxucu xəstəliklərin törədicilərinin keçməsinə səbəb ola bilən nəqliyyat vasitələri, bütün növ qablar, qablaşdırma materialları, inventarlar, qulluq əşyaları və s;

12.0.6. hüquqi və fiziki şəxslərin baytarlıq sahəsində fəaliyyət göstərdikləri obyektlər;

12.0.7. heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı, satışı və ya istifadə üçün nəzərdə tutulan istehsal binaları və ərazilər;

12.0.8. heyvanların dayanacaq və suvarılma yerləri, köç yolları, otlaq və örüş əraziləri;

12.0.9. öz səlahiyyətləri daxilində baytarlığa dair uçot və hesabat sənədləri, sertifikat, şəhadətnamə, arayış, baytarlığın (baytarlıq-sanitariya) rəyi, ekspertiza aktı, dövlət baytarlıq nəzarətində olan yüklərin istehsalı, tədarükü, saxlanması, daşınması və emalına aid normativ-texniki sənədlər, baytarlıq sahəsində digər normativ sənədlər.

Maddə 13. Dövlət baytarlıq müfəttişlərinin aktları

13.1. Dövlət nəzarəti nəticəsində dövlət baytarlıq müfəttişləri öz səlahiyyətləri daxilində aşağıdakı məsələlər barədə qərarlar qəbul edirlər:

13.1.1. baytarlıq sahəsində qanunvericiliyin tələblərinin pozulmasının aradan qaldırılması;

13.1.2. dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizası və diaqnostika müayinələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılması;

13.1.3. heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması, xəstəlikləri ləğv etmək üçün epizootiya mənbələrində və qeyri-sağlam məntəqələrdə, heyvandarlıq binalarında, onların ərazilərində, nəqliyyatda və digər yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılması;

13.1.4. heyvan və insanlar üçün ümumi olan xəstəliklər də daxil olmaqla, xüsusi təhlükəsi və digər yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi müəyyən edildikdə, hüquqi və fiziki şəxslərin fəaliyyətinin dayandırılması və ya qadağan edilməsi və bu məsələ ilə əlaqədar məhkəmədə iddia qaldırılması (iddia qaldırıldığı halda fəaliyyətin dayandırılması və ya qadağan edilməsi məhkəmə qərarı qəbul edilənə kimi qüvvədə qalır);

13.1.5. əhalinin və heyvanların sağlamlığı üçün təhlükəliliyi müvafiq ekspertiza nəticələri və ya laboratoriya müayinələri ilə sübut edilmiş heyvanların, heyvan mənşəli məhsulların və xammalın qanunla müəyyən edilmiş qaydada və şərtlərlə dəyəri ödənilməklə götürülməsi, təkrar emalı, zərərsizləşdirilməsi və yaxud məhv edilməsi;

13.1.6. hüquqi və fiziki şəxslərin baytarlıq qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün qanuna müvafiq olaraq tədbirlərin görülməsi;

13.1.7. dövlət baytarlıq nəzarətində olan yüklərin idxalı, ixracı və tranzit daşınmasında baytarlıq (baytarlıq-sanitariya) tələblərinin pozulması hallarının baş verməsi barədə gömrük orqanlarının bildirişinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görülənə kimi qanunvericilikdə müəyyən edilmiş qaydada yüklərin saxlanması və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi;

13.1.8. qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta, keyfiyyətsiz baytarlıq preparatlarının, yem və yem əlavələrinin qanunla müəyyən edilmiş qaydada götürülməsi və məhv edilməsi.

13.2. Dövlət baytarlıq müfəttişlərinin icrası məcburi olan qərarlarının forması, onların tərtib edilməsi və verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

13.3. Dövlət baytarlıq müfəttişlərinin qərarları hüquqi və fiziki şəxslər tərəfindən icra edilməsi məcburidir.

13.4. Dövlət baytarlıq müfəttişləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərir və qəbul etdikləri qərarlara görə qanuna müvafiq olaraq şəxsən məsuliyyət daşıyırlar.

Maddə 14. Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik heyvan xəstəliklərindən qorunması

14.1. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən yoluxucu və ekzotik xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq məqsədilə dövlət baytarlıq nəzarətini həyata keçirmək üçün dövlət sərhədində qanunvericiliklə müəyyən edilmiş qaydada (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) baytarlıq nəzarəti məntəqələri təşkil edilir. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində baytarlıq nəzarətini həyata keçirən gömrük orqanları öz fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət baytarlıq xidməti ilə əlaqələndirirlər.

14.2. Azərbaycan Respublikasının ərazisinə heyvanların, həmçinin inkubasiya üçün yumurtaların idxalına yalnız onlar baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tərtib etdiyi siyahıya daxil edilən xəstəliklərə və digər yoluxucu xəstəliklərə görə kliniki sağlam və təhlükəsiz olduqda, bu xəstəliklərə görə sağlam zonadan və yoluxma mənbəyindən müəyyən edilmiş məsafədən kənarda yerləşən təsərrüfatlardan götürüldükdə yol verilir.

14.3. Dövlət baytarlıq nəzarətində olan yüklərə göndərilməmişdən əvvəl ixrac edən ölkə tərəfindən baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın təklif etdiyi müvafiq nümunələrə uyğun ixrac və idxal edən, lazım gələrsə tranzit ölkələrin birgə seçdiyi dildə beynəlxalq baytarlıq sertifikatı tərtib edilir.

14.4. Damazlıq, əmtəə və ya kəsim məqsədilə heyvanları ixrac edən ölkənin ərazisində (götürüldükləri təsərrüfatdan ixrac edən ölkədə yüklənəcəkləri məntəqəyə kimi) daşınması idxal və ixrac edən ölkələrin birgə müəyyən etdikləri şərtlərə uyğun həyata keçirilir.

14.5. İnsanların qidalanması üçün ət, süd və digər heyvan mənşəli məhsulların ixracına yalnız o halda yol verilir ki, ixrac edən ölkənin dövlət baytarlıq orqanı həmin məhsulların insanların istifadəsi üçün yararlı olduğunu təsdiq etsin və bu məhsullara baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tövsiyə etdiyi nümunələrə uyğun tərtib edilmiş beynəlxalq baytarlıq sertifikatları versin.

14.6. Heyvanların yemləndirilməsi, əczaçılıq, kənd təsərrüfatı və sənaye üçün istifadə edilməsi məqsədilə heyvan mənşəli məhsullar idxal və ixrac edildikdə baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tövsiyəsinə uyğun hazırlanmış müvafiq beynəlxalq baytarlıq sertifikatı ilə təmin edilməlidirlər.

14.7. Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalı, ixracı və tranziti onları göndərən və alan ölkələrin müvafiq ərazilərinin epizootik vəziyyəti nəzərə alınmaqla həyata keçirilir.

14.8. Azərbaycan Respublikasının dövlət sərhədindən heyvanların, heyvan mənşəli məhsulların və xammalın, baytarlıq preparatlarının, yem və yem əlavələrinin daşınmasına yalnız baytarlıq nəzarəti məntəqələri olan yerlərdə icazə verilir. Dövlət sərhədlərində baytarlıq nəzarəti məntəqələrinin yerləşdirilməsi və fəaliyyəti sərhəd rejiminin xüsusiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

14.9. Dövlət baytarlıq nəzarətində olan yüklərin ixracı, idxalı və tranziti müvafiq icra hakimiyyəti orqanından və onun ərazi bölmələrindən həmin ölkələrdə epizootik vəziyyət, heyvan xəstəlikləri törədicilərinin yayılmasını istisna edən baytarlıq (baytarlıq-sanitariya) qaydaları barədə əvvəlcədən məlumatlar almaqla həyata keçirilir.

Maddə 15. Dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasına baytarlıq nəzarəti

15.1. Azərbaycan Respublikasının ərazisində dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasına baytarlıq nəzarəti bu yüklərin tranziti (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) və respublika daxilində yerdəyişməsi ilə əlaqədar həyata keçirilir.

15.2. Dövlət baytarlıq nəzarətində olan yüklərin tranzitinə baytarlıq nəzarəti aşağıdakıları əhatə edir:

15.2.1. Azərbaycan Respublikasının ərazisindən heyvanların və heyvan mənşəli məhsulların tranziti üçün dövlət baytarlıq nəzarətindən keçməsi lazım olan nəqliyyat vasitələrinin əraziyə daxil olmasına beynəlxalq müqavilələrdə nəzərdə tutulan baytarlıq sənədləri olduqda və baytarlıq (baytarlıq-sanitariya) qaydalarına əməl edildikdə icazə verilməsini;

15.2.2. Azərbaycan Respublikasının ərazisindən heyvanların tranzitinə dair ixrac edən ölkə tərəfindən heyvanların növü və sayı, nəqliyyat vasitəsinin növü, tranzit ölkəyə marşruta uyğun daxil olduğu və çıxdığı məntəqələri göstərməklə müvafiq icra hakimiyyəti orqanına əvvəlcədən məlumat verilməsini;

15.2.3. tranzit ölkə kimi beynəlxalq baytarlıq sertifikatı tələb etməyi və plomblanmış nəqliyyat vasitələri ilə və ya konteynerlərlə daşınması həyata keçirilən hallar istisna olmaqla, digər hallarda dövlət baytarlıq müfəttişi tərəfindən heyvanlara qanunla müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) baxışı keçirilməsini (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla);

15.2.4. baytarlıq nəzarətində olan yükün təhlükəli xəstəliklərdən hər hansı birinə görə xəstə və ya onun törədicisi ilə yoluxmuş olması, habelə beynəlxalq baytarlıq sertifikatının düzgün tərtib edilmədiyi müəyyən edilərsə, gömrük orqanlarının bildirişinə əsasən dövlət baytarlıq müfəttişi baxış keçirərkən yoluxucu xəstəlik diaqnozu təsdiq edildikdə, həmin yükün tranzitinin qadağan edilməsini, həmin heyvanların (heyvan partiyasının) ixrac edən ölkəyə qaytarılması, kəsimi və ya məhv edilməsi haqqında qərar qəbul edilməsini;

15.2.5. nəzərdə tutulmayan hallarda heyvanların tranzit ölkədə boşaldılması haqqında idxal edən ölkənin məlumatlandırılmasını.

15.3. Dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasının ərazisində daşınmasına baytarlıq nəzarəti aşağıdakıları əhatə edir:

15.3.1. dövlət baytarlıq nəzarətində olan yüklərin yüklənməsinin və boşaldılmasının dövlət baytarlıq müfəttişlərinin nəzarəti altında həyata keçirilməsini;

15.3.2. kənd təsərrüfatı heyvanlarının köç yolları və daşınma marşrutlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsini və müvafiq ərazilərin baş dövlət baytarlıq müfəttişi ilə qanunvericiklə müəyyən edilmiş qaydada razılaşdırılmasını;

15.3.3. dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasında istifadə edilən nəqliyyat vasitələrinin (konteynerlərin) beynəlxalq müqavilələrin tələb və tövsiyələrinə uyğun hazırlanmasını və istifadə olunmasını.

15.4. Ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan qonşu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə keçən nəqliyyat vasitələri baytarlıq qanunvericiliyində müəyyən edilmiş qaydada və müddətdə gömrük orqanı tərəfindən məcburi dezinfeksiya edilməlidirlər.

15.5. Dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması qaydaları beynəlxalq müqavilələrin tələb və tövsiyələri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 16. Bazarlarda dövlət baytarlıq nəzarəti

16.1. Mülkiyyət formasından asılı olmayaraq, heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti aparılan bütün bazarlarda və digər yerlərdə dövlət baytarlıq nəzarətinin aparılması məcburidir.

16.2. Bazarlarda dövlət baytarlıq nəzarətini dövlət baytarlıq (baytarlıq-sanitariya) ekspertizası laboratoriyaları həyata keçirirlər.

16.3. Bazarlarda dövlət baytarlıq nəzarəti aşağıdakıları əhatə edir:

16.3.1. dövlət baytarlıq nəzarətində olan yüklərin onlara verilən baytarlıq sənədlərinə uyğunluğunu yoxlamaq, insan sağlamlığına zərər verə bilən heyvan mənşəli məhsullara və xammala qanunla müəyyən edilmiş qaydada baxış keçirmək;

16.3.2. heyvan mənşəli məhsullardan və xammaldan qanunvericiliklə müəyyən edilmiş qaydada nümunə götürüb laboratoriyalarda baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirmək;

16.3.3. baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekskpertiza aktı təqdim etmək və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoymaq;

16.3.4. insan və heyvanların sağlamlığı üçün təhlükəli olan heyvanların, heyvan mənşəli məhsulların və xammalın qanunla müəyyən edilmiş qaydada götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar qəbul etmək.

16.4. Bazarlarda məhsul sahiblərinə ticarət yeri yalnız dövlət baytarlıq-ekspertiza laboratoriyalarının müsbət rəyindən sonra verilə bilər.

16.5. Ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarətindən keçməyən heyvan mənşəli məhsulların və xammalın satışı qadağandır. Bu tələblərə əməl olunmadığı hallarda həmin heyvan mənşəli məhsullar və xammal qanunla müəyyən edilmiş qaydada dövriyyədən götürülür, zərərsizləşdirilir və ya məhv edilir.

16.6. Ticarət obyektlərinin sahibləri baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən məhsulların satışına görə qanunla müəyyən edilmiş qaydada şəxsən məsuliyyət daşıyırlar.

16.7. Bazarlarda baytarlıq (baytarlıq-sanitariya) ekspertizasını yalnız öz ixtisası üzrə ən azı üç il işləmiş və müvafiq hazırlığı olan qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmiş baytarlıq mütəxəssisləri apara bilərlər.

16.8. Baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

16.9. Mülkiyyət formasından asılı olmayaraq, dövlət baytarlıq nəzarəti və baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparmaq üçün bazarların müdiriyyəti qanunvericiliyə uyğun olaraq, baytarlıq (baytarlıq-sanitariya) ekspertizası laboratoriyalarına baytarlıq normalarına uyğun xidməti otaqlar verməyə və kommunal xərcləri ödəməyə borcludurlar.

Maddə 17. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışına dövlət baytarlıq nəzarəti

17.1. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində baytarlıq nəzarəti məcburidir.

17.2. Heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən və yoluxucu xəstəliklərə görə sağlam təsərrüfatlardan olan məhsul və xammalın qəbuluna, saxlanması və satışına yol verilir.

17.3. Heyvanların kəsimi, heyvan mənşəli məhsulların və xammalın emalı müəssisələrinin müdiriyyəti məhsulların və xammalın normativ-texniki sənədlərə və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu yoxlamaq üçün baytarlıq istehsalat-nəzarət bölmələri yaratmağa, həmçinin dövlət baytarlıq müfəttişlərinə baytarlıq nəzarətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada lazım olan şəraiti yaratmağa borcludurlar.

17.4. Heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi, həmçinin heyvanların, heyvan mənşəli məhsulların və xammalın normativ-texniki sənədlərin və baytarlıq normativlərinin tələblərinə uyğunluğunun müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 18. Baytarlıq preparatlarının, yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarəti

18.1. Baytarlıq preparatları, yem və yem əlavələrinin istehsalı, idxalı, ixracı, daşınması, satışı və tətbiqi dövlət baytarlıq nəzarətindədir.

18.2. Hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş baytarlıq preparatları, yem və yem əlavələri idxal və ixrac edə bilərlər. Qeydiyyatdan keçməmiş baytarlıq preparatları, yem və yem əlavələri Azərbaycan Respublikasına sərgilərdə, yarmarkalarda, konfranslarda nümayiş etdirilmək, elmi və digər məqsədlər üçün satış hüququ olmadan gətirilə bilər.

18.3. Baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxalı və ixracı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18.4. Təbii fəlakət, güclü epizootiya təhlükəsi hallarında Azərbaycan Respublikasında qeydiyyata alınmayan baytarlıq preparatları, yem və yem əlavələrinin idxalına, onların istehsalçı ölkələrdə qeydiyyatı və istifadəsini təsdiq edən sənədlər olduqda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə icazə verilir.

18.5. Baytarlıq preparatlarının dövlət reyestrində qeydə alınmış xarici baytarlıq preparatlarının hər bir yeni seriyaları (partiyaları) qanunvericiliklə müəyyən edilmiş qaydada ekspertizadan keçirildikdən sonra baytarlıq normativlərinin tələblərinə cavab verdikləri hallarda onların tətbiqinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada icazə verilir.

18.6. Tərkibində heyvanların boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən antibiotiklər, hormonlar və bioloji stimulyatorlar olan baytarlıq preparatları, yem və yem əlavələrinin baytarlıq normalarının tələblərinə uyğunluğunun müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfdən müəyyən edilir, onların tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilir və dövlət baytarlıq nəzarəti altında həyata keçirilir.

IV fəsil. Baytarlıq təbabətinin təşkili

Maddə 19. Heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq-sanitariya) tələbləri üzrə vəzifələri

19.0. Heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, saxlanması, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq-sanitariya) tələbləri üzrə vəzifələri aşağıdakılardır:

19.0.1. heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunmasını baytarlıq (baytarlıq-sanitariya) qaydaları və normalarına uyğun həyata keçirmək, müvafiq təlimatlara əməl etmək;

19.0.2. ərazini, istehsalat binalarını və obyektlərini, yem və yem əlavələrini, həmçinin heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması, daşınması və satışı üçün lazım olan avadanlıq və qurğuları baytarlıq qaydaları və normativlərinə uyğun saxlamaq, ətraf mühitin çirklənməsinə yol verməmək;

19.0.3. dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsi, tikintisi, bərpası və istismara verilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada zoogigiyenik və baytarlıq (baytarlıq-sanitariya) tələblərinə əməl etmək;

19.0.4. heyvan xəstəliklərinin qarşısını almaq və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyini təmin etmək üçün qanunvericiliklə müəyyən edilmiş baytarlıq qaydalarına əməl etməklə baytarlıq və inzibati-təsərrüfat tədbirlərini həyata keçirmək;

19.0.5. istifadəsində olan heyvanların, heyvandarlıq müəssisələrinin, heyvan mənşəli məhsullar və xammal istehsalı, emalı, saxlanması və satışı obyektlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada identikləşdirilməsi və onlara baytarlıq şəhadətnamələrinin rəsmiləşdirilməsini təmin etmək;

19.0.6. yeni əldə edilmiş heyvanlar, doğulmuş bala və satış haqqında dövlət baytarlıq nəzarəti orqanlarına vaxtında məlumat vermək;

19.0.7. heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları haqqında dövlət baytarlıq xidmətinə təcili məlumat vermək və müfəttişlər gələnə kimi, xəstəliyə şübhəli heyvanları təcrid etmək;

19.0.8. ərazini xaricdən keçə biləcək xəstəliklərdən qorumaq məqsədilə başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə onları təcrid olunmuş halda saxlamaq;

19.0.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanlara baxış keçirilməsində, diaqnostika, profilaktika və müalicə tədbirlərinin həyata keçirilməsində, xidməti vəzifələrinin yerinə yetirilməsində baytarlıq mütəxəssislərinə lazımi şərait yaratmaq və köməklik göstərmək;

19.0.10. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanları və onlardan alınan məhsulları baytarlıq baxışından keçirmək üçün baytarlıq müfəttişlərinə maneəsiz və vaxtında təqdim etmək;

19.0.11. əhalinin və heyvanların sağlamlığı üçün təhlükə yaradan heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin zərərsizləşdirilməsi üçün baytarlıq müfəttişlərinin tələblərini yerinə yetirmək;

19.0.12. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istifadəsinə yol verməmək;

19.0.13. heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti ilə yalnız onların sağlamlığını və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu təsdiq edən baytarlıq sənədləri olduqda məşğul olmaq;

19.0.14. heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalı və ixracında bu Qanunun tələblərinə və Azərbaycan Respublikasının digər qanunvericiliyinə əməl etmək.

Maddə 20. Baytarlıq tədbirləri

20.1. Baytarlıq tədbirləri iki hissədən ibarətdir:

20.1.1. baytarlıq (baytarlıq-sanitariya) sanitariya baxımından sağlam ərazilərdə heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklər də daxil olmaqla xəstəliklərin və heyvanların kütləvi zəhərlənmələrinin qarşısını almaq, heyvanların, heyvan mənşəli məhsulların və xammalın, baytarlıq preparatlarının, yem və yem əlavələrinin saxlanma şəraitini baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunu təmin etmək məqsədilə aparılan profilaktiki və baytarlıq (baytarlıq-sanitariya) tədbirləri;

20.1.2. epizootiya ocağında və qeyri-sağlam məntəqədə xüsusi təhlükəli xəstəliklərin, o cümlədən heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərin ləğvi və qarşısının alınması üçün qanunvericiliklə müəyyən olunmuş karantin və məhdudlaşdırıcı tədbirlər də daxil olmaqla aparılan tədbirlər.

20.2. Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və hüquqi və fiziki şəxslər tərəfindən bu qaydaların yerinə yetirilməsi məcburidir.

Maddə 21. Karantin və məhdudiyyət tədbirləri

21.1. Karantin və məhdudiyyət tədbirləri heyvanların yoluxucu xəstəlikləri, o cümlədən heyvan və insanlar üçün ümumi olan xəstəliklər baş verdikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada tətbiq edilir.

21.2. Heyvanların xüsusi təhlükəli xəstəliklərinin yayılması dərəcəsindən asılı olaraq, xəstəlik bir rayonun ərazisində və ya ərazi vahidində baş verdikdə, ərazi baş dövlət baytarlıq müfəttişinin, bir neçə rayonda, bölgədə və ya respublikanın bütün ərazisində isə respublikanın baş dövlət baytarlıq müfəttişinin təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə karantin və ya məhdudiyyət tədbirləri tətbiq edilir. Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən yoluxucu heyvan xəstəliklərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21.3. Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən ərazilərdə hər bir xəstəlik üzrə görülməsi zəruri olan kompleks baytarlıq tədbirləri bu Qanunun, baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın sənədlərinə uyğun aparılır.

21.4. Karantin müddətində bazarların, heyvan tədarükü (kəsimi) məntəqələrinin, əlaqəli müəssisələrin, həmçinin yarmarkaların, hərracların, sərgilərin, dövlət baytarlıq nəzarətinə cəlb edən yüklərin daşınması ilə əlaqədar onların kütləvi toplanılan yerlərinin fəaliyyəti qanunla müəyyən edilmiş qaydada müvəqqəti dayandırıla bilər.

21.5. Xəstəliklə yoluxma zonasında təcrid rejiminin saxlanılması məqsədilə birgə karantin polis və baytarlıq nəzarəti postları qoyula bilər. Onların sayını və yerləşdirilməsini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

21.6. Baş vermiş xəstəlik üzrə qanunvericiliklə nəzərdə tutulan kompleks baytarlıq tədbirləri həyata keçirildikdən sonra bu ərazidə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə karantin və ya məhdudiyyət tədbirlərinin tətbiqi dayandırılır. Baytarlıq fəaliyyəti üçün qanunvericilikdə nəzərdə tutulan hallarda müvafiq icra hakimiyyəti orqanının karantinin götürülməsi barədə qərarında müəyyən məhdudiyyət tədbirlərinin davam etdirilməsi göstərilə bilər.

Maddə 22. Epizootiya əleyhinə fövqəladə komissiyanın təşkili

22.1. Azərbaycan Respublikası ərazisində və ya rayon (şəhər) daxilində, heyvanların yoluxucu və digər kütləvi xəstəlikləri və zəhərlənmələrinin qarşısını almaq və ləğv etmək sahəsində dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirmək üçün müvafiq icra hakimiyyəti orqanları epizootiya əleyhinə fövqəladə komissiyalar yaradırlar.

22.2. Fövqəladə komissiyanın fəaliyyətinin və xəstəliklərin qarşısınınalınması və ləğvinə yönəldilmiş epizootiya əleyhinə tədbirlərin maliyyələşdirilməsi fövqəladə və əvvəlcədən nəzərə alına bilinməyən hallara görə dövlət büdcəsinin vəsaiti hesabına aparılır.

22.3. Epizootiya əleyhinə fövqəladə komissiyanın yaradılması və fəaliyyəti qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanuna müvafiq olaraq tənzimlənir.

Maddə 23. Baytarlıq normativləri

23.1. Baytarlıq normativləri (baytarlıq (baytarlıq-sanitariya) və ya zoogigiyena normaları) əhalinin və heyvanların sağlamlığı və ətraf mühit üçün təhlükəsiz olan baytarlıq və baytarlıq (baytarlıq-sanitariya) amillərini xarakterizə edən kəmiyyət və keyfiyyət göstəricilərinin məqbul hədlərini müəyyən edir.

23.2. Baytarlıq normativləri obyektiv və əsaslandırılmış epizootik monitorinq keçirmək, baytarlıq (baytarlıq-sanitariya) sağlamlığına nail olmaq üçün baytarlıq tədbirlərinin həcmini və xarakterini planlaşdırmaq, həmçinin heyvan xəstəliklərinin baş verməsi, yayılması və ləğv edilməsi imkanlarını proqnozlaşdırmaq üçün əsasdır.

23.3. Baytarlıq normativləri baytarlıq qanunvericiliyinə uyğun olaraq aparılan tədqiqatlar əsasında baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tələb və tövsiyyələri nəzərə alınmaqla müəyyən edilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

23.4. Baytarlıq normativlərinə əməl edilməsi baytarlıq sahəsində fəaliyyət göstərən, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, daşınması və ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir.

Maddə 24. Karantin və ya məhdudiyyət tədbirlərinin tətbiqi ilə əlaqədar dəyən ziyanın ödənilməsi

24.1. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanlar, onlardan alınan məhsullar və xammal təhlükəlilik dərəcəsindən asılı olaraq, qanunla müəyyən olunmuş qaydada götürülməli, məhv edilməli və ya qanunla təsdiq etdiyi qaydaya uyğun olaraq götürülmədən məcburi zərərsizləşdirilməli, emal və ya təkrar emal edilməlidir.

24.2. Heyvanların və əhalininn sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

24.3. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə yaradan heyvanların, heyvan mənşəli məhsulların və xammalın, baytarlıq preparatlarını, yem və yem əlavələrinin götürülmədən zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı ilə nəticələnən heyvan xəstəliklərinin siyahısı müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

24.4. Heyvanlarının və əhalinin sağlamlığı üçün xüsusi təhlükəli xəstəliklərə yoluxmuş heyvanların, heyvan mənşəli məhsulların və xammalın götürülməsi və məhvi nəticəsində dəymiş ziyanın əvəzini hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və şərtlərlə almaq hüququna malikdirlər.

24.5. Karantin rejiminin tətbiqi və ya heyvanların karantin xəstəliklərinin ləğvi, profilaktikası və qarşısının alınması ilə əlaqədar zərər çəkmiş hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyan Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ödənilir.

24.6. Karantin xəstəliklərinin ləğvində, profilaktikasında və yayılmasının qarşısını alarkən, əmlakından və ehtiyatlarından istifadə olunmuş hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə onlara dəymiş maddi ziyanın əvəzini almaq hüququna malikdirlər.

24.7. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən dövlət baytarlıq nəzarətində olan yüklərin zərərsizləşdirilməsi və ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi ayrılmış yerlərdə həyata keçirilir.

Maddə 25. Heyvan və insanlar üçün ümumi olan xəstəliklərdən əhalinin sağlamlığının qorunması

Heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslərin sağlamlığının heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 26. Dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, tədarükü (kəsimi), saxlanması, emalı və satışı obyektlərinin, bazarların və digər baytarlıq nəzarəti obyektlərinin identikləşdirilməsi

26.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək məqsədilə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının qanunvericiliklə müəyyən edilmiş qaydada identikləşdirilməsinin aparılması məcburidir.

26.2. Dövlət baytarlıq nəzarətində olan məhsulların istehsal, tədarük (kəsim), emal, saxlanma və satış obyektlərinin, bazarların və digər baytarlıq nəzarəti obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların identikləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır.

V fəsil. Qeyri-dövlət baytarlıq xidməti

Maddə 27. Qeyri-dövlət baytarlıq xidmətinin quruluşu

27.1. Qeyri-dövlət baytarlıq xidmətinə qanunvericiliklə müəyyən olunmuş qaydada baytarlıq sahəsində sahibkarlıq fəaliyyəti göstərən özəl baytarlıq təbabəti və əczaçılığı müəssisələri, hüquqi şəxs yaratmadan fərdi baytarlıq təbabəti praktikası və baytarlıq əczaçılığı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daxildir.

27.2. Qeyri-dövlət baytarlıq xidməti dövlət baytarlıq nəzarəti funksiyalarını yerinə yetirə bilməz.

Maddə 28. Özəl baytarlıq təbabəti müəssisələrinin fəaliyyəti

28.1. Özəl baytarlıq təbabəti müəssisələri və bələdiyyələr tərəfindən yaradılan hüquqi şəxslər dövlət baytarlıq nəzarətinin səlahiyyətinə aid olan məsələlərdən başqa, qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq təbabəti sahəsində digər fəaliyyət növləri ilə məşğul ola bilərlər.

28.2. Özəl baytarlıq təbabəti müəssisələri zəruri hallarda müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilən baytarlıq tədbirlərinə həmin özəl baytarlıq təbabəti müəssisələrinin razılığı əsasında cəlb edilə bilərlər.

28.3. Özəl baytarlıq təbabəti müəssisələri qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müvafiq ərazi bölməsində uçota durduqdan sonra fəaliyyət göstərə bilərlər.

Maddə 29. Özəl baytarlıq təbabəti müəssisələrinin hüquq və vəzifələri

29.1. Özəl baytarlıq təbabəti müəssisələrinin aşağıdakı hüquqları vardır:

29.1.1. karantin və ya məhdudiyyət tədbirləri tətbiq edilən heyvan xəstəlikləri istisna olunmaqla, başqa heyvan xəstəliklərinə və zəhərlənmələrə diaqnoz qoymaq və müalicə işi ilə məşğul olmaq;

29.1.2. heyvanlarda profilaktik peyvənd işi ilə məşğul olmaq və heyvan sahibinə məsləhətlər vermək;

29.1.3. heyvanların yoluxucu xəstəliklərə tutulması təhlükəsi yarandıqda heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin təhlükə obyektinə gətirilməsi və oradan çıxarılmasının məhdudlaşdırılması və ya dayandırılmasını tələb etmək;

29.1.4. tərkibində insan sağlamlığı üçün təhlükəli maddələr olan yemlərlə heyvanların yemləndirilməsinin qarşısını almaq məqsədilə həmin maddələrin heyvanların yem rasionundan çıxarılmasını heyvan sahibindən tələb etmək və bu barədə dərhal dövlət baytarlıq orqanına məlumat vermək;

29.1.5. xidmət etdiyi müəssisələrdə baytarlıq və baytarlıq (baytarlıq-sanitariya) tələblərinə və normativlərinə əməl edilməsini heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü və emalı ilə məşğul olan hüquqi və fiziki şəxslərdən tələb etmək;

29.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət nümunəvi baytarlıq uçot və hesabat sənədləri blanklarından istifadə etmək və həmin blanklar barədə dövlət baytarlıq orqanına məlumat vermək.

29.2. Özəl baytarlıq təbabəti müəssisələrinin aşağıdakı vəzifələri vardır:

29.2.1. baytarlıq təbabəti fəaliyyəti ilə məşğul olmaq üçün dövlət baytarlıq orqanında uçota durmaq;

29.2.2. öz fəaliyyətində baytarlıq qanunvericiliyini rəhbər tutmaq, baytarlıq və baytarlıq (baytarlıq-sanitariya) tələblərinə və normativlərinə əməl etmək;

29.2.3. heyvanlarda yoluxucu xəstəliklərin olmasına şübhə yarandıqda, bu barədə dövlət baytarlıq orqanına məlumat vermək və xəstəliyin yayılmasının qarşısını alan ilkin tədbirlər görmək;

29.2.4. heyvanların yoluxucu xəstəliklərinin epizootiyası zamanı dövlət baytarlıq orqanına və onun yerli bölmələrinə köməklik göstərmək;

29.2.5. qanunvericiliklə müəyyən olunmuş formada və qaydada baytarlıq tədbirlərinin yerinə yetirilməsi barədə uçot aparmaq, xidmət etdiyi hüquqi və fiziki şəxslərə, dövlət baytarlıq orqanının yerli bölmələrinə hesabatlar təqdim etmək;

29.2.6. fəaliyyət göstərdiyi obyektdə istehsal edilən heyvan mənşəli məhsulların və xammalın, istifadə edilən yem və yem əlavələrinin baytarlıq (baytarlıq-sanitariya) normalarına uyğunluğunun və təhlükəsizliyinin təmin edilməsi üçün öz səlahiyyətləri daxilində tədbirlər görmək.

Maddə 30. Fərdi baytarlıq təbabəti praktikasının həyata keçirilməsi

30.1. Baytarlıq ixtisası üzrə ali və orta ixtisas təhsili olan Azərbaycan Respublikasının vətəndaşları hüquqi şəxs yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada fərdi baytarlıq təbabəti praktikası ilə məşğul ola bilərlər.

30.2. Fərdi baytarlıq təbabəti praktikası ilə məşğul olan şəxslər öz fəaliyyətlərini bu Qanuna və bu Qanuna uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlara əsasən həyata keçirirlər.

VI fəsil. Baytarlıq preparatlarının dövriyyəsi

Maddə 31. Baytarlıq preparatlarının dövriyyəsi sahəsində dövlətin vəzifələri

31.0. Baytarlıq preparatlarının dövriyyəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

31.0.1. Azərbaycan Respublikasında baytarlıq preparatları istehsalı proqramını hazırlamaq və həyata keçirmək;

31.0.2. baytarlıq preparatları istehsalına, daşınmasına və saxlanmasına dair standartlarını və müvafiq normativ-texniki tələblərə aid sənədləri hazırlamaq və təsdiq etmək;

31.0.3. baytarlıq preparatlarının aqrobasiyası, dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması qaydalarını müəyyən etmək;

31.0.4. baytarlıq preparatlarının dövriyyəsinin bütün mərhələlərində onların keyfiyyətinə və tətbiqinə dövlət nəzarətini təşkil etmək;

31.0.5. xüsusi təhlükəli yoluxucu xəstəliklərin profilaktikasını, müalicəsini və ölkədə baytarlıq sağlamlığını təmin etmək üçün lazım olan baytarlıq preparatlarının tədarükünə dövlət sifarişini vermək;

31.0.6. baytarlıqda istifadə olunan bioloji və güclü təsiredici baytarlıq preparatlarının istehsalı, idxalı, saxlanması, daşınması, satışı və istifadəsi qaydasını müəyyənləşdirmək;

31.0.7. baytarlıq preparatlarının dövriyyəsinə dair vahid statistika hesabatı formasını və təqdim edilməsi qaydasını müəyyən etmək;

31.0.8. baytarlıq preparatlarının alınmasına və istehsalına ayrılan büdcə təxsisatlarının səmərəli istifadəsinə nəzarət etmək;

31.0.9. baytarlıq preparatları istehsalı, idxalı, ixracı və tətbiqi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək.

Maddə 32. Baytarlıq preparatlarının dövriyyəsində hüquqi və fiziki şəxslərin iştirakı

Baytarlıq preparatlarının istehsalı, saxlanması, daşınması, satışı və tətbiqi ilə baytarlıq ixtisası üzrə ali və orta ixtisas təhsilli fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq, bütün hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məşğul ola bilərlər.

Maddə 33. Baytarlıq preparatlarının istehsalı, satışı, idxalı və ixracı

33.1. Azərbaycan Respublikasında baytarlıq preparatlarının istehsalı ilə məşğul olan müəssisələr keyfiyyətli preparat (məhsul) hazırlamağı təmin edən münasib avadanlığa, istehsalat şəraitinə, texnologiyaya və normativ-texniki sənədlərə malik olmalıdır. Müəssisə istehsal etdiyi baytarlıq preparatlarının keyfiyyətini sınaqdan keçirmək üçün nəzarət xidməti təşkil edir, satışa buraxdığı hər bir partiya (seriya) preparata dair keyfiyyət şəhadətnaməsi verir və onun keyfiyyəti üçün məsuliyyət daşıyır. İstehsal olunan hər bir baytarlıq preparatı müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır və bu barədə qeydiyyat şəhadətnaməsi verilir.

33.2. Azərbaycan Respublikasında dövriyyəyə buraxılan baytarlıq preparatları qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq sertifikata malik olmalı, markalanmalı, qablaşdırılmalı, müşayiətedici sənədlərində və ya istifadə təlimatlarında baytarlıq təyinatlı olması göstərilməli, habelə preparatın istifadəsi təlimatı Azərbaycan dilində və zəruri hallarda digər dillərdə hazırlanma tarixi, saxlanma müddəti, şəraiti və digər məlumatlar olmalıdır.

33.3. Baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tərtib etdiyi siyahısında nəzərdə tutulan, habelə heyvan və insanlar üçün ümumi olan xəstəliklərə qarşı bioloji və güclü təsirə malik preparatların satışı ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məşğul ola bilməzlər.

33.4. Baytarlıq təbabətində istifadə edilən preparatların istehsalı, saxlanması, daşınması, idxalı, ixracı və satışı ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmiş və müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə almış hüquqi şəxslər məşğul ola bilərlər.

33.5. Baytarlıq preparatlarının daşınması, saxlanması və satışı üçün normativ-texniki tələblərə uyğun şəraiti olan hüquqi şəxslər baytarlıq preparatlarının satışı ilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan hallarda və qaydada məşğul ola bilərlər.

33.6. Baytarlıq preparatlarının topdansatışını mülkiyyət formasından asılı olmayaraq müvafiq istehsal və elmi-tədqiqat müəssisələri (öz istehsalı olan) və baytarlıq təchizatı anbarları, pərakəndə satışını isə baytarlıq aptekləri həyata keçirirlər.

33.7. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının baytarlıq təbabətində tətbiqi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

33.8. Baytarlıqda istifadə edilən bioloji, güclü təsiredici və resept əsasında buraxılan baytarlıq preparatlarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

33.9. Azərbaycan Respublikasında qeydiyyatdan keçən baytarlıq preparatlarının idxalını və ixracını hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada beynəlxalq müqavilələrin tələbləri və tövsiyələri nəzərə alınmaqla həyata keçirirlər.

Maddə 34. Baytarlıq preparatlarının daşınması və saxlanması

Baytarlıq preparatlarının tranziti, ölkə daxilində daşınması və saxlanması müəyyən olunmuş texniki şərtlərə və tələblərə riayət edilməklə həyata keçirilir. Baytarlıq preparatlarının saxlanması və daşınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 35. Baytarlıq preparatlarının ehtiyatı

35.1. Baytarlıq preparatlarının ehtiyatı heyvanların xüsusi təhlükəli xəstəlikləri siyahısına daxil edilmiş xəstəliklərin epizootiya ocağının ləğv edilməsində və yayılması təhlükəsinin qarşısının alınmasında istifadə edilən və vaxtaşırı təzələnən müəyyən miqdar baytarlıq preparatlarından ibarətdir.

35.2. Baytarlıq preparatlarının ehtiyatı dövlət büdcəsinin vəsaiti hesabına tədarük edilən baytarlıq preparatlarından yaradılır.

35.3. Baytarlıq preparatlarının ehtiyatının yaradılması, saxlanması və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

VII fəsil. Baytarlığın elmi və kadr təminatı və baytarlıq xidmətinin maliyyələşdirilməsi

Maddə 36. Baytarlıq sahəsində elmi tədqiqatlar

36.1. Baytarlıq sahəsində aparılan elmi tədqiqatların əsas istiqamətləri və proqramları müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır.

36.2. Elmi tədqiqatlar nəticəsində hazırlanmış və təkmilləşdirilmiş baytarlıq preparatlarının, yem və yem əlavələrinin baytarlıq normativlərinə uyğunluğunu müəyyən etmək üçün onlar müvafiq qaydada qanunvericiliklə müəyyən edilmiş qaydada aprobasiyadan keçirilməlidirlər.

36.3. Azərbaycan Respublikasında mövcud olan, həmçinin elmi tədqiqatlar və heyvan xəstəliklərinin diaqnostikası nəticəsində və peyvənd vasitəsi hazırlanan zaman alınan mikroorqanizm və parazitar xəstəlik törədicilərinin ştammları baytarlıqda istifadə edilən və saxlanılan ştammların Milli Kolleksiyasında saxlanılmalıdır.

36.4. Mikroorqanizm və parazitar xəstəliklərin törədiciləri ştammlarının Milli Kolleksiyasının yaradılması və fəaliyyəti qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

36.5. Baytarlıq sahəsində elmi tədqiqatlar dövlət büdcəsi, müəssisələrin büdcədənkənar vəsaitləri və könüllü ayırmalar, hüquqi və fiziki şəxslər tərəfindən verilən ianələr hesabına maliyyələşdirilir.

Maddə 37. Baytarlıq mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılması

37.1. Baytarlıq mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

37.2. Baytarlıq mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılmasının planlaşdırılması və həyata keçirilməsi proqramı müvafiq icra hakimiyyəti orqanı ilə qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmalıdır.

Maddə 38. Baytarlıq sahəsində elmi tədqiqatlar

Baytarlıq sahəsində elmi tədqiqatların təşkili və nailiyyətlərinin tətbiqi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri olan tədbirlər həyata keçirilir.

Maddə 39. Baytarlığın maliyyə təminatı

39.1. Baytarlıq sahəsində aşağıdakılar dövlət büdcəsindən maliyyələşdirilir:

39.1.1. baytarlıq sahəsində fəaliyyət göstərən dövlət orqanlarının saxlanma xərcləri;

39.1.2. müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahı üzrə heyvanların xüsusi təhlükəli xəstəliklərinin profilaktikası, diaqnostikası və ləğvi üçün lazım olan epizootiya əleyhinə xərclər, dövlət sərhədinin buraxılış məntəqələrində nəqliyyat vasitələrinin dezinfeksiyası, baytarlıq preparatlarının ehtiyatının yaradılması və saxlanılması xərcləri;

39.1.3. müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıya uyğun olaraq heyvanların və əhalinin sağlamlığı üçün xüsusi təhlükə yaradan heyvanların, heyvan mənşəli məhsulların və xammalın götürülməsi və məhv edilməsi xərcləri;

39.1.4. müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi xüsusi təhlükəli yoluxucu xəstəliklərə yoluxmuş heyvanların, heyvan mənşəli məhsulların və xammalın götürülməsi və məhv edilməsi ilə əlaqədar onların sahiblərinə dəyən zərərin ödənilməsi;

39.1.5. baytarlığın elmi təminatı;

39.1.6. Milli Kolleksiyada saxlanılan mikroorqanizmlərin, parazitar xəstəliklərin törədiciləri və keçiricilərinin ştammlarının saxlanma xərcləri;

39.1.7. Azərbaycan Respublikasının üzvü olduğu baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatlara üzvlük haqqının ödənilməsi xərcləri;

39.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan və həyata keçirilən digər baytarlıq tədbirlərinin xərcləri.

39.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və şərtlərlə dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına aşağıdakı tədbirləri maliyyələşdirir:

39.2.1. ölkədə istehsal olunan və idxal edilən baytarlıq preparatları, yem və yem əlavələrinin istifadə üçün təqdim edilən seriyalarının (partiyalarının) aprobasiyası, sınağı, ekspertizası, qeydə alınması və nəzarət xərcləri;

39.2.2. heyvanların, heyvandarlıq müəssisələrinin, bazarların, dövlət baytarlıq nəzarətində olan yüklərin istehsalı, tədarükü, saxlanması, emalı və satışı yerlərinin, həmçinin heyvanlar üçün yem və bioloji preparatlar istehsalı obyektlərinin identikləşdirilməsi (kodlaşdırılması) xərcləri;

39.2.3. heyvanların dehelmintizasiyası, obyektlərin dezinfeksiyası, dezinseksiyası, deratizasiyası (məcburi dezinfeksiya, dezinseksiya və deratizasiya və dövlət sərhədinin buraxılış məntəqələrində nəqliyyat vasitələrinin dezinfeksiyası istisna olunmaqla) və heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) ekspertizası xərcləri;

39.2.4. müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıya daxil edilmiş xüsusi təhlükəli heyvan xəstəlikləri istisna olmaqla, digər xəstəliklərin qanunvericiliklə müəyyən edilmiş qaydada profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi xərcləri;

39.2.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baytarlıq sənədlərinin verilməsi xərcləri.

39.3. Baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu ödənilir.

VIII fəsil. Baytarlıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlli

Maddə 40. Baytarlıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

40.1. Baytarlıq haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

40.2. Baytarlıq haqqında qanunvericiliyin pozulması nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş ziyanın əvəzi Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.

Maddə 41. Mübahisələrin həlli

Baytarlıq haqqında qanunvericiliyin pozulması və baytarlıq fəaliyyəti ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, o cümlədən məhkəmə qaydasında həll edilir.

IX fəsil. Beynəlxalq əməkdaşlıq və yekun müddəaları

Maddə 42. Baytarlıq sahəsində beynəlxalq əməkdaşlıq

Baytarlıq sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.

Maddə 43. Beynəlxalq müqavilələr

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə baytarlıq sahəsində müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqli olduqda, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

Maddə 44. Qanunun qüvvəyə minməsi

44.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

44.2. Bu Qanun qüvvəyə mindiyi gündən «Baytarlıq təbabəti haqqında» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 21, maddə 312, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddə 706; 2004-cü il, № 2, maddə 57) qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 31 may 2005-ci il

№ 922-IIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (31 avqust 2005-ci il, № 201) («VneshExpertService» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2005-ci il, № 8, maddə 682) («VneshExpertService» LLC).

7 dekabr 2007-ci il tarixli, 509-IIIQD nömrəli; 1 fevral 2008-ci il tarixli, 543-IIIQD nömrəli; 1 aprel 2008-ci il tarixli, 584-IIIQD nömrəli; 20 oktyabr 2009-cu il tarixli, 890-IIIQD nömrəli; 4 dekabr 2009-cu il tarixli, 926-IIIQD nömrəli Qanunlara əsasən əlavələr və dəyişikliklərlə.

 

 

02.12.2016
1690

Nəşrlər

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

Bannerlər