KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ GENİŞ KOLLEGİYA İCLASI KEÇİRİLİB

A+
A
A-

 

 

Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafında dönüş mərhələsi olub, aqrar sektorun yeni siması formalaşıb. Bütövlükdə kənd təsərrüfatı məhsulu istehsalının yalnız artımı ilə deyil, onun bütün sahələri üzrə inkişaf təmin edilib, idxal artıb, ümumi daxili məhsul istehsalında aqrar məhsulların xüsusi çəkisi yüksəlib. Bu illərdə Kənd Təsərrüfatı Nazirliyinin, onun bölmələrinin yeni strukturu formalaşıb, maddi-texniki baza yenilənib, texniki təminat güclənib, bacarıqların artırılması, insan resurslarından səmərəli istifadə sahəsində təqdirəlayiq işlər görülüb.  
Bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov Nazirliyin struktur bölmələrinin, Rayon Kənd Təsərrüfatı İdarələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən geniş kollegiya iclasındakı çıxışında deyib.
Kənd Təsərrüfatı Nazirliyində regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin tapşırıqlarının icrasının təmin edilməsinə həsr olunmuş geniş kollegiya iclasında çıxış edən Heydər Əsədov bildirib ki, dövlətimizin başçısı ölkədə aqrar sektorun inkişafına böyük önəm verir.
Ayrı-ayrı sahələr üzrə görülən işlərdən danışan Heydər Əsədov qeyd edib ki, keçən il ölkəyə 10 mindən çox texnika gətirilib. Aqrar sahənin texniki təminatının yüksəldilməsi üçün müvafiq tədbirlər görülüb və bu il də kifayət qədər vəsait ayrılıb. “Tələb olunan texnikalar vaxtında gətirilməli və kənd təsərrüfatı sahələrinin heç biri texniki təminat baxımından çətinlik çəkməməlidir. İlk növbədə, pambıqçılığın inkişafı ilə əlaqədar olaraq kombaynların gətirilməsi qarşıya əsas hədəf kimi qoyulub. Bundan başqa, 120 ədəd “Nyu Holland”, 50 ədəd “SAMPO” və 25 ədəd “Klass” markalı taxılyığan kombaynlarının gətirilməsi ilə bağlı müqavilələr bağlanılıb. Aprel ayından etibarən yeni texnikaların gətirilməsinə başlanılacaq”, - deyə nazir diqqətə çatdırıb.
2016-cı ildə ölkəyə 1,6 milyon, keçən il isə təxminən 1,2 milyon ton taxılın idxalın olunduğunu deyən Heydər Əsədov bildirib ki, taxıl idxalı üçün təxminən 227 milyon vəsait xərclənir: “Bu, böyük rəqəmdir. Araşdırmalar göstərir ki, idxal olunan taxılın təxminən 37 faizi 1-3-cü sinif taxıllardır. Lakin digər növ taxıllar texniki təyinatlı taxıldır. Bunu özümüz də asanlıqla istehsal edə bilərik. Bu işin təşkili, texniki təminatın üçün müəyyən işlər görülüb. Lakin texnikaların gətirilib yerlərə paylanması işin cüzi bir hissəsidir. “Aqrolizinq”in rəhbərliyindən və onun yerli qurumlarından tələb olunur ki, texnikaların, o cümlədən taxıl kombaynlarının düzgün mədaxili məsələsinə xüsusi diqqət yetirsinlər. Maşın sınaq stansiyaları bu işə cəlb olunmalı, hər bir maşın sınaqdan keçirilməli, diqqətlə yoxlanılmalı, aidiyyətə yerlərə göndərilməlidir. Mövcud texnikalar təmir olunmalıdır ki, taxıl biçini
başlanarkən ən kiçik problemlə belə qarşılaşmayaq. Texnikanın idarə edilməsində sürücülər müəyyən çətinliklər çəkirlər. Bu maşınlar kimlərə verilibsə, yaxud veriləcəksə, indidən treninqlər, kurslar təşkil olunmalıdır ki, problem olmasın”.
Heydər Əsədov vurğulayıb ki, pambıqyığan kombaynların alınması üçün də müqavilə bağlanıb və 100 ədəd kombayn gətiriləcək. Keçən il pambıq yığımına çatmayan 69 kombayn da ölkəyə gətirilib. Əkinə gəldikdə isə, bu il təxminən 140 min hektarda pambıq əkini planlaşdırılır.
Bildirilib ki, Gəncə Avtomobil Zavodu ilə də əməkdaşlıq həyata keçirilir. Artıq 1000-dən çox traktorun alınması ilə bağlı zavodla müqavilə bağlanıb. Həmin traktorlar üçün 2000-dən çox texnika, o cümlədən 700 ədəd qoşqunun sifariş verilməsi isə on gün ərzində təmin olunmalıdır. Beləliklə, pambıq istehsalının təşkili üçün mütəşəkkil iş başlanmalıdır.
Güzəştli şərtlərlə satılan gübrənin həcminin artırılacağını deyən Heydər Əsədov qeyd edib ki, hazırda 100 manat dəyərində gübrə güzəştlə satılırdısa, bu 150 manatadək artırılacaq. Bununla bağlı aidiyyəti qurumlara təkliflər göndərilib.
Şəkər çuğunduru əkininə xüsusi önəm verildiyini vurğulayan Heydər Əsədov qeyd edib ki, 2016-cı ildə şəkər çuğunduru sahəsi 7 min hektara yaxın idisə, keçən il 14 min hektara çatdırıldı. Bu sahənin inkişafı üçün kifayət qədər vəsait ayrılıb, yeni texnikalar gətirilib. Əlavə hansı texnikalara ehtiyac olduğu araşdırılmalı və gətirilməsi təmin edilməlidir.
Bitkiçilikdə ənənəvi sahələrdən biri də çəltikçilikdir. Nazir bildirib ki, bu sahə daha da inkişaf etdiriləcək. “2017-ci ildə düyünün alınmasına 36 milyon dollar vəsait xərclənib. Hansı ki, çəltikçilik Azərbaycanda ənənəvi sahələrdən olub. Ölkədə düyüyə tələbat 40 min tondur və Dövlət Proqramına əsasən bu həcmdə istehsalı 2025-ci ilədək təmin etməliyik. Bu sahədə  Cənubi Koreya təcrübəsi öyrənilməli, yeni texnikalar alınmalıdır”.
Baramaçılığı inkişaf etdirilməsinin prioritet sahələrdən olduğunu vurğulayan Heydər Əsədov məlumat verib ki, bir neçə il əvvələdək ölkədə çox cüzi miqdarda barama istehsal olunurdu. Prezidentin tapşırığından sonra bu sahəyə diqqət artırıldı və keçən il 245 ton barama əldə edildi. Bu il isə 400 ton barama istehsalı planlaşdırılır. Baramaçılığa dair Dövlət Proqramında hədəf 6 min tondur. Bu sahənin inkişafı ilə əlaqədar Çin mütəxəssislərinin iştirakı ilə tinglər gətirilərək əkildi. İlin sonunadək daha 3 milyon ting əkilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də öz xətti ilə tinglərin əkinini həyata keçirir. Bütün bunlar baramaçılığın yem bazasının təşkilində mühüm rol oynayacaq.
Nazir bu il Çin Xalq Respublikasından 11 min qutu İpəkqurdu toxumu (qrena) gətirilərək ödənişsiz əsaslarla sahibkarlara veriləcəyini bildirib.
Prezident İlham Əliyevin bu günlərdə sitrus meyvəçiliyinin inkişafı ilə bağlı Dövlət Proqramını təsdiqlədiyini qeyd edən Heydər Əsədov bildirib ki, ötən il sitrus meyvələrinin idxalına 16,9 milyon dollar vəsait xərclənib. Bu sahənin inkişafı üçün ölkəmizdə əlverişli şərait var. Azərbaycanda istehsal olunan məhsullar keyfiyyətinə görə idxal olunanlardan üstündür. Odur ki, sitrus bağlarının sahəsi xeyli artırılmalı, lazımi texnikalar gətirilməlidir.
Heyvandarlıq sahəsində görülən işlərdən də danışan nazir deyib: “Prezident İlham Əliyevin tapşırığı ilə bu il 10 min baş damazlıq heyvan alınmalıdır. Bu zərurət nədən irəli gəlir? Təkcə keçən il kərə yağının alınmasına 67 milyon, pendirə 20 milyondan çox valyuta xərclənib. Halbuki heyvandarlıqda işi düzgün təşkil etsək, həm valyuta ölkədə qalar, həm də məşğulluq artar. Ona görə də böyük miqdarda vəsait ayrılır ki, damazlıq heyvanları alıb gətirək. Düzdür, maldarlığın təşkili, onun idarə olunması çətin işdir. Lakin qarşıya vəzifə qoyulub və onu həll etməliyik. Buna nail olmağın üç yolu var: süni mayalanma, cins heyvanlar gətirilməsi və embrion köçürülməsi. Süni mayalanma işi təşkil olunub, doğulan hər buzova görə 100 manat subsidiya verilir. Ötən il süni mayalanma yolu ilə 52 min baş damazlıq buzov alınıb. İdxala gəldikdə, burada bir sıra problemlər var. Bəzən heyvan fermerə təhvil verildikdən sonra tələf olur. Bunun əsas səbəbi heyvanların düzgün yemləndirilməməsidir. Tələfat hallarının qarşısını almaq üçün cins heyvanın yem rasionu tərtib olunmalı, qulluq cədvəli hazırlanmalı, fermer bu barədə məlumatlandırılmalıdır.
Yerlərdə cins heyvanların hansı səbəbdən tələf olması araşdırılacaq və lazımi tədbirlər görüləcək. Embrion köçürülmələrinin təşkili istiqamətində də iş aparılır, mexanizmlər öyrənilir. Yəqin ki, növbəti ildə embrion köçürülməsinin təşkilinə başlamaq mümkün olacaq”.
Nazir Heydər Əsədov çıxışında seleksiya işlərinə, eləcə də toxumçuluğun, tingçiliyin inkişafına xüsusi fikir verilməsinin vacibliyini vurğulayıb, elmi-tədqiqat institutlarının bu istiqamətdə işinin qaneedici olmadığını diqqətə çatdırıb və müvafiq qurumların rəhbərlərinə işlərində dönüş yaratmağı tapşırıb.
Bildirilib ki, Aqrar Universitetin kadr potensialı da gücləndirilməli, ölkənin kənd təsərrüfatı sahəsi bilikli, ixtisaslı kadrlarla təmin olunmalıdır.
Sonra Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri Xudayət Həsənli, Azərbaycan Dövlət Aqrar Universitetin rektoru İbrahim Cəfərov, Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov və digərləri çıxış edərək, aqrar sahənin kadr potensialından, ixtisaslı kadrların yetişdirilməsindən, Aqrar Universitetdə tələbələr üçün yaradılan şəraitdən, təhsilin səviyyəsinin yüksəldilməsindən, bitkiçilikdə, eləcə də baramaçılıqda əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışıb, problemlərin həlli yollarından bəhs ediblər.
Kollegiya iclasında Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev stansiyada aparılan yenidənqurma işləri, ən müasir avadalıqların alınması, ipəkçilik sahəsində kadrların hazırlanması və mütəxəsislərin Çində təcrübə keçməsi üçün təkliflərini irəli sürüb.
Həmçinin kollegiya iclasında müvafiq Elmi-Tədqiqat İnstitutlarının təklifləri dinlənilib.
 Kollegiya iclasında aqrar-sənaye kompleksinin inkişafında dövlətimizin başçısının tapşırıqlarının icrasına dair Kənd Təsərrüfatı Nazirliyi üzrə kompleks Tədbirlər Planının layihəsi müzakirə edilib, təkliflər nəzərə alınmaqla təsdiq olunması qərara alınıb, cari məsələlər müzakirə edilib.
Yekunda nazir Heydər Əsədov “Aqrolizinq” ASC-nin regional nümayəndəliklərinin və rayon bölmələrinin fəaliyyət mexanizminin təkmilləşdirilməsi, qarşıdan gələn taxıl yığımı kampaniyasının mütəşəkkil keçirilməsi məqsədi ilə taxılyığan kombaynların dislokasiya planının hazırlanması, pambığın becərilməsində aqrotexniki tədbirlərin vaxtında yerinə yetirilməsi və bu sahədə işlərin səmərəliliyinin artırılmasını məqsədəuyğun hesab edib. Heydər Əsədov rayonlarda aidiyyəti struktur bölmələrinin koordinasiyasının gücləndirilməsi, fəaliyyətlərində operativliyin təmin olunması və qarşıda duran vəzifələr barədə rayon kənd təsərrüfatı idarələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Nazir eyni zamanda heyvandarlığın və taxılçılığın inkişafı ilə bağlı qısa müddətdə Dövlət Proqramının hazırlanaraq təqdim olunması üçün Nazirliyin müvafiq şöbələrə tapşırıqlar verib. O cümlədən müasir texnikaların idarə olunması məqsədilə mexanizatorlar üçün qısa müddətli sürücülük kurslarının təşkil olunması, alınmış gübrə və pestisidlərdən düzgün və səmərəli istifadə olunması, süni mayalama mütəxəsislərinin treninqlərə göndərilməsi, təbliğat təşviqat işlərinin gücləndirilməsi, institutlarda ting və tərəvəz toxumunun istehsalı, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin məlumat bazasının təkmilləşdirilməsi barədə tapşırıq və tövsiyələr verilib.

*****

NAZİR HEYDƏR ƏSƏDOV JURNALİSTLƏRİN SUALLARINI CAVABLANDIRIB
Kənd Təsərrüfatı Naziri Heydər Əsədov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı keçirilən kollegiya iclasında jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycanda arıçılara subsidiyaların verilməsi prosesi yaxın zamanlarda başlayacaq.
Prezidentin tapşırığı ilə arıçılığa dövlət dəstəyinin göstərilməsi istiqamətində bu il də lazımi addımlar atılacağını bildirən nazir deyib: “Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq sənədlər hazırlanıb, aidiyyəti qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. Yəqin ki, yaxın günlərdə konkret qərar qəbul olunacaq. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda hər arı pətəyinə görə dövlət tərəfindən ildə 10 manat subsidiya veriləcəyini bildirib. Yəni, bir arıçının təxminən 20 arı ailəsi varsa, o, 200 manat subsidiya alacaq. Hesab edirik ki, bu, arıçılığın inkişafında mühüm rol oynacaq. Bu sahənin inkişafı üçün münbit baza da var”.
Nazir, həmçinin diqqətə çatdırıb ki, Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması məhsul üzərində onun hərəkəti boyunca nəzarəti həyata keçirməyə imkan verəcək.
Nazir qeyd edib ki, dünyada qida təhlükəsizliyinin önəmi son illər əhəmiyyətli dərəcədə artıb. Buna adekvat olaraq Prezident İlham Əliyevin Sərəncamına əsasən Qida Təhlükəsizliyi Agentliyinin yaradılması bu funksiyanın bir orqanda cəmləşməsinə gətirib çıxarıb. “Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması funksiyası bir neçə orqan arasında bölüşdürülmüşdü. Onlardan hər biri işin müəyyən hissəsini yerinə yetirirdi ki, bu da nəzarəti bütünlüklə təmin etməyə imkan vermirdi. Agentliyin yaradılması nəzarəti bir struktur çərçivəsində təmin etməklə yanaşı, həm də məhsul üzərində tarladan istehlakçıya qədər hərəkəti boyunca nəzarəti həyata keçirməyə şərait yaradacaq”, - deyə Heydər Əsədov bildirib
Nazir soğanın bahalaşmasına da münasibət bildirib. Bildirib ki, soğanın maya dəyəri 32-35 qəpiyə başa gəlir.

 

 

17.02.2018
411

Nəşrlər

  • 17(297) 14 noyabr 2018-ci il

  • 15-16(295-296) 24 oktyabr 2018-ci il

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

Bannerlər