Dövlət Baytarlıq Nəzarəti Xidməti 2017-ci ili uğurlu göstəricilərlə yola salıb

A+
A
A-

 

 

 

Ötən il ölkənin kənd təsərrüfatı uğurlu nəticələrə nail olub. Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, son üç ildə təkcə pambıq istehsalı 8 dəfə artıb. Heyvandarlıq da dinamik inkişafdadır. Heyvandarlığın inkişafında, xüsusilə də mal-qaranın müalicəsində, cins tərkibinin yaxşılaşdırılmasında, ekoloji təmiz, keyfiyyətli ət (balıq, quş və s.) məhsulların istehsalında baytarlıq orqanlarının üzərinə böyük məsuliyyət düşür.
2017-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Azərbaycan Respublikası ərazisində heyvanların (mal-qaranın, quşların, balıqların, vəhşi heyvanların və s.) müxtəlif xəstəliklərdən qorunması və onların müalicəsi, əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsi, ölkə ərazisinə xarici dövlətlərdən keçə biləcək təhlükəli xəstəliklərin qarşısının alınması, öz səlahiyyətləri çərçivəsində ölkə daxili bazarına nəzarəti həyata keçirmək üçün heyvan mənşəli məhsulların, xammalın, baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxalı, ixracı, istehsalı, emalı, tədarükü, daşınması, saxlanması, satışı zamanı istehlakçıların keyfiyyətsiz, təhlükəli və saxtalaşdırılmış məhsullarla təminatının qarşısını almaq məqsədi ilə zəruri baytarlıq-sanitariya nəzarətini həyata keçirmişdir.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun başa vurduğumuz 2017-ci ildə ölkə ərazisində qarayara xəstəliyinə qarşı 2934929 baş iribuynuzlu, 8021025 baş xırdabuynuzlu, 90608 baş təkdırnaqlı heyvan və 5508 baş donuz, dabaq xəstəliyinə qarşı 3521327 baş iribuynuzlu, 3981238 baş xırdabuynuzlu heyvan, quduzluq xəstəliyinə qarşı 248652 baş ev iti, nodulyardermatit xəstəliyinə qarşı 2439105 baş iribuynuzlu heyvan, qoyunların çiçəyinə qarşı 5621450 baş xırdabuynuzlu heyvan peyvənd edilmişdir. Həmçinin, quşların nyukasl xəstəliyinə qarşı 20169967 baş quşda H vaksini ilə, 20135591 baş quşda La-Sota vaksini ilə, leptospiroz xəstəliyinə qarşı 315222 baş iribuynuzlu, 3327 baş xırdabuynuzlu heyvanda, atların rinopnevmoniya xəstəliyinə qarşı 1881 baş atda, atların qrip xəstəliyinə qarşı 1912 baş atda, brusellyoz xəstəliyinə qarşı Rev-1 vaksini ilə (göz damcı üsulu) 1754072 baş xırdabuynuzlu heyvanda profilaktik peyvəndləmələr aparılmışdır. Bunlarla yanaşı, respublikamızda ilk dəfə olaraq brusellyoz xəstəliyi əleyhinə Şt-19 vaksini ilə (göz damcı üsulu) 398306 baş 3-8 aylıq dişi iribuynuzlu heyvanlar arasında peyvəndləmə aparılmışdır.
Həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 901108 baş iribuynuzlu, 161730 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq brusellyoza görə seroloji müayinə edilmişdir. Bununla yanaşı, epididimit xəstəliyinə görə 138985 baş törədici qoç, vərəmə görə 23556 baş iribuynuzlu heyvan, manqoya görə 46548 baş təkdırnaqlı heyvan diaqnostik müayinəyə cəlb olunmuşdur.
“Quş qripi” xəstəliyinə görə ölkə ərazisində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə 4 dəfə monitorinq keçirilmiş, monitorinqlər zamanı seçmə üsulla ovlanaraq götürülən 87 baş çöl quşunun, 17 baş ev quşunun patmaterialı və 7655 ədəd ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müayinə edilmiş, nəticədə xəstəlik aşkar edilməmişdir. Monitorinqlər əsasən Abşeron Milli Parkında, Şabran rayonunun Ağzıbir ovçuluq təsərrüfatında, Salyan rayonunun Şirvan Milli Parkında, Ağcabədi rayonunun Ağgöl Milli Parkı ərazisində, Lənkəran rayonunun Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində, habelə respublika rayonlarının əhaliyə məxsus quşçuluq təsərrüfatlarında aparılmışdır. Əhalinin təhlükəsiz və sağlam heyvandarlıq məhsullarından istifadəsi üçün Respublika Baytarlıq Laboratoriyasında xəstəliklərin müayinəsi ilə yanaşı, heyvandarlıq məhsullarında antibiotiklərin, pestisidlərin, hormonların, ağır metalların, zəhərli kimyəvi maddələrin qalıq miqdarının, geni modifikasiya olunmuş orqanizmlərin (GMO və s.) müayinələri aparılmışdır. 2017-ci il ərzində Respublika Baytarlıq Laboratoriyasına daxil olan heyvan mənşəli qida məhsullarında ağır metalların, pestisidlərin və antibiotiklərin qalıq miqdarının təyin edilməsinə görə 113692, qida məhsullarında və yemlərdə steroid hormonların (estraidol, progesteron, testesteron) miqdarının təyin edilməsinə görə 30723, bakterioloji çirklənmənin müəyyən edilməsi üçün 88416, radioloji çirklənmənin müəyyən edilməsi üçün 23028, ət-süd məhsullarının və balın təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə 75489 müayinə aparılmışdır.
Beynəlxalq Epizootik Büronun (BEB) tövsiyəsi ilə “Tvinninq” layihəsi çərçivəsində Respublika Baytarlıq Laboratoriyası və BEB-inreferens laboratoriyası olan (İtaliyanın Teramo şəhərində yerləşir). Zooprofilaktika İnstitutu (İZSAM) arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində İZSAM-ın Peşəkar mütəxəssislərinin laboratoriya işlərinin təkmilləşdirilməsi və təlimlərin keçirilməsi üçün Respublika Baytarlıq Laboratoriyasına dəvət edilmiş, laboratoriyanın beynəlxalq akkreditasiya işlərinin birgə görülməsinə başlanılmışdır.
Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi arasında əldə olunmuş razılığa əsasən, 2017-ci ildə laborator müayinələrin təkmilləşdirilməsi üçün Respublika Baytarlıq Laboratoriyasının mütəxəssislərindən 16 nəfər qida təhlükəsizliyi və heyvan xəstəlikləri üzrə Türkiyə Respublikasının müvafiq laboratoriyalarında təlim kurslarında olmuşlar.
Lənkəran Zona Baytarlıq Laboratoriyası heyvan xəstəlikləri və qida təhlükəsizliyi üzrə laboratoriya avadanlıqları ilə təchiz edilmiş və laboratoriyanın istismara verilməsi üçün son tamamlama işləri həyata keçirilir. Göygöl Zona Baytarlıq Laboratoriyasının inzibati binası yenidən qurulmaqla, heyvan mənşəli qida məhsullarının müayinəsi şöbəsi yaradılmışdır. Həmin şöbəyə antibiotiklərin, pestisidlərin, hormonların, ağır metalların, zəhərli kimyəvi maddələrin qalıq miqdarının, GMO-nun və s. təyin olunması üçün yeni laboratoriya avadanlıqları alınaraq quraşdırılmış, həmçinin yarma otağı, anbarlar və digər köməkçi otaqlar tikilib istifadəyə verilmişdir. Bununla yanaşı, Quba Zona Baytarlıq Laboratoriyasında rekonstruksiya işləri aparılmaqla, toksikologiya və qida məhsullarının müayinəsi şöbələri yaradılmış, həmçinin süni mayalama və yarma otaqları təşkil olunmuşdur.
Xidmətin strukturuna daxil olan 47 rayon baytarlıq diaqnostika kabinetləri müasir otaqlarda yerləşdirilməklə, hamısı mebel və laboratoriya avadanlıqları ilə təmin olunmuşdur.
Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Epidemioloji Nəzarət Sisteminin Gücləndirilməsi İstiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) Dəstək” Tvininq layihəsi çərçivəsində beynəlxalq və milli ekspertlər tərəfindən qarayara, nodulyardermatit, xırdabuynuzlu heyvanların taun xəstəliyi, nyukasl, yüksək patogenli “quş qripi”, brusellyoz və quduzluq xəstəliklərinə qarşı mübarizə tədbirləri barədə “Qaydalar” tərtib edilmişdir. Həmin xəstəliklər üzrə Fövqəladə Fəaliyyət Planı və hər bir adıçəkilən xəstəliyin Standart Əməliyyat Prosedurları Ümumdünya Heyvan Sağlamlığı (BEB) və Avropa İttifaqı (Aİ) Təşkilatlarının tələblərinə uyğun hazırlanmışdır. Adıçəkilən sənəd layihələri üzərində son tamamlama işləri həyata keçirilir və 2018-ci ilin birinci yarısına kimi aidiyyəti üzrə təqdim ediləcəkdir. Layihənin əsas hədəfi heyvan və insan sağlamlığının qorunması, kənd təsərrüfatı sektorunda iqtisadi inkişafının dəstəklənməsi və ölkədə qida təhlükəsizliyinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycanda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin potensialının gücləndirilməsindən ibarətdir.
Həmçinin, Tvinninq layihəsinin beynəlxalq ekspertləri və DBNX-nin mütəxəssisləri tərəfindən “2018-2022-ci illərdə Azərbaycanda quduzluq xəstəliyinə qarşı mübarizə üzrə Milli Strategiya” layihəsinin və Fəaliyyət planının ilkin variantı hazırlanmışdır. Hazırda strategiya layihəsi üzərində son tamamlama işləri həyata keçirilir.
2017-ci il ərzində dövlət baytarlıq nəzarətində olan heyvan mənşəli qida məhsulların təhlükəsizliyinin təmin olunması və keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədi ilə bazarlarda, kəsim sexlərində və ticarət mərkəzlərində fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında aparılan 1188589 müayinə nəticəsində 11746 kq mal, qoyun, donuz və quş ətinin, 36907 kq iri və xırdabuynuzlu heyvanların daxili orqanlarının, 3593 kq balığın, 740 kq balın, 5988 kq süd və süd məhsullarının və 15108 ədəd yumurtanın insan qidası üçün yararsız olması aşkarlanmış və baytarlıq qanunvericiliyinə uyğun zərərsizləşdirilərək məhv edilmişdir. Həmçinin, heyvan mənşəli ərzaq məhsullarının təhlükəsizliyi ilə əlaqədar keçirilən tədbirlər nəticəsində 15468 kiloqram mənşəyi məlum olmayan, yararlılığı şübhə doğuran müxtəlif növ heyvan ətləri (o cümlədən 4941 kiloqram at əti) və yararlılıq müddəti ötmüş 40135 kiloqram müxtəlif növ kolbasa-sosis məmulatları Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizalarına əsasən insan qidası üçün yararsız hesab edilərək qanunvericiliyə uyğun zərərsizləşdirilmişdir.
2017-ci il ərzində respublikamıza baytarlıq nəzarətində olan 43 adda müxtəlif növ diri heyvan və heyvandarlıq məhsulları idxal olunmuş, 36 adda müxtəlif növ diri heyvan, heyvandarlıq məhsulları və yem əlavələri ixrac olunmuşdur. 2016-cı illə müqayisədə 2017-ci ildə ixrac olunan diri heyvan və quşların sayı 30,5 dəfə, heyvandarlıq məhsulları 2.1 dəfə, dövlət baytarlıq nəzarətində olan digər məhsullar (buğda kəpəyi, yemlik arpa, soya konsentratı, bal, ərzaq yumurtası, çuğundur cecəsi, toyuq ayağı və s.) isə 2,7 dəfə artmışdır.
İdxal olunan heyvan mənşəli məhsullar və xammal Respublika Baytarlıq Laboratoriyasında bakterioloji, kimya-toksikoloji, radioloji və digər müayinələrdən keçirilərək qida üçün yararlılığı müəyyən edildikdən sonra realizasiyaya verilmişdir. Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən həyata keçirilən baytarlıq-sanitariya tədbirləri nəticəsində 2017-ci il ərzində respublikada epizootik vəziyyət sabit olmuşdur.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti lazımi təşkilati tədbirləri davam etdirir.

 

 

08.01.2018
131

Nəşrlər

  • 17(297) 14 noyabr 2018-ci il

  • 15-16(295-296) 24 oktyabr 2018-ci il

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

Bannerlər