Qoyunlarda infeksion enterotoksemiya (Enterotoksemiya infektioza ovium)

A+
A
A-

 

 

 

İnfeksion enterotoksemiya qoyunların itigedişli yoluxucu xəstəliyi olmaqla bağırsağın selikli qişasının kəskin hemorrajik iltihabı və orqanizmin zəhərlənməsi ilə meydana çıxır. Enterotoksemiya zamanı körpə quzularda “böyrək yumşalması” və davarlarda bradzotu xatırlatdığı üçün “bradzota oxşar” xəstəlik adlanır.

İnfeksion enterotoksemiya əvvəllər “böyrək yumşalması, bradzota bənzər xəstəlik“ və s. adlarla qeyd olunmuşdur. Xəstəlik ilk dəfə Tasmaniya adasında aşkar edilmişdir.

Xəstəlik dünyanın əksər ölkələrində geniş yayılmışdır. Hazırda xəstəlik Şimali  və Cənubi Qafqaz və Orta Asiya respublikalarında da müşahidə edilir.

Xəstəlik adətən sürünün 25-30%-ni əhatə edir və 80-100% letallıqla özünü göstərir. Bununla bərabər xəstəlik zamanı təsərrüfatların normal fəaliyyəti pozulur ki, bu da iqtisadi zərərə səbəb olur.

Etiologiyası. Enterotoksemiya xəstəliyini bac.perfingensin C və D tipləri törədir. Hazırda mikrobun 6 tipi (A, B, C, D, E və F) məlimdur ki, bunlar morfoloji, kultural və biokimyəvi xassələrinə görə bir-birinə olduqca yaxın olmalarına baxmayaraq, antigen, patogen və toksik xassələrinə görə fərqlənir. Hər bir tipin özünün spesifik toksini mövcuddur ki, bunların da hər biri digər növ heyvanda xəstəlik törədir.

Xəstəliyin törədicisi bac.perfingens qısa, qalın, hərəkətsiz, ucları kəsik, çubuqşəkilli olub 4-6 mikron uzunluğa malikdir. Yaxmada mikrobun hüceyrələri tək-tək, cüt-cüt və koma halında yerləşir.

Qram üsulu ilə müsbət boyanır, kapsula və spor  törədir. Mikrob kit-tarossi bulyonunda, qanlı-şəkərli aqar və südlü qida mühitində xarakterik boy verir. Bərk qidalı mühitlərdə hamar, selikli və nahamar koloniyalar yaradır. Qida mühitlərində və heyvan orqanizmində inkişaf edərkən şiddətli toksin ifraz edir. Mikrobun C tipi onun D tipindən 10-20 dəfə kəskin patogen və toksikdir.

Davamlılığı. Mikrob spor yaratdığına görə fiziki və kimyəvi amillərin təsirinə olduqca davamlıdır.

Spor forması qaynamaya 10-90 dəq. davam gətirir. Torpaqda 16-20 ay, süddə 20 ay, dəri və yunda isə 2 ilə qədər sağ qalır. 10%-li natrium qələvisi, 5-10%-li formaldehid, 5%-li xlorlu əhəng və 15%-li sulfat və karbol turşusu qarışığı amili 10-15 dəq. məhv edir.

Epizotoloji xüsusiyyətləri. Təbii şəraitdə qoyunlar, çoşqalar, buzovlar, dayçalar, vəhşi heyvanlar və ada dovşanların yoluxması müşahidə edilir. Lakin enterotoksemiyaya  ən çox davarlar tutulur.

İnfeksiyanın əsas mənbəyi xəstə və basil daşıyan heyvanlar, onların ifrazatları, çirklənmiş otlaqların torpağı, su mənbələri, yem və başqa əşyalardır. Xəstəliyin törədicisi xarici mühitdə geniş yayılmışdır, o, torpaq və bağırsaqda uzun müddət yaşayır. Xəstəliyin törədicisi orqanizmə yem və su ilə daxil olaraq xəstəlik törədir. Təbii şəraitdə yoluxma həzm aparatı ilə gedir. Xəstəlik kontagioz deyildir.

İnfeksion enterotoksemi-yada mövsümülük mövcuddur. Belə ki xəstəlik ən çox yazda, sonra isə payız və qışda müşahidə olunur. Yağışlı günlərdə infeksion enterotoksemiya quraqlıq keçən illərə nisbətən daha çox müşahidə edilir.

Bağırsağın selikli qişasının bütövlüyünü pozan və müqavimətini zəiflədən amillər (bəzi helmintlər, yemlər və s.) xəstəliyin baş verməsinə şərait yaradır. Mikrob toksininin təsirindən bağırsağın selikli qişası kəskin iltihaba tutulur və onun müqaviməti pozulur. Toksin qana sorularaq orqanizmin zəhərlənməsinə və ölümünə səbəb olur.

Patogenezi.  Xəstəliyin törədicisi mədə-bağırsaq sisteminə düşdükdən sonra onun hərəkəti və sekresiya fəaliyyətinin pozulması ilə əlaqədar olaraq burada sürətlə çoxalır və prototoksin hasil edir. Bağırsaqda proteolitik fermentlərin təsirindən prototoksin epsilon-toksinə çevrilir. Həmin toksin qaraciyər, böyrək parenximasını və mərkəzi sinir sistemini zədələyir və orqanizmin ümumi intoksikasiyasına səbəb olur.

Enterotoksemiya zamanı maddələr mübadiləsinin (xüsusən karbohidratların) sürətli pozulması baş verir, böyrəklərin, qaraciyərin, mərkəzi sinir sisteminin funksional pozulması nəzərə çarpır.

Gedişi və kliniki əlamətləri. Xəstəliyin inkubasiya dövrü saatlarla ölçülür. Eksperimental yoluxdurma zamanı inkubasiya dövrü 2-6 saata bərabərdir.

Xəstəlik ildırımvari, iti, yarımiti və xroniki gedişlə özünü göstərir. Xəstəliyin klinik əlamətləri onun gedişi xarakterindən asılıdır.

İldırımvari gediş zamanı xəstələr, qəflətən 2-3 saata ölür. Belə gediş körpələrdə və kök heyvanlarda müşahidə edilir, bu zaman heç bir kliniki əlamət görünmür. Xəstə heyvanlarda ümumi ölgünlük, hərəkət koordinasiyasının pozulması qeyd olunur. Heyvan yerə yıxılır ağız və burnundan serozlu və ya serozlu-fibrinozlu selik ayrılır. Qanlı ishal, tonik qıcolmalar, dişlərini xırçıldatma və tez-tez sidik ifrazı görünür.

İti formada isə xəstəlik 2-3 günə kimi davam edir. Bu forma əsasən yaşlı, aşağı köklükdə olan heyvanlarda müşahidə olunur. Xəstə tam və ya yarımkomatoz vəziyyətdə olmaqla xarici qıcıqlara zəif reaksiya verir, sürüdən qalır, hərəkət zamanı ləngər vurur, gərnəşir, yem yemir və su içmir. Görünən selikli qişalar anemik olub, ağız və burun boşluğundan selikli köpük axır, sancı əlamətləri görünməklə arxa ayağını qarnına vurur və bəzən qanlı ishal müşahidə edilir. Ölüm yaxınlaşdıqda heyvanda boğulma və qeyri-iradi hərəkətlər görü-nür. Bəzən boğaz heyvanlarda balasalma müşahidə edilir.

Yarımiti gediş yaşlı qoyun və quzularda müşahidə olunur. Xəstəliyin belə gedişi 10-12 gün davam edir. Xəstəliyin xroniki gedişi arıq heyvanlarda getməklə onlarda ümumi zəiflik, anemiya, sinir pozğunluğu əlamətləri müşahidə edilir. Bu forma nadir hallarda müşahidə olunmaqla epizootiyanın axırında görünür. Xəstəlik 1-1,5 aya kimi davam edir. Heyvanın tükü öz-özünə tökülür və dartdıqda asanlıqla yolunur.

Patoloji-anatomik dəyişikliklər. Enterotoksemiyadan ölmüş heyvanlar yalnız diaqnostika məqsədi ilə yarıla bilər. Cəsəd köpmüş olur və sürətlə çürümə gedir. Cəsədin tüksüz sahələrində tünd-bənövşəyi rəngdə ləkələr görünür. Ağız və burun dəlikləri ndən köpüklü, qanlı maye axır. Epikard və endokardda qan sağıntıları və miokardın boş konsistensiyalı olması görünür. Öd kisəsi qatı ödlə dolu olur.

Böyrəklərin biri və ya hər ikisi (quzularda) kəskin iltihaba tutularaq, parenximası yumşalır və döyülmüş əti xatırladır. Qoyunlarda isə böyrəklər şişir, kapsulası asan soyulur və parenximası üzərində müxtəlif dərəcədə qan sağıntıları görünür. Dalaq normada olur və ya az böyüyür, pulpası yumşalır.

Diaqnostikası və təfriqi diaqnostikası. Diaqnoz epizootoloji, klinik əlamətlərə, patoloji-anatomik dəyişikliklərə və bakterioloji müayinəyə əsasən qoyulur, son diaqnoz isə ancaq tam bakterioloji müayinəyə əsasən qoyulur. Bakterioloji müayinə üçün nazik bağırsaq möhtəviyyatı ilə birlikdə, qaraciyər, dalaq, böyrək, limfa düyünləri və lülə sümüklərindən istifadə olunur. Patoloji material təzə ölmüş cəmdəkdən götürülməlidir.

Xəstəliyin diaqnozunu tezləşdirmək məqsədi ilə ölmüş heyvanların nazik bağırsaq möhtəviyyatı, periton və döş boşluğuna toplanmış ekssudat filtr kağızından süzülür 0,1-0,2 ml miqdarında ağ siçanların və ya 0,5-1,0 ml miqdarında adadovşanlarının venasına yeridilir. Xəstəlik olduqda törədicinin tipindən və ştamından asılı olaraq xəstəlik yoluxdurulmuş heyvanlar bir neçə dəqiqədən bir neçə saat müddətində tələf olur.

Mikrobun tiplərinin müəy-yən edilməsi böyük əhəmiyyətə malikdir. Bunun üçün neytrallaşma, presipitasiya reaksiyasından və tripsinlə fəallaşdırma üsulundan istifadə edilir.

Enterotoksemiyadan öl-müş heyvanların bağırsaq möhtəviyyatında və mikrobun kulturasında epsilon toksininin müəyyən edilməsi xüsusi diaqnostik əhəmiyyətə malikdir.

Xəstəliyi qarayara, bradzot, pasterelyoz, listerioz, anayrob dizenteriya və zəhərlənmələrdən təfriq etmək lazımdır.

Qarayarada dalağın pulpası qətran rəngdə olub axır və normal həcmə görə bir neçə dəfə böyüyür. Qan tutqun rəngdə olub laxtalanmır.

Pasterelyozdan ölmüş heyvanların daxili orqanlarında sepsis əlamətləri olur. Bakterioloji müayinə zamanı pasterelyozun törədicisi əldə edilir.

Bradzot zamanı şirdan və onikibarmaq bağırsağın selikli qişası kəskin hemorroji iltihaba tutulur. Bakterioloji müayinə zamanı bradzotun törədiciləri əldə olur.

Listeriozda bağırsaq möhtəviyyatı toksiki olmur.

Yem zəhərlənmələrində eyni vaxtda bir neçə növ heyvan xəstələnir və infeksion xarakter nəzərə çarpmır.

Bütün hallarda bakterioloji müayinənin nəticəsi əsas hesab edilir.

Müalicəsi. Enterotoksemiya xəstəliyi əksərən ildırımvari və iti formada getdiyindən müalicə aparmaq müm-kün olmur. Xəstəliyin başlanğıcında bivalent antitoksik hipperimmun serrumun simptomatik preparatlar və antibiotiklərlə birlikdə işlədilməsi müsbət nəticə verir. Antibiotiklərdən biomissin, terromissin və sintomissin işlədilir.

Qeyd etmək lazımdır ki, antibiotiklərdən biomissin, biovetin biomissinin diurant preparatlarının (dibiomisin, ditetrasiklin) işlədilməsi daha yaxşı nəticə verir.

İmmuniteti və spesifik profilaktikası. Spesifik profilaktika məqsədilə qatılaşdırılmış polivalent hidrookisalumin vaksin işlədilir. Vaksin məcburi peyvənd zamanı 12-14 gün fasilə ilə profilaktik məqsədlə 20-30 gün fasilə ilə 2 dəfə əzələ arasına vurulur. İmmunitet 12-14 gündən sonra yaranaraq 6 ay davam edir.

A.A.Volkova tərəfindən təklif edilmiş vaksin Cl. Perfringensin D tipinin törətdiyi xəstəliyin profilaktikası məqsədilə işlədilir. Bu vaksin 12-28 gün fasilə ilə 2 dəfə dərialtına vurulur. İmmunitet ikinci inyeksiyadan 15-20 gün keçmiş yaranır və 4-5 ay davam edir.

Qoyunların bradzot, enterotoksemiya, qarayara və çiçəyinə qarşı kompleks vaksinasiya üsulu təklif edilmişdir.

Xəstəliyə görə qeyri-sağlam təsərrüfatlarda qoyunlar peyvənd edilməlidir. Vaksinasiya dövründə axtalanma, quyruğun kəsilməsi və qırxım aparılmamalıdır. İmmunitetin gərginliyinin aşağı düşməməsi üçün vaksinasiyadan 3 ay keçmiş revaksinasiya aparılmalıdır. Peyvənd olunmuş heyvanlarda qısa müddətli axsaqlıq müşahidə olunur. Xəstəliyə görə qeyri-sağlam təsər-rüfatlarda bütün baytarlıq-sanitariya qaydalarına əməl etmək lazımdır. Axmaz gölməçələrdə heyvanların suvarılması qadağan edilir.

Xəstəlikdən ölmüş heyvanlar dəri ilə birlikdə yandırılır. Xəstəlik olan təsərrüfatda qoyunların sağılması qadağan edilir. Bundan əlavə xəstə heyvanların ət üçün kəsilməsinə icazə verilmir. Peyin və yem qalıqları yığılaraq yandırılır. Cari dezinfeksiya aparmaq məqsədilə 3%-li xlorlu əhəng, 5%-li formaldehid və 5%-li natrium qələvisindən istifadə edilir.

Məhdudlaşdırıcı tədbirlər axırıncı ölümdən 20 gün keçmiş və son dezinfeksiya işləri aparıldıqdan sonra götürülür.

29.03.2018
136

Nəşrlər

  • 17(297) 14 noyabr 2018-ci il

  • 15-16(295-296) 24 oktyabr 2018-ci il

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

Bannerlər