Azərbaycan Respublikasında quduzluq xəstəliyinin aradan qaldırılmasına dair uzunmüddətli fəaliyyət...

A+
A
A-



“Azərbaycan Respublikasında quduzluq xəstəliyinin aradan qaldırılmasına dair uzunmüddətli fəaliyyət planı”nın müzakirəsinə dair konfrans keçirilmişdir


 

Aprelin 6-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində Avropa İttifaqının dəstəyi ilə "Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək" adlı Tvinninq layihəsi çərçivəsində Avropa İttifaqının ekspertləri tərəfindən hazırlanan “Azərbaycan Respublikasında quduzluq xəstəliyinin aradan qaldırılmasına dair uzunmüddətli fəaliyyət planı”nın müzakirəsinə dair aidiyyəti nazirliklərin iştirakı ilə konfrans keçirilmişdir.

Konfransda Tvinninq layihəsini həyata keçirən Fransa Respublikasının Kənd Təsərrüfatı, Balıqçılıq və Meşəçilik Nazirliyinin, Macarıstan Milli Qida Təhlükəsizliyi Ofisinin, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin, Kənd Təsərrüfatı, Səhiyyə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Təhsil, Maliyyə nazirliklərinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Ovçular Cəmiyyətinin, Canlı Aləmin Mühafizəsi Təşkilatının və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Konfransı giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov tvinninq layihəsinin həyata keçirilməsinin əsas məqsədlərindən danışmışdır. Həmçinin A.Süleymanov Azərbaycanda quduzluq xəstəliyinin aradan qaldırılması istiqamətində Kənd Təsərrüfat Nazirliyinin Səhiyyə Nazirliyi və digər aidiyyətı qurumlarla  (Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi) birgə çalışdıqlarını bildirdi və qeyd etdi ki, respublikamızda quduzluğun kökünün kəsilməsi üzrə Avropa İttifaqının ekspertləri və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri ilə birgə “2018-2022-ci illərdə Azərbaycan Respublikasında quduzluq xəstəliyinə qarşı mübarizə üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında Quduzluq xəstəliyinin aradan qaldırılmasına dair uzunmüddətli Fəaliyyət Planı(2018-2022)”nın ilkin layihəsi hazırlanmışdır. Həmçinin qeyd etmişdir ki, konfransda Avropa İttifaqının ekspertləri tərəfindən hazırlanan uzunmüddətli Fəaliyyət Planının həyata keçirilməsi üçün hesablanmış təqribi büdcə vəsaiti barədə məlumat veriləcəkdir.

Konfransda DBXN-in sektor müdiri Ceyhun Əliyev “Azərbaycanda heyvanlar arasında  quduzluq xəstəliyinin epidemioloji vəziyyəti (2011-2017)”, Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının Epidemiologiya sektorunun əməkdaşı Kamran Əfəndiyev “Azərbaycanda insanlar arasında quduzluq xəstəliyinin epidemioloji vəziyyəti (2011-2017)” barədə məlumat vermişlər. Daha sonra konfransda Avropa İttifaqının ekspertləri-Macarıstan Milli Qida Təhlükəsizliyi Ofisinin (NEBİH) epidemiologiya şöbəsinin müdiri Melinda Koşiç və Quduzluq üzrə BEB-in, Aİ-nın Fransada yerləşən Referens Laboratoriyasının (Anses) müdiri Florans Klike “Azərbaycan Respublikasında quduzluq xəstəliyinin aradan qaldırılmasına dair uzunmüddətli fəaliyyət planının əsas xüsusiyyətləri” və “Azərbaycan Respublikasında quduzluq xəstəliyinin aradan qaldırılmasına dair uzunmüddətli fəaliyyət planının təqribi büdcəsi” barədə təqdimatlar etmişlər. Həmçinin fəaliyyət planının həyata keçirilməsi barədə konfrans və aidiyyəti qurumların nümayəndələri ilə işçi qaydada müzakirələr aparılmışdır.

Konfransda çıxış edənlər bildirimişlər ki, hər bir nazirliyin, qeyri-hökumət təşkilatların və aidiyyəti qurumların quduzluq xəstəliyinin kökünün kəsilməsi üzrə fəaliyyət planında yaxından iştirak etmələri çox vacibdir. Layihə çərçivəsində aparılacaq tədbirlərin nəticəsi olaraq Azərbaycanda insanlar və heyvanlar üçün təhlükəli olan quduzluq xəstəliyi tədricən azalacaq, kökü kəsilərək insanların sağlamlığı təmin ediləcəkdir.

Tədbirin sonunda konfrans iştirakçıları ilə səmərəli müzakirələr aparılmış, quduzluq xəstəliyinin qarşısının alınması sahəsində qabaqcıl ölkələrin təcrübələri barədə ekspertlər tərəfindən məlumatlar verilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. 

 

 

06.04.2018
85

Nəşrlər

  • 04(284) 29 mart 2018-ci il

  • 02-03(282-283) 28 fevral 2018-ci il

  • 01(281) 25 yanvar 2018-ci il

  • 18(280) 21 dekabr 2017-ci il

Bannerlər