Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti haqqında ƏSASNAMƏ

A+
A
A-

 

 

 

 

 ƏLAVƏ 3

 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti haqqında

 

ƏSASNAMƏ[36]

 

IÜMUMİ MÜDDƏALAR

 

1.  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (bundan sonra - Dövlət Xidməti) Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 2004-cü il 23 oktyabr tarixli 467 nömrəli Sərəncamına əsasən yaradılmışdır.

2.  Dövlət Xidməti Azərbaycan Respublikası ərazisində heyvanların (mal-qaranın, quşların, balıqların, vəhşi heyvanların və başqalarının) müxtəlif xəstəliklərdən qorunmasını və onların müalicəsini, əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorunmasını, ölkə ərazisinin xarici dövlətlərdən keçə biləcək yoluxucu xəstəliklərdən qorunmasını təmin edən, heyvan mənşəli məhsulların və xammalın zəruri baytarlıq-sanitariya keyfiyyətinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.

3.  Dövlət Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin normativ hüquqi aktlarını, qərar və əmrlərini və bu Əsasnaməni rəhbər tutur.

4.  Dövlət Xidməti bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyalarını bilavasitə və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə, ictimai təşkilatlarla və digər hüquqi şəxslərlə əlaqəli şəkildə həyata keçirir.

5.   Dövlət Xidməti müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

6.   Dövlət Xidmətinin saxlanılması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

7.   Dövlət Xidməti Bakı şəhərində yerləşir.

II. DÖVLƏT XİDMƏTİNİN ƏSAS VƏZİFƏLƏRİ

8.   Dövlət Xidmətinin əsas vəzifələri aşağıdakılardır:

8.1. profİlaktiki, epizootiya əleyhinə, sanitariya və digər baytarlıq tədbirləri həyata keçirməklə mal-qaranı və başqa heyvanları (xəzdərililəri, balıqları, arıları, vəhşi heyvanları və s.) xəstəliklərdən qorumaq;

8.2. heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılması məqsədilə baytarlıq xidmətinin həyata keçirilməsini təmin etmək;

8.3. əhalini insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorumaq;

8.4. Azərbaycan Respublikasının ərazisini xarici ölkələrdən keçə biləcək yoluxucu xəstəliklərdən səlahiyyətləri daxilində qorumaq;

8.5.  heyvan, heyvandarlıq məhsulları və xammal sahibləri tərəfindən Azərbaycan Respublikasının baytarlıq təbabəti qanunvericiliyinə əməl edilməsinə nəzarət etmək;

8.6.  baytarlıq preparatlarının, yemlərinin və yem əlavələrinin, biostimulyatorların və hormonların təhlükəsizliyinə və keyfiyyətinə nəzarət etmək;

8.7.  qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

III. DÖVLƏT XİDMƏTİNİN ƏSAS FUNKSİYALARI

9.   Dövlət Xidməti ona həvalə olunmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

9.1.  ölkədə heyvan xəstəliklərinin profilaktikası və ləğvi üzrə tədbirlərin yerinə yetirilməsini təmin edir;

9.2.  baytarlıq-sanitariya baxımından yüksək keyfiyyətli heyvan mənşəli məhsulların və xammalın istehsalı zamanı baytarlıq tələblərinin gözlənilməsinə nəzarət edir;

9.3.  ölkəyə yoluxucu və ekzotik xəstəliklərin keçirilməsinin və yayılmasının qarşısını almaq məqsədilə müvafiq tədbirlər həyata keçirir;

9.4.  səhiyyə orqanları ilə birlikdə insan və heyvanlar üçün ümumi olan xəstəliklərə qarşı tədbirlərin həyata keçirilməsini təmin edir;

9.5.  heyvanların xüsusi təhlükəli xəstəliklərinin profilaktikasına dair milli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

9.6.  qanunvericiliyə uyğun olaraq dövlət baytarlıq nəzarətində olan yüklərin ölkə daxilində daşınmasına və tranzitinə, heyvanların, heyvan mənşəli məhsulların və xammalın, quş, balıq və arıçılıq məhsullarının idxalına və ixracına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada baytarlıq nəzarətini həyata keçirir;

9.7.  baytarlıq preparatlarının, yemlərin və yem əlavələrinin, hormonların, bioloji stimulyatorların istehsalına və dövriyyəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət edir;

9.8. baytarlıq təbabətinə aid təlimat, göstəriş, tövsiyə və qaydaların qüvvədə olan qanunvericilik aktlarına və beynəlxalq normativlərə uyğunlaşdırılmasına dair təkliflər hazırlayır və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir;

9.9.            heyvanların xəstəliklərdən qorunması üçün lazım olan bioloji preparatlara, ləvazimatlara, alətlərə, müalicə, dezinfeksiyaedici və digər vasitələrə olan tələbatı müəyyənləşdirir və bu barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə təkliflər verir;

9.10. epizootiya əleyhinə tədbirlər planı hazırlayır və təsdiq edilmək üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir;

9.11. xüsusi təhlükəli xəstəliklərə qarşı baytarlıq preparatlarının ehtiyatını yaradır;

9.12. beynəlxalq ticarətdə Ümumdünya Heyvan Sağlamlığı (OİE) və digər beynəlxalq təşkilatların tələblərinə uyğun öhdəliklərə və qaydalara əməl edilməsini səlahiyyətləri daxilində təmin edir;

9.13. heyvan xəstəlikləri ilə mübarizədə dünya baytarlıq təcrübəsində qəbul olunmuş müxtəlif vasitələrdən istifadə edilməsini təmin edir;

9.14. baytarlıq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühitin çirklənməsinin qarşısını almaq və nəticələrinin aradan qaldırılması istiqamətində səlahiyyətləri daxilində tədbirlər görür;

9.15. baytarlıq elminin inkişafı, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün səlahiyyətləri daxilində zəruri tədbirlər həyata keçirir; [37]

9.16. heyvandarlıq obyektlərinin, sallaqxanaların, ət, süd və digər heyvan mənşəli məhsul emal edən müəssisələrin, bazarların, xammal anbarlarının baytarlıq sanitariya nəzarətini həyata keçirir, həmin obyektlərin tikintisinin və yenidən qurulmasının, habelə yerqazma işlərinin baytarlıq ekspertizasının aparılmasını təmin edir;

9.17. mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun olaraq bütün hüquqi və fiziki şəxslərə baytarlıq xidmətinin göstərilməsini təşkil edir;

9.18. tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün təşkilatların, müəssisə və idarələrin, fiziki şəxslərin heyvandarlıq, quşçuluq, balıqçılıq və arıçılıq təsərrüfatlarında xəstəliklərə qarşı baytarlıq tədbirlərinin aparılmasına nəzarət edir;

9.19. baytarlıq preparatlarının, yem və yem əlavələrinin istehsalı zamanı standartlara, texniki şərtlərə və baytarlıq tələblərinə riayət edilməsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada heyvan xəstəliklərinin profilaktikası və müalicəsi zamanı bioloji, kimyəvi və digər baytarlıq preparatlarının istifadə olunmasına nəzarəti həyata keçirir;

9.20. başqa dövlətlərdən yoluxucu və ekzotik heyvan xəstəliklərinin və törədicilərinin ölkəyə gətirilməsinin və yayılmasının qarşısını almaq məqsədilə müvafiq baytarlıq tədbirlərinin həyata keçirilməsini təmin edir;

9.21. Dövlət Xidmətinin fəaliyyəti üzrə ayrılmış büdcə vəsaitinin məqsədli istifadəsi üçün müvafiq proqramlar və xərc smetaları tərtib edib Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir;

9.22.          büdcə vəsaitinin istifadəsi barədə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə hesabat verir;

9.23. dövlət büdcəsi və digər mənbələr hesabına alınmış baytarlıq preparatlarının saxlanmasına (daşınmasına) və istifadəsinə nəzarəti təşkil edir;

9.24.  müəyyən edilmiş hallarda qanunvericiliyə uyğun olaraq baytarlıq sahəsində beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir və onlarla əməkdaşlığı həyata keçirir;

9.25.  müəyyən edilmiş qaydada baytarlıq sahəsində uçot və hesabatların aparılmasını təmin edir, heyvanların karantin xəstəliklərinin statistik uçotunu aparır;

9.26.  qanunvericiliyə uyğun olaraq digər funksiyaları həyata keçirir.

IV. DÖVLƏT XİDMƏTİNİN HÜQUQLARI

10. Dövlət Xidməti bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək və funksiyaları həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

10.1. hüquqi və fiziki şəxslər tərəfindən baytarlıq təbabəti sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə əməl edilməsinə qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarəti həyata keçirmək;

10.2.      baytarlıq preparatlarının istehsalına, keyfiyyətinə, sınaqdan keçirilməsinə, saxlanmasına, daşınmasına, satışına, idxal və ixracına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada səlahiyyətləri daxilində nəzarət etmək, yeni baytarlıq preparatlarına, avadanlıqlarına və yem əlavələrinə rəy vermək;

10.3.      dövlət sərhədində (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla), nəqliyyatda, bazarda, yarmarkalarda və sərgilərdə, istehsal və satış yerlərində dövlət baytarlıq nəzarətində olan yüklərə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət baytarlıq nəzarətini təşkil etmək; [38]

10.4. heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanılması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə epizootiya əleyhinə və baytarlıq-sanitariya tədbirlərinin aparılması üçün icrası məcburi olan göstərişlər vermək;

10.5. xüsusi təhlükəli heyvan xəstəlikləri baş verdikdə karantin qoyulan ərazidə qoruyucu-karantin, xüsusi baytarlıq və digər tədbirlərin aparılması qaydalarını müəyyənləşdirmək, bu xəstəliklərin yayılma təhlükəsi olan zonalarda qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhdudiyyət və xəbərdarlıq təyinatlı tədbirlər görmək;

10.6. heyvandarlıq binalarının, heyvandarlıq məhsulları və xammalı istehsal və emal edən müəssisələrin texnoloji normativlərinə, baytarlıqda işlədilən kimyəvi, bioloji və farmakoloji preparatların dövlət standartları və texniki şərtləri layihələrinə rəy vermək;

10.7. mal-qaranın və digər heyvanların yoluxucu xəstəlikləri müəyyən edildikdə və ya belə xəstəliklərin baş verməsi təhlükəsi yarandıqda qanunvericiliyə uyğun olaraq bütün müəssisələrə, vətəndaşlara heyvanların kəsilməsi və ya məhv edilməsi, heyvan mənşəli məhsulların və xammalın zərərsizləşdirilməsi və ya utilizasiya edilməsi haqqında icrası məcburi olan göstərişlər vermək;

10.8. Dövlət Xidmətinin fəaliyyəti üzrə ayrılan məqsədli büdcə vəsaitinə sərəncam vermək;

10.9. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. DÖVLƏT XİDMƏTİNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

11. Dövlət Xidmətinə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən rəis rəhbərlik edir. Dövlət Xidmətinin rəisi eyni zamanda Azərbaycan Respublikasının Bas Dövlət Baytarlıq Nəzarəti Müfəttişidir.[39]

12. Rəis Dövlət Xidmətinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

13. Dövlət Xidmətinin rəisinin Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən iki müavini vardır.

14. Dövlət Xidmətinin rəisi:

14.1. Dövlət xidmətinin işini təşkil edir və ona rəhbərlik edir;

14.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırmaqla Dövlət Xidməti aparatının ştat cədvəlini və tabeliyində olan müəssisə və təşkilatların xərc smetalarını təsdiq edir;

14.3. Dövlət Xidməti aparatının işçilərini və səlahiyyətləri daxilində tabeliyində olan təşkilatların rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, barələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

14.4. səlahiyyətləri daxilində müvafiq vəzifələrin yerinə yetirilməsi üçün Dövlət Xidmətinə məqsədli büdcə vəsaitinin təyinatı üzrə istifadəsi proqramlarını və xərclər smetalarını təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir;

14.5. Dövlət Xidmətinə dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsinə dair hesabatlan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir;

14.6. tabeliyində olan təşkilatlara səlahiyyətləri daxilində icrası məcburi olan əmrlər, göstərişlər verir;

14.7. Dövlət Xidmətini bütün dövlət və ictimai təşkilatlarda və məhkəmələrdə vəkalətnaməsiz təmsil edir.

15. Baytarlıq sahəsində müasir elmi nailiyyətlərin istehsalatda tətbiqi üzrə tövsiyələr hazırlamaq üçün Dövlət Xidmətində tərkibi alim və mütəxəssislərdən ibarət Elmi-Texniki Şura yaradılır.

16. Dövlət Xidməti işçilərinin müəyyən edilmiş qaydada fərqləndirici nişanı olan xüsusi geyim forması vardır.

 

 

22.04.2005
2067

Nəşrlər

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

Bannerlər