Dövlət Xidmətinin 2018-ci ilin 4 ayı ərzində həyata keçirdiyi tədbirlər

A+
A
A-

 

 

 

2018-ci ilin 4 ayı ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Azərbaycan Respublikası ərazisində heyvanların (mal-qaranın, quşların, balıqların, arıların, vəhşi heyvanların və s.) müxtəlif xəstəliklərdən qorunması və onların müalicəsi, əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən mühafizəsi, ölkə ərazisinə xarici dövlətlərdən keçə biləcək təhlükəli xəstəliklərin qarşısının alınması, öz səlahiyyətləri çərçivəsində ölkə daxili bazara nəzarəti həyata keçirmək üçün heyvan mənşəli məhsulların, xammalın, baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxalı, ixracı, istehsalı, emalı, tədarükü, daşınması, saxlanması, satışı zamanı istehlakçıların keyfiyyətsiz, təhlükəli və saxtalaşdırılmış məhsullarla təminatının qarşısını almaq məqsədi ilə zəruri baytarlıq-sanitariya tədbirlərini həyata keçirmişdir.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq 2018-ci ilin 4 ayı ərzində qarayara xəstəliyinə qarşı 2548469 baş iribuynuzlu, 4723515 baş xırdabuynuzlu, 6995 baş donuzlarda və 87915 baş təkdırnaqlı heyvanlarda, dabaq xəstəliyinə qarşı 2535223 baş iribuynuzlu, 2430899 baş xırdabuynuzlu heyvanlarda, quduzluq xəstəliyinə qarşı 225331 baş itdə, Nodulyar dermatit xəstəliyinə qarşı  1592054 baş iribuynuzlu heyvanda, qoyunların çiçəyinə qarşı 1230606 baş davarda, leptospiroz xəstəliyinə qarşı 68741 baş iribuynuzlu, 5206 baş xırdabuynuzlu  heyvanlarda, Atların rinopnevmoniya xəstəliyinə qarşı 963 baş atda, Atların qrip xəstəliyinə qarşı 880 baş atda, donuzların klassik taunu xəstəliyinə qarşı 3474 baş donuzda, Brusellyoz xəstəliyinə qarşı 123755 baş xırdabuynuzlu heyvanda REV 1 vaksini ilə, 56895 baş iribuynuzlu heyvanda Ştamm-19  vaksini ilə peyvəndləmə işləri aparılmış, həmçinin quşların Nyukasl xəstəliyinə qarşı 11144954 baş quşda H vaksini ilə, 16783796 baş quşda La-Sota vaksini ilə profilaktik peyvəndləmələr aparılmışdır.

Həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 457657 baş iribuynuzlu, 24259 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilmişdir.

Bununla yanaşı, epididimit xəstəliyinə görə 17708 baş törədici qoç, vərəmə görə 158560 baş iribuynuzlu, manqoya görə 28840 baş təkdırnaqlı heyvan diaqnostik müayinəyə cəlb olunmuşdur.

2018-ci ilin 4 ayı ərzində quş qripinə görə 2 seromonitorinq keçirilmiş, seromonitorinqlər  zamanı seçmə üsulla ovlanmış 48 baş çöl quşlarının patoloji materialı və ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 3598 baş ev quşlarının qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilmiş və nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi aşkarlanmamışdır.

Seromonitorinqlər əsasən Abşeron Milli Parkında, Şabran rayonunun Ağzıbir ovçuluq təsərrüfatında, Salyan rayonunun Şirvan Milli parkında, Ağcabədi rayonunun Ağ Göl Milli Parkı ərazisində, Lənkəran rayonunun Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində, habelə respublikanın rayonlarının əhaliyə məxsus quşçuluq təsərrüfatlarında aparılmışdır.

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Epidemioloji Nəzarət Sisteminin Gücləndirilməsi İstiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) Dəstək” tvinninq layihəsi çərçivəsində beynəlxalq və milli ekspertlər tərəfindən Qarayara, Nodulyar dermatit, Xırda buynuzlu heyvanların taun xəstəliyi, Nyukasl, Yüksək patogenli quş gripi, Bruselyoz və Quduzluq xəstəliklərinə qarşı mübarizə tədbirləri barədə qaydalar, həmin xəstəliklər üzrə Fövqəladə Fəaliyyət Planı və hər bir adıçəkilən xəstəliyin Standart Əməliyyat Prosedurları Ümumdünya Heyvan Sağlamlığı (BEB) və Avropa İttifaqı (Aİ) Təşkilatlarının tələblərinə uyğun hazırlanmış  sənəd layihələri üzərində təkmilləşdirmə işləri həyata keçirilir və 2018-ci ilin sonuna kimi aidiyyəti üzrə Nazirliyə təqdim edilməsi nəzərdə tutulmuşdur.

Həmçinin Tvinninq layihəsinin beynəlxalq ekspertləri və DBNX-nin mütəxəssisləri tərəfindən “2018-2022-ci illərdə Azərbaycanda quduzluq xəstəliyinə qarşı mübarizə üzrə Milli Strategiya” layihəsinin və Fəaliyyət planının ilkin variantları hazırlanmışdır. Hazırda strategiya layihəsi üzərində son tamamlanma işləri həyata keçirilir və 2018-ci ildə aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulmuşdur. İctimaiyyətin marifləndirilməsi quduzluq xəstəliyi ilə mübarizənin ən vacib elementlərindən biridir. Bu səbəbdən də, cari ilin 17-19 yanvar tarixlərində Tvinniq lahiyyəsinin və DBNX-nin təşkilatçılığı ilə respublikamızın üç regionunuda (Abşeron, Lənkəran, Şəki) quduzluğa qarşı maarifləndirmə seminarları keçirilmiş, seminarlarda 300-dən çox ictimaiyyətin müxtəlif təbəqələrindən olan (müəllimlər, həkimlər, fermerlər, baytar həkimlər, ovçular və s.) insanlar iştirak etmişlər. Təşkil edilən seminarlarda Kənd Təsərrüfatı və Səhiyyə Nazirliklərinin mütəxəssisləri tərəfindən bu xəstəliyə dair məlumatlar ictimaiyyətə çatdırılmış, bir sıra ölkələrdə quduzluq xəstəliyinə qarşı fəaliyyət planının tərtib olunmasında yaxından iştirak etmiş avropalı ekspertlər öz zəngin təcrübələrini bölüşmüş və işgüzar müzakirələr aparılmışdır.

Aprelin ayı ərzində tvinniq layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində   "Azərbaycanda bruselyoz xəstəliyinin qarşısının alınması və kökünün kəsilməsi strategiyası" mövzusuna həsr olunan seminar keçirilmiş, Lənkəran rayonunda isə “Xırda buynuzlu heyvanların taununun alovlanması” mövzusunda simulyasiya çalışması keçirilmişdir.     

2018-ci ilin 4 ayı ərzində respublikamıza 2139,54 ton iribuynuzlu mal əti, 96,25 ton qoyun əti, 214,03 ton ət konservi, 9678,53 ton quş əti, 2064,71 ton donuz əti, 13,5 ton qoyun bağırsağı,  983,4 ton kolbasa və sosis, 1046,2 ton süd, 1409,59 ton pendir, 477,6 ton quru süd, 981,5 ton qatılaşdırılmış süd, 56,18 ton mayonez, 6450,16 ton kərə yağı, 255,4 ton süd və yağ pastası, 229,2 ton dondurma, 7292,04 min ədəd damazlıq yumurta, 36258 baş iribuynuzlu heyvan, o cümlədən 1966 baş damazlıq, 6035 baş kəsim üçün xırdabuynuzlu heyvan, 456,6 min baş bir günlük cücə, 977,8 ton balıq konservi, 1819,9 ton dondurulmuş balıq, 1231,31 ton qarışıq yağlar,  2257,6  ton spred yağı, 23,5 min doza buğa toxumu, 0,79 ton balıq kürüsü, 75,93 ton dəniz məhsulları, 3,4 ton təbii bal, 19,3 ton yumurta ağı tozu, 295,9 ton uşaq qidası, 150 ton bulyon və suplar, 382,8 ton yrimfabrikatlar, 89,6 ton pendir mayası, 44 ton balıq unu və s. baytarlıq nəzarətində olan məhsullar idxal olunmuşdur. Yuxarıda qeyd olunan heyvan mənşəli idxal məhsulları Respublika Baytarlıq Laboratoriyasında bakterioloji, kimya-toksikoloji, radioloji və digər müayinələrdən keçirilərək qida üçün yararlığı müəyyən edildikdən sonra istifadəyə verilmişdir.

2018-ci ilin 4 ayı ərzində respublikamızdan 198 min ədəd iri buynuzlu, 361,5 min ədəd xırdabuynuzlu heyvan dərisi, həmçinin 31,5 ton mal əti konservi, 31,6 ton qoyun bağırsağı, 19 ton toyuq əti, 39,2 ton toyuq konservi, 1854 baş  diri at (kəsim üçün), 7000 baş diri quş, 176,3 ton balıq, 57,8 ton qoyun əti, 14 ton heyvanların daxili orqanları, 59.2 ton süd, 246.8 ton yoqurt və xama, 10 ton quru süd, 20.4 ton kərə yağı və süd piyi, 199.8 ton pendir, 35.76 ton qatılaşdırılmış süd, 98.3 ton ayran, dovğa, qatıq, 4973.2 ton buğda kəpəyi, 36846,7 min ədəd ərzaq yumurtası, 79 ton toyuq ayağı, 3.9 ton qurbağa, 20.5 ton ilbiz əti, 26.6 ton ilbiz qabıqları və s. baytarlıq nəzarətində olan məhsullar ixrac olunmuşdur.

2018-ci ilin 4 ayı ərzində Bazarlarda, kəsim sexlərində və ticarət mərkəzlərində fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyalarında aparılan müayinələr nəticəsində 3648 kq mal, qoyun, donuz və quş ətinin, 11121 kq iri və xırda buynyzlu heyvanların daxili orqanlarının, 1042 kq balığın, 2005 kq süd və süd məhsullarının və 4733 ədəd yumurtanın insan qidası üçün yararsız olması aşkar edilərək baytarlıq qanunvericiliyinə uyğun olaraq zərərsizləşdirilmişdir.

2018-ci ilin 4 ayı ərzində epizootik tədbirlərin səmərəli təşkili məqsədi ilə bütün rayon (şəhər) baytarlıq idarələri qoruyucu geyim vasitələri, baytarlıq alət və ləvazimatları, dezinfeksiya, dezinseksiya maddələri ilə təmin edilmişdir.

Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən həyata keçirilən yuxarıda qeyd olunan baytarlıq-sanitariya tədbirləri nəticəsində 2018-ci ilin 4 ayı ərzində respublikada epizootik vəziyyət sabit olmuşdur. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti lazımi təşkilati tədbirləri davam etdirir.

 

 

07.05.2018
895

Nəşrlər

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

  • 10-11(290-291) 24 iyul 2018-ci il

  • 09(289) 21 iyun 2018-ci il

Bannerlər