Bruselyoz xəstəliyinə qarşı mübarizə tədbirləri davam etdirilir

A+
A
A-

 

 

Bruselyoz xəstəliyinə qarşı mübarizə tədbirləri davam etdirilir

 

2018-ci ilin yanvar ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində iri və xırdabuynuzlu heyvanların brusellyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirlərinə start verilib. 2018-ci ilin 4 ayı ərzində bruselyoz xəstəliyinə qarşı 123755 baş xırdabuynuzlu heyvanda “Rev-1” vaksini ilə, 56895 baş iribuynuzlu heyvanda “S-19”  vaksini ilə peyvəndləmə işləri aparılıb. Hal-hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 2018-ci ilin 4 ayı ərzində 457657 baş iribuynuzlu, 24259 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti(DBNX) 2016-cı ilin may ayından  ölkə üzrə xırdabuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı kütləvi peyvəndləmə tədbirinə başlanılıb. Heyvanlar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST-OİE və ya BEB) tövsiyələrinə əsasən, dünya praktikasında istifadə olunan "Rev-1" göz damcısı vaksini ilə peyvənd olunur. Vaksin yalnız 3-8 aylıq dişi cavanlara və boğaz olmayan yaşlı ana qoyun və şişəklərə tətbiq edilir.

2017-ci ilin iyul ayından başlayaraq Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən ölkə ərazisində iribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndləməsinə start verilib.

Peyvəndləmə  “S-19 “ ştammı ilə aparılır. Bu peyvənd vasitəsi iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyini törədən “Brusella abortusa” qarşı immunitet yaradır.

Peyvəndləmə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sahə baytar həkimləri tərəfindən göz-damcı üsulu ilə 3-8 aylıq dişi danalar arasında aparılır. Ştamm “S-19” peyvənd vasitəsinin iribuynuzlu heyvanlarda rast gələn “Brusella mellitenzisə” də qarşı əsasən uzunmüddətli immunitet yaradır.

Bruselyoz xəstəliyi nədir?

Bruselyoz - insanların və müxtəlif heyvanların yoluxa biləcəyi infeksion xəstəlikdir. Xəstəliyin törədicisi brucella adlanan bakteriyalardır.

Boğaz heyvanlarda bruselyoz əsasən nəsilartırma orqanlarını zədələyir, balasalmalar və zəif bala doğuşları törədir.

İnsanlar bruselyoz xəstəliyinə heyvanlardan yoluxur. Yoluxma aşağıda sadalanan yollarla baş verə bilər:

•          qaynadılmamış və ya pasterizə olunmamış süd və belə süddən hazırlanmış qida məhsullarını (pendir, xama, yağ, qaymaq və s.) istifadə etdikdə;

•          xəstə heyvanla təmas zamanı, heyvanın kəsilməsi, emalı, yununun qırxılması, baləsalma və ya balalama zamanı yardım göstərilməsi; heyvanlara qulluq edilməsi;

•          qeyri-sağlam təsərrüfatlarda və ya laboratoriyalarda insanların çirklənmiş hava ilə nəfəs alması zamanı (çox nadir hallarda).

Bruselyoz xəstəliyinə hansı heyvanlar yoluxa bilər?

Bruselyoz xəstəliyinə qoyunlar, keçilər, iribuynuzlu heyvanlar, donuzlar, atlar, dəvələr və itlər yoluxa bilər. Xəstəlik vəhşi heyvanlarda da rast gəlinə bilər (qaban, gəmiricilər və s.).

Lakin qoyunlar, keçilər, iribuynuzlu heyvanlar və donuzlar insanların bu xəstəliyə yoluxması baxımından daha çox təhlükə kəsb edirlər.

Heyvanlar bruselyoz xəstəliyinə necə yoluxurlar?

Bruselyoz xəstə heyvandan sağlam heyvana birbaşa təmas yolu ilə, əsasən də cinsi yolla, yəni cütləşmə zamanı ötürülür.

Heyvanlar həmçinin, yoluxmuş heyvanların ifrazatları və ya bədən mayeləri (düşmüş döl, cift qişası, dölətrafı maye, balalıq yolu ifrazatları, süd, qan, sidik və digər ifrazatlar) ilə çirklənmiş qida və suyun qəbulu nəticəsində də yoluxa bilərlər.

Bruselyoz xəstəliyi zamanı insanlarda sümük-oynaq sistemi zədələnir və bir çox hallarda sağlamlığa ciddi və davamlı zərər yetirilir. Xəstəlik vaxtında müalicə olunmadıqda iş qabiliyyətinin uzun müddət ərzində itirilməsinə və hətta əlilliyə səbəb ola bilər.

Heyvanlarda bruselyoz xəstəliyinin əlamətləri hansılardır?

Xarici görünüşlərinə görə heyvanların bruselyoz xəstəliyinə yoluxub yoluxmadığını müəyyən etmək mümkün deyil.

Heyvanlarda bruselyozun əsas əlaməti balasalma və ya zəif balanın doğulmasıdır. Balasalma adətən boğazlığın 5 və 7-ci ayları arasında baş verir.

Bruselyozun digər əlamətləri aşağıdakılardır:

•          Süd vermənin azalması,

•          Balalamanın və mayalanmanın aşağı düşməsi, qısırlıq,

•          Çəkinin azalması,

•          Ciftin doğuşdan sonra balalıqda qalması və balalıq infeksiyasının baş verməsi,

•          Bəzi hallarda oynaqların iltihabı və şişməsi.

 

Yadda saxlayın! Xəstə heyvan sağlam bala doğduqda belə, o infeksiya daşıyıcısı olaraq qalır, ətraf mühiti çirkləndirir və sağlam heyvanlar və insanlar üçün təhlükə yaradır.

Heyvanlarda yuxarıda sadalanan əlamətləri müşahidə etdikdə dərhal ərazi baytar həkiminə müraciət edin!

Bruselyoz xəstəliyi heyvanda necə müəyyən olunur?

Heyvanların bruselyoz infeksiyasına yoluxmasını müəyyən etmək üçün müxtəlif diaqnostik sınaqlardan istifadə edilir. Bu sınaqların keçirilməsi üçün heyvanlardan qan və süd nümunələri götürülür.

Bruselyoz xəstəliyinin inkubasiya (gizli) dövrü nə qədərdir?

İnkubasiya dövrü heyvanın infeksiyaya yoluxduğu gündən xəstəliyin ilk əlamətinin büruzə verdiyi günədək olan müddət hesab olunur. Müxtəlif heyvanlarda inkubasiya dövrü fərqli olur və 2 həftədən 1 il müddətinə qədər dəyişə bilər.

Diaqnostik sınaqların müsbət nəticələri əksər vaxt heyvan yoluxduqdan 5-20 gün sonra aşkar edilə bilər. Bəzi hallarda isə müsbət sınağın aşkar olunması bir neçə aydan bir ilə qədər çəkə bilər.

Heyvanlarda bruselyoz xəstəliyi müalicə olunurmu?

Xeyr. Heyvanlarda bruselyozun müalicə yolunun tapılması ilə bağlı aparılan tədqiqatlar uğursuzluqla nəticələnmişdir.

Əksər hallarda heyvanda xəstəliyin əlamətləri olmasa da belə, o infeksiya daşıyıcısı olaraq qalır və sağlam heyvanlar və insanlar üçün təhlükə yaradır.

Heyvanları bruselyoz xəstəliyindən necə qorumaq olar?

•          Heyvanları peyvənd etdirin. Nəticələrin uğurlu olması üçün 3-6 aylıq dişi xırdabuynuzlu, 3-8 aylıq dişi iribuynuzlu heyvanlar peyvənd olunmalıdır. Peyvənd olunmuş heyvanların sağ qulağının üst tərəfinə peyvəndləməni bildirən nişanə vurulur.

•          Təsərrüfata yeni gətirilmiş heyvanlar 30 gün ərzində karantində qalmalı, yəni sürüdən ayrı saxlanılmalıdır.

•          Karantin dövrünün əvvəlində və sonunda heyvanlar bruselyoza görə diaqnostik sınağa cəlb olunmalıdırlar. Əlavə olaraq cütləşmədən əvvəl də bruselyoza görə diaqnostik sınaq keçirilməlidir.

•          Yoluxmuş heyvanların saxlandığı yeri və təmas materiallarını xlor məhlulu ilə təmizləmək və dezinfeksiya etmək lazımdır. Dezinfeksiya üçün 20%-li söndürülmüş əhəng və ya 2%-li xlorlu əhəngdən istifadə edilə bilər. Müxtəlif səthlər bu məhlullarla silinməli və ən azı 30 dəqiqə gözlədikdən sonra su ilə yuyulmalıdır.

Heyvanlarda bruselyoz xəstəliyinin olduğuna şübhə yarandıqda nə etmək lazımdır?

Sizin və ya qonşu təsərrüfatda heyvanlarda bruselyoz xəstəliyinin əlamətləri müşahidə olunarsa və ya bu xəstəliyin olmasına şübhə yaranarsa dərhal ərazinizdə çalışan baytar həkiminə müraciət edin.

Heyvanda bruselyoz infeksiyasının olması təsdiq olunarsa, onu baytar-sanitar tələblərinə uyğun kəsmək və heyvan kəsilən yerləri dezinfeksiya etmək lazımdır. Adətən belə heyvanın daxili orqanları ləğv edilir. Ətindən isə yalnız yaxşı bişirildikdən sonra istifadə etmək olar.

Xəstə heyvanların yerinin dəyişdirilməsi və satışı qəti qadağandır!

İnsanlar bruselyoz xəstəliyindən necə qorunmalıdır?

•          Heyvanlara qulluq edilməsi, xüsusilə doğuşun qəbul edilməsi və ya kəsim zamanı xüsusi qoruyucu geyimdən (paltar, əlcək, ayaqqabı) istifadə edilməlidir. Geyim ləvazimatları mütəmadi olaraq yuyulmalı və xüsusi yerdə saxlanılmalıdır.

•          Heyvanlarla təmasdan sonra əllər ilıq su altında sabunla 20 saniyə ərzində yuyulmalıdır.

•          Qaynadılmamış və ya pasterizə olunmamış süd və belə süddən hazırlanmış qida məhsulları (pendir, qaymaq, xama) istifadə edilməməlidir.

Yadda saxlayın! bruselyoza yoluxmuş heyvanlarla təmas sizin də bu xəstəliyə yoluxmanıza səbəb ola bilər!

Heyvanlar arasında bruselyozun ləğv edilməsi insanlarda bu xəstəliyin qarşısının alınmasının ən yaxşı yoludur! Odur ki, xəstəliyin ölkəmizdə ləğvi istiqamətdə lazımi addımlar atılmaqdadır.

Bruselyoz xəstəliyi barədə ətraflı məlumatla saytımızın http://www.vet.gov.az/az/content/news/308 bağlantısından öyrənə bilərsiniz.

 

 

 

25.05.2018
108

Nəşrlər

  • 10-11(220-221) 24 iyul 2018-ci il

  • 09(289) 21 iyun 2018-ci il

  • 07-08(287-288) 24 may 2018-ci il

  • 05-06(285-286) 26 aprel 2018-ci il

Bannerlər