Heyvanların çimizdirmə qaydalarına ciddi əməl edilməlidir

A+
A
A-

 

 

Kənd təsərrüfatı heyvanlarının çimizdirilməsi əsas profilaktik tədbirlərdən hesab edilir. Heyvanların çimizdirilməsi yoluxucu xəstəliklərə görə (profilaktik çimizdirmə) və müalicəvi (terapevtik çimizdirmə) məqsədlə aparılır. Həmçinin heyvanlarda dəri təmizliyini qorumaq üçün çimizdirilmə həyata keçirilir.

Xırdabuynuzlu heyvanların çimizdirilməsi ümumi və yerli vannalardan istifadə edilməklə aparılır.

Yerli vannalar heyvanların yerləşə biləcəyi ölçülərdə hazırlanır. Ümumi vannalar isə çardaqlı və ya çardaqsız, dəmir-beton, kərpic, üzəri suvaqla örtülmüş və ya örtülməyən yerdə uzun bir hovuzu təmsil edir. Bu vannalar öz quruluşlarına görə hər bir heyvan növü üçün fərqlidir.

İribuynuzlu heyvanlar və qoyunlar yalnız isti yay günlərində vannalarda çimizdirilir, buna görə vannalar açıq havada təşkil olunur. Su prosedurlarında havanın və suyun temperaturunun 16-18 °C-yə qədər olunması vacibdir.

Müalicəvi məqsədlər üçün (məsələn, dırnaq və ətrafların xəstəliyi, inək, qoyun və keçilərin yelin xəstəliyi zamanı) yerli vannalardan istifadə olunur.

İribuynuzlu heyvanların (xüsusi ilə mal-qara, at və dəvə) üçün duş təşkil edilir. Yanğın nasosu və ya şlanqdan istifadə etməklə onları sulayırlar. Heyvanları, xüsusilə atları qidalanmadan dərhal sonra və günün istisində çimizdirmək olmaz.

İnəklər (ağciyər xəstəliklərinin təhlükəsi və ya yelin iltihabı səbəbindən) ən az 18 °C temperaturda çimizdirilir.

Qoyunları çimizdirdikdən sonra nisbətən uzun müddət qurulayırlar. Qoyunların islanmış yunundan su buxarlanması nəticəsində qoyunlar böyük miqdarda istilik itirir və bu da kataral xəstəliklərə səbəb ola bilər. Buna görə də qoyunlar vannadan sonra yelçəkəndən xüsusən qorunmalıdır. Donuzlar başqa heyvanlardan daha çox istidən əziyyət çəkdikləri üçün çimməyi sevirlər və buna görə də onların çimizdirilməsi vannalarda aparılır və dezinfeksiya məhlulları ilə islatmaq olar.

Bütün vannalar təbii və süni su mənbələrindən (500 m-dən çox olmamaqla) uzaq olmalıdır. Vannalar yun, dəri və örtülü nahiyələrin tam yuyulmasını təmin etməlidir (boyun qırışları, yelin ətrafı və quyruq altı). Eləcə də vannalar heyvanın baş hissəsinin islanmasını tam təmin etməlidir.

Heyvanların işlənməsindən öncə preparatın hər partiyasını toksiki təsirinə görə kiçik bir heyvan qrupunda sınamaq lazımdır. Əgər çimizdirilmədən 1 gün sonra heç bir toksiki təsiri olmasa, bütün sürünün kütləvi işlənməsi aparılır. Vannadan çıxan heyvanlar ən azı 1-2 saat çardaq altında və ya kölgəli ərazidə  saxlanmalıdır.

Heyvanların çimizdirilməsi aparılan zaman mütləq şəkildə baytar həkiminin iştirakı, nəzarəti, göstərişi və tövsiyəsi ilə ektoparazitlərə (gənə, milçək, bit, birə və s.) qarşı tədbirlərin aparılması məqsədəmüvafiqdir. Preparat təlimata uyğun qaydada hazırlanmazsa və baytar həkiminin iştirakı olmadan heyvanlar çimizdirilərsə, o zaman heyvanda zəhərlənmə, ölüm halları və hətta, qapalı şəraitdə təsərrüfatda tədbir aparan insanın zəhərlənməsi baş verə bilər.

Yay dövründə respublikamızda heyvanlar arasında qan-parazitar (el arasında qızdırma deyilir) xəstəlikləri geniş yayılır. Bunun da əmələ gəlməsində ektoparazitlərin rolu böyükdür. Məhz buna görə də ektoparazitlərlə mübarizə aparmaq üçün dezinseksiya (gənələrə qarşı mübarizə) işləri aparılmalıdır. Heyvanların ən çox akarasid maddələrlə (xlorofos, neosidol, diazinon, kreolin, ektovil, sytrin və s.) işlənməsi (çimizdirmə, çiləmə, sürtmə və s.) zamanı işçi məhlulun düzgün dozada hazırlanması və işləmənin açıq şəraitdə günün sərin vaxtlarında aparılmasına çox ciddi diqqət yetirilməlidir. Əks halda hər hansı buraxılmış səhv heyvanların zəhərlənmədən kütləvi tələfatına səbəb ola bilər.

Ümumiyyətlə, dərman preparatları ilə heyvanların çimizdirilməsi baytar həkimin nəzarəti altında aparılmalıdır. Heyvan və quşlara hər hansı bir dərman maddəsi tətbiq edilərkən onun südündə, ətində və yumurtasında qalma müddətinə diqqət yetirməklə istifadə olunmalıdır. Son illərdə akarasidlər əleyhinə müasir preparatlar var ki, bu preparatlar heyvanların onurğa sütunu boyunca təlimat əsasında tökülməklə daha yüksək və uzunmüddətli təsir əldə etmək olar. Bunların süddə qalma müddəti və zəhərlənmə riski demək olar ki, yoxdur.

Heyvan saxlanılan binalar və ətraf ərazilərdə də dezinseksiya işləri aparılmalıdır.

Kimyəvi maddələrlə işləyən şəxslər işləmə haqda təlimatlandırılmalı və işə başlamazdan əvvəl xələt, rezin çəkmə, əlcək, qoruyucu eynək və respiratorla təmin olunmalıdır.

Heyvanlarda çiləmə üsulu effektivlik nisbətinə görə çimizdirilmə üsulundan geri qalır, çünki bu üsul  yun örtüyünün tamamilə islanmasını təmin etmir. Bu üsul yalnız qırxımdan sonra profilaktika məqsədilə istifadə oluna bilər.

Püskürmə və çiləmə üsulları maksimal nəticə əldə etməyə imkan vermir. Ən kiçik püskürmə damcıları yalnız səth təbəqəsini doyurur,  dərinin alt təbəqəsinə çatmır. Buna görə,  püskürmə üsulu yalnız çimizdirilmənin qeyri-mümkün olduğu hallarda istifadə edilə bilər.

İşçi məhlul açıq havada hazırlamalıdır.

Bildiririk ki, hal-hazırda Dövlət Xidmətinin Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının mütəxəssisləri ölkənin bölgələrinə əməli köməklik məqsədilə ezam olunublar.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və təsərrüfat sahiblərinə tövsiyə edir ki, aparılan baytarlıq tədbirləri, o cümlədən heyvanların ektoparazitlərə qarşı çimizdirilməsi tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparsınlar. Əks halda zəhərlənmədən heyvanların tələfatı qeydə alına və məsuliyyət sahibkarın üzərinə düşə bilər.  

 

08.06.2018
161

Nəşrlər

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

  • 10-11(290-291) 24 iyul 2018-ci il

  • 09(289) 21 iyun 2018-ci il

Bannerlər