Azərbaycanda heyvanlar arasında vərəm xəstəliyinə yoluxma aşkar edilməyib

A+
A
A-

 

 

Bu il 185007 baş iribuynuzlu heyvanda vərəm xəstəliyinə görə tuperkulinizasiya müayinəsi aparılıb

 

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq ilin əvvəllərindən ölkə ərazisində iribuynuzlu heyvanlar vərəm xəstəliyinə görə diaqnostik müayinəyə cəlb olunub. Bu ilin 6 ayı ərzində 185007 baş iribuynuzlu heyvanda vərəm xəstəliyinə görə tuperkulinizasiya müayinəsi aparılıb. Aparılan müayinələrin nəticəsinə əsasən heyvanlar arasında vərəm xəstəliyinə görə yoluxma aşkar edilməyib.

Qeyd edək ki, vərəm xroniki gedişli yoluxucu xəstəlik olub, müxtəlif orqanlarda, daha çox ağciyərlərdə, bağırsaqlarda, limfa düyünlərində və spesifik düyünlərin-tuberkulaların (şorvari maddə) əmələ gəlməsi ilə səciyyələnən xəstəlikdir. Ev heyvanları, vəhşi heyvanlar və quşların bir çox növləri, habelə insanlar bu xəstəliyə yoluxurlar.

Vərəm xəstəliyi xroniki və ya latent gedişli olduğuna görə onun kliniki nişanələri bir neçə ay görünməyə bilər. Kliniki nişanələr iltihabi və patoloji prosesin yerinə görə fərqlənə bilər, ağciyər və bağırsaqda xəstəlik ocaqları yarana bilər. Daha çox xarakterik olan əlamət arıqlama və tənəffüs orqanlarının pozğunluqlarıdır. Yelinin və limfa düyünlərinin tipik pozğunluqları da müşahidə edilə bilər.

İribuynuzlu heyvanlarda əksər hallarda vərəmin ağciyər forması baş verir və xroniki formada davam edir, cavan heyvanlarda xəstəlik iti və yarımiti gedişli olur. Bu halda heyvanda quru öskürək xarakterik olur. Hərarət 39,5-40oC-yə qədər yüksələ bilər. Xəstəliyin ilkin etaplarında iştaha və məhsuldarlıq azalmır, xəstəlik şiddətlənən zaman ağciyərlərin və plevranın iltihablaşması nişanələri büruzə verir. Döş qəfəsində xırıltılar eşidilir, tənəffüs çətinləşir və ağrılı öskürəklə davam edir. Süd vəzilərinin patoloji prosesə tutulması yelinüstü limfa vəzilərin böyüməsi və bərkiməsi ilə səciyyələnir.

Qoyunlarda keçilərə nisbətən vərəmə az təsadüf edilir. Hər iki növ heyvanda xəstəlik asimptomatik keçir, xəstəlik ağırlaşan zaman keçilərdə kliniki nişanələr qaramalın əlamətlərinə bənzəyir.

Quşlarda vərəm aydın olmayan kliniki nişanələrlə xroniki gedişli olur. Xəstə toyuqlar az hərəkətli olmaqla yanaşı, tez arıqlayırlar. Pipikləri və sırğaları solğunlaşır və döş əzələsinin atrofiyasına gətirib çıxarır.

Tuberkulin sınağının nəticələrinə bir sıra amillər təsir göstərir: heyvanın yaşı (cavanlarda reaksiya zəif olur), köklülük, rəng (açıq rənglərdə güclü), tuberkulyoz prosesinin lokalizasiyası və onun vəziyyəti, digər infeksiyaların mövcudluğu, avitaminoz, natamam yemlənmə, xüsusən də zülal aclığı, boğazlılıq və s.

Tuberkulin sınağı ilə bütün yoluxmuş heyvanları müəyyən etmək olmaz (hətta, dərisi və göziçi üsullarının hər ikisindən istifadə edilsə də).

Vərəm təyin edildikdə fermaya karantin tətbiq edilir. Qeyri-sağlam naxırın hamısı ləğv edilir. Yekun dezinfeksiyadan sonra karantin götürülür və yeni heyvanların gətirilməsinə icazə verilir.

Vərəmin profilaktikası və ləğv olunmasında həlledici əhəmiyyət təsərrüfat tədbirlərinə verilir: tam dəyərli, balanslaşdırılmış yemləmə, məcburi fəal gəzinti, normal istismar və yaxşı mikroiqlim və s.

Vərəmlə xəstə heyvanları müalicə etmək məqsədəuyğun sayılmır.

Vərəm xəstəliyi insanlar üçün də təhlükəlidir. İnsanlar xəstə vərəmə yoluxmuş heyvanlarla təmasdan, xəstə heyvanlardan alınmış məhsulların istifadəsindən yoluxa bilərlər. İnsanlarda vərəmin klinikası onun formasından asılı olaraq müxtəlif ola bilər. Ağciyərlərin vərəmi uzunmüddətli öskürək, subfebril hərarət, bəlğəm, döş qəfəsində ağrı və s. əlamətlərlə gedir. Bundan başqa əsəbilik, gecə tərləmələri, arıqlama, arterial təzyiqin enməsi, böyrəküstü vəzlərin fəaliyyətinin zəifləməsi kimi ümumi simptomlar xəstəni narahat edir.

Hazırda respublikada heyvanlar arasında vərəm xəstəliyinə görə epizootik durum sabitdir.

 

 

 

14.07.2018
189

Nəşrlər

  • 17(297) 14 noyabr 2018-ci il

  • 15-16(295-296) 24 oktyabr 2018-ci il

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

Bannerlər