Heyvanlarda pasterelloz xəstəliyi - hansı mübarizə tədbirləri aparılmalıdır?

A+
A
A-

 

 

Pasterelloz (hemorragik septisemiya) bütün növ ev və vəhşi hey­vanlarının kə­skin septik xəstəliyidir. Pasterelloza insanlar da həssasdırlar.

Xəstəliyin inkubasiya dövrü 1-5 gün müddətində olur. Qaramalda yüksək temperatur, ağır hal, zəiflik, tənəffüsün tezləşməsi, iştahasızlıq, laktasiyanın kəsilməsi, ishal halları qeyd edilir. Nəcis duru, üfunətli və qan ilə qarışıq olur. Xəstəliyin ödemli forması zamanı başın, boyunun, döşaltının şişməsi, konyuktivit, se­likli qişaların sianozu müşahidə olunur və ölüm tez baş verir. Xəstə­liyin döş forması zamanı iti plevropnevmoniya, qanlı ishal ilə əvəz olunan qəbizlik müşahidə olunur, ölüm faizinin yüksək olması (85 %) qeyd edilir.

Qoyunlarda (quzularda) xəstəlik iti və yarımiti gedişli olur, ümumi zəiflik, plevropnevmoniya, enterit, irinli konyuktivit və rinit müşahidə olunur. Yaşlı qoyunlarda xəstəlik ağır xronik gedişli olub tənəffüs orqanlarının zədələnməsi, irinli rinit və konyuktivit müşahidə edilir. Ölüm faizi çox yüksək olur.

Donuzlarda çox vaxt ikincili infeksiya kimi müşahidə olunur. Müstəqil xəstəlik kimi baş verdikdə yüksək temperaturlu, iti gedişli olur. Tənəffüs tezləşir, heyvanın qulaqları, boyunu, qarnı göyümtül-qırmızı olur, dəridə qansızmalar görünür. Xəstəlik yarımiti gedişli olduqda döş qəfəsi orqanları zədələnir; xroniki for­ma zamanı temperatur normal olur, öskürək, ümumi zəiflik, arıqlama müşahidə olunur. Xəstəlik əksər hallarda ölümlə nəticələnir.

Quşlarda (vəba) ildırımvari gedişli olur. Ölüm çox tez baş verir. Xə­stəlik iti gedişli olduqda (bu forma daha çox müşahidə olunur) süstlük, yuxululuq görünür, tüklər qarışmış, iştaha kəsilmiş olur, bə­dən temperaturu 42-43°C-yə qədər yüksəlir, qanlı ishal qeyd edilir. Xəstəlik iki günə qədər sürür və quş məhv olur. Xəstəliyin xro­niki gedişli iştahanın tədricən kəsilməsi və ağırlama ilə, anemiya, oy­naqların, qanadların və ayaqların iltihabı və şişməsi ilə xarakterizə edilir.

Adadovşanlarında xəstəlik kəskin gedişli olduqda xəstəlik qə­flətən baş verir, zəiflik, süstlük, tənəffüs və həzm orqanlarının zədə­lənməsi əlamətləri görünür və bir sutkadan sonra ölümlə nəticələnir. Xəstəlik xronik gedişli olduqda düşkünlük, tədricən arıqlama, anemiya, irinli-seroz rinit, konyuktivit və fasiləsiz ishal müşahidə olunur.

Xəstə heyvanları hiperimmun serumu ilə xəstəliyin baş­lanğıc stadiyasında müalicə edirlər.

Heyvanların sax­lanması və yemlənməsi şəraitini yaxşılaşdırmaq, xəstə heyvanları ayrıca saxlamaq lazımdır. Serum və ya vaksinlə profilaktik immunizasiya keçirilməlidir, vaksindən etiketdə göstərilən qaydada istifadə edilməlidir.

Pasterelloza qarşı aparılan müalicə və profilaktik tədbirlər təsərrüfat sahibinin hesabına aparılır.

Dövlət Baytarlıq Xidməti bildirir ki, xəstəliyə qarşı təklif olunan preparatlar hər bir preparatın təlimatı əsasında baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.

 

10.08.2018
163

Nəşrlər

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

  • 10-11(290-291) 24 iyul 2018-ci il

  • 09(289) 21 iyun 2018-ci il

Bannerlər