Emfizematoz karbunkul (emkar) xəstəliyinə qarşı tədbirlər təsərrüfat sahibinin hesabına aparılır

A+
A
A-

 

 

Emfizematoz karbunkul (Emkar) itigedişli yoluxucu xəstəlik olub, temperaturun yüksəlməsi və heyvan bədəninin müxtəlif əzələ qruplarında qazlı (səsli) şişlərin əmələ gəlməsi ilə səciyyələnir. Bu xəstəliyə 4 yaşına qədər olan qaramal, nadir hallarda qoyun və keçilər tutulur. Xəstəlik mövsümü xarakterlidir, başlıca olaraq yayda və payızda müşahidə olunur.

Yoluxma adətən, alimentar və ya kontakt yolla baş verir.

Xəstəliyə kök heyvanlar daha çox həssaslıq göstərir ki, bu da əzələlərdə qlikogenin çox olması ilə əlaqədardır. Çünki xəstəliyin törədicisi qlikogenli şəraitdə daha sürətlə inkişafetmə qabiliyyətinə malikdir.

İnfeksiya törədicisinin mənbəyi xəstə heyvanlar, keçirici faktorlar isə amilin sporları ilə çirklənmiş torpaq, yem, su və s. hesab olunur. Heyvanların yoluxması alimentar yolla və dəri zədələnmələri ilə baş verir. Törədici orqanizmə daxil olduqda həzm sistemi selikli qişalarının tamlılığının pozulması müşahidə edilir. Bundan əlavə bəzi helmintozlar nəticəsində də xəstəliyin baş verməsi üçün şərait yaranır. Qoyunlar axtalanma və qırxım dövründə daha çox xəstələnir.

Emkar əsasən sporadik və nadir hallarda, kiçik epizootiya formasında müşahidə edilir. Xəstəlik ən çox ilin isti fəsillərində baş verir. Otlaq sahəsində yemlə qarışıq cl. chauvoei-nin sporları ilə çirklənmiş torpağın qəbulu ilə əlaqədar olaraq yoluxma yaranır.

Xəstəliyə görə qeyri-sağlam zonalarda 4 yaşından yuxarı heyvanlar nadir halda xəstələnir, çünki onlarda tədricən immunlaşmış subinfeksiya prosesi gedir, analarından əldə etdiyi qeyri-fəal immunitet sayəsində 3 aylığa qədər buzovlar xəstəliyə qeyri-həssas olurlar.

Xəstəliyin inkubasiya dövrü qaramalda 1-2 gün, nadir hallarda isə 5 günə qədər davam edir. İtigediş zamanı temperaturun qəflətən yüksəlməsi, ümumi düşgünlük, yemdən imtina müşahidə edilir. Gövdənin müxtəlif nahiyələrində, xüsusilə bud nahiyəsində, boyunda, sağrıda, çənəaltında sürətlə böyüyən şişlər nəzərə çarpır. Şişlər əvvəlcə bərk, isti və ağrılı olmaqla əllə təsir etdikdə xışıltılı səs eşidilir. Sonra şişlər soyuq və ağrısız olur. Ətraflarda şişlərin olması zamanı heyvanlarda axsaqlıq müşahidə edilir.

Xəstəlik itigedişlidir və bədən temperaturunun 41-43°C-dək yüksəlməsi ilə müşayiət olunur.

Səthi regionar limfa düyünləri böyüyür, patoloji prosesin dərinləşməsi ilə əlaqədar olaraq ürək fəaliyyəti tamamilə pozulur və təngnəfəslik müşahidə edilir.

Xəstəlik 1-2 gün, bəzən isə 1 həftəyə qədər davam etməklə adətən ölümlə nəticələnir. Bəzi heyvanlarda xəstəlik atipik formada gedir. Bu zaman kliniki əlamətlər tam inkişaf etmir və bir neçə günə öz-özünə sağalma ilə nəticələnir.

Bəzən xəstəlik ildırımvarı gedişə malik olur ki, belə halda karbunkullar müşahidə edilmir, ümumi septisemiya əlamətləri görünür və 6-12 saata heyvanın ölümü ilə nəticələnir.

Qoyunlarda kliniki əlamətlər qaramalda olduğu kimidir. Ancaq çox vaxt şişlər nəzərə çarpmır, təbii dəliklərdən köpüklü maye axır, dişlərini xırçıldadır və 6-24 saat ərzində ölümlə nəticələnir.

Ölmüş heyvanın cəsədi qarın boşluğu və dərialtı toxumaya qazın toplanması nəticəsində köpmüş vəziyyətdə görünür. Təbii dəliklərdən köpüklü-qanlı maye axır. İltihaba uğramış əzələ toxuması və dərialtı toxumada hemorroji iltihab sahələri görünür. Şiş nahiyəsində kəsim apardıqda həmin nahiyədən qaz qabarcıqları eksudat axır. Əzələlər və regionar limfa düyünləri həcmcə böyüməklə tünd-qırmızı rəngdə müşahidə edilir. Seroz və selikli qişalarda çoxlu miqdarda qan sağıntıları görünür. Qan tünd-qırmızı rəngdə olmaqla laxtalanmış olur. Qarın və köks boşluğunda, xüsusilə ürək kisəsində sarımtıl-qırmızı rəngdə bulanıq maye nəzərə çarpır. Ağciyər doluqanlı, dalaq şişkin və qaraciyər həcmcə böyümüş olmaqla üzərində bəzən nekroz sahələri müşahidə edilir.

Emkardan ölmüş heyvan cəsədlərinin yarılması qadağandır!

Məcburi yarılma xüsusi şəraitdə aparılmalı və ətraf mühitin çirklənməməsi təmin edilməlidir!

Xəstəlik iti formada getdiyinə görə müalicə çox vaxt nəticə vermir. İltihab nahiyəsinə dezinfeksiyaedici maddələrdən 1-2%-li hidrogen-peroksid, 3-5%-li lizol, 0,1%-li kalium-permanqanat məhlulları yeridilməlidir. Penisillin hər kq diri çəkiyə 5-10 min TV, hər 6 saatdan bir heyvanın ümumi vəziyyəti yaxşılaşana qədər, dibiomisin suspenziyası isə 40%-li qliserində hər kq diri çəkiyə 40 min TV əzələyə vurulmalıdır. Lazım gəlsə dibiomisinin inyeksiyası 1 həftədən sonra təkrar edilməlidir. Bundan əlavə biomisin hər kq diri çəkiyə 3-5 mq hesabı ilə gündə bir dəfə heyvanın vəziyyəti yaxşılaşana qədər əzələarasına yeridilməlidir.

Xəstəliyin baş verməməsi üçün heyvanların bataqlıq yerlərdə otarılması və durğun sularda suvarılmasına yol verilməməlidir. Heyvandarlıq binaları və onun ətraf sahələrində sanitariya qaydaları gözlənilməli və zədələr törədə biləcək faktorlar ləğv edilməlidir. Xəstəliyə görə qeyri-sağlam təsərrüfatlarda bataqlıqların qurudulması təmin edilməlidir. Təsərrüfata yeni gətirilmiş heyvanlar profilaktik karantində saxlanmalıdır.

Xəstəliyə görə qeyri-sağlam təsərrüfatlarda qaramalda 3 aylıqdan 4 yaşa qədər, qoyunlarda isə 6 aylıqdan etibarən profilaktik vaksinasiya aparılmalıdır. Revaksinasiya (təkrar peyvəndləmə) 6 aydan sonra icra edilməlidir. Buzovlarda isə vaksinasiya 6 aylıqda zəruridir.

Hazırda ölkəmizin baytarlıq apteklərində heyvanların emkar xəstəliyinə qarşı satılan,  Azərbaycan Respublikasında qeydiyyatdan keçən polivalent koklavaks və ya emfizematoz karbunkula (məsələn, emkar və bradzot, emkar və qarayara xəstəliklərinə) qarşı vaksinlər tətbiq edilir. 

Xəstəlik müşahidə edildikdə təsərrüfat qeyri-sağlam hesab edilir və karantin qoyulur. Xəstə və xəstəliyə şübhəli heyvanlar ayrılır və müalicə edilir, digər qrup heyvanlar isə vaksinasiya edilir. Məcburi kəsim və kəsilmiş heyvanların ətinin istifadəsinə icazə verilmir.

Ölmüş heyvan dərisi ilə birlikdə, həmçinin yem qalıqları və peyin yandırılmalıdır. Cari dezinfeksiya hər gün aparılmalıdır. Bu məqsədlə mexaniki təmizlik aparıldıqdan sonra 4%-li formaldehid məhlulu, 5%-li xlorlu əhəng məhlulu, 10%-li natrium qələvisi və s. dezinfeksiyaedici maddələrin məhlullarından istifadə edilir.

Karantin təsərrüfatdan axırıncı sağalma və ya ölümdən 14 gün keçmiş, yekun dezinfeksiya aparıldıqdan sonra götürülür.

Emkara qarşı müalicə və profilaktiki tədbirlər təsərrüfat sahibinin hesabına aparılır.

Dövlət Baytarlıq Xidməti bildirir ki, heyvanlarda emkar xəstəliyinə qarşı təklif olunan və Azərbaycan Respublikasında qeydiyyatdan keçən vaksinlər və müalicə preparatları baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.

17.10.2018
57

Nəşrlər

  • 17(297) 14 noyabr 2018-ci il

  • 15-16(295-296) 24 oktyabr 2018-ci il

  • 13-14(293-294) 20 sentyabr 2018-ci il

  • 12(292) 28 avqust 2018-ci il

Bannerlər