BAYTARLIQ TƏDBİRLƏRİNİN TƏŞKİLİ VƏ HƏYATA KEÇİRİLMƏSİ QAYDALARI

A+
A
A-

Azərbaycan Respublikası  Nazirlər Kabinetinin

 

2007-ci il 23 yanvar tarixli 11 nömrəli qərarı ilə

 

təsdiq edilmişdir

 

 

 

Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi

 

Q a y d a l a r ı

 

 

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2005-ci il tarixli 316 saylı Fərmanının 1.40-cı bəndinə uyğun hazırlanmışdır və respublika ərazisində baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsini tənzimləyir.

 

1.2. Baytarlıq tədbirləri heyvanların infeksion və yoluxucu olmayan xəstəliklərinin qarşısının alınması, insanların və heyvanların sağlamlığının qorunması, ümumi və spesifik profilaktika, habelə biotəhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilən işlərdən ibarətdir.

 

 

 

2. Ümumi baytarlıq tədbirlərinin təşkili

 

2.1. Ümumi baytarlıq tədbirllərinə aşağıdakılar aiddir:

 

heyvanların balanslaşdırılmış rasionla yemlənməsi, zoogigiyena normalarına və baytarlıq – sanitariya qaydalarına əməl edilən binalarla təmin edilməsi, onlara lazımi qulluq göstərilməsi;

 

mütəmadi olaraq heyvanların ümumi vəziyyətinə kliniki baxışın keçirilməsi və baytarlıq müşahidələrinin aparılması;

 

yemlərin və suyun keyfiyyətinə ciddi nəzarət edilməsi;

 

ərazi (zona) baytarlıq və aqrokimyəvi laboratoriyalarda dövlət və özəl təsərrüfatlardan götürülmüş materiallarda və yem nümunələrində yemlərin qidalılıq dəyərinin, onların tərkibində vitaminlərin, mineral duzların, karbohidratların, makro və mikroelementlərin, eyni zamanda pestisidlərin və digər toksiki birləşmələrin kəmiyyət və keyfiyyətinin təyin edilməsi;

 

heyvan və quşların yemləndirilməsində baytarlıq və aqrokimyəvi laboratoriyaların rəylərinin nəzərə alınması;

 

heyvandarlıq və quşçuluqla məşğul olan fiziki və hüquqi şəxslər arasında heyvandarlıq mədəniyyəti, heyvanların intensiv texnologiya əsasında yetişdirilməsi, damazlıq – seleksiya işlərinin əsasları, xəstəliklər və onlarla mübarizə üsulları, habelə baytarlıq – sanitariya qaydalarına dair maarifləndirici təbliğat işlərinin aparılması;

 

heyvanların və quşların xəstəliklərinin profilaktikası məqsədilə onların yerləşdiyi binalarda və ətraf ərazidə, habelə heyvandarlıq məhsullarının və onların xammalının tədarükü və emalı müəssisələrində baytarlıq – sanitariya vəziyyətinə nəzarət edilməsi.

 

2.2. Əraziyə xidmət edən dövlət baytarlıq orqanının işçiləri, habelə təsərrüfatlara xidmət edən digər baytar mütəxəssisləri mütəmadi olaraq xəstəliklərin epizootik və baytarlıq – sanitariya vəziyyətini araşdırmaqla, vaxtında tədbir görülməsi üçün təsərrüfatda, ətraf ərazidə hər hansı xəstəliyin olub – olmaması barədə məlumat əldə etməli və ərazidə qorxulu xəstəlik baş verdikdə aidiyyatı orqanlara məlumat verməlidirlər.

 

2.3. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin işçiləri və təsərrüfatlara xidmət göstərən digər baytar mütəxəssisləri ərazidə yoluxucu xəstəliklərin epizotologiyasını, xəstəliklərin heyvan və quşlara keçmə yollarını, üsullarını və vasitələrini sistematik öyrənməyə, epizootik vəziyyət barədə jurnallar və xəritələr tərtib etməyə borcludurlar.

 

2.4. Baytar həkimləri profilaktika məqsədilə heyvanlar arasında fərdi və qrup halında, planlı və plandan kənar, təsərrüfatın fəaliyyət istiqamətindən və yerli şəraitdən asılı olaraq müxtəlif vaxtlarda kliniki baxış keçirməlidirlər.

 

 

 

3. Yoluxucu olmayan xəstəliklərə qarşı aparılan xüsusi baytarlıq tədbirlərinin həyata keçirilməsi

 

3.1. Yoluxucu olmayan heyvan xəstəliklərinə qarşı aşağıdakı kompleks baytarlıq tədbirləri aparılır:

 

yoluxucu olmayan xəstəliklərin qeydiyyata alınması;

 

heyvanların kütləvi xəstələnmə və olümünün səbəblərinin araşdırılması;

 

heyvanların yem payında dəyişikliklər edilməsi, onların saxlanma-bəslənmə şəraitinin yaxşılaşdırılması.

 

3.2. Kliniki əlamətlərinə, qanın, sidiyin və südün biokimyəvi analizinə əsasən diaqnozu dəqiqləşdirilən xəstələr ümumi naxırdan təcrid olunmuş yerdə saxlanılmalı və müalicə edilməlidirlər.

 

3.3. Xəstə heyvanlar eyni yaş qruplarına ayrılaraq yoluxucu olmayan xəstəliklərə qarşı qrup halında da müalicə oluna bilərlər.

 

 

 

4. Heyvanların infeksion və qan parazitar xəstəliklərinə qarşı aparılan xüsusi baytarlıq tədbirlərinin həyata keçirilməsi

 

4.1. Heyvanların infeksion və qan parazitar xəstəliklərinə qarşı baytarlıq tədbirləri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən baytar mütəxəssislərinin iştirakı ilə yerlərdəki epizootik vəziyyət nəzərə alınmaqla hər növbəti il üçün planlaşdırılır, təsdiq edilir və icra üçün müvafiq baytarlıq orqanlarına göndərilir.

 

4.2. Planlaşdırılmış həmin baytarlıq tədbirlərinə məcburi surətdə icra edilməli olan profilaktik peyvəndləmələr, allerji, seroloji, bakterioloji, virusoloji, koproloji və başqa diaqnostik müayinələr, eləcə də xəstəliklərin profilaktikasında vacib olan dezinfeksiya, dezinseksiya və deratizasiya işləri daxildir.

 

4.3. Xəstəliklərə diaqnoz dövlət baytarlıq orqanları tərəfindən akkreditə olunmuş dövlət baytarlıq laboratoriyalarında rəsmi ekspertiza müayinələrinin nəticələrinə əsasən qoyulur.

 

4.4. İnfeksion və parazitar xəstəliklərə qarşı peyvəndləmələrdən və işləmələrdən ibarət olan baytarlıq tədbirləri təsdiq edilmiş epizootiya əleyhinə planlara uyğun olaraq mənşəyi və keyfiyyəti məlum olan biopreparatlarla aparılır.

 

4.5. Peyvəndləmə və işləmələrə başlamamışdan əvvəl hazırlıq işləri aparılır, tələb olunan biopreparatların, ləvazimatların, dezinfeksiya vasitələrinin miqdarı müəyyənləşdirilir, heyvandarlıqla məşğul olan şəxslər arasında baytarlıq tədbirinin əhəmiyyəti, onun tətbiqindən sonra heyvanlarla və onların məhsulları ilə davranış qaydaları ilə əlaqədar təşviqat işi aparılır. Peyvənd edilən və parazitəleyhi işləmədən keçən heyvanlar xüsusi nəzarətdə saxlanılır və hər günün sonunda aparılan işlər barədə müvafiq qeydlər aparılır.

 

4.6. Baytarlıq tədbirləri iri və xırda buynuzlu heyvanların qan parazitar xəstəliklərinə qarşı bütün il ərzində, qoyunların qoturluq (psoroptoz) xəstəliyinə qarşı isə yazda və payızda aparılır.

 

4.7. Heyvanlar arasında xüsusi təhlükəli xəstəliklər baş verdikdə həmin xəstəliklərin ilkin mənbədə ləğv edilməsi üçün təcili və təxirəsalınmaz baytarlıq tədbirləri həyata keçirilir.

 

4.8. Heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin biotəhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılan baytarlıq tədbirləri baytarlıq –sanitariya qaydalarına uyğun həyata keçirilir.

03.02.2015
610

Nəşrlər

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

  • 10(260) 27 oktyabr 2016-cı il

Bannerlər