ABŞERON RAYONUNDA EPİZOOTİYA ƏLEYHİNƏ PROFİLAKTİK TƏDBİRLƏRƏ BAŞLANILIB

A+
A
A-

 

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Dövlət Baytarlıq Xidməti yerlərdə "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır.

Hazırda 16 kəndi, 1 şəhəri əhatə edən Abşeron rayonunda epizootik durum sabitdir. Bu sabitliyin qorunub saxlanılması və zoonoz xəstəliklərin qarşısının alınması məqsədi ilə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı 2019-cu ilin epizootiya əleyhinə profilaktik tədbirlərə başlanılıb. 5 sahə baytarlıq məntəqəsi vasitəsi ilə aparılan müayinə və profilaktik tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında həyata keçirilir. Epizootik tədbirlər çərçivəsində yanvar ayının ilk günlərindən indiyə kimi Abşeron rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında saxlanılan 21 min baş iribuynuzlu heyvandan 8300-də, 370 baş təkdırnaqlıdan 130-da, 870 baş donuzdan 800-də qarayaraya, 2500 baş itdən 410-da quduzluq xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb. Həmçinin 920 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürülərək 870 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb. İribuynuzlu, təkdırnaqlı heyvanlarda və donuzlarda bu tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur. 

Qeyd edək  ki, Abşeron  Rayon  Baytarlıq  İdarəsinin  mütəxəssisləri tərəfindən 2018-ci  il  ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək və xəstəliyin qarşısını almaq məqsədi ilə 5103 baş iribuynuzlu və 2902 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan  nümunələri alınaraq müayinə edilib. Eləcə də ötən il 20351 baş iribuynuzlu, 110000 baş xırdabuynuzlu, 249 baş təkdırnaqlı heyvanlarda qarayara və 7953 baş qapı itində quduzluq xəstəliyinə qarşı peyvəndləmə və 49450 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri aparılıb.

Epizootiya əleyhinə aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri qarayara, bruselyoz, “donuz qripi” və digər iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərini ətraflı məlumatlandıraraq, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsinə dair tövsiyələr veriblər. 

Abşeron rayonunda bundan sonra epizootik tədbirlər planına uyğun olaraq ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələrinin aparılması nəzərdə tutulur. 

Dövlət Baytarlıq Xidməti tərəfindən rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

24.01.2019
76

Nəşrlər

  • 01(299) 29 yanvar 2019-cu il

  • 18(298) 20 dekabr 2018-ci il

  • 17(297) 14 noyabr 2018-ci il

  • 15-16(295-296) 24 oktyabr 2018-ci il

Bannerlər