Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması QAYDALARI

A+
A
A-

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 

2007-ci il 30 yanvar tarixli 19 nömrəli qərarı ilə

 

təsdiq edilmişdir

 

 

 

Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması

 

Q a y d a l a r ı

 

 

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2005-ci il tarixli 316 nömrəli Fərmanının 1.35-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanaraq heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması qaydalarını tənzimləyir.

 

1.2. Bütün növ heyvanların, o cümlədən quşların, balıqların və s. heyvanların sağlamlığının qorunub saxlanmasında, onlardan istehsal edilən məhsulların ərzaq təhlükəsizliyinin təmin edilməsində heyvanların baytarlıq-sanitariya və zootexniki tələblərə uyğun saxlanması, yetişdirilməsi və istifadə edilməsi bu fəaliyyətlə məşğul olan fiziki və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin borcudur.

 

 

 

2. Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunmasının təşkili

 

2.1. Heyvanların saxlanması, yetişdirilməsi və istifadəsi ilə məşğul olan iri heyvandarlıq təsərrüfatlarına və vətəndaşlara mənsub heyvan saxlanan binalar yeraltı suların yaxın olmadığı yerlərdə tikilməli, onların ətrafı hasarlanmalı və yaşıllaşdırılmalıdır.

 

2.2. İri maldarlıq, qoyunçuluq, donuzçuluq, quşçuluq və s. təsərrüfatlarında heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması üçün yaradılan fermalar bir- birindən təcrid olunmuş şəkildə 2 şöbədən: - istehsalat və təsərrüfat şöbələrindən ibarət olmalıdır. İstehsalat şöbəsində qaramal saxlanan tövlələr, qoyun, donuz və quş damları, təsərrüfat şöbəsində isə yem ambarı, yem sexi və başqa heyvandarlıq obyektləri, o cümlədən baytarlıq məntəqəsi yerləşdirilir.

 

2.3. Yeni tikilən heyvandarlıq obyektləri heyvanlar yerləşdirilməmişdən əvvəl təmizlənməli və dezinfeksiya edilməlidir.

 

2.4. Müxtəlif növ heyvanların və quşların, eləcə də ayrı-ayrı yaş qrupuna malik heyvanların bir yerdə saxlanmasına yol verilməməlidir.

 

2.5. Heyvanların sağlam və gümrah olmaları, onlardan yaxşı çəki artımı, keyfiyyətli ət, süd məhsulları əldə etmək məqsədilə onlar hava cərəyanı yaxşı olan binalarda saxlanmalı, binanın içi və ətrafı vaxtaşırı təmizlənməklə ağardılmalı, dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmalıdır.

 

2.6. Heyvanlar keyfiyyətli yemlərlə yemləndirilməli, içməli su ilə təmin edilməlidir.

 

2.7. Stasionar şəraitdə saxlanan heyvanlar, xüsusilə boğaz heyvanlar hər gün gəzintiyə buraxılmalıdır.

 

2.8. Otlaq şəraitində saxlanan heyvanlar vaxtaşırı qan parazitar xəstəliklərinə görə işlənməlidir.

 

2.9.Heyvanların yoluxucu xəstəliklərdən mühafizəsini təmin etmək məqsədilə yeni qəbul edilən heyvanlar iri heyvandarlıq təsərrüfatlarında təcrid edilmiş halda karantində, vətəndaşlara məxsus olan kiçik təsərrüfatlarda isə ayrı bir yerdə 1 ay müddətində saxlanmaqla epizootiki vəziyyətləri laboratoriya müayinələri ilə aydınlaşdırıldıqdan sonra ümumi heyvanlar qrupuna daxil edilməlidir.

 

2.10. Karantin müddətində yeni gətirilən heyvanlar arasında hər hansı bir xəstəlik aşkar edilərsə bu barədə ərazinin dövlət baytarlıq orqanına təcili məlumat verilməlidir və əhalinin, eləcə də heyvanların sağlamlığına təhlükə yaradan heyvanların zərərsizləşdirilməsi təmin edilməlidir.

 

2.11. Hər hansı bir səbəbdən (infeksiyadan başqa) heyvan saxlanan binalar boşaldılarsa onlar təmizlənib dezinfeksiya, lazım gəldikdə dezinseksiya və deratizasiya edildikdən 5 gün sonra yeni heyvanlar qrupu ilə komplektləşdirilməsinə icazə verilir.

 

2.12. Ayrı-ayrı heyvanların sağlamlıq durumunun və maddələr mübadiləsinin vəziyyətini müəyyənləşdirmək məqsədilə onlar planlı şəkildə ildə iki dəfə (yazda və payızda) dispanserizasiyadan keçirilməlidir. Belə ki, kliniki müayinə qanın, sidiyin, südün və s. laboratoriya analizləri aparılmalı, yemləmə və saxlanma şəraitləri öyrənilməli, doğub-törəməyə yaramayan heyvanlar çıxdaş edilməlidir.

 

2.13. Tibbi müayinədən keçməyən, vərəmlə xəstə, eləcə də bədənlərində irinli açıq yarası, qoturluğu olan şəxslərin, habelə yaşı 18-ə çatmayan şəxslərin heyvanlara qulluq etməsinə icazə verilmir.

 

2.14. Heyvanların saxlanması, yetişdirilməsi və istifadə edilməsi ilə məşğul olan fiziki və hüquqi şəxslər onları həddindən artıq eksplutasiya etməməli, ətraf mühitin çirklənməsinə yol verməməli, əldə edilən peyin kütləsi müvafiq qaydada biotermiki zərərsizləşdirilməlidir.

 

2.15. Heyvanların növlərindən asılı olmayaraq naxır, sürü və vətəndaşlara məxsus qruplarda saxlanan heyvanlar yalnız sağlam heyvanlardan komplektləşdirilməlidir, onların hər hansı məqsəd üçün istifadəsi baytar işçilərinin nəzarəti altında həyata keçirilməlidir.

 

2.16. Heyvanların kəsimini aparmaq üçün xüsusi şəraiti olan yerlər (kəsim sexi və s.) təşkil edilməli, baytar işçilərinin icazəsi olmayan və ekspertizadan keçirilməyən ət, süd, onların məhsullarının və eləcə də xammalın satılmasına yol verilməməlidir.

 

2.17. Yüksək məhsuldar və sağlam heyvanlar, o cümlədən, quşlar, arı ailələri yetişdirmək və sanitariya baxımından sağlam məhsul əldə etmək üçün zoobaytarlıq elminin yeni nailiyyətlərindən, qabaqcıl təcrübədən istifadə edilməli, damazlıq işlərinə ciddi fikir verilməli və mütəmadi olaraq seleksiya işləri aparılmalıdır.

 

2.18. Bu qaydaların yerinə yetirilməsində məsuliyyət heyvan sahiblərinin, görülən tədbirlərə nəzarət edilməsi isə dövlət baytarlıq orqanlarının üzərinə düşür.

 

03.02.2017
3538

Nəşrlər

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

  • 05-06(267-268) 27 aprel 2017-ci il

  • 03-04(265-266) 28 mart 2017-ci il

Bannerlər