CƏLİLABADDA HEYVANLARIN PEYVƏNDLƏNMƏSİNƏ BAŞLANILIB

A+
A
A-

 

 

 

Ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) yerlərdə "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə və digər tədbirlər aparır.

Cəlilabad rayonunda epizootik durum sabitdir. Bu sabitliyin qorunub saxlanılması üçün heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı Dövlət Baytarlıq Xidmətinin Cəlilabad Rayon Baytarlıq İdarəsi 2019-cu ilin profilaktik tədbirlərinə başlayıb. Müayinə və profilaktik tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır. Epizootik tədbirlər çərçivəsində yanvar ayının ilk günlərindən indiyə kimi Cəlilabad rayonunda ayrı-ayrı şəxsi təsərrüfatlarda 52480 baş iribuynuzlu, 2895 baş təkdırnaqlı heyvanda qarayara, 11415 baş itdə quduzluq xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbiri aparılaraq 1843 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürülüb və 1200 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb.

Qeyd edək ki, Cəlilabad Rayon Baytarlıq İdarəsinin 21 sahə baytarlıq məntəqəsi tərəfindən 2018-ci  il ərzində 94503  baş iribuynuzlu, 132674 baş xırdabuynuzlu, 4337 baş təkdırnaqlı heyvanda qarayara, 3411 baş itdə quduzluq, 20332 baş iribuynuzlu heyvanda bruselyoz xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılıb. Həmçinin başa vurduğumuz il ərzində rayonda 1765562,03 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri yerinə yetirilib.

Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri qarayara, bruselyoz və digər iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilmələrini, heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl olunmasını tövsiyə ediblər. 

Cəlilabad rayonunda epizootik tədbirlər planına uyğun bundan sonra ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptospiroz, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaqdır. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələrin aparılması nəzərdə tutulur. 

Dövlət Baytarlıq Xidməti tərəfindən rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

25.01.2019
105

Nəşrlər

  • 04(301) 28 mart 2019-cu il

  • 03(300) 20 fevral 2019-cu il

  • 01-02(299) 29 yanvar 2019-cu il

  • 18(298) 20 dekabr 2018-ci il

Bannerlər