ŞAMAXIDA EPİZOOTİYA ƏLEYHİNƏ PROFİLAKTİK TƏDBİRLƏRƏ BAŞLANILIB

A+
A
A-

 

 

Yanvar ayının ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkədə "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirlərinə başlayıb.

59 kəndi və 1 qəsəbəni əhatə edən Şamaxı rayonunda epizootik vəziyyət sabitdir. Bu sabitliyin qorunub saxlanılması üçün rayonda fəaliyyət göstərən 15 sahə baytarlıq məntəqəsi Şamaxı rayonu üzrə ayrı-ayrı vətəndaşlara və fermer təsərrüfatlarına məxsus 28089 baş iribuynuzlu, 138638 baş xırdabuynuzlu, 250000 baş quş, 12000 təkdırnaqlı heyvanda və qeydə alınmış 5105 ədəd arı ailəsində profilaktik peyvəndləmələr və müayinə tədbirləri aparır. 

Hazırda Dövlət Baytarlıq Xidmətinin Şamaxı Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən 19600 baş iribuynuzlu, 600 baş təkdırnaqlı heyvanlar arasında qarayara, 2000 baş ev iti arasında quduzluq xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılıb, eləcə də 1500 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müayinəsi məqsədilə qan nümunələri alınıb. Tədbirlər yekunlaşdıqdan sonra 1230 kvadratmetr ərazidə profilaktik dezinfeksiya işləri həyata keçirilib. Rayonda iribuynuzlu, təkdırnaqlı heyvanlarda və donuzlarda qarayara xəstəliyinə qarşı aparılan tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur. 

Tədbirlərin icrası müddətində vətəndaşlar arasında maariflənmə işləri aparılıb, heyvanların yemlənmə, bəslənmə şəraitinin yaxşılaşdırılması və qaydalara ciddi əməl olunması ilə bağlı müvafiq məsləhət və tövsiyələr verilib.

Qeyd edək ki, 2018-ci il ərzində rayon ərazisində bruselyoz xəstəliyinin aşkar edilməsi, xəstəliyin qarşısının alınması məqsədi ilə 10127 baş iribuynuzlu heyvandan, 4786 baş törədici qoçlardan qan nümunələri götürülərək müayinə olunub. Həmçinin 37755 baş iribuynuzlu, 193212 baş xırdabuynuzlu, 1376 baş təkdırnaqlı heyvanlarda qarayara və 3452 baş sahibli itdə isə quduzluq əleyhinə peyvəndləmə aparılaraq 70971 kvadratmetr sahədə profilaktik dezinseksiya işləri aparılıb.

Cari ilin epizootiya əleyhinə planında isə bundan sonra Şamaxı rayonunda ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptospiroz, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaqdır. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələrinin aparılması nəzərdə tutulur. 

Dövlət Baytarlıq Xidməti tərəfindən rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir.

28.01.2019
117

Nəşrlər

  • 04(301) 28 mart 2019-cu il

  • 03(300) 20 fevral 2019-cu il

  • 01-02(299) 29 yanvar 2019-cu il

  • 18(298) 20 dekabr 2018-ci il

Bannerlər