Mikroorqanizm və parazitar xəstəliklərin törədiciləri ştammlarının Milli Kolleksiyasının yaradılması və fəaliyyəti QAYDALARI

A+
A
A-

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

 

2007-ci il 22 may tarixli

 

80 nömrəli qərarı ilə

 

təsdiq edilmişdir

 

Mikroorqanizm və parazitar xəstəliklərin törədiciləri

 

ştammlarının Milli Kolleksiyasının yaradılması və fəaliyyəti

 

QAYDALARI

 

 

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.66-cı bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və mikroorqanizm və parazitar xəstəliklərin törədiciləri ştammlarının Milli Kolleksiyasının yaradılması və fəaliyyəti qaydalarını tənzimləyir.

1.2. Azərbaycan Respublikasında mövcud olan, həmçinin elmi tədqiqatlar və heyvan xəstəliklərinin diaqnostikası nəticəsində və peyvənd vasitəsi hazırlanan zaman alınan mikroorqanizm və parazitar xəstəlik törədicilərinin ştammları baytarlıqda istifadə edilən və saxlanılan ştammları Milli Kolleksiyasında saxlanmalıdır.

1.3. Mikroorqanizm və parazitar xəstəliklərin törədiciləri ştammlarının Milli Kolleksiyası Azərbaycan Respublikasının ərazisində mövcud olan, hər hansı bir məqsəd üçün ölkəyə gətirilən, habelə aparılan tədqiqat işləri nəticəsində heyvanların xəstəliklərinin diaqnostikası və xəstəliklərə qarşı mübarizədə istifadə edilən bioloji preparatlar hazırlanan epizootik və istehsalat ştammlarının, eləcə də həmin bioloji preparatların keyfiyyətinə nəzarət ştammlarının qorunub saxlanması məqsədilə yaradılır.

1.4. Hər hansı bir mikroorqanizm və parazitar xəstəliklər törədiciləri ştammlarının Milli Kolleksiyada saxlanmasına Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti razılıq verməlidir.

1.5. Mikroorqanizm və parazitar xəstəliklərin törədicilərinin ştammlarının Milli Kolleksiyasını yaratmaq üçün virusların, bakteriyaların, rikketsiyaların, helmint və qan parazitar xəstəliklərinin törədicilərindən istifadə edilir.

1.6. Mikroorqanizm və parazitar xəstəliklərin törədiciləri ştammlarının Milli Kolleksiyasının yaradıldığı laboratoriya otaqlarında xüsusi şərait yaradılmalı, onlarla işləyən mütəxəssislərin təhlükəsizliyi tam təmin edilməli, həmin ştammların təcrid olunmuş şəkildə saxlanması, kənara yayılmaması və yaşama qabiliyyətinin saxlanması üçün otaqlar lazımi avadanlıqlarla təchiz olunmalıdır.

1.7. Milli Kolleksiyada saxlanılan mikroorqanizmlərin, parazitar xəstəliklərin törədiciləri və keçiricilərinin ştamlarının saxlanma xərcləri dövlət büdcəsindən maliyyələşdirilir.

 

2. Mikroorqanizm törədiciləri ştammlarının kolleksiyasının təşkili

2.1. Mikroorqanizm törədiciləri ştammlarının kolleksiyası epizootik, istehsalat və vaksin ştammlarından təşkil edilir.

2.2. Patogen ştammların hər hansı bir yolla ölkə ərazisinə düşməsi və ya onların saxlandığı laboratoriyada müxtəlif səbəbdən kənara yayılması nəticəsində heyvanların sağlamlığına vuracağı ziyanın dərəcəsi Beyenəlxalq Epizootik Büronun (BEB) «Quruda yaşayan heyvanların sanitar məcəlləsinə» uyğun olaraq müəyyən edilir.

2.3. Mikroorqanizm törədicilərinin bütün qrupları ilə iş aparmağa xüsusi biliyə malik olan yüksək hazırlıqlı mütəxəssislər cəlb edilirlər və zoonoz xəstəliklərinin törədiciləri ilə işlədikdə bu xəstəlik törədicilərindən qorunmaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq tələbləri nəzərə alınır.

2.4. Baytarlıqla bağlı elmi-tədqiqat müəssisələrində, laboratoriyalarda əldə edilən mikroorqanizm törədiciləri ştammları hər hansı bir məqsəd üçün (diaqnoz qoyulması, vaksin və serum hazırlanması) istifadə edildikdən sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (bundan sonra - Dövlət Baytarlıq Xidməti) göstərişi ilə onun hərtərəfli öyrənilməsi və saxlanması üçün Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi-Nəzarət İnstitutuna (bundan sonra - institut) rəsmi olaraq təhvil verilir. Mikroorqanizm ştammları törədicilərinin saxlanmasını Dövlət Baytarlıq Xidməti tərəfindən məqsədəmüvafiq hesab edilmədikdə onlar avtoklavda zərərsizləşdirilir və bu barədə akt tərtib edilir.

2.5. İnstitutda fəaliyyət göstərən Milli Kolleksiyanın bütün mikroorqanizm ştammlarının patogen xüsusiyyətlərinin qorunub saxlanmasını təşkil etmək və daxil olan ştammları qəbul edərkən sənədləşmələri aparmaq məqsədilə yüksək ixtisas hazırlığı olan məsul şəxs təyin edilir.

2.6. Mikroorqanizm ştammlarının saxlanması və başqa yerə verilməsi, eləcə də epizootik ştammların və nadir ştammların diri halda əsas morfoloji və bioloji xüsusiyyətlərinin saxlanması məqsədilə Milli Kolleksiyada onların yaşama qabilliyətini normal saxlamaq üçün müvafiq iş görülür və onların morfoloji və bioloji xüsusiyyətləri göstərilməklə hər birinə ayrılıqda pasport verilir.

2.7. Milli Kolleksiya əməkdaşlarının mikroorqanizm ştammlarını almağa ixtiyarı olan təşkilatlar və şəxslər istisna olmaqla həmin ştamm haqqında, eləcə də onların bioloji xüsusiyyətləri barədə mətbuatda və ya Standartlaşma, Metrologiya Patent üzrə Dövlət Agentliyinin ixtiralar bülletenində məlumat nəşr edilməmişdən əvvəl hər hansı bir yerə məlumat vermək hüquqları yoxdur.

 

3. Parazitar xəstəliklərin törədicilərinin Milli Kolleksiyasının yaradılması və saxlanması

3.1. Milli Kolleksiyada saxlamaq üçün Respublika ərazisində uzun müddət müşahidə edilən və ya hər hansı bir elmi məqsəd üçün qanuni şəkildə xaricdən gətirilən protozoa, heliment xəstəliklərinin amilləri, ştamm kimi, yaxma halında və ya xəstəlik keçiriciləri olan gənələrin orqanizmində saxlanılır.

3.2. Parazitar xəstəliklərdən olan Teyleriozun törədicisinə yüksək hərarət öldürücü təsir etdiyindən qurudularaq saxlanması mümkün olmadığından onu iri buynuzlu heyvanların orqanlarının və toxumalarının limfoid hüceyrələrində yetişdirdikdən sonra Milli Kolleksiyada maye azotda (mənfi 1960C-də), vaksin ştammı kimi, spiroxetoz törədicisini vaksin hazırlamaq məqsədilə dərin dondurulmuş vəziyyətdə saxlayırlar.

3.3. Parazitar xəstəliklərin törədiciləri müxtəlif morfoloji və bioloji xüsusiyyətlərinin öyrənilməsi və ona qarşı effektli dərman preparatları hazırlamaq məqsədilə yaxma şəklində, eyni zamanda protozoa xəstəlikləri amilləri onların keçiriciləri olan gənələrin orqanizmində Milli Kolleksiyada otaq temperaturunda saxlanılır və vaxtaşırı təzələnir.

3.4. Helmint xəstəlikləri törədiciləri barədə lazımi elmi məlumatlar toplamaq və axtarışlar aparmaq məqsədilə onlar ayrı-ayrı şüşə qablarda 40 faizli formaldehiddə saxlanması üçün rəsmi qaydada sənədləşdirilir və Milli Kolleksiyaya təhvil verilir.

 

4. Milli Kolleksiya yaratmaq məqsədilə miqroorqanizm və parazitar xəstəliklərin törədicilərinin ştammlarının pasportlaşdırılması

4.1. Baytarlıq perparatları hazırlamaq məqsədilə (vaksinlər, anatoksinlər, bakteriofaqlar və diaqnostikumlar) epizootik və istehsalat ştammların, eyni zamanda heyvanlarda immuniteti öyrənmək üçün seçilmiş nəzarət ştammları pasportunda onların virulentlik dərəcəsi göstərilməlidir.

4.2. Virulentlik dərəcəsinə uyğun olmayan ştammlar vaksinlərin hazırlanması və onların keyfiyyətinin yoxlanılması üçün yararsız sayılır.

4.3. Bu ştammlara təbii halda həssas olan kənd təsərrüfatı və laboratoriya heyvanları, eləcə də onların əsas yoluxma yolları və üsulları, xəstəliyin inkubasiya dövrünün müddəti, habelə insan üçün təhlükəli olması, həmin ştammın durumu, onun konkret adı, morfoloji və bioloji xüsusiyyətləri, yetişdirilmə şəraiti, saxlanma vəziyyəti, yanaşma qabiliyyətinin öyrənildiyi üsulları və s. göstəriciləri pasportda öz əksini tapmalıdır.

4.4. Pasportda həmin ştammlardan hazırlanan vaksinlə peyvənd olunmuş heyvanlarda spesifik əks cisimlərin əmələ gəlmə müddəti və əks cisimlərin titrləri uyğun olaraq onların müəyyənləşdirilməsi üçün istifadə edilən diaqnostik test üsullarında seroloji xüsusiyyətləri ilə birlikdə hər tərəfli göstərilməlidir.

4.5. Milli Kolleksiya yaratmaq məqsədilə yalnız vaksin hazırlanmasında istifadə edilən teylerioz və spiroxetozun ştammları pasportlaşır. Onların pasportlaşma prinsipləri mikroorqanizm ştammlarının pasportlaşdırılmasına uyğun aparılır.

 

5. Mikroorqanizm ştammlarının saxlanması

5.1. Epizootik, istehsalat və nəzarət ştammları bir qayda olaraq qurudulmuş vəziyyətdə mənfi temperaturada saxlanmalıdır.

5.2. Epizootik ştammların nümunələri əldə olan təlimatlara uyğun olaraq ciddi nəzarət altında saxlanmalı və lazım gəldikdə onlardan vaksin və diaqnostikumlar hazırlamaq məqsədilə istifadə edilməlidir.

5.3. Milli Kolleksiya otaqları qurutma-soyuducu avadanlıqla təmin edilir, soyuducu qurğular və mikroorqanizm ştammları saxlanan otaq onların saxlanma rejiminə nəzarət etmək məqsədilə səs və işıq siqnalizasiyası ilə təmin edilməlidir. Milli Kolleksiyada mikroorqanizm ştammlarının dərin dondurulması məqsədilə orada mənfi temperatur yaradan soyuducu kamera və ehtiyat soyuducu olmalıdır.

5.4. Milli Kolleksiyada mikroorqanizm ştammlarının yararlılığına nəzarət məqsədilə vaxtaşırı olaraq onların aktivliyi yoxlanılır.

 

03.02.2015
535

Nəşrlər

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

  • 10(260) 27 oktyabr 2016-cı il

  • 09(259) 30 sentyabr 2016-cı il

Bannerlər