Heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi QAYDALARI

A+
A
A-

Heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi QAYDALARI

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

 

2007-ci il 5 oktyabr tarixli

 

156 nömrəli qərarı ilə

 

təsdiq edilmişdir

 

Heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem

 

əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi

 

QAYDALARI

 

 

1. Ümumi müddəa

Bu Qaydalar «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.12-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi mexanizmini müəyyən edir.

 

2. Heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına dövlət baytarlıq nəzarəti

2.1. Dövlət baytarlıq nəzarəti obyektlərində heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına baytarlıq nəzarəti məcburidir və bu nəzarət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti və onun yerli qrumları tərəfindən həyata keçirilir.

2.2. Bu qaydaların 2.1-ci bəndində göstərilən dövlət baytarlıq nəzarəti heyvanların, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması və satışı zamanı həyata keçirilir.

2.3. Cari il üçün dövlət baytarlıq nəzarəti obyektlərində nəzarət məqsədilə yoxlamaların aparılması identikləşdirmə məlumatlarından istifadə edərək ərazi üzrə dövlət baytarlıq orqanı tərəfindən planlaşdırılır. Yoxlamalar istehlakçıların müraciət və şikayətləri əsasında, eləcə də yoxlamanın nəticəsi üzrə hüquqi və fiziki şəxslər barədə görülən tədbirlərin icrasını yoxlamaq məqsədilə təkrar aparıla bilər.

2.4. Dövlət baytarlıq müfəttişi nəzarət və yoxlama tədbirlərini həyata keçirərkən:

2.4.1. Azərbaycan Respublikası qanunvericiliyinə, baytarlıq fəaliyyəti subyektlərinin hüquqi və qanuni mənafelərinə riayət etməyə;

2.4.2. nəzarət və yoxlamaları, onların keçirməsi haqqında qərara uyğun olaraq həyata keçirməyə;

2.4.3. nəzarət və yoxlama məqsədilə baytarlıq fəaliyyəti subyektlərinin binalarına, ərazilərinə, digər obyektlərinə yalnız obyektin iş günü və iş vaxtı ərzində və xidməti vəsiqəni təqdim etməklə daxil olmağa;

2.4.4. baytarlıq fəaliyyəti subyektlərinin nümayəndəsinin nəzarət və yoxlamanın həyata keçirilməsi prosesində iştirakına mane olmamağa, onlara yoxlamanın predmetinə aid izahatlar verməyə;

2.4.5. baytarlıq fəaliyyəti subyektlərinin vəzifəli şəxslərini və ya onların nümayəndələrini nəzarət və yoxlama tədbirlərinin nəticələri ilə tanış etməyə borcludurlar.

2.5. Heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən və yoluxucu xəstəliklərə görə sağlam olan təsərrüfatlardan çıxan heyvan, heyvan mənşəli məhsul və xammalın qəbuluna, saxlanmasına və satışına ərazinin səlahiyyətli dövlət baytarlıq orqanı tərəfindən yol verilir.

2.6. Heyvanların kəsimi, heyvan mənşəli məhsulların və xammalın emalı müəssisələrinin müdriyyəti məhsulların və xammalın normativ-texniki sənədlərə və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu yoxlamaq üçün həmin müəssisədə baytarlıq istehsalat - nəzarət bölmələri yaratmağa, həmçinin dövlət baytarlıq müfəttişlərinə baytarlıq nəzarətini həyata keçirmək üçün lazım olan şəraiti yaratmağa borcludurlar.

2.7. Obyektlərə daxil olan və orada istehsal edilən heyvan mənşəli məhsullar və xammal mütləq müvafiq baytarlıq (baytarlıq - sanitariya) ekspertizasından keçirilməli və onların sağlamlığını təsdiq edən ekspertiza aktı təqdim edildikdən sonra səlahiyyətli dövlət baytarlıq orqanı tərəfindən hər hansı bir məqsədlə istifadə edilməsinə icazə verilməlidir.

2.8. Dövlət baytarlıq orqanları belə obyektlərdə tədbirlərin aparılmasına baytarlıq-sanitariya baxımından sağlam məhsulların buraxılmasına, emal edilməsinə, saxlanmasına və satışına nəzarət etməklə yanaşı xəstəliklərə vaxtında diaqnoz qoyulmasını, xəstəlik baş verdiyi halda onun yayılmaması üçün heyvan sahiblərinin köməkliyi ilə xəstəliyin yerində ləğv edilməsini təmin etməlidirlər.

2.9. Xəstəliklərə diaqnoz qoyulması və ekseprtiza işlərinin tam aparılması mümkün olmadıqda heyvanlardan, habelə heyvan mənşəli məhsullardan və xammaldan ərazi dövlət baytarlıq orqanı tərəfindən müvafiq qaydada nümunələr götürülərək yoxlanmaq üçün ərazidəki dövlət baytarlıq laboratoriyalarına göndərilməlidir.

2.10. Ticarət təşkilatlarında, bazarlarda, ictimai yeməkxanalarda rayon və şəhərlərin dövlət baytarlıq orqanları heyvan mənşəli məhsulların baytarlıq-sanitariya baxımından qiymətləndirməsinə, məhsulların baytarlıq-sanitariya ekspertizasının nəticələrinin onlara verilən sənədlərə uyğun gəlməsinə, müşaiyətedici baytarlıq sənədlərinin, ştampların, möhürlərin, damğaların saxta olmamasına nəzarət etməlidirlər. Lazım gəldikdə həmin orqanlar tərəfindən məhsulun mənşəyi, onun tədarük edildiyi ərazinin epizootik vəziyyəti müəyyənləşdirilir, məhsullar baytarlıq- sanitariya tələblərinə cavab vermədikdə laboratoriyada yoxlanılmaqla onların keyfiyyətinə, insanların həyatı üçün təhlükəli olub-olmamasına nəzarət edilməlidir.

2.11. Dövlət baytarlıq nəzarətinin nəticələri müvafiq aktla rəsmiləşdirilir və nəticələr barədə təsərrüfat subyektlərinin «Nəzarət kitabçası»nda müvafiq qeydlər aparılır.

2.12. Baytarlıq fəaliyyətinin subyektləri nəzarət və yoxlama tədbirlərinin keçirilməsinə maneələr və əngəllər yaratmamalı, nəzarət və yoxlama tədbirlərini həyata keçirən dövlət baytarlıq müfəttişinin qanuni tələblərini yerinə yetirməlidirlər.

2.13. Dövlət baytarlıq orqanlarının vəzifəli şəxsləri təmsil etdikləri qurumun səlahiyyətlərinə aid olmayan tələblərin yerinə yetirilməsini yoxlamaq, nəzarət və yoxlama tədbirlərinin predmetinə aid olmayan məsələlər üzrə sənədləri, eyni zamanda müvafiq akt tərtib etmədən və normadan artıq nümunələri tələb etmək və götürmək hüququna malik deyildirlər.

2.14. Heyvan mənşəli məhsullar onlara verilən baytarlıq sənədlərinə uyğun gəlmədikdə, belə məhsulların saxlanması və istifadə müddəti bitdikdə, habelə keyfiyyəti itdikdə səlahiyyətli dövlət baytarlıq orqanının müfəttişi tərəfindən həmin məhsulun aqibəti barədə müvafiq qərar qəbul edilir.

 

3. Yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi

3.1. Ölkə ərazisində istehsal və ya idxal edilməsindən asılı olmayaraq heyvanların yemləndirilməsi üçün nəzərdə tutulan bütün növ yem və yem əlavələrində yoluxucu heyvan xəstəlikləri törədicilərinin aşkarlanması üçün onlar dövlət baytarlıq nəzarətindən keçirilməlidir. İstifadə üçün yararlı olduğu halda onun yararlılığı barədə səlahiyyətli dövlət baytarlıq orqanı tərəfindən müsbət rəy verilməlidir.

3.2. Yem və yem əlavələrinin dövriyyəsi zamanı onlara verilən müşayətedici baytarlıq sənədlərinin (baytarlıq şəhadətnamələrinin, sertifikatların) olmasına ərazi dövlət baytarlıq müfəttişi tərəfindən nəzarət edilməlidir.

3.3. Yem və yem əlavələri istehsal edən müəssisələrin baytarlıq-sanitariya vəziyyətinə ərazinin dövlət baytarlıq orqanının səlahiyyətli mütəxəssisi tərəfindən nəzarət edilməlidir.

3.4. Tərkibində heyvanların boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən antibiotiklər, hormonlar və bioloji stimulyator olan yem və yem əlavələrinin baytarlıq normalarının tələblərinə uyğunluğu səlahiyyətli dövlət baytarlıq orqanı tərəfindən yoxlanıldıqdan sonra onların tətbiqi həmin orqanın nəzarəti altında həyata keçirilməlidir.

3.5. Məhsul sahibləri tərəfindən istehsal və ya idxal-ixrac edilən hər bir partiya yem və yem əlavələrindən sınaq nümunələrinin, müvafiq sənədlərlə birlikdə müayinə edilməsi, zərərsizliyi və keyfiyyətinə rəy verilməsi, eləcə də dövlət qeydiyyatına alınması üçün Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi-Nəzarət İnstitutuna göndərilməsi təmin edilməlidir.

 

03.02.2015
693

Nəşrlər

  • 02(264) 23 fevral 2017-ci il

  • 01(263) 27 yanvar 2017-ci il

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

Bannerlər