Qaramalın qan-parazitar xəstəliyi olan teyleriozdan qorumasına dair tövsiyə

A+
A
A-

 

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvandarlıqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, havaların istiləşməsi və heyvanların otlaq şəraitinə çıxarılması ilə əlaqədar onlarda qan-parazitar xəstəliklərindən olan teyleriozu törədən gənələrin aktivləşməsi başlayır. Teylerioz xəstəliyinin və onun törədicisinin qarşısını almaq üçün fermerlər, sahibkarlar, heyvandarlıqla məşğul olan insanlar aşağıda qeyd olunan tövsiyələrə əməl edərlərsə, heyvanlarında baş verə bilən xəstəliyin qarşısını almış olarlar.

Qeyd edək ki, teylerioz respublikanın aran rayonlarında, əsasən, aprelin ikinci yarısından oktyabrın axırına, dağətəyi rayonlarda isə mayın ikinci yarısından sentyabrın birinci ongünlüyünə qədər baş verə bilir. Xəstəlik ən çox may, iyun və iyul aylarında müşahidə edilir.

Teyleriozun keçiriciləri olan otlaq gənələri heyvandarlıq binalarında yaşamağa uyğunlaşmışlar. Gənələr ferma həyətlərdə çox vaxt divarların dibindəki məsamələrdə, kərpiclərin və peyin qalıqlarının altında toplanırlar.

Xəstəlik tipindən asılı olaraq kəskin formada 6—25 gün davam edir. Xəstəliyin ilk əlaməti dərialtı limfa düyünlərinin (kürəkönü, dizönü və yelinəsası vəziləri) asimmetrik böyüməsi, heyvanın hərarətini yüksəlməsi (41-42°C-yə qədər yüksəlir),  tükünün pırpızlaşması və əvvəlki parlaqlığını itirməsi, inəklərdə südün azalması, bəzən heyvanın tamam süddən kəsilməsi müşahidə edilir. Heyvan əzginləşir, iştahası pozulur, selik təbəqələri hiperemiyalaşır, gözün konyuktivası şişir və ondan yaş, burun boşluğundan selik axır.

Heyvanlarda iştahanın pozulması, mədə önlüklərinin atoniyası halları baş verir, ürək və ağciyərin fəaliyyəti pozulur.

Xəstəliyin başlanğıcında tənəffüs sürətlənir (dəqiqədə 38—40), ritmik olur, həzm orqanları ciddi pozğunluğa uğrayır. Heyvan yemdən qaldıqca bağırsaqların peristaltikası zəifləyir, gövşəmə kəsilir. Mədə önlüklərində və bağırsaqlarda atoniya müşahidə olunur. Heyvanın kalının rəngi tündləşir. Qəbizlik və ishal bir-birini əvəz edir. Əksər hallarda kitabça quruyur. Nəticədə xəstə heyvan zəifləyir və arıqlayır. Ətraf və bədən əzələlərində əsmələr müşahidə olunur. Əzələlər haldan düşdükdən sonra isə heyvan yerdən qalxa bilmir.

Teylerioza qarşı profilaktiki mübarizədə əsas məqsəd piroplazmoz üçlük (keçirici kənə, parazit daşıyıcı və xəstəliyə həssas heyvan) adlanan bioloji «zənciri» qırmaqdan ibarətdir.

Ən sadə və əlverişli üsul teyleriozu keçirən gənələrin, heyvan üzərində, heyvandarlıq binalarında və otlaqlarda məhv edilməsidir. Heyvan üzərindəki gənələr mexaniki (əl ilə) olaraq ilin bütün fəsillərində toplamaqla və xüsusi akarisid maddələr işlətməklə məhv edilir.

Gənənin növü və yoluxmanın intensivliyindən asılı olaraq preparatlar ayda 1—2 dəfə tətbiq edilməlidir.

Heyvanlar ilin isti fəsillərində akarisid məhlullarla xüsusi vannalarda və çiləyici duş qurğularında çimizdirilir, heyvanların gəzinti sahələrinin dezakarizasiya edilməsi gənələrin xeyli azalmasına səbəb olur. Binaların daxilində həftədə bir dəfə gənələrə qarşı dezinseksiya tədbirləri aprılmalıdır.

Gənələrlə mübarizədə aqromeliorativ tədbirlər və növbəli otarma da mühüm rol oynayır.

Heyvanda qan-parazitar xəstəliyi baş verən zamanı heyvana diaqnoz qoyulmasında baytar həkiminin rəyi mütləqdir və laboratoriyada təsdiqlənməlidir.

Heyvanlarda teyleriozun müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır.

Təsərrüfat sahiblərinin və heyvandarlıq təsərrüfatlarında çalışanların bir daha nəzərinə çatdırırıq ki, heyvanlarda yuxarıda qeyd edilən əlamətlər müşahidə edilən və heyvanların ümumi narahatçılığı zamanı mütləq şəkildə sahə baytarlıq məntəqəsinin baytar həkimlərinə müraciət etsinlər. 

Dövlət Baytarlıq Xidməti bildirir ki, heyvanlarda qan-parazitar xəstəliklərinə, o cümlədən teylerioza qarşı aparılan profilaktika və  müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.

 

09.04.2019
29

Nəşrlər

  • 05-06(302) 24 aprel 2019-cu il

  • 04(301) 28 mart 2019-cu il

  • 03(300) 20 fevral 2019-cu il

  • 01-02(299) 29 yanvar 2019-cu il

Bannerlər