Epizootiya əleyhinə fövqəladə komissiyanın yaradılması və fəaliyyəti QAYDALARI

A+
A
A-

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

 

2007-ci il 5 oktyabr tarixli

 

156 nömrəli qərarı ilə

 

təsdiq edilmişdir

 

Epizootiya əleyhinə fövqəladə komissiyanın yaradılması və fəaliyyəti

 

QAYDALARI

 

 

1. Ümumi müddəa

Bu Qaydalar «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.44-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində və ya rayon (şəhər) daxilində heyvanların yoluxucu və digər kütləvi xəstəlikləri və zəhərlənmələri baş verdikdə onun yayılmasının qarşısını almaq və ləğv etmək üçün epizootiya əleyhinə fövqəladə komissiyaların (bundan sonra - komissiya) yaradılmasını və fəaliyyətini, habelə aidiyyəti dövlət orqanlarının vəzifələrini müəyyən edir.

 

2. Epizootiya əleyhinə fövqəladə komissiyasının yaradılması

2.1. Epizootiya əleyhinə fövqəladə komissiya Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublika və rayon (şəhər) üzrə yaradılır.

2.2 Respublika üzrə komissiyanın tərkibinə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Səhiyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər aidiyyəti dövlət orqanlarının səlahiyyətli nümayəndələri, rayon və şəhərlərdə isə yerli icra hakimiyyəti orqanlarının və adıçəkilən dövlət orqanlarının aidiyyəti yerli qurumlarının rəhbərləri və ya onların müavinləri daxil edilir.

2.3 Epizootiya əleyhinə fövqəladə komissiyanın say tərkibi baş vermiş xəstəliyin mahiyyətindən asılı olaraq orada iştirak edən dövlət orqanlarının sayı ilə müəyyən edilir. Komissiyanın sədri səlahiyyətli dövlət orqanı tərəfindən təyin edilir. Komissiyanın fəaliyyətinə sədr rəhbərlik edir.

 

3. Epizootiya əleyhinə fövqəladə komissiyanın fəaliyyəti

3.1. Epizootiya əleyhinə fövqəladə komissiyanın iclasları heyvanların yoluxucu və digər kütləvi xəstəlikləri və zəhərlənmələri baş verdikdə həmin xəstəliyin qısa müddətdə qarşısının alınması məqsədilə hazırlanıb təsdiq edilmiş tədbirlər planına uyğun olaraq çağrılır. Komissiyanın iclaslarında heyvan və insanlar üçün təhlükəli olan xəstəliklərə qarşı aparılan mübarizə işlərinin vəziyyəti müzakirə edilir, konkret təkliflər hazırlanıb həyata keçirilir.

3.2. Epizootiya əleyhinə fövqəladə komissiya heyvanların yoluxucu və digər kütləvi xəstəlikləri və zəhərlənmələrinin qarşısını almaq və ləğv etmək sahəsində dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirir, xəstəliyin xüsusiyyətlərindən asılı olaraq xəstəlik amilinin vaxtında aşkar edilməsini, onun yayılma radiusunun müəyyənləşməsini, ona qarşı ümumi və spesifik profilaktik tədbirlərin aparılması üçün lazım olan peyvənd vasitələrinin, dezinfeksiya maddələrinin, avadanlıq və s. ləvazimatların miqdarını dəqiqləşdirir, onların əldə edilməsi üçün maliyyə vəsaitinin ayrılması və ya maliyyə vəsaiti çatışmadıqda aidiyyəti dövlət orqanları qarşısında vəsatət qaldırılması məsələsinə baxır.

3.3. Epizootiya əleyhinə fövqəladə komissiyanın iclasları komissiyanın sədri tərəfindən təsdiq edilmiş iş planına uyğun olaraq keçirilir.

3.4. Epizootiya əleyhinə fövqəladə komissiyanın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır.

3.5. Epizootiya əleyhinə fövqəladə komissiyanın çıxardığı qərarlar iclasda iştirak edən komissiya üzvlərinin ümumi sayının sadə səs çoxluğu ilə qəbul edilir, komissiyanın sədri və üzvləri tərəfindən imzalanan protokolla rəsmiləşdirilir.

3.6. Epizootiya əleyhinə fövqəladə komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsi və kargüzarlıq işlərinin aparılması məqsədilə komissiyanın katibliyi yaradıla bilər.

3.7. Epizootiya əleyhinə fövqəladə komissiyanın fəaliyyətinin və xəstəliklərin qarşısının alınması və ləğvinə yönəldilmiş epizootiya əleyhinə tədbirlərin maliyyələşdirilməsi fövqaladə və əvvəlcədən nəzərə alına bilməyən hallara görə dövlət büdcəsinin vəsaiti hesabına aparılır.

3.8. Epizootiya əleyhinə fövqəladə komissiyanın çıxardığı qərarların bütün dövlət orqanları, fiziki və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər tərəfindən yerinə yetirilməsi məcburidir.

03.02.2015
441

Nəşrlər

  • 12(262) 23 dekabr 2016-cı il

  • 11(261) 25 noyabr 2016-cı il

  • 10(260) 27 oktyabr 2016-cı il

  • 09(259) 30 sentyabr 2016-cı il

Bannerlər