Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın ....

A+
A
A-

Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin verilməsi, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması QAYDALARI

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

 

2009-cu il 21 aprel tarixli

 

66 nömrəli qərarı ilə

 

təsdiq edilmişdir

 

Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya)vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin verilməsi, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması

 

QAYDALARI

 

 

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.7-ci, 1.16-cı və 1.25-ci bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin verilməsi, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması qaydalarını müəyyən edir.

1.2. Heyvan mənşəli məhsul, xammal, yem və yem əlavələrinin əsas anlayışı:

1.2.1. heyvan mənşəli məhsullar - ət, süd, yumurta, bal və s.

1.2.2. heyvan mənşəli xammal - gön, dəri, yun, tük, qıl, lələk, sümük, buynuz, dırnaq, qida və yem üçün yaramayan sair heyvan mənşəli tullantılar və baytarlıq konfiskatları.

1.2.3. yemlər - heyvan orqanizminin qida maddələrinə və bioloji fəal maddələrə olan tələbatını ödəyə bilən və heyvanların yemlənməsi üçün istifadə olunan hər cür təbii bitki və heyvan mənşəli məhsullar və onlardan heyvanların yemlənməsi üçün xüsusi hazırlanmış yem əlavələri və bioloji fəal maddələrlə zənginləşdirilmiş qarışıq yemlər.

1.2.4. yem əlavələri - yemlərin qidalılığını və onlardakı bioloji fəal maddələrin miqdarını heyvan orqanizminin tələbatına uyğun olaraq artırılması və yemlərin keyfiyyətinin qorunub saxlanması və mənimsənilməsinin yaxşılaşdırılması məqsədi ilə yemlərə əlavə edilən qidalı maddələr (ət-sümük unu, sümük unu, qan unu, balıq unu, toyuq unu, drojlar, (mayalar), jmıxlar, şrotlar, yağlar, aminli turşular və s.), bioloji fəal maddələr (vitaminlər, minerallar, mikroelementlər və s.), qoruyucular (stabilizatorlar, antioksidantlar, sorbentlər, antimikrob agentlər və s.), fermentlər və s.

 

2. Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili

2.1. Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə, hüquqi və fiziki şəxslər tərəfindən baytarlıq (baytarlıq-sanitariya) qaydalarına və normativlərinə əməl edilməsinə dövlət baytarlıq nəzarəti aşağıdakı qaydada aparılır:

2.1.1. mütəmadi kliniki baxış və laboratoriyada diaqnostik müayinələr aparmaqla heyvanların (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və s.) xəstəliklərə görə sağlamlığının, insan və heyvan həyatı üçün təhlükəli olub- olmamasının müəyyənləşdirilməsi;

2.1.2. bütün təsərrüfatlarda istehsal olunan heyvan mənşəli məhsulların və xammalın təhlükəsizliyinin və keyfiyyətinin təmin edilməsi məqsədilə baytarlıq tədbirlərinin görülməsi, müayinələrin aparılması;

2.1.3. ölkə ərazisinə başqa dövlətlərdən yoluxucu və ekzotik xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısının alınması;

2.1.4. heyvanların planlı profilaktik və ya məcburi peyvənd edilməsi, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması;

2.1.5. heyvanların və baytarlıq nəzarətində olan bütün məhsulların baytarlıq sənədlərinin vaxtında və düzgün tərtib olunması.

2.2. Ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın hər hansı bir inzibati ərazidən kənara çıxarılmasına yalnız həmin ərazinin dövlət baytarlıq müfəttişi tərəfindən belə yüklərə tərtib edilmiş müvafiq arayış (yük rayon (şəhər) ərazisindən kənara çıxarılmadıqda) (1 saylı Əlavə) və ya şəhadətnamə (ölkə ərazisində daşınması üçün) (2 və 3 saylı Əlavələr) verildikdə yol verilir.

2.3. Dövlət baytarlıq nəzarətində olan və ölkə ərazisində daşınan yeyinti məhsullarına baytarlıq şəhadətnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş «Baytarlıq şəhadətnaməsinin forması» və «Yeyinti məhsullarına baytarlıq şəhadətnaməsinin verilməsi Qaydası»na uyğun verilir.

2.4. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti aparılan bütün ticarət yerlərində dövlət baytarlıq nəzarətində olan yüklərin onlara verilən baytarlıq sənədlərinə uyğunluğunun qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılması, insan sağlamlığına zərər verə bilən heyvan mənşəli məhsullara və xammala baytarlıq baxışının keçirilməsi məcburidir.

 

3. İdxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və onların ölkə ərazisinə gətirilməsi və ölkə ərazisindən çıxarılması

3.1. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və ölkə ərazisindən aparılmasına yalnız dövlət sərhədinin buraxılış məntəqələri olan yerlərdə yol verilir.

3.2. Dövlət baytarlıq nəzarətində olan baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxalı və ixracı müvafiq qanunvericilik aktı ilə tənzimlənir.

3.3. Azərbaycan Respublikasının ərazisinə heyvanların, həmçinin inkubasiya üçün yumurtaların idxalı «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununun 14.2 bəndinə uyğun olaraq tənzimlənir.

3.4. Dövlət baytarlıq nəzarətində olan yüklər Azərbaycan Respublikasına göndərilməzdən əvvəl həmin yüklərə «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununun 14.3 bəndinə uyğun olaraq beynəlxalq baytarlıq sertifikatı verilir.

3.5. Beynəlxalq baytarlıq sertifikatlarının qarşılıqlı surətdə tanınması qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.

3.6. İnsanların qidalanması üçün ət, süd və digər heyvan mənşəli məhsulların ixracı «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununun 14.5 bəndinə uyğun tənzimlənir.

3.7. Heyvanların yemləndirilməsi, əczaçılıq, kənd təsərrüfatı və sənaye üçün istifadə edilməsi məqsədilə heyvan mənşəli məhsullar Azərbaycan Respublikasının ərazisindən ixrac edildikdə Beynəlxalq Epizootik Büronun tövsiyələrinə əsasən bu Qaydaların 5-ci bəndinə uyğun hazırlanmış müvafiq beynəlxalq baytarlıq sertifikatı ilə təmin edilməlidir.

3.8. Kolleksiya məqsədilə əldə olunan zooloji, arxeoloji və paleontoloji əşyalar (heyvanların müqəvvası, ölmüş heyvanların qalıqları və digər kolleksiya əşyaları) inzibati ərazinin Beynəlxalq Epizootik Büronun siyahısına daxil olan xəstəliklərdən azad olması haqqında müvafiq baytarlıq sənədi ilə müşayət edilməlidir.

3.9. Virus və bakterial kulturaların, genetik strukturların, o cümlədən toksinlərin (biomaterialların) idxalı və ixracı beynəlxalq razılaşmalara və baytarlıq-sanitariya tələblərinə riayət etməklə həyata keçirilir.

3.10. Kökünün kəsilməsi təhlükəsi altında olan vəhşi heyvan növlərinin, onların törəmələrinin və ov qənimətlərinin Azərbaycan Respublikasına idxalına, onları ixrac edən ölkənin bu sahədə müvafiq orqanlarının icazəsi olduqda yol verilir.

3.11. Dövlət baytarlıq nəzarətində olan yüklərin ixracı və idxalı Dövlət Baytarlıq Xidməti və onun yerli qurumları tərəfindən həmin ölkələrdə epizootik vəziyyət, heyvan xəstəlikləri törədicilərinin yayılmasını istisna edən baytarlıq baytarlıqsanitariya) qaydaları barədə əvvəlcədən məlumatlar almaqla həyata keçirilir.

3.12. Ölkə ərazisinə dövriyyəyə buraxılmış dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq-sanitariya baxımından qiymətləndirilməsi (emala verilməsi, yem üçün istifadəsi, zərərsizləşdirilməsi, məhv edilməsi və s.) üçün nümunələrin götürülməsi həmin ərazinin dövlət baytarlıq müfəttişləri tərəfindən həyata keçirilir.

3.13. Ölkə ərazisini xaricdən keçə biləcək xəstəliklərdən qorumaq məqsədilə başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün həmin heyvanlar təcrid edilmiş halda karantində saxlanılır.

3.14. Bu Qaydalara uyğun olaraq heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, ixracına, ölkə ərazisində daşınmasına baytarlıq sənədlərinin (sertifikat, şəhadətnamə, arayış) verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hallarda və məbləğdə dövlət rüsumu və ya haqq tutulur.

 

4. İdxal edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala verilmiş baytarlıq sənədlərinə baxış keçirilməsi

4.1. Xarici ölkələrdən heyvanların, heyvan mənşəli məhsulların və xammalın ölkə ərazisinə gətirilməsi həmin ölkənin epizootik vəziyyəti və Azərbaycan Respublikasının baytarlıq (baytarlıq-sanitariya) tələbləri nəzərə alınmaqla və belə yüklərə Beynəlxalq Epizootik Büronun tövsiyələrinə uyğun tərtib edilmiş müvafiq baytarlıq sertifikatı olduqda yol verilir.

4.2. Daşıyıcı və ya malı müşayət edən şəxs tərəfindən heyvan, heyvan mənşəli məhsullar və xammal Azərbaycan Respublikasının ərazisinə idxal edilərkən baytarlıq sertifikatlarının əsli dövlət sərhədinin buraxılış məntəqəsinə təqdim olunur.

4.3. Heyvanlar, heyvan mənşəli məhsullar və xammal ölkə ərazisinə daxil olduqda və qüvvədə olan baytarlıq (baytarlıq-sanitariya) qanunvericiliyinin tələbləri pozulmadıqda belə yüklərə verilmiş beynəlxalq baytarlıq sertifikatı əsasında yükün buraxılması baytarlıq haqqında Azərbaycan Respublikası qanununda müəyyən olunmuş qaydada həyata keçirilir.

4.4. Heyvanlara, heyvan mənşəli məhsullara və xammala, yem və yem əlavələrinə verilmiş baytarlıq sertifikatının sahibi ona verilən sənədi yalnız özü istifadə edə bilər.

4.5. Baytarlıq sertifikatı müxtəlif xətlə, rənglə və şriftlə yazıldıqda, düzəliş edildikdə, möhürsüz olduqda, yaxud möhür aydın oxunmadıqda, sənədi imzalayan şəxsin imzası, tam vəzifəsi və soyadı, adı qeyd edilmədikdə, sənədin verilmə tarixi və tələb olunan digər məlumatlar göstərilmədikdə etibarsız sayılır.

 

5. İxrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala baytarlıq sertifikatının verilməsi

5.1. Azərbaycan Respublikasından ixrac olunan heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq sahəsi üzrə beynəlxalq standartların tələblərinə uyğun olmasını təmin etmək məqsədi ilə belə yüklərin baytarlıq sertifikatlaşdırılması aparılır.

5.2. Baytarlıq sertifikatları və ya onların elektron əvəzediciləri Beynəlxalq Epizootik Büronun tövsiyələri nəzərə alınmaqla tərtib edilir və Dövlət Baytarlıq Xidmətinin yerli qurumları tərəfindən verilir.

5.3. Baytarlıq sertifikatının alınması üçün fiziki və ya hüquqi şəxs (bundan sonra - ərizəçi) heyvanları, heyvan mənşəli məhsulları və xammalı xarici ölkəyə yola salmazdan ən azı 5 (beş) gün əvvəl dövlət baytarlıq orqanına ərizə ilə müraciət etməlidir (fiziki şəxslər adını, soyadını, atasının adını, qeydiyyatda olduğu ünvanı, hüquqi şəxslər isə dövlət qeydiyyatı haqqında məlumatları qeyd etməlidirlər). Təqdim olunan ərizə dövlət baytarlıq orqanı tərəfindən qəbul edilir və qeydə alınır.

5.4. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır: 5.4.1. sertifikatın verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbz;

5.4.2. sertifikatın verilməsi üçün nəzərdə tutulan yüklərin təsviri: ixrac olunan heyvanların, heyvan mənşəli məhsulların və xammalın adı, miqdarı (sayı) və mənşəyi (damazlıq heyvanlar ixrac edilərkən müvafiq dövlət orqanının rəyi əlavə edilir); idxalçı ölkənin adı və yükün daxilolma ünvanı; heyvanların, heyvan mənşəli məhsulların və xammalın yüklənmə yeri və tarixi;

5.4.3. idxal edən ölkənin baytarlıq-sanitariya tələbləri.

5.5. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunmasına yol verilmir.

5.6. Dövlət baytarlıq orqanları tərəfindən ixrac olunan heyvanlara, heyvan mənşəli məhsullara və xammala onların xüsusiyyətləri, ərazinin epizootik vəziyyəti nəzərə alınaraq baytarlıq (baytarlıq-sanitariya) tələblərinə uyğun baxış keçirilir, müayinələr aparılır və imtina üçün əsaslar olmadıqda yükə 3 (üç) iş günü müddəti ərzində yükün növündən asılı olaraq bu Qaydaların 4-18 saylı Əlavələrinə uyğun tərtib edilmiş baytarlıq sertifikatı verilir.

5.7. Kökünün kəsilməsi təhlükəsi altında olan vəhşi heyvan növlərinin, onların törəmələrinin və ov qənimətlərinin Azərbaycan Respublikasından çıxarılmasına Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olduqda yol verilir.

5.8. Baytarlıq sertifikatı eyni nömrədə 2 (iki) nüsxədə hazırlanır, onun bir nüsxəsi ərizəçiyə verilir, digər nüsxəsi isə sənədi vermiş dövlət baytarlıq orqanında saxlanılır.

5.9. Baytarlıq sertifikatı verildiyi tarixdən 10 (on) gün müddətində istifadə edilməklə həmin yükün çatdırılacağı təyinat yerinədək qüvvədədir.

5.10. Heyvanlara, heyvan mənşəli məhsullara və xammala verilmiş baytarlıq sertifikatın sahibi ona verilən sertifikatı yalnız özü istifadə edə bilər.

5.11. Sertifikat xüsusi blanklarda tərtib edilir və mühafizə olunur. Baytarlıq sertifikatı ciddi hesabat blankıdır və onu verən dövlət baytarlıq orqanının rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiqlənir.

5.12. Baytarlıq sertifikatının düzgün tərtib olunmasına və qanunvericiliyin tələblərinə uyğun gəlməsinə belə sənədi vermiş dövlət baytarlıq orqanının rəhbəri bilavasitə məsuliyyət daşıyır.

5.13. Sertifikat hər hansı səbəbdən itirildikdə, onun qanunvericiliyə uyğun olaraq dublikatı verilir.

5.14. Sertifikat müxtəlif xətlə, rənglə və şriftlə yazıldıqda, düzəliş edildikdə, möhürsüz olduqda, yaxud möhür aydın oxunmadıqda, sənədi imzalayan şəxsin imzası, tam vəzifəsi və soyadı, adı qeyd edilmədikdə, sənədin verilmə tarixi və tələb olunan digər məlumatlar göstərilmədikdə etibarsız sayılır.

5.15. Baytarlıq sertifikatının verilməsinə aşağıdakı hallarda imtina edilir:

5.15.1. bu Qaydaların 5.3-cü və 5.4-cü bəndlərində müəyyən edilmiş sənədlər təqdim edilmədikdə;

5.15.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

5.15.3. baytarlıq baxışı zamanı heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli xəstəliklər aşkar edildikdə;

5.15.4. göndərilən yüklər baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab vermədidkə;

5.15.5. qanunvericiliklə müəyyən edilmiş digər hallarda.

5.16. Baytarlıq sertifikatının verilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə imtinanın səbəbləri göstərilməklə, 3 (üç) iş günü müddətində yazılı məlumat verilir.

5.17. Baytarlıq sertifikatının verilməsindən imtina barədə qərardan qanunvericiliyə uyğun olaraq aidiyyəti dövlət orqanına və ya məhkəməyə şikayət verilə bilər.

5.18. Baytarlıq sertifikatı aşağıdakı hallarda ləğv edilir:

5.18.1. sertifikatın sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

5.18.2. sertifikatın sahibi tərəfindən baytarlıq (baytarlıq-sanitariya) tələblərinə əməl edilmədikdə;

5.18.3. məhkəmənin müvafiq qərarı olduqda;

5.18.4. hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs öldükdə;

5.18.5. qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.

5.19. Baytarlıq sertifikatını verən dövlət baytarlıq orqanı sertifikatın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 3 (üç) iş günü müddətində yazılı surətdə sertifikatın sahibinə məlumat göndərir.

5.20. Dövlət baytarlıq nəzarətində olan yüklərə baytarlıq sertifikatını verən dövlət baytarlıq orqanı həmin sertifikatın ləğv olunması barədə kütləvi informasiya vasitələri ilə məlumat yayır.

5.21. Heyvanlar, heyvan mənşəli məhsullar və xammal dövlət sərhədindən keçərkən onlara verilmiş baytarlıq sertifikatı dövlət sərhədinin buraxılış məntəqəsinə təqdim edilir. Dövlət sərhədinin buraxılış məntəqəsi tərəfindən təqdim edilmiş sertifikatda müvafiq qeydlər aparılmaqla həmin yüklər açılmadan, bölünmədən, digər yüklərə qarışdırılmadan və yenidən qablaşdırılmadan müəyyən olunmuş qaydada yola salınır.

5.22. Yükdə və ya onun daşındığı nəqliyyat vasitələrində baytarlıq (baytarlıq- sanitariya) qaydalarının pozulması halları aşkar olunduqda gömrük orqanlarının bildirişinə əsasən dövlət baytarlıq müfəttişləri tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görülür.

 

6. Dövlət baytarlıq nəzarətində olan yüklərin ölkə daxilində daşınması

6.1. Azərbaycan Respublikasının ərazisində dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasına baytarlıq nəzarəti bu yüklərin tranziti və respublika daxilində yerdəyişməsi ilə əlaqədar həyata keçirilir.

6.2. Dövlət baytarlıq nəzarətində olan yüklərin tranziti "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir.

6.3. Dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasının ərazisində daşınmasına baytarlıq nəzarəti aşağıdakıları əhatə edir:

6.3.1. dövlət baytarlıq nəzarətində olan yüklərin yüklənməsinin və boşaldılmasının dövlət baytarlıq müfəttişlərinin nəzarəti altında həyata keçirilməsini;

6.3.2. kənd təsərrüfatı heyvanlarının köç yolları və daşınma marşrutlarının aidiyyəti orqanlarla müəyyən edilməsini və müvafiq ərazilərin baş dövlət baytarlıq müfəttişi ilə razılaşdırılmasını;

6.3.3. Dövlət baytarlıq nəzarətində olan yüklərin daşınmasında istifadə edilən nəqliyyat vasitələrinin (konteynerlərin) beynəlxalq standartlara uyğun hazırlanmasını və istifadə olunmasını.

6.4. Dövlət baytarlıq nəzarətində olan yüklərin daşınması üçün baytarlıq sənədlərinin tərtibatı idxal-ixrac edən ölkələrin dövlət baytarlıq orqanları tərəfindən, digər işlər isə (nəqliyyatla təminat və s.) yük göndərən və ya yük qəbul edən şəxslər tərəfindən həyata keçirilir.

6.5. Ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan qonşu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə keçən nəqliyyat vasitələri gömrük orqanları tərəfindən məcburi dezinfeksiya edilməlidir.

6.6. Dövlət baytarlıq nəzarətində olan yüklərin tranziti onları göndərən və alan ölkələrin müvafiq ərazilərinin epizootik salamatlığı təsdiq olunarsa həyata keçirilir.

 

03.02.2017
2030

Nəşrlər

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

  • 09(271) 22 iyun 2017-ci il

  • 07-08(269-270) 25 may 2017-ci il

Bannerlər