Xüsusi təhlükəli xəstəliklər baş verdikdə karantin və digər məhdudiyyət tədbirlərinin tətbiqi Q A Y D A L A R I

A+
A
A-

 

 

 

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

2007-ci il 5 oktyabr tarixli

156 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Xüsusi təhlükəli xəstəliklər baş verdikdə karantin və digər məhdudiyyət tədbirlərinin tətbiqi

Q A Y D A L A R I

 

 1. Ümumi müddəalar

Bu Qaydalar "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.14-cü, 1.15-ci və 1.43-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və karantin qoyulan ərazidə qoruyucu-karantin, xəstəliyin profilaktikası məqsədi ilə aparılan spesifik baytarlıq və digər lazımi tədbirlərin həyata keçirilməsini, baş vermiş xəstəliyin yayılma təhlükəsi olan zonalarda məhdudiyyət və xəbərdarlıq təyinatlı tədbirlərin görülməsini müəyyən edir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 iyul tarixli 167 nömrəli və 2006-cı il 19 oktyabr tarixli 228 nömrəli qərarları ilə təsdiq edilmiş "Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli xəstəliklərin Siyahısı" və "Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən yoluxucu heyvan xəstəliklərinin Siyahısı"nda göstərilən xəstəliklər baş verdikdə, karantin və məhdudlaşdırıcı tədbirlər tətbiq edilir.

 

2. Heyvanların xüsusi təhlükəli xəstəlikləri, o cümlədən heyvan və insanlar üçün ümumi olan xəstəliklər baş verdiyi ölkə və regionlardan heyvan və heyvandarlıq məhsullarının idxalına, ixracına məhdudiyyət və qadağaların qoyulması

Heyvanların xüsusi təhlükəli xəstəlikləri, o cümlədən heyvan və insanlar üçün ümumi olan xəstəliklərin baş verdiyi ölkələrdən və regionlardan heyvanların, heyvan mənşəli məhsulların, yem və yem əlavələrinin idxal və ixracına məhdudiyyət və qadağalar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (bundan sonra - Dövlət Baytarlıq Xidməti) tərəfindən qoyulur.

Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalı zamanı ölkə ərazisinə təhlükəli yoluxucu xəstəliklərin daxil olmasına və yayılmasına yol verməmək məqsədi ilə Dövlət Baytarlıq Xidməti tərəfindən yüklərin idxal edildiyi ölkənin dövlət baytarlıq orqanından və ya onun ərazi bölmələrindən həmin ölkənin epizootik vəziyyəti və yüklərin xüsusi təhlükəli xəstəliklərə görə sağlam olması barədə əvvəlcədən rəsmi məlumat alınmalıdır.

Dövlət baytarlıq müfəttişi tərəfindən baxış keçirilərkən heyvanların təhlükəli xəstəliklərindən hər hansı birinə görə xəstə və ya onun törədicisi ilə yoluxmuş olması, habelə beynəlxalq baytarlıq sertifikatının düzgün tərtib edilməməsi müəyyən edilərsə, həmin yükün tranzitinin qadağan edilməsi, yoluxucu xəstəlik diaqnozu təsdiq edildikdə həmin heyvanların (heyvan partiyasının) ixrac edən ölkəyə qaytarılması, kəsimi və ya məhv edilməsi haqqında qərar qəbul edilə bilər.

İdxal edilən heyvanlar, heyvan mənşəli məhsullar, yem və yem əlavələri ölkə ərazisinə daxil olduqdan sonra onlarda xüsusi təhlükəli xəstəliklər aşkar edildikdə, xəstəliyin yerində məhv edilməsi və yayılmaması üçün hər bir xəstəliyə uyğun karantin tədbirlərinə əməl edilməklə dezinfeksiya işləri həyata keçirilir.

Xəstəlik aşkar edilən ərazidən heyvanların, heyvan mənşəli məhsulların, yem və yem əlavələrinin və s. kənara çıxarılması ərazinin dövlət baytarlıq müfəttişi tərəfindən qadağan edilir, orada ciddi karantin tədbirləri həyata keçirilir. Aşkar edilmiş xəstəlik ekzotik xəstəlik olduqda isə heyvanların və onların məhsullarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş "Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə, həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları"na uyğun olaraq yerində məhv edilməsi məsələsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq orqanlarının iştirakı ilə həll edilir.

3. Karantin və məhdudlaşdırıcı tədbirlər

Xəstəlik mənbəyində və xəstəliyə görə qeyri-sağlam məntəqələrdə xüsusi təhlükəli xəstəliklərin, o cümlədən heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərin baş verdiyi halda xəstəliyin dərəcəsindən asılı olaraq onun yerində ləğv edilməsi və yayılmasının qarşısını almaq məqsədi ilə karantin və ya məhdudlaşdırıcı tədbirlər həyata keçirilir.

Heyvanların xüsusi təhlükəli xəstəliklərinin yayılması dərəcəsindən asılı olaraq, xəstəlik bir rayonun ərazisində və ya ərazi vahidində baş verdikdə, ərazi baş dövlət baytarlıq müfəttişinin, bir neçə rayonda, bölgədə və ya respublikanın bütün ərazisində isə respublikanın baş dövlət baytarlıq müfəttişinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə birgə təqdimatı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə karantin və ya məhdudiyyət tədbirləri tətbiq edilir.

Karantin və məhdudiyyət tədbirləri aşağıdakıları əhatə edir:

infeksiya mənbəyinin müəyyənləşdirilməsi, onun zərərsizləşdirilməsi və ləğv edilməsi;

xəstəliyə yoluxma təhlükəsi olan heyvanlarda peyvənd vasitəsi ilə immunitetin yaradılması;

epizootiya ocağında infeksiyanın yayılmasının qarşısını almaq məqsədi ilə ərazidə olan heyvan mənşəli məhsulların, xammalın, yemin, peyinin, istehsalat tullantılarının zərərsizləşdirilməsi, dezinfeksiyası, mühafizə- məhdudlaşdırıcı tədbirlərin planlı və məqsədyönlü aparılması.

Karantin və məhdudiyyət qoyulan ərazidə sağlamlaşdırma məqsədi ilə tədbirlər planı hazırlanır və orada görülən işlərin adları və icra müddəti göstərilir.

Səlahiyyətli dövlət orqanı tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, karantin tədbirlərini həyata keçirmək üçün infeksiya zonasına gedən yolun kənarında "Karantin" sözü yazılmış xüsusi lövhə asılır. Əraziyə gələn əsas yol saxlanmaqla, digər yollar müəyyənləşdirilərək bağlanır. Əsas yolda bütün gün ərzində fəaliyyət göstərən birgə karantin polis və baytarlıq nəzarəti postu yaradılır və şlaqbaum qoyulur. Həmin yerdə dezinfeksiya sədləri (dezobaryer) düzəldilir, eyni zamanda yemlərin, ləvazimatların, avadanlıqların və digər əşyaların gətirilməsi üçün yükboşaltma meydançası təşkil edilir.

Karantin müddətində həmin ərazidə yerləşən bazarların, heyvan tədarükü (kəsimi) məntəqələrinin, əlaqəli müəssisələrin, həmçinin yarmarkaların, hərracların, sərgilərin, dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin kütləvi toplanılan yerlərinin fəaliyyəti ərazinin dövlət baytarlıq müfəttişinin müvafiq qərarı ilə müvəqqəti dayandırılır.

Xüsusi təhlükəli yoluxucu xəstəlik aşkar edilən ərazinin ətraf təsərrüfatlarla bütün əlaqələri kəsilir, ərazidən keçən sərnişin daşınmasında iştirak edən nəqliyyat vasitələrinin marşrutu dəyişdirilir. Ərazinin dövlət baytarlıq müfəttişinin müvafiq qərarı ilə ərazidə baytarlıq nəzarətində olan yüklərin dəmiryol stansiyaları, hava və su limanları vasitəsi ilə başqa yerlərə aparılmasına və həmin yüklərdən ibarət poçt bağlamalarının göndərilməsinə qadağa qoyulur.

Xüsusi təhlükəli xəstəliklər baş verdikdə, səlahiyyətli dövlət orqanı tərəfindən yaradılmış epizootiya əleyhinə fövqəladə komissiya tərəfindən infeksiya mənbəyinin ətrafında xəstəliyin yayılma təhlükəsi olan zonalar və onun sərhədləri xəstəliyin növündən və yayılma dərəcəsində n asılı olaraq (infeksiya ocağının, təhlükəli zonanın və baytarlıq nəzarətində olan zonanın radiusları) müəyyənləşdirilir.

Xüsusi təhlükəli yoluxucu xəstəlik heyvandarlıq və ya quşçuluq təsərrüfatında baş verdikdə, sanitar-buraxılış məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, heyvanlara və ya quşlara qulluq edən şəxslər təsərrüfatdan kənara çıxarkən, tam baytarlıq-sanitariya işləməsindən keçirilir, təsərrüfatın rəhbəri tərəfindən onlar karantin dövründə xüsusi geyim, rezin çəkmə və s. ləvazimatlarla təmin edilir.

Geniş yayılma qorxusu olmayan yoluxucu xəstəliklər (nekrobakterioz, qaramalın çiçəyi, atların saqqosu və s.) baş verdikdə, karantin tədbirləri əvəzinə məhdudiyyət tədbirləri həyata keçirilir.

Karantin və ya məhdudiyyət tədbirləri zamanı xəstə və xəstəliyə şübhəli heyvanlar dövlət baytarlıq müfəttişinin nəzarəti altında şərti sağlam heyvanlardan ayrılır. Xəstə heyvanların ayrıca saxlanması üçün izolyator yaradılır. İzolyator sağlam heyvanlar saxlanan yerdən 100 metr aralıda təşkil edilir.

Heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı ilə məşğul olan fiziki və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər karantin və məhdudlaşdırıcı tədbirlər qoyulduqda, xəstəliyin yayılmaması üçün nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsinə və baytarlıq-sanitariya tələblərinə ciddi əməl etməlidirlər.

Xüsusi təhlükəli xəstəlik baş verdiyi ərazidə nəzərdə tutulan kompleks baytarlıq tədbirləri həyata keçirildikdən sonra bu ərazidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə karantin və ya məhdudiyyət tədbirlərinin tətbiqi dayandırılır. Zəruri hallarda baytarlıq tədbirlərinin həyata keçirilməsi üçün karantinin götürülməsi barədə qərarda müəyyən məhdudiyyət tədbirlərinin davam etdirilməsi göstərilə bilər.

4. Xüsusi baytarlıq tədbirləri

Qoyulmuş karantin və məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsində müvafiq təşkilati, təsərrüfat və baytarlıq tədbirlərinin aparılmasına xəstəlik baş vermiş müəssisə və təşkilatların rəhbərləri, kənd, qəsəbə və şəhər bələdiyyə orqanları və həmin ərazinin dövlət baytarlıq xidməti işçiləri cavabdehlik daşıyırlar.

Karantin və məhdudlaşdırıcı tədbirlər tətbiq edildikdə, ilk növbədə xəstəlik mənbəyində və təhlükəli zonada xəstəliyə həssas heyvanların miqdarı müəyyənləşdirilir, ekzotik infeksiyalar zamanı xəstə və şübhəli heyvanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş "Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə, həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi

və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları"na uyğun olaraq yerində məhv edilir, digər hallarda isə onlar müalicəyə cəlb edilirlər. Xəstə heyvanların müalicəsi üçün lazım olan bioloji və digər baytarlıq preparatları Dövlət Baytarlıq Xidməti tərəfindən təmin edilir.

Spesifik serumla passiv peyvənd edilmiş heyvanlar sağaldıqdan sonra onlar baytar mütəxəssisləri tərəfindən termometriyadan keçirilir, əldə olan peyvənd vasitələri ilə əvvəlki peyvəndləmənin aparılma vaxtından asılı olmayaraq xəstəlik mənbəyində və ona qonşu ərazilərdə mövcud olan bütün həssas heyvanlar dövlət baytarlıq orqanı tərəfindən məcburi (aktiv) peyvəndləməyə cəlb olunaraq siyahı tutulur və bu barədə akt tərtib edilir.

Xəstəlik aşkar edilmiş ərazi mexaniki təmizlənməklə vaxtaşırı məcburi dezinfeksiya edilir, xəstəlik tam ləğv edildikdən sonra dövlət baytarlıq orqanı tərəfindən dezinfeksiya maddələri ilə son dezinfeksiya aparılır və bu barədə akt tərtib olunur.

Xəstəliyin transmissiv keçiricisi olan qansoran həşəratların məhvi üçün dezinseksiya, gəmiricilərin məhv edilməsində isə dövlət baytarlıq orqanı tərəfindən deratizasiya işləri həyata keçirilir və bu barədə akt tərtib olunur.

Karantin və məhdudlaşdırıcı tədbirlərin müddəti xəstəliyin inkubasiya dövründən və axırıncı xəstənin kliniki sağalmasından sonra müəyyənləşdirilir.

5. Xəstəliklə yoluxma zonasında təcrid rejiminin saxlanması məqsədi ilə birgə karantin polis və baytarlıq nəzarəti postlarının müəyyən edilməsi qaydaları

Baytarlıq (baytarlıq-sanitariya) baxımından sağlam ərazilərdə heyvan və insanlar üçün ümumi olan iti və tez yayılan yoluxucu xəstəliklər (dabaq, qrip, taun və s.) baş verdiyi hallarda xəstəliklə yoluxma zonasında təcrid rejimini saxlamaq, infeksiya ocağından amilin kənara yayılmasının qarşısını almaq məqsədi ilə Dövlət Baytarlıq Xidmətinin və daxili işlər orqanlarının iştirakı ilə birgə karantin polis və baytarlıq nəzarəti postları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılır, sayı və yerləşdirilməsi müəyyən edilir.

Mövcud epizootik vəziyyətdən asılı olaraq birgə karantin polis və baytarlıq nəzarəti postları respublikalararası, rayonlararası, təsərrüfatlararası və ayrıca təsərrüfatda və s. yaradıla bilər.

Birgə karantin polis və baytarlıq nəzarəti postlarının maliyyələşdirilməsi epizootiya əleyhinə tədbirlərin yerinə yetirilməsinə ayrılmış büdcə vəsaiti hesabına aparılır.

İti yoluxucu xəstəliklərə görə qeyri-sağlam məntəqədə xüsusi baytarlıq-sanitariya tədbirləri həmin ərazinin dövlət baytarlıq müfəttişinin göstərişinə əsasən aparılır.

Baş vermiş epizootiyanın ləğvi məqsədi ilə birgə karantin polis və baytarlıq nəzarəti postlarında görüləcək işlər barədə epizootiya əleyhinə fövqəladə komissiya tərəfindən operativ tədbirlər planı tərtib edilir.

Xəstəlik ocağının ləğv edilməsi üçün baytarlıq-sanitariya və karantin tədbirlərinin vaxtında və keyfiyyətli aparılmasına bilavasitə ərazinin baytarlıq xidməti və təsərrüfat subyektləri məsuliyyət daşıyırlar.

Xəstəlik baş vermiş ərazidə əhali və heyvandarlıqla məşğul olan şəxslər arasında vaxtaşırı baytarlıq-sanitariya tədbirləri, kənd təsərrüfatı heyvanlarının və quşların yoluxucu xəstəliklərinin ləğv edilməsi məsələləri barədə baytarlıq-maarifləndirmə işləri aparılmalıdır.

Birgə karantin polis və baytarlıq nəzarəti postları mütəmadi olaraq dezinfeksiyaedici texnika və dezinfeksiya maddələri ilə təmin edilməlidirlər.

Xəstəlik ocağında karantin tələblərinə əməl edilməklə, vaxtında dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmalıdır.

5.10. Karantin polis və baytarlıq nəzarəti postlarının işçiləri xüsusi sanitar geyim forması (ayaqqabı, çəkmə, xalat, kombinezon, rezin əlcək, papaq və s.) ilə təmin edilməlidirlər.

5.11. Xəstəlik baş vermiş ərazidə epizootik vəziyyət tam öyrənildikdən, karantin və məhdudiyyət tədbirləri başa çatdıqdan sonra birgə karantin polis və baytarlıq nəzarəti postlarının götürülməsi mümkünlüyünə baxılır.

 

03.02.2017
1567

Nəşrlər

  • 15(277) 17 oktyabr 2017-ci il

  • 13-14(275-276) 07 sentyabr 2017-ci il

  • 12(274) 15 avqust 2017-ci il

  • 10-11(272-273) 19 iyul 2017-ci il

Bannerlər