YAYLAQLARA APARILAN HEYVANLAR SAĞLAM OLMALIDIR

A+
A
A-

 

 

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, havalar istiləşdikcə heyvanların yaylaqlara aparılması aktuallaşır. Odur ki, heyvanlar yaylaqlara aparılarkən çalışmaq lazımdır ki, onların sağlamlığı pozulmasın və qısa müddətdə təyin olunmuş yerə çatdırılsın, habelə heyvanlar arasında tələfat baş verməsin. Bunun üçün aşağıdakı şərtlərə əməl olunmalıdır:

-bir yerdən başqa yerə yoluxucu xəstəliklərə görə sağlam olan təsərrüfatlardakı heyvanlar köçürülməlidir;

-xəstə və arıq heyvanların sağlamlarla birlikdə köçürülməsinə yol verilməməlidir;

-köçürüləcək heyvanlar əvvəlcə klinik müayinədən keçirilməli, lazımi baytarlıq-sanitariya tədbirləri və peyvəndlər aparılmalıdır;

-köçə hazır olmayan arıq, axsaq, qoca heyvanlar seçilərək sürüdən ayrılmalıdır;

-xroniki infeksion xəstəliklərə tutulmuş (vərəm, bruselyoz, infeksion anemiya və s.) heyvanlar yaylağa köçürülə bilməz və onlar baytarlıq mütəxəssislərinin göstərişi ilə kökəltməyə qoyulmaqla çıxdaş edilməlidir;

-köç yolunda baş vermiş infeksiyanın yayılmasının qarşısını almaq üçün bütün tədbirlər görülməli, yolda xəstə heyvanların sağlam heyvanlar ilə bir yerdə olmasına qəti yol verilməməlidir;

-köç zamanı sürüdən geri qalan heyvanlar (axsaq, yorulmuş, zədələnmiş) nəqliyyat vasitəsi ilə daşınmalıdır;

-köçürüləcək sağlam heyvanlar üçün əvvəlcədən həm də yem ehtiyatı yaradılmalıdır;

Heyvanların nəqliyyatsız qısa məsafələrə aparılması və yaylaq-otlaq şəraitinə köçürülməsinə hazırlıq işləri elə təşkil edilməlidir ki, onlar yolda öz çəkilərini və məhsuldarlıqlarını itirməsinlər. Heyvanların şose və torpaq yolu ilə aparılması çobanların bacarığından və iş təcrübəsindən xeyli asılıdır.

Heyvanları köçürməzdən əvvəl epizootik yol marşrutu müəyyən edilir. Heyvanlar ancaq əvvəlcədən müəyyən edilmiş marşrutla hərəkət edir, yoxlamaq və ya istirahət vermək üçün müəyyən məntəqələrdə saxlanır. Köç marşrutu, dincəlmə məntəqələri baytar işçiləri və ərazi icra nümayəndələri tərəfindən təyin edilir. Dincəlmə məntəqələrində heyvanlar gecələyir, istirahət edir, suvarılır, yemlənir və baytarlıq müayinəsindən keçirilir. Yolda köçürülən heyvanların başqa heyvanlarla qarışmasına yol verilməməlidir.

Heyvanların aparıldığı istiqamətdəki yol və dincəlmə məntəqələri yoluxucu və invazion xəstəliklərinə görə sağlam olmalıdır. Yolda xəstəlik və ya ölüm hadisəsi olduqda baytar həkimi çağırılmalı və müvafiq mübarizə tədbirləri görülməlidir.

Heyvanların yaşından asılı olaraq hərəkət sürəti və otarma planı tərtib edilir. Ot çox olan yerlərdə heyvanların sürəti azaldılır, ot az olan yerlərdə isə artırılır. Yol gedən heyvanlara hər 5 gündən bir 1,5—2 gün istirahət verilməlidir. İstirahət üçün su mənbəyi və yaxşı otlaqlı sahə seçilməlidir. Dincəlmə məntəqəsinə çatdıqdan 1,5—2 saat sonra heyvanlar suvarılmalıdır. İsti və bürkülü havalarda dincəlmə yeri bir qədər hündür və kölgəlik sahələrdə seçilməlidir.

Yay fəslinin isti günlərində heyvanlar səhər tezdən və axşam çağı (yəni sərin düşəndə), bir yerdən başqa yerə aparılmaq üçün hərəkət etdirilməlidir. Günün qızmar vaxtında (günorta) isə sərin kölgəlikdə saxlanmalıdır.

Bir yerdən başqa yerə aparılan sürü və ya ilxı müvafiq avadanlıqla (vedrə, bağlama vasitələri, qoşqu ləvazimatları, balta və s.), nəqliyyatla (avtomobil, araba) və duzla, ilk baytarlıq yardımı üçün dərman vasitələri ilə təmin edilməlidir.

İşçilər heyvanları yaxşı və təhlükəsiz yerlərlə aparmalıdırlar. Yolda hər cür təhlükəyə qarşı hazır olmalıdırlar. Təhlükəli yerlərdən (çaylardan, dərələrdən, dağlardan, körpülərdən, qumsal yerlərdən, dağlı-çaylı yerlərdən, kolluqlardan, zəhərli bitkilər olan yerdən, epizootik xəstəliklərə görə qeyri-sağlam təsərrüfatlardan və s.) keçdikdə bütün ehtiyat tədbirləri görülməlidir.

04.05.2019
38

Nəşrlər

  • 05-06(302) 24 aprel 2019-cu il

  • 04(301) 28 mart 2019-cu il

  • 03(300) 20 fevral 2019-cu il

  • 01-02(299) 29 yanvar 2019-cu il

Bannerlər