BALAKƏNDƏ HEYVANLAR ARASINDA XÜSUSİ TƏHLÜKƏLİ XƏSTƏLİKLƏRƏ QARŞI ...

A+
A
A-

 

 

 

BALAKƏNDƏ HEYVANLAR ARASINDA XÜSUSİ TƏHLÜKƏLİ XƏSTƏLİKLƏRƏ QARŞI APARILAN PROFİLAKTİK TƏDBİRLƏR DAVAM ETDİRİLİR

 

 Kənd Təsərrüfatı Nazirliyi yanında  Dövlət  Baytarlıq Xidməti (DBX) bildirir ki, Balakən rayonunda “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya və müalicə tədbirləri davam etdirilir. Qeyd olunan tədbirlər Balakən Rayon Baytarlıq İdarəsinin 11 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.

Hazırda idarənin baytarlıq mütəxəssisləri rayonun 1 şəhər, 1 qəsəbə və 18 kəndində saxlanılan 38900 baş iribuynuzlu, 37300 baş xırdabuynuzlu, 1800 baş təkdırnaqlı heyvana, 4900 baş itə və 274600 baş quşa baytarlıq xidməti göstərirlər.

Cari ilin müvafiq dövrü ərzində rayonda 38900 baş iribuynuzlu, 37340 baş xırdabuynuzlu və 1800 baş təkdırnaqlı heyvanlarda qarayara, 3919 baş sahibli itdə quduzluq, 1475 baş xırdabuynuzlu (Rev-1 ştammı ilə) və 950 baş iribuynuzlu (brudoll ŞT-19 ştammı ilə) heyvanlarda bruselyoz xəstəliklərinə qarşı peyvənd aparılıb. Eləcə də bu dövr ərzində 179200 (“H” ştammı ilə) baş quş və 291700 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.

Fevral ayından Balakən rayonu ərazisində saxlanılan heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 38900 baş iribuynuzlu və 37340 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilib.

Mart ayının ilk günlərindən isə Balakən Rayon Baytarlıq İdarəsi tərəfindən iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 38900 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Həmçinin ilin əvvəlindən indiyə kimi baytarlıq xidməti tərəfindən rayon ərazisində 800 kvadratmetr sahədə məcburi, 710 kvadratmetr sahədə isə profilaktik dezinfeksiya işləri görülüb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Həmçinin həssas heyvanlar arasında  bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 3404  baş iribuynuzlu heyvanlardan qan alınaraq seroloji müayinə edilib.

Balakən rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, xırdabuynuzlu heyvanlarda qarayara, iri və xırdabuynuzlu heyvanlarda bruselyoz və digər xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.  

Baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiqi barədə heyvan sahibləri ilə söhbətlər və izahat işləri aparılır. Həmçinin tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

11.05.2019
103

Nəşrlər

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

  • 04(301) 28 mart 2019-cu il

Bannerlər