QUŞLARIN QRİPİ

A+
A
A-

 

 

 

 

Quşların qripi (lat.- Grippus avium; ing.- İnfluenza; quşların yüksək pato­gen qripi, klassik taun, toyuqların A qripi, ekssudativ tif, toyuqların hollandiya taunu) – müxtəlif növ quşların iti, yüksək kontagioz xəstəliyi olub, respirator orqanların və mədə-bağırsaq traktının müxtəlif dərəcəli zədələnmələri ilə sə­ciyyəvidir (bax şəkil 60).

Quşların qripi əvvəllər “quşların taunu” kimi tanınırdı.

 

Tarixi arayış, yayılması, təhlükəlilik dərəcəsi və ziyanı. Xəstəliyi ilk dəfə 1880-ci ildə İtaliyada Perronçito təsvir etmiş, onu quşların yatalağından təfriq edərək toyuqların ekssudativ vəbası adlandırmışdır. Xəstəliyin şiddətli epizootiyası 1925-ci ildə ölkənin şimalında baş vermiş və bu zaman 200 min toyuq tələf olmuşdu. Xəstəliyə Asiya ölkələrində, Cənubi və Şimali Amerikada, Afrikada təsadüf edilir. Xəstəlik törədicisinin virus təbiəti italiyalı alim Gentanii tərəfindən 1902-ci ildə müəyyən edilmişdir.

1955-ci ildə müəyyən edilmişdir ki, xəstəliyi qrip virusunun A tipi törədir və bu virus sonralar xaricən sağlam görünən 90-dan çox vəhşi quş növündən ayrılmışdır.

Hazırda quşların qripi virusun zəif virulentli yarımtipləri tərəfindən törədilən klassik taun formasında vaxtaşırı epizootiki alışmalar qismində baş verir.

XXI əsrin əvvəllərində quşların yüksək patogenli qripinin alışmalarını bir çox ölkələrdə qeydə almağa başladılar (onun köçəri quşlar tərəfindən Cənubi-Şərqi Asiyadan yayılmasından sonra).

 BEB-in məlumatına görə quşların qripi 2003-2005-ci illərdə dünyanın 30-a yaxın ölkəsində, o cümlədən Belçikada, Alma­ni­yada, Avstraliyada, İtaliyada, Bolqarıstanda, Rumıniyada, Yuna­nıs­tanda, Xorvatiyada, Sloveniyada, həmçinin Rusiyada, Qa­zaxıstanda, Ukraynada, Gürcüstanda, Qonkonqda, Çində, Cənubi Koreyada, Tailandda, Vyetnamda, Laosda, İndoneziyada, Çilidə, ABŞ-ın Texas ştatında, Nigeriyada qeydə alınmışdır.

Quşların H5N1 virusu ştammı tərəfindən törədilən quş qripi 2006-cı ildə Azərbaycan Respublikasında da baş vermişdir.

Quşların kütləvi surətdə tələfatı, ciddi karantin və quşların məhv edilməsi də daxil olmaqla baytarlıq-sanitariya tədbirlərinin həyata keçirilməsi ilə bağlı dəyən iqtisadi ziyan olduqca böyükdür.

Quş qripinin 2005-ci ildə baş vermiş panzootiyası zamanı dünyada 4 mlrd avro qiymətləndirilən ziyan dəymişdir.

Xəstəliyin törədicisi. Quşların qrip törədicisi Orthorny­xo­viridae ailəsinə, influensa cinsinə aid A seroloji tipinə aid RNT tərkibli yüksək mutagen virusdur. Virus hissəciklərinin böyüklüyü 80...120 nm-dir.

Qrip virusları əsas antigenlərə (səthi zülallara) görə he­maq­qlütinlər (H) və neyromidaza (N) müvafiq olaraq 15 və 9 subtiplər kimi klassifikasiya olunurlar.

Hemaqqlütininlər (HA) virusun qılafını formalaşdırır və virusun hüceyrəyə daxil olması prosesini idarə edir. Hüceyrə daxilində isə bu zaman virusun surəti törəyir. Hemaqqlütininlərin 15 subtipi məlumdur və onlar HA1...HA15 kimi işarələnirlər. Yoluxma və ya immunizasiya zamanı immunitet yalnız orqanizmə daxil olmuş virusun subtipinə qarşı yaranır.

Neyraminidaza (NA) orqanizmin hüceyrələrindən yeni virus hissəciklərinin formalaşmasına cavabdehdir. Neyraminidazanın 9 tipi (NA1...NA9) məlumdur. Neyraminidazaya qarşı yaranmış immunitet sahibin toxumalarında virusun reproduksiyasını azaldır və beləliklə xəstəliyin gedişini yüngülləşdirir.

Hər bir ştamm ayrılıqda onun qilafını əmələ gətirən ney­ra­minidazaya görə və hemaqqlütininlərin tipinə görə işarə olunur. Ştammlar H və N hərfləri, həmçinin müvafiq zülal tipinə görə qeyd edilir.

Bütün 15HA və 9NA serotiplərinə çöl quşlarında rast gəlin­mişdir ki, bu da genetik modifikasiya üçün nəhəng və yüksək mobilliyə malik mənbə yaradır.

Onların hamısının müəyyən qohumluq əlaqələri mövcuddur, lakin müxtəlif serotiplər müxtəlif heyvanlarda xəstəlik törədirlər.

Quşlar üçün H5 və H7 virusları daha patogendirlər və onlar yüksək patogen adlandırılan qrip törədirlər. H5N1 virusu insanlar üçün mümkün təhlükə törətdiyi üçün daha yüksək qayğı tələb edir. Quşların orqanizmində virus spesifik anticisimlərin yaranmasına səbəb olur. Dərin dondurma zamanı (temperatur -70°C) ətdə virus 300 gündən artıq virulentli qalır. Tərkibində virus olan substratin qurudulması onu konservasiya edir. Natrium xloridin 1%-li sulu məhlulunda virusun infeksion xüsusiyyəti 5...7 həftə ərzində qalır.

Duz turşusu, fenol, xlorlu əhəng, natrium hidroksid, karbol turşusu və digər adi dezinfeksiyaedicilər virusu tezliklə inaktiv­ləşdirir.

Epizootologiyası. Qrip bir çox ev və vəhşi, eləcə də sinantrop quş növləri arasında qeydə alınmışdır. Virusun patogenliyi yalnız onun ayrıldığı quşun növü ilə məhdudlaşmır. Virusun A1 yarımtipi toyuqlardan, hinduşqalardan, göyərçinlərdən, ördəklərdən, qaz­lar­dan ayrılmış, o, həmçinin siçanlara, dovşanlara, hind donuzlarına, insanlara da patogendir, onlarda mürəkkəbləşmə olduğu halda atipik pnevmoniya baş verir.

Suda üzən quşlar, xüsusən ördəklər bu virusun geniş spektrinin daşıyıcılarıdır. Son zamanlar məlum olmuşdur ki, vəhşı sudaüzənlər, qağayılar və sahilyanı yaşayan quşlar qrip virusunun A tipinin təbii mənbəidirlər. Bu quşlar xəstəliyə xas olan heç bir simptom göstərmədən uzun müddət virus daşıyıcıları olmaqda davam edirlər. Bu nəhəng, stabil, keyfiyyətli mənbə eyni zamanda olduqca mobildir. Vəhşi quşların quş qripi virusunun yayıcıları olması 2005-ci ilin avqust ayının sonundan etibarən onların Rusiya Federasiyası və Qazaxstanın qonşu rayonlarında, həmin ilin oktyabrında Türkiyə, Rumıniya və Xorvatiyada vəhşi quşların miqrasiya marşrutları boyu ev quşları arasında qrip xəstəliyinin yayılması bir daha sübut edir.

Tədqiqatların nəticələri göstərir ki, virusun növbəti inkişaf mərhələsi onun sahibini dəyişmə mutasiyası baş verə bilər ki, bu da xəstəlik amilinin məməlilər arasında yayılmasına səbəb ola bilər. Məsələn, qripin A virusuna həssas olmayan ev pişikləri və pələnglərin eksperimental yoluxdurulması zamanı onların ağır xəstələnməsi və tələf olmaları müşahidə edilmişdir.

Tailandda 2005-ci ildə oktyabr ayında 418 pələngin 147 başında H5N1 virusu ilə yoluxma nəticəsində yüksək temperatur və ağır pnevmoniya baş vermişdir. Yoluxmaya çox miqdar xəstə quşların daxili orqanlarının pələnglər tərəfindən yeyilməsi səbəb olmuşdur.

Ədəbiyyat məlumatlarına görə meymunlar, donuzlar, qabanlar, safsarlar, atlar, iri və xırda buynuzlu heyvanlar, marallar, samurlar, suitilər, bəbirlər və balinakimilər də xəstəliyə yoluxurlar.

Vəhşi və ev quşlarında eyni vaxtda virusun insanlara, quşlara və ev heyvanlarına xas olan bir neçə antigenlik müxtəlifliyi sirkulyasiya edə bilər.

Virusun kontinentalarası ötürülməsi görünür infeksiyanın xroniki və latent formaları hesabına baş verir. Uzunmüddətli uçuş zamanı quşlarda baş verən stress reaksiyaları və dəyişkən iqlim şəraiti infeksiyanın itiləşməsinə səbəb olur.

Sənaye tipli təsərrüfatlarda xəstəliyin baş verməsində əsas rolu infeksiya törədicisinin yemlərlə, inventarla, avadanlıqla gətirilməsi oynayır, dezinfeksiya olunmamış ət və yumurta taraları xüsusi təhlükə yaradırlar.

Aeronəqliyyatla daşınan ekzotik qəfəs quşları da qrip viru­sunun daşıyıcılarıdır. Diri quş bazarları da xəstəliyin yayılmasında xüsusi rol oynayırlar.

Xəstəlik ilkin olaraq təsərrüfatda bir qayda olaraq keyfiyyətsiz yemləmə, nəqliyyatla daşıma və sıxlaşdırılmış şəraitdə saxlanılma fonunda cücələrdə və zəifləmiş quşlarda qeydə alınır.

Təsərrüfatda bütün həssas quşlar bir qayda olaraq qriplə 30...40 gün ərzində xəstələnirlər. Bu virusun yüksək kontagioz olması və quşların quşxanalarda yüksək konsentrasiyası ilə izah edilir.

İnfeksiya törədicisinin mənbəyi xəstəlik keçirmiş (2 ay ərzində) quşlardır. Sənaye təmayüllü quşçuluq təsərrüfatlarında qəfəsdə saxlanılan zaman quşların yoluxmasında aerogen və alimentar (içməli su ilə) yollar da müəyyən rol oynayırlar.

Virusların xəstə quşlardan ayrılması ekskrementlərlə, ifrazatla, peyinlə, inkubasiyalıq yumurtalarla baş verir. Təsərrüfat daxilində infeksiyanın paylanılmasında gəmiricilər, pişiklər, xüsusən də  quşxanalara keçən və ya yuva salmış sərbəst yaşayan vəhşi quşlar, ağcaqanadlar, pərqu və lələkyeyənlər, gəmiricilər də iştirak edə bilirlər.

Təsərrüfatda epizootiki olaraq ocaq həssas quşların yeni populyasiyalarının yetişdirilməsi prosesində xəstələnmələri zamanı yaranır və onlar stasionar qeyri-sağlamlığı davam etdirirlər.

Təsərrüfatda virusun virulentliyindən və saxlanılma şəraitindən asılı olaraq quşların xəstələnməsi 80-dən 100%-ə qədər, ölüm isə 10-dan 90%-ə qədər tərəddüd edir.

Quşların qripinə görə qeyri-sağlam təsərrüfatlarda cücələr və toyuqlar bir çox hallarda respirator mikoplazmozla, kolisep­ti­se­miya, infeksion larinqotraxeitlə, vəba, çiçək və avitaminozlarla da xəstələnirlər.

Yaşlı quşlar yumurta məhsuldarlığını 40...60% itirir, sağal­dıqdan sonra yumurta vermə qabiliyyəti 1,5...2 aydan sonra bərpa olunur.

Xəstəlik keçirmiş quşlar Nyukasl xəstəliyinə, infeksion larin­qo­tra­xeitə, bronxitə, çiçəyə görə immunitetlərini qismən və ya ta­mamilə itirirlər.

 

Patogenezi. Virusun virulentliliyindən, tropizmindən, quşun təbii rezistentliyindən asılı olaraq xəstəliyin generalizasiya, yaxud da respirator forması inkişaf edir.

Virus tənəffüs yollarının selikli qişasına düşdükdən sonra o, fəal sürətdə çoxalmağa başlayır və qan-damar sisteminə keçir. Bu 4...12 saat ərzində baş verir. Virus qan zərdabında, həmçinin eritrositlərin qişasında və onun daxilində küllü miqdarda olur. Xəstəliyin inkişafında 4 faza: virusun fəal surətdə çoxalması və onun parenximatoz orqanlarda toplanması, virusemiya – bu fazada virusu qanda tapmaq mümkündür, sonra anticisimlərin sintezi başlayır ki, bu da virusun sonralar reproduksiyasının dayanmasına dəlalət edir. Son faza anticisimlərin fəal surətdə yaranması və immunitetin formalaşması ilə səciyyəvidir. Viruslar toksiki məhsullar ayırdıqlarına görə virusemiya mərhələsində quşların intoksikasiyası ilə tələf olması baş verir. Adətən bu xəstəliyin iti gedişi zamanı müşahidə edilir.

Virusun bütün yüksək virulentli ştammları onların bu və ya digər yarımtiplərə mənsub olmasından asılı olmayaraq infeksiyanın generalizasiyalı formasını törədirlər. Quşların Ab yarımtipi tərəfindən törədilən qripi zamanı limfoid orqanlarının hiperplaziyası, limfositopeniya və müdafiə mexanizminin yatırılması baş verir ki, bu da virusemiyaya və virusun müxtəlif orqan və toxumaların hüceyrələrində replikasiyasına səbəb olur. Hemodinamikanın pozulması, hemorroji diatez və eksudativ proseslər qan damarlarının keçiriciliyinin pozulması ilə əlaqədardır.

 

Gedişi və kliniki təzahürü. Təbii yoluxma zamanı inkubasiya dövrünün müddəti 3...5 gündür.

Quşlar yemdən imtina edirlər, onların lələkləri pırpızlaşır, yumurtlama azalır, başları düşür, gözləri örtülür, görünən selikli qişalar hiperemiyalı və şişkin olur, bir çox hallarda yüngülcə açılmış dimdikdən yapışqan selikli ekssudat axır, burun dəlikləri də həmçinin iltihabi ekssudatla yapışmış vəziyyətdə olur.

Bəzi toyuqlarda durğunluq və intoksikasiya nəticəsində sırğaların üz tərəfinin şişkinliyi müşahidə edilir. Pipik və saqqal tünd-bənövşəyi rəngdə boyanır. Tənəffüs xırıltı, tezləşmiş, iti mərhələdə bədən temperaturu 44°C-yə qədər yüksəlir, ölümdən qabaq isə 30°C-yə enir. Qripin yüksək patogen virusları ilə törədilən xəstəlik bir qayda olaraq quşların 100% tələfatına səbəb olur.

Yarımiti və xroniki gedişləri 10...25 gün davam edir, xəstəliyin aqibəti orqanizmin rezistentliyindən asılıdır, tələfat 5...20%-ə çatır. Xəstə quşlarda respirator nişanələrlə yanaşı diareya baş verir, peyin durulaşır və tünd yaşıl rəngə boyanır. Bu nişanələrdən başqa ataksiya, nekrozlar, qıcolmalar, dairəvi hərəkət müşahidə olunur və aqonalönü mərhələdə isə boyun və qanad əzələlərinin toniko-kloniki qıcolmaları da müşahidə olunur.

Zəif patogen ştammlarla yoluxma zamanı həmçinin xəstəliyin yüngül gedişli olması və aydın nəzərə çarpmayan kliniki nişanəsiz keçməsi müşahidə edilmişdir.

Ördək və qazlarda xəstəliyin heç bir kliniki əlaməti olmayan, lakin kütləvi ölümlə nəticələnən halları daha çox müşahidə olunur.

7...45 günlük ördəklər yaşlılara nisbətən qripə daha tez yoluxurlar. Xəstələr arasında ölüm 30...60% təşkil edir. Xəstəliyin başlanğıcında ümumi halsızlıq, zəiflik, asqırma, göz və burundan axıntı baş verir. Burun boşluqlarını basdıqda selik ifraz olunur.

Ördəklərdə qıcolma, boyunun, ətrafların və qanadların iflici xarakterikdir. Sağalmış ördəklər adətən böyümür və pis kökəlirlər.

 Hinduşqalarda xəstəliyin kliniki nişanələri virusun patogenlik dərəcəsindən, quşun yaşından və digər xəstəlik amillərinin kontaminantlarından asılı olaraq müxtəlif olur.

Yüksək patogen ştammlarla yoluxma zamanı küllü miqdar hinduşqaların qəflətən tələfatı baş verir. Sonra yumurtlama azalır və ya tam kəsilir. Ağciyərlərdə bronxial xırıltılar və krepitasiya (cırıltı və çatlama səsi), küt ağrılı öskürək, sinusit, başın şişməsi, depressiya və diareya baş verir.

Ölüm yüksək - 80...90%-ə qədər olur.

Patoloqoanatomiki nişanələri. Xəstəliyin gedişinin sürəklili­yindən asılı olaraq dəyişikliklər geniş miqyasda baş verir.

Nisbətən tipik nişanə udlaq, qırtlaq, boyun, döş, ayaq nahiy­yələrində jelatinli ekssudatı olan dərialtı şişlərlə xarakterizə olunan hemorroji diatezdir. Bu şişkinliklər qan dövranı orqanlarının funk­siyalarının pozulmasına dəlalət edir.

Dəri altına, əzələlərə, eyni zamanda parenximatoz orqanlarda selikli qişalarda iri, yumurtlayan toyuqlarda isə yumurtalıqda və yumurtalıq yollarında qansağıntıları müşahidə olunur. Tələf olmuş toyuqların 45%-də rinit, faringit, konyunktivit, mədədə, bağır­saqlarda (60%) qansağıntıları aşkar edilir. Ürək əzələlərində qansa­ğıntıları da mümkündür.

Qastroenterit, peritonit, perikardit,bronxit, aerosakkulit, ağci­yərlərin şişkinliyi, daxili orqanlarda durğunluq qrip zamanı daima baş verən patoloqoanatomiki dəyişikliklərdir.

Morfoloji dəyişikliklər xəstəliyin gedişinin arıqlığından asılıdır. Respirator orqanların zədələnməsi zamanı selikli qişaların kataral-hemorroji iltihabı, örtük və vəzili epitelilərin deskvamasiyası və hiperplaziyası, durğunluq halları nəzərə çarpır. Şərti patogen mikroflora ilə mürəkkəbləşmə getmiş xəstəlik formasında, selikli qişaların ocaqlı nekrozu, bağırsaqların zədələnməsi zamanı selikli qişalarda qansağıntıları, durğunluq, bağırsaq divarlarının nəzilməsi aşkar edilir.

Diaqnostikası və təfriqi diaqnostikası. Qripin epizootoloji xüsusiyyətlərinə və patoloqoanatomiki dəyişikliklərinə əsasən yalnız ilkin diaqnoz qoymaq və xəstəliyə şübhələnmək olar.

Son diaqnoz təzə ölmüş və ya aqonal vəziyyətdə öldürülmüş quşlardan götürülmüş patoloji materialın virusoloji müayinəsi, virusun ayrılması və tipizasiyasına əsasən qoyulur.

Müayinə üçün patmaterial diri, kliniki xəstə və yeni ölmüş quşlardan götürülə bilər. Yadda saxlamaq lazımdır ki, kloaka və traxeya möhtəviyyatı və ya fekali, həmçinin qan diri quşlardan götürülməlidir. Ölmüş quşlardan isə həzm sistemi toxumaları (mədəaltı vəzi, bağırsaq, kor bağırsağın genişlənmiş hissəsindəki limfoid toxuma yığıntıları) və tənəffüs yolları toxumaları (traxeya və ağciyər) götürülməlidir.

Quşların qripinə şübhə yaranarsa, patmaterial təcili olaraq aşağıdakı qaydada götürülərək Respublika baytarlıq labora­to­ri­ysı­na göndərilməlidir:

-yeni ölmüş quş və ya aqonal vəziyyətdə öldürülmüş ən azı 5 baş quş (təşrih üçün);

-traxeya və ağciyərlərin qarışıq nümunələri (minimum 5 quşun);

-sağlam quşların (həmçinin sudaüzən quşların) dalaq və baş beyini, kloaka və traxeyalarından hazırlanmış yaxmalar;

-minimum 20 ədəd qan (qan zərdabı) nümunəsi. Hər qan nümunələri cüt olmalıdır.

Müxtəlif orqanların nümunələri qarışdırılmamalıdır. İnfeksi­ya­nın yayılmasının qarşısını almaq məqsədilə bu nümunələr ger­metik bağlı konteynerdə ən azı 2 bağlamaya səliqəli bükülmüş və dondurulmuş vəziyyətdə baytarlıq laboratoriyasına çatdırılmalıdır.

Quşlar avtoklavda işlənilməyə davamlı və möhürlənmiş paketlərdə daşına bilər. Bütün nümunələr polistirol paketlərə yerləşdirilməlidir. Quşlar olan paketlər digər əlavə polistrol paketlərə yerləşdirilməlidir. Bütün nümunələr laboratoriyalara buz qoyulmuş polistirol qutularda göndərilməlidir.

Polistirol qutular binadan çıxarılmazdan öncə diqqətlə dezinfeksiya edilməlidir. Nümunələrə mütləq qoşma sənəd əlavə olunmalı və orada xəstəliyin epizootoloji vəziyyəti barədə baytar həkiminin qeydləri öz əksini tapmalıdır.

Nümunələrin çatdırılmasına məsul şəxs (sürücü, baytar texniki və b.) heç bir aralıq dayanma etmədən birbaşa laboratoriyaya yollanmalı və patmaterialın tez bir vaxtda (ən geci 4...5 saata) çatdırılmasına səy göstərməlidir.

Nümunələr əvvəlcə Respublika baytarlıq laboratoriyasına göndərilir. Yekun identifikasiya quş qripi üzrə Beynəlxalq referens mərkəzlərin və ya BEB laboratoriyalarının birində aparılır.

Virusun ayrılması üçün toyuq rüşeymlərinin yoluxdurulması üsulundan, ayrılmış virusun təfriqi üçün HAR, HALR və KBR-dən istifadə edilir. Bioloji sınaq 60...120 günlük yaşda olan cücələrdə qoyulur.

Retrospektiv diaqnostika məqsədilə HALR, DPR, İFA və RZR-dən istifadə edilir. Anticisimlər quşların yoluxmasının 4...10-cu günlərindən etibarən aşkar olunur, iki dəfə aparılan müayinələr anticisimlərin titrinin yüksəlməsini göstərir.

Qripin generalizasiya etmiş septiki formasını Nyukasl xəs­təliyindən, respirator formasını- infeksion bronxitdən, miko­plazmozdan, larinqotraxeitdən və quşların digər respirator xəs­təliklərindən təfriq etmək vacibdir.

Qrip xəstəliyinin diaqnozu, onun törədicisinin tipinin təyini, Nyukasl xəstəliyindən fərqləndirilməsi üçün bioloji sənayesi tərəfindən diaqnostika dəsti - HALR üçün qurudulmuş antigen və qan zərdabları buraxılır.

İmmuniteti və spesifik profilaktikası. Qriplə xəstələndikdən sonra quş 6 aya qədər davam edən qeyri-steril immunitet qazanır. Quşların yüksək patogen qripinin profilaktikası zamanı epizootoloji baxımdan təhlükəsiz olan inaktivasiya edilmiş maye və quru vaksinlər daha üstün əhəmiyyət kəsb edir. Göstərilən preparatları lazım gəldikdə onların təlimatlarına müvafiq qaydada işlətmək lazımdır.

Profilaktikası. Quşların qripinin profilaktikası üçün tələb olunan zoobaytarlıq ara vermələrinə uyğun olaraq ərazidə müxtəlif yaş qrupuna mənsub quşlar ayrıca saxlanılmalıdır. Quşxanalar və ərazilər (zonalar) eyni yaşda olan quşlarla komplektləşdirilməlidir.

Baytarlıq-sanitariya qaydalarında nəzərdə tutulan profilaktiki fasilələrə uyğun müddətlərdə binalarda əsaslı təmizləmə və üçqat dezinfeksiya aparılır. İnfeksiya törədicisinin keçməsinin qarşısının alınması tədbirlərinə əməl edən zaman inkubasiyalıq yumurta gətiriləcək təsərrüfatın qripə görə sağlamlığına diqqət yetirilməli, nəqliyyatın, dövriyyə taralarının dezinfeksiyası aparılmalı, quş­çuluq təsərrüfatları üçün baytarlıq-sanitariya qaydalarında nəzərdə tutulan tədbirlər yerinə yetirilməlidir.

Müalicəsi. Xəstə quşların müalicəsi işlənib hazırlanmamışdır və virusun yayılma təhlükəsi baxımından məqsədyönlü deyildir.

Mübarizə tədbirləri. Təsərrüfatda diaqnoz müəyyən edildikdən sonra karantin qoyulur. Qeyri-sağlam quşxanada xəstə və xəstəliyə şübhəli quşlar çıxdaş olunur, qansız üsulla öldürülür və utilizasiya edilir. Şərti sağlamları ət üçün kəsirlər. Binalarda əsaslı dezinfeksiya aparılır.

Quşçuluq təsərrüfatında (fermada) yüksək patogen virusların törətdiyi quşların qripi baş verən hallarda qriplə mübarizə üzrə xüsusi komissiya yaradılır və o, təsərrüfatda ciddi sanitar iş rejimi yaradır, xəstəliyin ləgvinə və yayılmasının qarşısının alınmasına, o cümlədən xəstəlik törədicisinin gəzdiricilərinin məhv edilməsinə (başlıca olaraq köçəri və sudaüzən quşlar) yönəldilmiş tədbirlər kompleksi hazırlayır, təhlükəli zona və məntəqələrdə peyvənd­ləmənin aparılması məsələsini həll edir, konkret şəraitdən asılı olaraq sanasiya müddətlərini və bu qəbildən olan təsərrüfatın quşlarla komplektləşdirilməsini müəyyənləşdirir, insanların qripə yoluxmadan qorunması imkanlarını və insanların qripinə qarşı peyvənd olunması məsələsini həll edir.

Quşların virusun yüksək patogen variantları ilə (o cümlədən Azərbaycan Respublikasında rast gəlinməyənləri) baş vermiş quşların qripinə görə qeyri-sağlam təsərrüfatdan karantin orada mövcud olan bütün quşların öldürülməsindən və son dezinfeksiya aparıldıqdan sonra götürülür.

07.05.2019
78

Nəşrlər

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

  • 04(301) 28 mart 2019-cu il

Bannerlər