DONUZLARIN TAUNU

A+
A
A-

 

 

       DONUZLARIN TAUNU

 

Donuzların taunu (lat.- Pestis suum; ing.- Swine fever, Hog сholera; donuzların klassik taunu) – ev və vəhşi donuzların yüksək kontagioz xəstəliyi olub, iti gedişdə qızdırma, septisemiya və hemorroji diatez, yarımiti, yaxud xroniki gedişdə krupozlu pnevmoniya, krupozlu-difteriki kolitlə və enteritlə səciyyələnir (bax şəkil 41).

 

Tarixi arayış, yayılması, təhlükəlilik dərəcəsi və ziyanı. Xəstəlik haqqında ilk dəfə Şimali Amerikada 1833-cü ildə təsvir verilmişdir. Xəstəliyin virus təbiətli olması 1903-cü ildə amerikalı alimlər E.A.De Şveynis və M.Dorset tərəfindən müəyyən edil­mişdir.

Bundan xeyli əvvəl XIX əsrin 50-ci illərində xəstəlik dünyanın donuzçuluq inkişaf etmiş bir sıra ölkələrində aşkar olunmuşdur. Rusiya ərazisinə donuzların taun virusu 1893-cü ildə Qərbi Avropa ölkələrindən gətirilmişdir.

Xəstəlik ayrı-ayrı illərdə Azərbaycan Respublikasında da qeydə alınmış və kütləvi tələfat vermişdir.

1908-ci ildə xəstəlik əleyhinə hiperimmun qan zərdabı təklif olunmuşdur. 1936-cı ildən etibarən vaksin istehsalına baş­lan­mış­dır. İlk olaraq ABŞ-da Mak-Brayd 1936-cı ildə və 3 il sonra İ.İ.Kulesko (SSRİ) inaktivləşdirilmiş kristalviolet vaksin ha­zır­la­mışlar. Keçən əsrin 50-ci illərində taun virusunun lapinizasiya edilmiş ştammından quru virus vaksin hazırlanmışdır. Xəstəlik əleyhi kultural vaksinlər də tətbiq edilir.

Hal-hazırda xəstəlik bütün qitələrin 60-dan artıq ölkəsində (ABŞ, Kanada, Avstraliya, Skandinaviya ölkələri istisna olmaqla) qeydə alınır. Xəstəlikdən ən çox donuzçuluq yaxşı inkişaf etmiş Avropa, Asiya, Cənubi və Mərkəzi Amerika ölkələrində xeyli iqtisadi itkilər olur. Bir çox ölkələrdə, o cümlədən Rusiyada XX əsrin sonlarında sistematiki epizootiyaəleyhi tədbirlərin, xüsusilə aktiv peyvəndləmənin aparılması nəticəsində xəstəliyin arealı xeyli məhdudlaşmış və onun enzootiki formada baş verməsinə gətirib çıxarmışdır.

Son zamanlar donuzların klassik taunu (DKT) kifayət dərəcədə ətraflı olaraq öyrənilmiş, yeni vaksinlər təklif edilmiş, mübarizə vasitələri, diaqnostika üsulları işlənib hazırlanmışdır. Lakin apa­rılan tədbirlərə baxmayaraq xəstəliyi tam ləğv etmək mümkün olmamışdır. Xarici alimlər bir aksioma kimi belə rəyə gəlmişlər ki, o ölkələrdəki donuzlar arasında peyvəndləmə (xüsusilə diri vaksinlərlə) aparılır, orada bu xəstəliyin tam ləğv edilməsi mümkün deyildir.

DKT xüsusi təhlükəli xəstəliklərin A qrupuna aid edilir və istər inkişaf edən, istərsə də yüksək inkişaf etmiş ölkələrdə lazımi baytarlıq-sanitariya nəzarəti edilməsinə baxmayaraq böyük iqtisadi ziyan vurur.

Xəstəliyin törədicisi. Donuzların taun xəstəliyinin törədicisi Togaviridae ailəsinin Pestivirus cinsinə mənsub, 40...60 nm böyüklüyündə RNT-li virusdur. Bu nisbətən kiçik ölçülü virusu virulentlilik dərəcəsinə görə A, B, C variantlarına ayırırlar.

A variantına bütün yaşlarda olan donuzlarda iti keçən xəstəlik törədən virulentli epizootik ştammlar daxildir. Virusun B variantı yalnız çoşqalara virulentli olmaqla, onlarda atipik və yaxud xroniki taun törədir. C variantına zəifvirulentli amerika ştammı aid edilir. Antigenlik strukturuna görə virus yekcinsdir və nə seroloji, nə də immunoloji variantları yoxdur. Lakin İBH-ın diareya virusu ilə antigenlik qohumluğu vardır. Amillə sirayətlənmiş və yaxud diri virusvaksinlə peyvənd edilmiş donuzlarda spesifik anticisimlər yaranır. Yüksək yoluxduruculuğa malikdir.

Virus yalnız ev və vəhşi donuzlar ücün patogendir. Başqa növ heyvanlar, o cümlədən laborator heyvanlar və insanlar yoluxmaya həssas deyillər.

Donuzların orqanizmində virus pantropdur-bütün orqan və toxumalara toplanır, lakin limfa vəzilərində, sümük iliyində, dalaqda, qaraciyərdə, bağırsaqların selikli qişasında və qan damarlarının epitelilərində daha çox toplanır.

Virus həm yekcins (donuz) və həm də heteroloji (İBH, qoyun, keçi) ilkin hüceyrə kulturalarında SPT-siz çoxalır.

Taun virusu kimyəvi dezinfeksiya vasitələrinə nisbətən davamlıdır (ikinci qrupa aiddir). Ətraf mühitdə, xüsusən də qışda öz virulentliliyini uzun müddət saxlayır. Donuz damlarında virulentliliyini bir ilədək, dondurulmuş ətdə -4 ildən çox, təzə soyudulmuş ətdə - 45...71 gün, duzlu piydə - 6 aydan çox, hisə verilmiş məmulatlarda - 3 aya qədər virulentliliyini itirmir. Törədici peyində və cəsəddə 3...5 gündən sonra, torpaqda 1...22 həftədən sonra ölür. Virus yüksək temperatura həssasdır, qaynadıldıqda ani olaraq, 60°C isə onu 10 dəqiqəyə məhv edir. Virusun optimal saxlanılma mühiti pH 7,2...7,6.

Virus ultrabənövşəyi şüaların təsirindən qısa vaxtda in­ak­tivləşir. Dezinfeksiya məqsədilə daha çox 4%-li natrium hidroksid, 2%-li formalin, 3%-li xlorlu əhəng, 5%-li yod-xlorid, 4%-li hidrogen peroksid, 1%-li yodez, 1:350 virkon-C məhlulları və s.effektlidir.

Epizootologiyası.Taunla yaşından və cinsindən asılı olma­yaraq bütün vəhşi və ev donuzları xəstələnirlər. Törədici sağlam təsərrüfatlara ən çox zərərsizləşdirilməmiş qida və kəsim məhsullarının tullantıları ilə, nəqliyyatla və virusdaşıyıcı hey­van­larla gətirilir. Virusdaşıyıcılıq 10 ay və daha çox davam edə bilir. Bu qəbildən olan donuzlar törədicini sidiklə, fekali ilə, sekretlər və ekskretlərlə ixrac edirlər.

Virusun xəstə donuzların ifrazatları ilə çirklənmiş qaba və şirəli yemlərlə, habelə ağcaqanadlarla gətirilməsi mümkündür. Xəs­təliyin təbii ocaqları vəhşi donuzların yaşadıqları ərazilərin genişliyi ilə əlaqədardır. Virusun zəif virulentli B variantı xəstəliyin atipik formasını törədir və bu kliniki əlamətlərinə görə və az ölüm verməsi ilə fərqlənir.

Xəstəliyə görə stasionar qeyri-sağlam təsərrüfatlarda pey­vəndləmə aparıldığı halda yaranan immunitetlə əlaqədar olaraq yaşlı donuzlar xəstələnmirlər. Xəstəliyi keçirmiş və peyvənd olun­muş analardan alınan balalarda müəyyən dövr immunitet olur.

 

Patogenezi. Donuzların orqanizminə düşən virus giriş qapısının (badamcıq və burun-udlaq) limfoid-retikulyar toxumasında reptoduksiya edir. 16...24 saatdan sonra o, regionar limfa vəzilərinə daxil olur, reproduksiya edir və əsasən limfoid-retikulyar hüceyrələrlə zəngin olan (dalaq, limfa vəziləri, sümük iliyi, qaraciyər, qan damarlarının endotelisi) orqanlarda toplanır və onlarda distrofiki və nekrotiki dəyişikliklər əmələ gətirir.

Bunun nəticəsində damarların keçiricilik qabiliyyəti artır, müxtəlif orqan və toxumalarda qan sağıntısına, şişkinliklərə, iltihabi proseslərin yaranmasına gətirib çıxarır, dalaqda isə infarkt baş verir. Virusemiya temperaturla və maddələr mübadiləsinin pozulması ilə müşayiət olunur. Qandoğuran orqanların zədələnməsi nəticəsində anemiya və leykopeniya inkişaf edir, opsono-faqositar reaksiyasının həddən çox zəifləməsi və qan zərdabının bakterisidliyinin əsaslı surətdə azalması prosesi inkişaf edir. İmmun sistemin hüceyrələrində çoxalan və onların dağılmasına təsir edən virus orqanizmin immun qüvvəsini azaldır və şərti patogen mikroorqanizmlərin aktivləşməsinə səbəb olur, nəticədə krupozlu-difteriki kolitlər baş verir. Beyin toxumasında gedən iltihabi proseslər onda infiltratların görünməsini şərtləndirir ki, bu da sinir pozuntuları ilə (depressiya, çoşqunluq, ürəkkeçmələri) özünü göstərir. Xəstəliyin iti gedişində ölüm orqanizmin bütün sistemlərinin, xüsusilə qan doğuran və qan dövranı orqanlarının morfoloji zədələnməsi nəticəsində baş verir.

 

Gedişi və kliniki nişanələri. Xəstəliyin inkubasiya dövrü virusun virulentliliyindən, dozasından, yoluxma üsullarından və heyvanın müqavimət qüvvəsindən asılı olaraq orta hesabla 3...9 gün, nadir hallarda isə 20 gün davam edir. Xəstəlik çox iti, yarımiti və xroniki gedişli ola bilir.

Çox iti forma əsasən peyvənd olunmamış donuzlarda və cavanlarda müşahidə olunur. Bu formada bədən temperaturu 41...41,2°C-dək yüksəlir, heyvan halsızlaşır, xəstələr iştahadan qalır, qusma başlayır, yanğı olur, ürək döyüntüsü və tənəffüs tezləşir, dəridə al-qırmızı rəngdə ləkələr əmələ gəlir. Heyvan 1...2 gündən sonra ölür.

İti forma daha çox epizootiyanın əvvəlində baş verir. Burada 40,5...41,0°C-dək yüksələn daimi tipli temperatur, halsızlıq, yemdən imtina əsas əlamətlərdir. Irinli konyunktivit inkişaf edir, qusma, qəbizlik, sonra diareya (nəcis bəzən qanla qarışıq olur) başlayır. Sidik ifrazı çətinləşir, eyni vaxtda leykositlərin ümumi miqdarı 8,5...9,0 min/mkl [(8,5...9,0)x109/l] normadan 2,5...3,0 min/mkl [(2,5...3,0)x109/l]-ə qədər, yəni 3 dəfədən çox azalır, eozinofil və bazofil qranulositlərinin payı artır, trombositlər normada 180...300 min/mkl təşkil etdiyi halda, 100 min/mkl-a qədər azalır. Heyvanlar çətinlklə hərəkət edir, beli donqarlaşır, dal ayaqlarda iflic müşahidə olunur. Boğaz donuzlar bala salır, çox vaxt selikli-irinli rinit, tək-tək heyvanlarda isə burundan qanaxma baş verir.

Budun iç tərəfinin, qarının, boyunun və qulaq seyvanının dərisində pustulalar əmələ gəlir, onlar sarımtıl ekssudatla dolur, sonralar nöqtəvari qan sağıntıları olur ki, bunlar da sonra birləşirlər və tünd-qırmızı ləkələr əmələ gətirirlər ki, onları əllə basdıqda (qızıl yeldən fərqli olaraq) itmirlər. Ürək çatışmazlığı nəticəsində burun aynası, qulaq seyvanı, qarın və ayaqların dərisi göy rəng alır. Ölümdən qabaq temperatur 35...36°C-dək düşür. Heyvanlar xəstəliyin 7...10-cu günlərində koma vəziyyətində ölürlər.

Yarımiti gediş 2...3 həftəyədək uzanır və daha çox tənəffüs (döş forması) və ya həzm (bağırsaq forması) orqanlarında zədələr yaranır. Heyvanlarda çətin tənəffüs, öskürmə, burundan selikli-irinli ifrazat axıntısı müşahidə edilir.

Mədə-bağırsaq sistemi prosesə tutulduqda qəbizlik üfunətli iyli və selik qarışıqlı, bəzən qanlı diareya ilə əvəz olunur, temperatur dövrü olaraq yüksəlir, donuzlar arıqlayır, zəifləyir, çətinliklə hərəkət edir və xəstəlik ölümlə nəticələnir, nadir halda xroniki hala keçir.

Xroniki gedişlixəstəlik 2 ayadək və daha çox davam edir. Kliniki əlamətlər sekundar infeksiyanın düşməsindən asılı olaraq müxtəlif ola bilir. Mütamadi olaraq dövri surətdə diareya, daimi olmayan tipli temperatur, öskürək müşahidə olunur. Heyvanlar haldan düşür və arıqlamış vəziyyət alır, qarının, boyunun, xüsusilə qulaq seyvanının və quyruğun dərisində ekzematoz zədələnmə, bəzən palçıq rəngli qartmaq əmələ gəlir. Bunun nəticəsində qulağın və quyruğun nekrozu baş verə bilir. Donuzlar cılız vəziyyət alır, tam sağalmır və virusdaşıyıcı olaraq qalırlar.

Xəstəliyin yarımiti və xroniki gedişində heyvanların ölümü 30...60%-ə çatır.

Son zamanlar müxtəlif səbəblərin təsirindən xəstəlik bir çox hallarda atipik formada keçir (inkubasiya dövrü daha uzun olur, yaşlı donuzlar xəstəliyi subkliniki keçirir, çoşqalarda və cavanlarda aşkar görünən hemorroji diatezsiz sinir sindromu inkişaf edir).

Atipik forma adətən südəmər və anadan təzə ayrılmış, kolostral immuniteti olan və yaxud zəif virulentli virusun B variantı ilə yoluxmuş çoşqalarda təsadüf edilir. Bunun üçün yarımiti və xroniki gedişin 2...3 həftə və daha çox davam etməsi xarakterikdir. Xəstəlik anoreksiya, konyunktivit, dəriiçi qansağıntıları, hiperter­miya ilə səciyyələnir. Bəzi heyvanlar sağalır, bəziləri isə xəstəliyin ikincili bakterial infeksiyalarla mürəkkəbləşməsi nəticə­sində ya ölürlər, ya da sısqa qalırlar.

Teratogen xüsusiyyətlərinə malik olan virus ana donuzların orqanizminə boğazlığın 60...70-ci günləri düşdükdə onların 30%-də dölün ölümünə səbəb olur. Boğazlığın 94...101-ci günlərində yoluxan ana donuzlarda dölün ölümü müşahidə olunmur. Vaksin ştammlarıda analoji xüsusiyyətlərə malikdir, onlar ana donuzun dölünə boğazlığın 60...70 günlərində düşdükdə onlarda rep­roduksiya edir, nəticədə doğulan çoşqada virusa tolerantlıq yaranır, onların immun sistemi peyvəndləmədən sonra immunitetin əmələ gəlməsini təmin etmir. Bu çoşqalar epizootik ştamma həssas olaraq qalırlar və onun sirkulyasiyası zamanı taunun yeni ocaqları yaranır.

Donuzların klassik taununda xəstəliyin müxtəlif gedişi zamanı ümumi əlamətlər 14 №-li cədvəldə verilmişdir.

Patoloqoanatomiki nişanələri. Taunda dəyişikliklər çox variabeldir və heyvanın yaşından, xəstəliyin gedişindən, sekundar infeksiyalarla mürəkkəbləşmənın olmasından (salmonellyoz, pas­terelyoz və s.) asılıdır. 4-10 aylıq çoşqalarda nisbətən tipik də­yişikliklər olur.

İti gedişli formada (septiki forma) taun adətən ikincili infeksiya ilə mürəkkəbləşmə olmadan keçir. Göz qapağının kənarında və gözün küncündə gəhvəyi qartmaqlar yaranır. Konyunktiva, bu­runun və ağızın selikli qişası solğun və sianozlaşmış olur. Qu­laqların, boyunun, qarının, budun iç tərəfinin dərisi ləkəli və ya tünd-qırmızı rəngə diffuz boyanır, nöqtəvari-ləkəli qansağıntıları görünür. Müxtəlif orqanlarda aydın görünən hemorroji diatez əlamətləri müşahidə olunur.

Nisbətən əhəmiyyət kəsb edən və daimi dəyişikliklər qirtlağın üstündə, limfa düyünlərində, sidik kisəsində, dalaqda və böyrək­lərdə nəzərə çarpır.

Başın və boyunun limfa vəziləri nisbətən daha çox şişkinləşir, şirəli, xaricdən qırmızı rəngdə, kəsildikdə isə mərmər görünüşdə olur. Qırtlaq qapağının selikli qişasının altında nöqtəvari qansa­ğın­tıları xarakterik olur.

 Dalaqda, xüsusilə onun kənarlarında 36...60% halda bərk qara-qırmızı qabarcıq şəklində hemorroji infarktlar aşkar edilir. Böyrəklər anemiyalı, qabıq qatında və böyrək ləyənində, habelə sidik axarlarında və sidik kisəsində nöqtəvari qansağıntıları olur.  Mədədə və bağırsaqlarda kataral və yaxud mədənin əsasında və yoğun  bağırsaqda  çoxsaylı qansağıntılı  hemorroji iltihab görünür.

Südəmər çoşqalarda hemorroji diatez əlamətləri zəif olur və patoloqoanatomiki dəyişikliklər əsasən həzm orqanlarında və böyrəklərdə aşkar olunur.

 

Cədvəl 14

Xəstəliyin müxtəlif formada keçməsi zamanı

donuzların klassik taununun ümumi əlamətləri

(J.T.Van Oirshot,1994)

 

Göstəricilər

İti

Xroniki

Gizli

Virusun virulentliyi

 

Yoluxma vaxtı

 

Gedişi

 

 

 

 

 

 

 

 

 

 

Virusemiya

 

Leykopeniya

 

 

 

İmmun cavab

 

Ölüm

 

 

Patoloqo-anatomiki dəyişikliklər

 

 

 

 

Histoloji dəyişikliklər

 

Yüksək

 

 

Postnatal dövr

 

Qısa inkubasiya dövrü, ağır depressiya, yüksək hərarət, anoreksiya, konyunktivit, qəbizlik, diareya, konvulsiya, koordinasiyanın pozulması, dəridə hemorragiya

 

Yüksək həddə

 

Tez inkişaf edir

 

 

 

Yoxdur

 

7...10 gündən sonra

 

Çoxsaylı hemorragiya, xüsusilə limfa düyünlərində və böyrəklərdə, dalağın infarktı

 

Endotelial hüceyrələrin degenerasiyası, retikulyar hüceyrələrin proliferasiyası, ensefalit.

Orta

 

 

Postnatal dövr

 

Xəstəliyin üç fazası: 1.depressya, temperatur, anoreksiya;

2.kliniki yaxşılaşma;

3.xəstəliyin şiddətlənməsi.

 

 

 

Daimi olmayan

 

Tez inkişaf edir, leykositozun ardınca

 

Var

 

1...3 aydan sonra

 

 

Yoğun bağırsaqda yaralar -“qönçələr”, dalağın infarktı

 

 

 

 

Endotelial hüceyrələrin degenerasiyası, limfositar tükənmə histositar hiperplaziya, qlomerulonefrit.

Aşağı

 

 

Prednatal dövr

 

Gizli gedişi, ağır depressiya və anoreksiya, normal və ya yüngül dəyişən bədən temperaturu, dermatitlər, konyunktivit, hərəkət pozğunluğu

 

 

 

Yüksək həddə

 

Gec, xəstəlik ərzində inkişaf edir

 

 

Var

 

2...11 aydan sonra

 

 

Limfa vəziləri böyüyür, timus atrofiyaya uğrayır

 

 

 

 

Epitelial hüceyrələrin degenerasiyası, limfositar tükənmə, histositar hiperplaziya.

Pasterellyozla (döş forması) mürəkkəbləşmiş taun zamanı əsas dəyişikliklər döş boşluğu orqanlarında olur. Krupozlu-he­mor­roji pnevmoniya, çoxsaylı nekrozlar, serozlu-hemorroji, yaxud fibrinozlu plevrit və perikardit, döş boşluğunun serozlu qişalarında, habelə qırtlağın və traxeyanın selikli qişalarında qansağıntıları aşkar edilir.

Salmonellyozla mürəkkəbləşmiş (bağırsaq forması) taun çox vaxt xroniki keçir və həzm sistemində (udlaqda, ba­dam­cıq­larda, mədədə və bağırsaqlarda) yaralı-nekrotiki prosesin olması ilə xarakterikdir. Ən çox kor və çənbər bağırsaqlar zədələnir və onlarda difteritiki “qönçələr” və yaralar, az hallarda isə diffuz difteritiki iltihab müşahidə olunur. Kəskin təzahür edən dəyişikliklər çox vaxt süddən yeni ayrılmış və 10 aylığa qədər olan çoşqaların bağırsaqlarında gedir.

Xəstəlik xroniki keçdikdə kəsilmiş və ya ölmüş heyvanların 90%-də 6...8-ci cüt qabırqalarında normal sümükləşmə və orada hemorroji iltihabi xətt yaranır ki, bu da mühüm diaqnostiki əhə­miy­yət kəsb edir.

Diaqnostikası və təfriqi diaqnostikası. Xəstəliyə diaqnoz epizootoloji məlumatların, kliniki əlamətlərin, patoloqoanatomiki də­yişikliklərin (çox vaxt çətinliklər olur) təhlilinə əsasən və laborator müayinələrin nəticələrinə görə qoyulur.

Hər bir diaqnostiki üsulun effektliliyi bir sıra konkret şəraitdən asılı olur. Xüsusilə burada virusun bioloji xüsusiyyərlərini, nü­mu­nənin götürülmə vaxtını və müayinə üçün götürülən materialın növünü mütləq nəzərə almaq lazımdır.

Virusun ayrılması üçün ölümün ilk 2 saatı ərzində 2...3 hey­van­dan və aqonal vəziyyətdə kəsilmiş heyvandan qan, dalağın, ba­damcıqların, böyrəklərin nümunələri və limfa vəziləri, döş sü­mü­yü götürülür.

Donuzların taununa diaqnoz aşağıdakı hallarda:

- baş beyinin histoloji kəsiklərində mikroskopiya zamanı qanın formal elementlərinin toplanması və damarların proliferasiyası aşkar edildikdə;

- İFR-lə müsbət cavab alındıqda;

- hematoloji müayinədə leykopeniya müəyyən edildikdə (5...6 min/mkl);

- peyvənd olunmamış (2...3 aylıq yaşda) 5 sağlam çoşqada patoloji materialın filtratı ilə yoluxdurulduqdan 2...6 gün sonra onlarda donuzların taununa xas olan kliniki əlamətlər göründükdə və epizootoloji məlumatların olduğu halda bioloji sınaqda müsbət cavab alındıqda, diaqnoz qoyulmuş hesab olunur.

Mövcud diaqnostika üsullarından donuzların taunu üçün İFR nisbətən daha aktual və standartlaşdırılmış test hesab edilir. Bu üsulla xəstə donuzların orqanizmində virus antigeni bir başa aşkar olunur.

Donuzların klassik taunu donuzların afrika taunundan, qızıl yel, pasterelyoz, salmonellyoz, Auyeski xəstəliyi, viruslu qas­troen­terit, enzootiki pnevmoniya, dizenteriya, listeriyoz, qrip və zə­hərlənmədən təfriq edilməlidir.

Salmonellyozla ən çox körpələr xəstələnir, xəstəlik sürətlə yayılmır. İti formada dalaq böyüyür, xronikidə isə yoğun ba­ğır­saqda krupozlu-difteritiki kolit və yaralar müşahidə olunur.

Viruslu qastroenteritlə taunu təfriq etmək üçün çoşqalarda sınaq qoyulur və İFR-dən istifadə olunur.

Auyeski xəstəliyi yaşlı donuzlarda çox vaxt sağalma ilə nə­ticələnir. Çoşqalarda sinir pozğunluğu əlamətləri olmaqla, bədənin səthində qansağıntıları olmur.

İmmuniteti və spesifik profilaktikası. Taunla xəstələnmiş donuzlar virusneytrallaşdırıcı anticisimlər vasitəsilə ömürlük immunitet qazanır. Hal-hazırda aktiv peyvəndlənmə məqsədilə əksər ölkələrdə virusun lapinizasiya edilmiş və kultural attenuasiya olunmuş ştammlarından hazırlanmış quru virus-vaksinlər tətbiq edilir. Bundan başqa keçmiş SSRİ məkanında və Azərbaycanda spesifik profilaktika məqsədilə quru kultural KC virus-vaksinindən (“НАРВАК” НПО) ÜRDFNİ-in hazırladığı quru kultural virus-vaksindən və lapinizasiya edilmiş quru virusvaksindən istifadə olunur. Yaşlı donuzlarda bir dəfə peyvənd aparmaqla ən azı bir illik immunitet yaranır.

RF-də donuzların klassik taununa qarşı ağız vasitəsilə, əzə­ləiçi və aerozol yolla tətbiq edilən “ЛК-К” ştammından in­aktivləşdirilmiş quru kultural virus-vaksin işlənib hazırlanmışdır. Bu vaksin vəhşi donuzların peyvəndi üçün yeganə səmərəli preparat hesab olunur. Son zamanlar rekombinant attenuasiya edilmiş viruslar əsasında inaktivləşdirilmiş və gen mühəndisli vaksinlər üzərində işlənilir.

Epizootiya ocaqlarının və hazırda mövcud olan tədbirlərin səmərəliliyinin təhlili göstərir ki, virus-vaksinin tətbiqi ilə işlədilən vaksinin tipindən asılı olmayaraq xəstəliyi tam ləğv etmək mümkün deyildir.

Burada əsas ziddiyyətli cəhət odur ki, boğazlığın ortalarında (55...70 günlük boğazlıqda) donuzlarda xəstəlik əleyhi pey­vəndləmə aparıldıqda onlardan doğulmuş çoşqalar immunoloji tolerant olurlar və bu postnatal dövrdə vaksinasiya aparıldıqda çoşqalarda immunitet formalaşmır. Belə ki, bu dövrdə çoşqaların orqanizmində olan spesifik kolostral anticisimlər postvaksinal immunitetin yaranmasını çətinləşdirir.

Təbii və ya sünü yolla passiv qazanılmış virusneytrallaşdırıcı anticisimlər çoşqalarda səmərəli peyvəndləmənin aparılmasında mürəkkəb problemlər yaradır.

Ana donuzların doğduqları çoşqalarda kolostral immunitet yaratmaq məqsədilə boğazlığın ortalarında peyvənd edilməsi epizootiki ocaqda bu çoşqaların xəstəlikdən etibarlı qorunması üçün qənaətləndirici tədbir deyildir.

Buna görə də peyvəndləmə sxemini peyvənd edilmiş do­nuzların immun statusunu və epizootiki vəziyyəti nəzərə almaqla işləyib hazırlamaq tövsiyə edilir. İmmunitetin gərginliyinə isə quşçuluq fabriklərində toyuqların Nyukasl xəstəliyinə qarşı vaksinasiya edilməsi sxeminə oxşar olaraq nəzarət edilməlidir.

Profilaktikası. Klassik tauna qarşı ümumi profilaktiki tədbirlər donuzçuluq fermasına və ya təsərrüfata virusun düşməsinə qarşı yönəldilməlidir. Bu məqsədlə ferma sağlam təsərrüfatlardan alınan donuzlarla komplektləşdirilməlidir. Yeni gətirilən donuzlar əsas sürüyə 30 gün profilaktiki karantində saxlandıqdan sonra qa­tılmalıdır. Donuzçuluq təsərrüfatı qapalı tipli fəaliyyət göstərməlidir (hasarlanmalı, keçiddə dezinfeksiya baryeri, baytar-sanitar keçid məntəqəsi qurulmalı və s.). Donuzların yemlənməsi məqsədilə daxil olan qida tullantıları yem mətbəxində yüksək temperaturda zərərsizləşdirildikdən sonra istifadə olunmalıdır. Fermada bay­tarlıq-sanitariya qaydalarına ciddi əməl edilməli, bina və nəqliyyat vasitəsi mütamadi olaraq dezinfeksiya olunmalıdır.

Donuzların klassik taununa qarşı spesifik profilaktika epizootiki vəziyyət və heyvanların müəyyən qismində gizli virusdaşıyıcılığın olması nəzərə alınaraq aparılır.

Müalicəsi. Taunla xəstələnmiş donuzlar müalicə olunmur, təcili ət üçün kəsilirlər.

Mübarizə tədbirləri. Xəstəlik baş verdikdə təsərrüfata ka­rantin qoyulur. Karantin şərtlərinə görə təsərrüfata heyvan gətirilməsinə və oradan çıxarılmasına, baytarlıq mütəxəssisinin icazəsi olmadan donuzların kəsilməsinə, ət və ət məhsullarının kənara daşınmasına və s. qadağa qoyulur. Qeyri-sağlam və təh­lükəli zonalar müəyyənləşdirilir.

Donuzların taununa görə qeyri-sağlam olan təsərrüfatdan karantin axırıncı ölümdən və ya xəstələrin kəsilməsindən 40 gün sonra, onların kəsimindən alınan ət zərərsizləşdirildikdən və karantin şərtlərində nəzərdə tutulan bütün baytarlıq-sanitariya tədbirləri başa çatdırıldıqdan sonra götürülür.

Karantin götürüldükdən sonra müəyyən məhdudiyyətlər sax­lanılır. Belə ki qalan donuzların, heyvan mənşəli məhsulların və xammalın qeyri-sağlam məntəqədən kənara çıxarılmasına yol verilmir (ət kombinatına göndərilənlərdən başqa).

Kökəltmə başa çatdıqdan sonra bütün donuzlar ət kom­bi­natında kəsilir. Son dezinfeksiya işı ilə birlikdə kompleks sağ­lamlaşdırıcı tədbirlər aparılır və məhdudiyyət götürülür.

Təhlükəli zonada qeyri-sağlam təsərrüfatla təmasda olmaq və əlaqə saxlamaq qadağan edilir. Bütün donuzlar peyvəndləməyə cəlb olunur. Donuz damlarının girəcəyində və çıxacağında de­zo­bar­yerlər quraşdırılır, donuzların tədarükünə və kənara çı­xa­rılmasına ciddi baytarlıq nəzarəti edilir və əhali arasında baytarlıq-maarifləndirmə işi aparılır.

06.05.2019
70

Nəşrlər

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

  • 04(301) 28 mart 2019-cu il

Bannerlər