XAÇMAZDA EPİZOOTİYA ƏLEYHİNƏ TƏDBİR VƏ TƏLİMLƏR DAVAM ETDİRİLİR

A+
A
A-

 

 

 

Xaçmaz rayonunda “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya, müalicə tədbirləri və təlim işləri davam etdirilir. Qeyd olunan tədbirlər və təlimlər Xaçmaz Rayon Baytarlıq İdarəsi tərəfindən aparılır.

Cari ilin müvafiq dövrü ərzində idarə tərəfindən rayon ərazisində saxlanılan 52005 baş iribuynuzlu, 70004 baş xırdabuynuzlu və 2500 baş təkdırnaqlı heyvanda, 230 baş donuzda  qarayara, 6000 baş sahibli itdə quduzluq, 230 baş donuzda taun, 52044 baş iribuynuzlu və 69338 baş xırdabuynuzlu heyvanda dabaq, 4946 iribuynuzlu heyvanda, 6931 baş xırdabuynuzlu heyvanda bruselyoz xəstəliklərinə qarşı peyvəndləmə aparılıb. Bundan başqa cari ilin müvafiq dövrü ərzində 27830 baş iribuynuzlu heyvanlarda leptospiroz, 70 min baş xırdabuynuzlu heyvanda çiçək, 67801 baş (“H” ştammı ilə) quş və 543882 baş cücədə (“La-sota“ ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.

Mart ayının ilk günlərindən isə Xaçmaz Rayon Baytarlıq İdarəsi tərəfindən iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 52000 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Bu müddətdə həm də 102773 kvadratmetr sahədə profilaktik və 3616 kvadratmetr sahədə məcburi dezinfeksiya işləri görülüb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 6145 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilib, eləcə də vərəmə qarşı 5745 baş iribuynuzlu heyvanda diaqnostik müayinə aparılıb. İlin əvvəlindən indiyə kimi rayon baytarlıq idarəsi 26150 baş iribuynuzlu, 9441 baş xırdabuynuzlu heyvanlarda ektoparazitlərə qarşı işləmə aparıb. Eyni zamanda 4200 baş quşda askaridoza, 1400 baş iribuynuzlu heyvanda fassilyoz və diktiokaulyoza, 1400 baş xırdabuynuzlu heyvanda isə fassilyoz, diktiokaulyoz və moniezioz-tizanozioza görə koproloji müayinələr aparıb.

Rayon ərazisində saxlanılan heyvanlar və quşlar arasında bundan sonra da epizootik tədbirlər planına uyğun profilaktik peyvəndləmə, dezinfeksiya və digər tədbirlərin aparılması nəzərdə tutulub.

Həmçinin rayonda aparılan epizootik tədbirlərlə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işləri də həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına - baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillər nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər edilir. Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

30.05.2019
57

Nəşrlər

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

  • 04(301) 28 mart 2019-cu il

Bannerlər