Lerik rayonunda fermerlərin təlimi və xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər davam etdirilir

A+
A
A-

 

 

Bu ilin ilk günlərindən başlayaraq Lerik rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır.
Rayonda aparılan epizootik tədbirlərlə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işləri də həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər edilir.
Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, Lerik Rayon Baytarlıq İdarəsi rayonda 39000 baş iribuynuzlu, 111000 baş xırdabuynuzlu, 265000 baş quş və digər kənd təsərrüfatı heyvanları arasında baytarlıq müalicə-profilaktika tədbirlərini ardıcıl həyata keçirməklə təsərrüfatların epizootoloji sağlamlığının qorunmasını təmin edib. İdarə fəaliyyətini xüsusi karantin məhdudiyyəti tətbiq ediləcək xəstəliklərə qarşı yönəldilməklə, heyvanlar və quşlar arasında “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı”na uyğun qurur.
Rayonun təsərrüfatlarında yetişdirilən mal-qaraya baytarlıq xidməti Lerik Rayon Baytarlıq İdarəsinin 23 sahə baytarlıq məntəqəsi tərəfindən göstərilir.
Rayondakı təsərrüfatları kütləvi tələfata səbəb olan iti infeksion xəstəliklərdən mühafizə etmək məqsədi ilə heyvanların baş sayına uyğun olaraq müxtəlif peyvənd vasitələri verilib və vaksinasiya işləri yerinə yetirilir.
Hazırda həssas kənd təsərrüfatı heyvanları arasında təhlükəli xəstəlik olan qarayaraya qarşı profilaktiki peyvəndləmə işi başa çatdırılıb. Belə ki, 38998 baş iribuynuzlu, 110464 baş xırdabuynuzlu, 1463 baş təkdırnaqlı heyvan qarayar əleyhinə peyvəndləməyə cəlb edilərək rayonun epizootoloji salamatlığı təmin edilib.
Baytarlıq idarəsi 2019-ci ildə baytarlıq-sanitariya işlərinin əsasını təşkil edən profilaktiki dezinfeksiya işlərini də gücləndirib. Xüsusilə “quş qripi”, iti yoluxucu nodulyar dermatit və digər xəstəliklərə qarşı rayonda və rayona məxsus yataqlarda 8150 kvadratmetr tövlə, küz və digər obyektlərdə profilaktiki dezinfeksiya işləri yerinə yetirilib.
Hazırda Anar Muxtar oğlu Talıbova məxsus 20 başa yaxın iribuynuzlu heyvandarlıq (3-8 aylıq iribuynuzlu heyvanlarda “Brudol S-19” ştammı) və Rizvan Ağabəy oğlu Məliyevə məxsus 210 başlıq qoyunçuluq təsərrüfatında (3-8 aylıq quzularda “REV-1” vaksini ilə) bruselyoz xəstəliyi əleyhinə profilaktiki peyvəndləmə həyata keçirilir.

Həmçinin ilin əvvəlindən indiyə kimi rayon baytarlıq idarəsi 158 baş iribuynuzlu heyvanda fassilyoz və diktiokaulyoza, 472 baş xırdabuynuzlu heyvanda isə fassilyoz, diktikaulyoz və moniezioz-tizanozioza görə koproloji müayinələr aparıb.
Lerik rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda leptospiroz, bruselyoz (ştamm-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda dabaq, leptospiroz, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

01.06.2019
44

Nəşrlər

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

  • 04(301) 28 mart 2019-cu il

Bannerlər