Bakıda fermerlərin təlimi və xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər davam etdirilir

A+
A
A-

 

 

 

Cari ilin ilk günlərindən başlayaraq Bakı şəhərinin rayon və kəndlərində heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirlərinə start verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, Bakı şəhərinin rayon və kəndlərində "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Bakı Şəhər Baytarlıq İdarəsinin 13 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.

İdarə cari ilin müvafiq dövrü ərzində Bakı şəhərinin rayon və kəndlərində 6980 baş iribuynuzlu, 300 baş təkdırnaqlı heyvanda qarayara, 3832 baş sahibli itdə quduzluq, 11270 baş iribuynuzlu və 28730 baş xırdabuynuzlu heyvanlarda dabaq, 505 baş iribuynuzlu və 1230 baş xırdabuynuzlu heyvanlarda leptospiroz, 16080 baş xırdabuynuzlu heyvanda çiçək, 6480 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 350 baş donuzda taun xəstəliklərinə qarşı peyvənd aparılıb. Eləcə də bu dövr ərzində 190400 baş (“H” ştammı ilə) quş və 533400 baş cücədə (La-sota ştammı ilə) nyukasl, 700 baş xırdabuynuzlu (Rev-1 ştammı) heyvanda bruselyoz xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədi ilə 1463 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilib. Eyni zamanda vərəmə qarşı 400 baş iribuynuzlu heyvanda diaqnostik müayinə aparılıb və xəstə heyvan aşkar edilməyib.

Bakı şəhərinin rayon və kəndlərində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iyun ayının sonuna kimi şəhərin rayon və kəndlərində saxlanılan heyvanlar arasında nodulyar dermatit, xırdabuynuzlu heyvanlarda dabaq, çiçək, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktiki peyvəndləmə tədbirlərinin başa çatdırılması nəzərdə tutulub.

Şəhərin rayon və kəndlərində aparılan epizootik tədbirlərlə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işləri də həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində  “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərinin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər edilir. Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Qeyd edək ki, şəhərdə həm də çoxsaylı özəl baytarlıq klinikaları və sahibsiz heyvanların sığınacaq mərkəzləri fəaliyyət göstərir. Onlardan “Toplan” və “İdea” kimi təşkilatları göstərmək olar. Bu təşkilatlar Bakı Şəhər Baytarlıq İdarəsi ilə sıx əlaqə saxlayaraq mütəmadi seminar və təlimlər təşkil edir, idarənin əməkdaşlarının təcrübəsindən yararlanırlar.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

13.06.2019
39

Nəşrlər

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

  • 04(301) 28 mart 2019-cu il

Bannerlər