HEYVANDARLIQLA MƏŞĞUL OLAN FERMERLƏRƏ TƏLİMLƏR KEÇİRİLIB

A+
A
A-

 

 

 

İyunun 14-də Yevlax və Salyan rayonlarında heyvandarlıq sahəsində fəaliyyət göstərən bir qrup sahibkara “İribuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” və “Xırdabuynuzlu heyvanların dabaq və qarayara xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzularında təlimlər keçirilib. Təlimlər Yevlax və Salyan rayonlarındakı baytarlıq mütəxəssisləri tərəfindən təsərrüfat şəraitində aparılıb.

 

“İribuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda keçirilən təlim Yevlax rayonunun Qoyunbinəsi kənd sakini Fərid Hüseynova məxsus 327 baş iribuynuzlu, 493 baş xırdabuynuzlu heyvan saxlanılan “Fərid” heyvandarlıq təsərrüfatında baş tutub. Təlimdə iribuynuzlu heyvanların qan-parazitar xəstəliklərinin xüsusiyyətləri və iqtisadi zərərindən danışılıb. Xəstəliyin gənələr vasitəsi ilə yayılmasını nəzərə alaraq yay mövsümündə heyvanların ən azı həftədə bir dəfə akarasid vasitələrlə işlənməsinin vacibliyi önə çəkilib. Xəstəliyin müalicəsinin fermerlərin vəsaiti hesabına aparıldığı vurğulanıb. Heyvanlar qan-parazitar xəstəlikləri ilə xəstələndikdə mütləq baytar həkiminə müraciət edilməsi, akarasid dərmanların saxlanılması və işlədilməsi zamanı təlimata əməl edilməsinin zəruriliyi qeyd edilib. Eləcə də qan-parazitar xəstəliklərinin müalicəsində yeni müalicə metodları və preparatlar haqqında məlumat verilib.

Salyan rayonunun Kürqaraqaşlı kənd sakini Əkbərov İltifat Barat oğluna məxsus heyvandarlıq təsərrüfatında “Xırdabuynuzlu heyvanların dabaq və qarayara xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib. Təlimdə iştirak edən fermerlərə qarayara və dabaq xəstəliklərinin baş vermə səbəbləri, iqtisadi zərəri, xəstəliklərə qarşı aparılan peyvəndləmə və digər baytarlıq tədbirləri barədə ətraflı məlumat verilərək, xəstəliklərin profilaktikasında istifadə olunan vaksinlərin və digər vasitələrin dövlət vəsaiti hesabına alındığı və təsərrüfatlarda saxlanılan heyvanlara təmənnasız (ödəniş aparılmadan) tətbiq edildiyi bildirilib. Eləcə də qeyd olunub ki, heyvanları qarayara və dabaq  xəstəliklərindən qorumağın ən etibarlı yolu vaksinasiyadır. Odur ki, baytar həkimləri peyvəndləmə apardığı zaman işin təşkilində və vaksinasiyanın optimal müddətdə başa çatdırılmasında fermerlərin yaxından köməyi vacibdir.

Təlimlərdə heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, onların yaranma səbəbləri, profilaktikası və qarşısının alınması yolları, eləcə də agentliyin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumatlar verilib.

Keçirilən təlimlərdə baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər aparılıb.

Təlimlərdə həmçinin, xəstəliklərə qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyətindən danışılıb. Arıların və heyvanların bəslənib saxlanması ilə məşğul olan fermerlərin qatıldığı təlimlərdə sözügedən xəstəliklərin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları, eləcə də baytarlıq tədbirləri aparılan zaman zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası, mövsümlə əlaqədar baş verən xəstə­liklər və onlarla mübarizə, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər barədə məlumatlar verilib.

Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.

14.06.2019
84

Nəşrlər

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

  • 04(301) 28 mart 2019-cu il

Bannerlər