YAYLAQLARDA “SƏYYAR BAYTARLIQ XİDMƏTİ” TƏŞKİL EDİLİB

A+
A
A-

 

İyunun 20-dən 24-dək İsmayıllı və Zaqatala rayonlarının yaylaqlarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən yaylaq şəraitində heyvanların epizootik durumunun araşdırılması və sahibkarlara lazımı köməklik göstərilməsi məqsədi ilə “səyyar baytarlıq xidməti” təşkil edilib. Respublikamızda ilk dəfə yaylaq şəraitində təşkil edilən “səyyar baytarlıq xidməti”nin çadırı lazımı baytarlıq preparatları, vaksinlər, müalicəvi dərman və dezinfeksiya vasitələri ilə təmin olunub.

İsmayıllı rayonunun Əhən kəndinin və Zaqatala rayonun Parsudan yaylaqlarında təşkil olunan “səyyar baytarlıq xidməti”nə Aqrar Xidmətlər Agentliyinin İsmayıllı və Zaqatala rayon baytarlıq idarələrinin baytar həkimləri cəlb olunub. Həkimlər yaylaqlarda saxlanılan heyvan sürülərinin sağlamlıq durumları ilə maraqlanıb və heyvanları yerindəcə baytarlıq baxışından keçiriblər. Tədbir keçirilən günlərdə yaylaqda saxlanılan ayrı-ayrı sahibkarlara məxsus qoyun sürüləri baytarlıq baxışından keçirilərək heyvanların sağlamlıq durumunun normal olması, epizootik planda nəzərdə tutulan xüsusi təhlükəli xəstəliklərə qarşı bütün tədbirlər aparıldıqdan sonra onların yaylaqlara qaldırıldığı müəyyən edilib.

Həmçinin yaylaqlarda heyvan sahibləri arasında maariflənmə və təlim işləri də aparılıb. Dövlət vəsaiti hesabına alınan baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə ətraflı söhbətlər aparılıb. Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılıb, baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması ilə əlaqədar tövsiyələr verilib.

Yaylaqlarda heyvan sahibləri ilə keçirilən görüşlərdə həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların qan-parazitar və qurd xəstəliklərinin xüsusiyyətlərindən və iqtisadi zərərindən danışılıb. Qan-parazitar xəstəliyin gənələr vasitəsi ilə yayılmasını nəzərə alaraq yay mövsümündə heyvanların ən azı həftədə bir dəfə akarasid vasitələrlə işlənməsinin vacibliyi önə çəkilib. Xəstəliyin müalicəsinin fermerlərin vəsaiti hesabına aparıldığı vurğulanıb. Heyvanların qan-parazitar və qurd xəstəlikləri ilə xəstələndikdə mütləq baytar həkiminə müraciət edilməsi, akarasid və helmintozlara qarşı istifadə edilən dərmanların saxlanılması və işlədilməsi zamanı təlimata əməl edilməsinin zəruriliyi qeyd edilib. Xəstəliklərinin müalicəsində yeni müalicə metodları və preparatlar haqqında məlumatlar verilib. Eləcə də heyvan sahiblərinə və çobanlara təsərrüfatlarda heç bir problem yaranmaması üçün baytar həkimlərlə daim əlaqəli fəaliyyət göstərmələri tövsiyə edilib.  

Görüşlərdə heyvan sahibləri və çobanlar “səyyar baytarlıq xidməti”nin təşkilindən və agentliyin fəaliyyətindən razılıqlarını bildiriblər.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda ölkədə epizootik vəziyyət sabitdir.  

24.06.2019
54

Nəşrlər

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

  • 04(301) 28 mart 2019-cu il

Bannerlər