MASALLIDA XƏSTƏLİKLƏRƏ QARŞI APARILAN PROFİLAKTİK TƏDBİRLƏR DAVAM ETDİRİLİR

A+
A
A-

 

 

 

Masallı rayonunda “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya, dezinseksiya, müalicə tədbirləri və təlim işləri davam etdirilir. Qeyd olunan tədbirlər və təlimlər Masallı Rayon Baytarlıq İdarəsi tərəfindən aparılır.

Rayonda aparılan epizootik tədbirlərlə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işləri də həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər edilir. Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi bildirir ki, Masallı rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. İlin əvvəlindən bəri aparılan tədbirlər zamanı 73348 baş iribuynuzlu, 89478 baş xırdabuynuzlu, 610 baş təkdırnaqlı heyvanda qarayara, 2483 baş sahibli itdə quduzluq, 73156 baş iribuynuzlu və 89136 baş xırdabuynuzlu heyvanda dabaq, 5395 baş iribuynuzlu və 8054 baş xırdabuynuzlu heyvanda leptospiroz, 88472 baş xırdabuynuzlu heyvanda çiçək, 81669 baş iribuynuzluda nodulyar dermatit, 5863 baş xırdabuynuzlu və 4043 baş iribuynuzlu heyvanda bruselyoz xəstəliklərinə qarşı peyvənd aparılıb. Eləcə də bu dövr ərzində 628420 baş (“H” ştammı ilə) quş və 869830 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.

Baytarlıq idarəsi ilin əvvəlindən indiyə kimi baytarlıq-sanitariya işlərinin əsasını təşkil edən dezinfeksiya işlərini də gücləndirib. Belə ki, baytarlıq xidməti tərəfindən rayon ərazisində 81300 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb.  Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 7343 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilib, eləcə də 1475 baş iribuynuzlu heyvanda vərəm, 299 baş atda  manqoya görə diaqnostik müayinə aparılıb.  Heyvanlar arasında xəstəlik aşkar olunmayıb.

İdarə ilin əvvəlindən indiyədək 702 toyuqda askaridioza, 425 baş iribuynuzlu, 423 baş xırdabuynuzlu heyvanda diktikalyoza, 426 baş iribuynuzlu, 430 baş xırdabuynuzlu heyvanda fassiolyoza, 421 baş xırdabuynuzlu heyvanda monezioza görə koproloji müayinələr aparıb. Eləcə də rayon ərazisində 111 baş quşdan “quş qripi”nə görə qan nümunəsi götürülərək Respublika Mərkəzi Baytarlıq Laboratoriyasına müayinə üçün göndərilib və xəstəlik aşkar edilməyib. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

01.07.2019
46

Nəşrlər

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

  • 04(301) 28 mart 2019-cu il

Bannerlər