Samuxda heyvan xəstəliklərinə qarşı aparılan profilaktik tədbirlər davam etdirilir

A+
A
A-

 

 

 

Samuxda “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya, müalicə tədbirləri və təlim işləri davam etdirilir. Qeyd olunan tədbirlər və təlimlər Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Samux Rayon  Baytarlıq İdarəsi tərəfindən aparılır.

Cari ilin müvafiq dövrü ərzində idarənin 6 sahə baytarlıq məntəqəsi tərəfindən 35 kənd və 1 qəsəbədə 880 baş iribuynuzlu heyvanda vərəm və 442 baş atda manqo xəstəliyinə qarşı allerjik  müayinələr aparılıb. Həmçinin rayon ərazisində saxlanılan 23548 baş iribuynuzlu, 137045 baş xırdabuynuzlu və 2602 baş təkdırnaqlı heyvanda qarayara, 2980 baş itdə quduzluq, 25233 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 23573 baş  iribuynuzlu və 113320 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliklərinə qarşı peyvənd aparılıb. Bundan başqa cari ilin müvafiq dövrü ərzində 3828 baş iribuynuzlu və 3080 baş xırdabuynuzlu heyvanda leptospiroz, 457 baş iribuynuzlu və 3650 baş xırdabuynuzlu heyvanda bruselyoz, 117120 baş xırdabuynuzlu heyvanda çiçək, 139970 baş (“H” ştammı ilə) quş və 223582 baş cücədə (“La-sota“ ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.

Baytarlıq idarəsi ilin əvvəlindən bəri baytarlıq-sanitariya işlərinin əsasını təşkil edən dezinfeksiya və dezinseksiya işlərini də gücləndirib. Belə ki, baytarlıq xidməti tərəfindən rayon ərazisində 6306 kvadratmetr sahədə profilaktik, 5068 kvadratmetr sahədə məcburi dezinfeksiya və 33600 kvadratmetr sahədə dezinseksiya işləri görülüb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan profilaktik peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Rayonda aparılan epizootik tədbirlərlə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işləri də həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər edilir. Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

02.07.2019
41

Nəşrlər

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

  • 04(301) 28 mart 2019-cu il

Bannerlər