Səyyar baytarlıq xidməti davam etdirilir

A+
A
A-

 

 

İyulun 23-dən 27-dək Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar həkimləri Gədəbəy və Daşkəsən rayonlarının yaylaqlarında olub. Yaylaqlarda saxlanılan heyvanlara səyyar baytarlıq xidməti göstərilib. Lazımi baytarlıq preparatları, vaksinlər, müalicəvi dərman və dezinfeksiya vasitələri ilə təmin olunmuş baytar həkimlər ilk növbədə yaylaqlarda olan sürülərin ümumı sağlamlıq durumları ilə maraqlanıb, daha sonra heyvanları baytarlıq baxışından keçiriblər.  

Səyyar baytarlıq baxışı keçirən həkimlər xırdabuynuzlu heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərə görə aparılmış peyvəndləmə tədbirləri ilə maraqlanıb, sahibkarlar və çobanlar arasında maarifləndirmə işləri aparıblar. Həmçinin dövlət vəsaiti hesabına alınan baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə ətraflı söhbətlər aparılıb. Yaylaqlarda keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılıb, baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması ilə əlaqədar tövsiyələr verilib.

Yaylaqlarda heyvan sahibləri ilə keçirilən görüşlərdə həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların qan-parazitar və qurd xəstəliklərinin xüsusiyyətlərindən və iqtisadi zərərindən danışılıb. Qan-parazitar xəstəliyin gənələr vasitəsi ilə yayılmasını nəzərə alaraq yay mövsümündə heyvanların ən azı həftədə bir dəfə akarasid vasitələrlə işlənməsinin vacibliyi önə çəkilib. Xəstəliyin müalicəsinin fermerlərin vəsaiti hesabına aparıldığı vurğulanıb. Heyvanların qan-parazitar və qurd xəstəlikləri ilə xəstələndikdə mütləq baytar həkiminə müraciət edilməsi, akarasid və helmintozlara qarşı istifadə edilən dərmanların saxlanılması və işlədilməsi zamanı təlimata əməl edilməsinin zəruriliyi qeyd edilib.

Agentlik əməkdaşları yaylaq şəraitində saxlanılan heyvanlarda aparılan profilaktik peyvəndləmə işləri, göstərilən baytarlıq xidməti ilə əlaqədar yerli baytar həkimlərə də müvafiq tövsiyə və məsləhətlər veriblər. Xəstəliklərinin müalicəsində yeni müalicə metodları və preparatlar haqqında məlumatlar verilib. Eləcə də heyvan sahibləri ilə heç bir problem yaranmaması üçün onlarla əlaqəli fəaliyyət göstərmələri tövsiyə edilib.  

Aqrar Xidmətlər Agentliyi tərəfindən yaylaqlarda təşkil edilən səyyar baytarlıq xidmətindən həm sahibkarlar, həm də çobanlar razılıqlarını bildiriblər.

Növbəti səyyar baytarlıq xidmətinin Astara və Lerik rayonlarının ərazisində yerləşən yaylaqlarda aparılması nəzərdə tutulur. 

29.07.2019
51

Nəşrlər

  • 10-11(305) 30 iyul 2019-cu il

  • 09(304) 19 iyun 2019-cu il

  • 07-08(303) 22 may 2019-cu il

  • 05-06(302) 24 aprel 2019-cu il

Bannerlər